14.02.2012

SÜNNİ-ŞİƏ TƏRİQƏTLƏRİNİN YARANMA TARİXİ -1

 Cabbar Məmmədov

(Material heç bir təriqətin mövqeyinə üstünlük verilməyərək, Ərəb və Yaxın Şərq tarixinə dair real tarixi ədəbiyyatlar əsasında hazırlanıb. Hadisələrə fərqli təriqətlərin münasibətini dəqiqləşdirmək üçün Türkiyə və İran din alimlərinin əsərlərindən istifadə olunub).

İslamda Sünni-Şiə təriqətlərinin yaranma tarixi elə İslamın özünün yaranmasının ilk dövrlərinə gedib çıxır. Peyğəmbər (s.) özünün qurduğu dövlətdə diktaturaya yol açmamaq və İslamda olduğu kimi, hakimiyyət məsələsində də xalqı nəyəsə məcbur etməmək məqsədilə vəfatından sonra yerinə heç kimi vəsiyyət etmədi. 

Özünə rəhbər seçməsi işini xalqın öz ixtiyarına buraxdı. Onun ölümündən sonra o dövrün primitiv demokratiyasına uyğun olaraq Xəlifə, yəni Peyğəmbər (s.) müavini vəzifəsinə üç adamın namizədliyi irəli sürüldü: Hz.Əbubəkr (572-634), Hz.Ömər (585-644) və Əbu-Übeydin (primitiv o mənada ki, bu seçkidə bütün xalq deyil, yalnız cəmiyyətin nüfuzlu şəxsləri səsvermə hüququna malik idilər).
İlkin mərhələdə Xəzrəc tayfasından olan və bəni-Səid adı ilə tanınan ənsarlar Hz.Əbubəkrin namizədliyi əleyhinə çıxdılar (Peyğəmbər s. Yəsribə, yəni indiki Mədinəyə hicrət etdiyi illərdə Məkkədən onunla gedənlər – mühacirlər, Mədinədə yerli əhalidən İslamı qəbul edənlərsə – ənsarlar adlanır. Ənsarlar əsasən iki tayfanın nümayəndələridir: Aus və Xəzrəc tayfalarının. Quranın Mədinədə nazil olan ayələri və Mədinə hədisləri, müstəsna olaraq ənsarların sayəsində itməyib sonradan yazıya alındı). Onların iddiası bu idi ki, xəlifə məhz onların tayfasından seçilməlidir. Lakin ənsarların cəbhəsində tayfalararası ziddiyyət, namizədin hansı tayfadan olması mübahisəsi onları parçaladı. Namizədin Xəzrəc tayfasından seçiləcəyi və bununla da o tayfanın nüfuzunun birə-beş artacağını görən Aus tayfasının nümayəndələri dərhal Hz.Əbubəkrin namizədliyini dəstəkləməyə başladılar ki, onların ardınca Xəzrəclilər də, hakimiyyət iddiasından əl çəkib, Hz.Əbubəkri müdafiə etdilər.
Hz.Əbubəkrin özü isə ilkin mərhələdə ənsarların etirazını görüb, öz namizədliyini geri götürdü. Lakin, hadisələrin sonrakı inkişafı, qəbilələrin yekdilliklə onu dəstəkləməsi, həmçinin, Hz.Ömərin təkidi Hz.Əbubəkrin xəlifəliyə razılıq verməsinə səbəb oldu. 6 iyun 632-ci ildə hamı bir nəfər kimi ona sədaqət andı içdi.
Hz.Əli əleyhissəlamın (600-661) həmin ərəfədəki mövqeyi ilə əlaqədar İslam tarixçiləri arasında yekdil fikir yoxdur. Bir çox mənbələrin verdiyi məlumata görə, o da, məhz 6 iyun 632-ci il tarixdə tərəddüdsüz olaraq Hz.Əbubəkrə sədaqət andı içir. Ancaq Şiə tarixçiləri məsələni başqa cür qoyurlar. Onların iddiasına görə Hz.Əli (ə.s.) həmin gün yox, yalnız 6 aydan sonra Hz.Əbubəkrə sədaqət andı içib. Və bunu da ancaq icmada parçalanma yaratmamaq xatirinə edib. Belə ki, xəlifə o olmalı olduğu halda, başqası seçildi və o da buna etiraz əlaməti olaraq sədaqət andı içmədi. Lakin, deyildiyi kimi, bu, ancaq Şiə tarixçilərinin əsərlərində belə yazılır. Bir başqa mənbələr burada heç bir problem olmadığını və Hz.Əlinin (ə.s.) də məhz həmin gün and içdiyini yazırlar.
