15.02.2012

Vicdan məhbusları türmədəki dəhşətləri duyurdular


16 saylı cəzaçəkmə müəssisəsində məhbuslara zülm edilir
Eynulla Fətullayev kalonda monitorinq aparacaq
16 saylı cəzaçəkmə müəssəsində saxlanılanılan vicdan məhbusları - Məhəmməd Məcidli, Babək Həsənov və Zülfüqar Eyvazlı kütləvi informasiya vasitələrinə adıçəkilən kalondakı acınacaqlı durumu təsvir edən müraciət ünvanlayıblar. Məhbuslar müraciətin girişində xüsusi olaraq bəyan ediblər ki, nəinki cinayət, hətta İnzibati Xətalar Məcəlləsinin maddələriylə tövsif ediləcək pozuntular belə törətməsələr də, siyasi sifariş əsasında azadlıqdan məhrum ediliblər. 
Vicdan məhbusları bugünə qədər istər istintaq təcridxanasında, istərsə də cəzaçəkmə müəssəsində rejim qaydalarına həmişə əməl etdiklərini, həm müəssisənin işçi heyyəti ilə, həm də məhkumlarla qarşılıqlı hörmət münasibətində olduqlarını, barələrində heç bir tənbeh tədbiri görülmədiyini bildiriblər. Lakin hazırda cəza çəkdikləri müəssəsində elə bir vəziyyət hökm sürür ki, orda məhkumların hüquqlarından söhbət belə gedə bilməz.
Həbsxana dəhşətləri
Müraciətdə həbsxana rəhbərliyinin məhkumlara qarşı qeyri-insani münasibət göstərməsindən ətraflı bəhs olunub:
"Müəssisənin 200-250 məhbus saxlama imkanı olduğu halda 700-ə yaxın məhbus saxlanılır. Hər bir məhbus üçün ən azı, 4 kv. m. yer nəzərdə tutulsa da, burada bu sahə heç 1.5 kv.m.də deyil. Yataqxanalara yerləşdirilən çarpayılar elə vəziyyətdədir ki, rahat yatmaq mümkün deyil. Yataq ləvazimatlarının isə insan üçün nəzərdə tutulduğunu söyləmək mümkün deyil. Məhbuslara verilməli olan geyim, yatacaq ləvazimatları, sabun və digər təmizləyicilər, sadəcə nəzərdə tutulmuş bir neçə məhbusa verilir. Məhbusların yemək yemələri və asudə vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulan yerin hər tərəfi açıq olduğundan içəri soyuq keçdiyi, dam örtüyündən su damdığı üçün yer daim su olur. Hər gün sadəcə çörək yeyilən vaxtlarda burada olmaq kifayət edər ki, sağlamlığını itirəsən. Müəssisə rəhbərliyi bu problemin həll olunmasında ona görə maraqlı deyil ki, daha doğrusu, bu şəraiti ona görə yaradır ki, həbsxananın həyətində düzəldib məhkumlara hər birini 150-200 manata icarəyə verdikləri "balaca evlər"dən əldə etdikləri gəlir əldən çıxmasın. Həbsxana rəhbərliyinin bu cinayəti səbəbindən müəssisədə cəza çəkən 700-ə yaxın məhbusun təxminən 600-ə qədəri hər gün işgəncəyə məruz qalır.
Televizora baxmaq üçün nəzərdə tutulmuş klubdan ancaq soyuducu kimi istifadə mümkündür. Yaxınlarımız görüşə gələrkən gətirdikləri qəzetlərin bizə verilməsinə icazə verilmir".
"Hamam cəmi iki gün pulsuzdur"
Məhbuslar deyir ki, 700-ə yaxın məhbus üçün həftənin yalnız 2 günü hamamdan pulsuz istifadə etməyə şərait yaradılıb: "Məhbusların paltarlarını yumaq üçün nəzərdə tutulan paltaryuyan maşın sadəcə kimlərinsə istədiyi vaxt işləyir və pullu fəaliyyət göstərir. Məhbusların özlərinin yuduqları paltarları qurutmağa imkanları yoxdur. Çünki həbsxananın hər bir bucağında kirayə evlər fəaliyyət göstərir. Yataqxanaların qapıları saat 22:00-dan səhər saat 06:00-a qədər bağlı olur. 200-dən çox məhbusun saxlanıldığı bizim yataqxanada 3 həftədən artıqdır ki, bir damcı belə su yoxdur. Yeməklər keyfiyyətsizdir və natəmiz vəziyyətdə verilir. Məhz buna görə də məhbusların yaxınları daha çox xərc çəkərək evdən tez-tez sovqat gətirmək məcburiyyətində qalırlar. Həbsxananın mağazasında ərzaq və digər zəruri malların qiyməti həddindən çox bahadır. İstər uzunmüddətli, istərsə də qısamüddətli görüşə çıxan məhkumlardan mütləq pul alırlar. Əgər hər hansı bir məhkum "hörmət eləmək"dən imtina edirsə, o mütləq hər hansı bir yolla cəzalandırılır.
Tibb müəssəsində isə əsasən xəstələr yox, 150 manat pul verənlər saxlanılır".
Məhbuslar hüquq müdafiəçilərinə səslənir
Daha sonra müraciət müəllifləri hüquq müdafiəçilərinə səsləniblər: "Biz bütün hüquq müdafiəçilərini, Azərbaycan həbsxanalarında məhkumlara qarşı qeyri-insani münasibətlərin mövcudluğuna şübhə ilə yanaşanları 16 saylı cəzaçəkmə müəssəsində dəvət edirik. Gəlin və burada hansı cinayətlərin baş verdiyinə özünüz şahid olun".
Məsələ ilə bağlı hüquq müdafiəçisi Eynulla Fətullayevə müraciət etdik. E.Fətullayev bildirdi ki, fevralın 16-da 16-cı kalona gedib orada monitorinq aparacaq: "Hələ bu müraciətlə tanış olmamışdan əvvəl mənim fevralın 16-da 16 saylı cəzaçəkmə müəssisəsinə getmək fikrim var idi. Vicdan məhbuslarının bu müraciəti yerinə düşdü. Mən bu kalonda monitorinq aparıb həmin məhbuslarla görüşəcəm və bütün bu deyilənlərə aydınlıq gətirməyə çalışacam".

Комментариев нет:

Отправить комментарий