Şiəlik təriqəti nümayəndələrinin iddiasına görə, Peyğəmbər (s.) ölümündən sonra xəlifəlik qanuni olaraq Həzrət Əliyə (ə.s.) çatmalı idi. Arqumentləri də budur ki, Peyğəmbər (s.) bir neçə dəfə Hz.Əli (ə.s.) və onun islam qarşısındakı xidmətləri barədə çox yüksək fikirlər söyləyib. Amma əks tərəfin də arqumenti bundan ibarətdir ki, peyğəmbər (s.) eynilə Hz.Əbubəkr, Hz.Osman, Hz.Ömər və b. barədə də ayrı-ayrı vaxtlarda bu kimi dəyərli fikirlər söyləyib, onların islam yolundakı fəaliyyətini yüksək qiymətləndirib. Burada məsələni ümumi kontekstdən ayırmaq düzgün üsul deyil. Yuxarıdakı fakt isə, yəni 6 iyun 632-ci ildə Hz.Əlinin (ə.s.) də hamı ilə birgə könüllü olaraq Hz.Əbubəkrin xəlifəliyini qəbul etməsi isə, Şiələri gələcək hakimiyyət iddiasından məhrum edərdi və məhz buna görə də Şiə tarixçiləri bu yerdə düzəliş edirlər. Həmçinin, dəyişilmədən qalan bir vacib fakt bundan ibarətdir ki, həmin dövrdə hələ gənc olan (32 yaşında olan) Hz.Əli (ə.s.) icmada hələ Hz.Əbubəkr qədər nüfuza malik olmadığından, xalq tərəfindən onun adı hətta ilk xəlifə seçkisində namizədliyi irəli sürülən şəxslərin arasına da daxil edilməmişdi. Eyni zamanda, əgər Peyğəmbər s.-ın bir qızı (Fatimə) Hz.Əlinin (ə.s.) həyat yoldaşı olubdusa, iki qızı (yəni Ruqiyyə və Ummu Gülsüm) da Hz.Osmanın həyat yoldaşı olub. Alimlik məsələsinə gəldikdə də, əgər Hz.Əli dərin fitrətli filosof olubdusa, Peyğəmbər (s.) və Hz.Əlinin (ə.s.) üçüncü əmisi Abbasın (hansının ki, nəsli sonradan abbasilər sülaləsi kimi xəlifə oldular) oğlu Abdulla (619—686) da, Hz.Əli (ə.s.) kimi dərin fitrətli filosof olub və o sonradan, quranın ilk təfsirçilərindən biri kimi tanındı.
Hz.Əbubəkrin ölümündən sonra Hz.Ömər xəlifə seçilir, və o 10 il yarım xəlifəlik edir. 7 noyabr 644-cü il tarixdə Mədinə məscidində iranlılar tərəfindən öldürülür.
Hz.Əli (ə.s.) bütün bu müddətdə siyasi proseslərə qoşulmur. Onun fəal siyasətə qoşulması məhz bu dövrdən, yəni Hz.Ömərin öldürülməsindən sonra başlanır.
Əvvəlki iki xəlifə ilə əlaqədar olduğu kimi, indi də o dövrün primitiv demokratiyasına uyğun şəkildə yeni seçki keçirilir. Xəlifəliyə o dövr Ərəbistanında böyük nüfuza malik olan bir neçə adamın namizədliyi irəli sürülür ki, Hz.Əli (ə.s.) və Hz.Osman (574-656) da bunların arasında idilər. Hz.Əli (ə.s.) bu seçkidən qalib çıxmır... və seçki komissiyası Hz.Osmanın qələbəsini elan edir.
Sünni-Şiə məsələsinin tarixi, demək olar ki, məhz bu məqamdan başlayır. Şiə təriqəti nümayəndələri indiyə qədər də, həmin seçkinin düzgün keçirilmədiyini, seçki komissiyasının tərkibinin qərəzli təşkil olunduğunu və ümumilikdə, nəticələrin saxtalaşdırıldığını bəyan edirlər.
Hz.Osmanın dövründə İranın işğalı tam başa çatdı. Tunis və Qafqazda müsəlman hakimiyyəti bərqərar edildi. Lakin xilafətin ifrat genişləndirilməsi və Hz.Osmanın özünün humanist və bir qədər də dəbdəbəli həyata meylli xarakteri idarəçilikdə bir sıra problemlər yaratdı.
Misir, Bəsrə və Kufədən başlayan qiyamlar nəticəsində Hz.Osman 17.06.656 tarixdə evindəcə faciəli şəkildə öldürüldü (Hz.Osman evində quran oxuduğu vaxt qətlə yetirilmişdi. Üzərində Hz.Osmanın qanı olan Quran indi də dünyanın ayrı-ayrı muzeylərində dolaşmaqdadır). Qiyamçıların rəhbəri olan Hz.Əbubəkrin oğlu Abdulla hakimiyyətə Hz.Əlinin (ə.s.) gəlməsini məqsədəuyğun bilir. Lakin hamı bu qərarla razılaşmır. Bəsrə zonası – Təlhanın, Kufə – Peyğəmbər s.-ın qohumu əz-Zübeyrin, Suriya tərəfdən olanlarsa – qətlə yetirilmiş Hz.Osmanın əmisi oğlu Müaviyə ibn Əbu-Süfyanın xəlifə olmasını istəyirlər.
Lakin bu narazılığa baxmayaraq Hz.Əli (ə.s.) xəlifəliyi qəbul edir. Məsələnin belə istiqamətini görən Bəsrə, Kufə və Suriya vilayətləri Hz.Əli (ə.s.) hakimiyyətinə qarşı baykot elan edirlər. Onların iddiasına görə, əvvəlki üç xəlifə qanuni şəkildə, yəni bütün icmanın razılığı (seçki) əsasında seçilmişdisə, Hz.Əli (ə.s.) hakimiyyətə qiyam yolu ilə gəlib və buna görə də hakimiyyəti qeyri-legitimdir. Həmçinin, qiyamçılar tərəfindən dəstəkləndiyinə görə Hz.Əli (ə.s.), qanuni xəlifə olan Hz.Osmanın ölümündə birbaşa və ya dolayısı ilə əli olmaqda suçlandırılır (buna motiv də var idi: əvvəlki seçkidə onlar rəqib idilər). Bu səbəbdən, Hz.Əliyə (ə.s.) qarşı xilafətin bir çox yerlərində kəskin müqavimətlər başlayır.
Hz.Əliyə (ə.s.) qarşı baş qaldıran qiyamlardan ikisi xüsusi əhəmiyyət daşıyır: Bunlardan biri xəlifə Hz.Əbubəkrin qızı və Peyğəmbər s.-ın arvadı olan Aişənin (613-678) də tərəfdar olduğu Zübeyr və Təlhanın, digəri isə Hz.Osmanın qohumu, Suriyanın valisi olan Müaviyənin qiyamı idi (Zübeyr Peyğəmbər s.-ın ilk arvadı Xədicənin bacısı oğlu və Aişənin bacısının əri idi. Müaviyənin atası Əbu-Süfyansa, Peyğəmbər s.-ın atası Abdulla və Hz.Əlinin (ə.s.) atası Abutalibla əmioğludur. Həmçinin, Müaviyə özü islamı ilk qəbul edən şəxslərdəndir, atası əbu-Süfyan İslamı qəbul edənə qədər ona müxalifətçi olub və lap əvvəldən Peyğəmbər s.-ın katibi işləyib).
İlkin mərhələdə Bəsrəni ələ keçirməyə müvəffəq olan Təlha və Zübeyrin qoşunu sonradan (dekabr, 656-cı il) Cəməl döyüşü deyilən davada məğlub oldu («Cəməl» ərəbcə dəvə deməkdir. Döyüş ona görə «cəməl» adlanırdı ki, bu döyüşə Aişə ağ dəvənin üstündə oturub rəhbərlik edirdi və döyüşün ən qızğın çağında belə, Peyğəmbər s.-ın həyat yoldaşı olduğu üçün heç kim ona və onun ağ dəvəsinə toxunmur). Bu döyüşdə Təlha və Zübeyr öldürüldü, Aişə isə əsir alındı. Mənbələr Hz.Əlinin (ə.s.) Aişəyə böyük ehtiram göstərdiyini və dərhal əsirlikdən azad etdiyini yazırlar. Baxmayaraq ki, Aişə əsir vaxtı da böyük qürur və Hz.Əliyə (ə.s.) qarşı böyük nifrət nümayiş etdirir.
Əməvi nəslindən olan Müaviyənin  (603-680-cı illər) qoşunu isə hələ də fəal döyüş əməliyyatı aparırdı və hətta müəyyən mərhələdə o, Hz.Əli (ə.s.) qoşunlarını Ərəbistandan sıxışdırıb çıxarmağa müvəffəq oldu. İraqda, Kufədə məskən salıb qüvvə toplayan Hz.Əli (ə.s.) qoşunları əks-hücumla Siffeyn döyüşü deyilən davada (iyul, 657-ci il) Müaviyənin qoşununu məğlubiyyətə uğradır. Bundan sonra öz qoşununu tam darmadağın olmaq təhlükəsindən xilas etmək üçün Müaviyə Hz.Əliyə (ə.s.) sülh danışıqları təklif edir (Quran vərəqlərini nizələrin ucunda göyə qaldırmaqla). Hz.Əli (ə.s.) isə əlində olan üstünlükdən istifadə etmək əvəzinə, humanistlik göstərib danışıqlara gedir və... məğlub olur.
Danışıqlar zamanı Müaviyə təklif edir ki, aradakı bütün narazılıqları birdəfəlik yoluna qoymaq üçün münsiflər məhkəməsi yaradılsın və bütün problemlər, o cümlədən Hz.Əlinin (ə.s.) hakimiyyətinin qanuni olub-olmaması məsələsi burada həll edilsin. Yaranmış münsiflər məhkəməsi isə həqiqətən də Hz.Əlinin (ə.s.) hakimiyyətə seçki yolu ilə deyil qiyam yolu ilə gəlməsini qəbul edir və hakimiyyətinin qeyri-legitimliyini təsdiqləyir. Şuranın bu qərarı bütün xilafətdə Hz.Əli nüfuzuna böyük zərbə olur.
Bundan sonra Hz.Əlinin (ə.s.) özünün cəbhəsində ikitirəlik yaranır və onun əldə üstünlük ola-ola təslimçi sülhə getməsinə etiraz edən böyük bir qrup (12 min nəfər!) Hz.Əli (ə.s.) cəbhəsindən ayrılaraq «xaricilik» təriqətini yaradırlar. Hz.Əli (ə.s.) onun dəstəsindən ayrılanları əvvəlcə danışıqlar yolu ilə, sonra isə güc yolu ilə geri qaytarmaq istəyir. Nəticədə Hz.Əlinin (ə.s.) dəstəsi ilə həmin bu Xaricilər arasında bir neçə qanlı toqquşma baş verir və Hz.Əlinin (ə.s.) qüvvələri daha da, zəifləyir. Mərkəzdəki hakimiyyət böhranı xilafətin parçalanmasına start verir: Misir və İran birtərəfli şəkildə müstəqillik elan edirlər. Hz.Əli (ə.s.) bu prosesin qabağını almaq üçün lazımınca qoşun və vəsait toplaya bilmir və bu hal onun avtoritetini daha da zəiflədir. Hz.Əlinin (ə.s.) reytinqinin tədriclə necə düşməsini diqqətlə izləyən Müaviyə belə məqamlardan məharətlə yararlanır və iyul 659-cu ildə xilafətin üçüncü mərkəzi şəhəri olan Yerusəlimdə özünü xəlifə elan edir. Hz.Əli (ə.s.) özgə çıxış yolunun olmadığını görüb, o cümlədən ixtiyarında artıq Müaviyənin qoşununa qarşı çıxa biləcək qüvvə qalmadığını görüb, əhalini ona qarşı cihada çağırır. Lakin hakimiyyət və pul kimin əlindədirsə, əhali onun ardınca da gedir. Müaviyə əlində olan hakimiyyət resurslarından məharətlə istifadə edib Misir və İrandakı qiyamları yatırır, xilafətin ayrı-ayrı yerlərində baş qaldıran xaosu cilovlayır ki, bütün bunlar da, əhalidə ona qarşı rəğbət yaradır və əhali arasında reytinqini yüksəldir.

c.m.mamedov@mail.ru                                 (Ardı var)

2 комментария:

  1. qardas deyesen yaxsi arasdirmiyib, muxtelif menbelerin heresinden bir cumle yigib meqale hazirliyib ve Hz Eli(e)-i ise umumiyyetle taniya bilmeyib

    ОтветитьУдалить
    Ответы
    1. Анонимный30.08.2016, 05:49

      Eksine tam olaraq düzgün şəkildə yazılıb. Çünki heç bir təriqətin tərəfinə görə hazırlanmayıb

      Удалить