11.03.2012

Babullaoğlunun ovsun mətnləri

İbrahim Sel

 Tanınmış ədəbiyyatşünas Səlim Babullaoğlunun növbəti maraqlı eksperimenti “İlyas Göçmənin şəkil dəftəri” adlı şeirlər kitabıdir. Hətta bəzilərinin bəyənməyəcyi qeyri-ciddiliyi, boşluğu ilə belə o professionallığın diqtəsi ilə ərsəyə gətirilmiş bir əsərdir. İntellekt, analitik təfəkkür və riyazi dəqiqlik göz önündədir. Əlbəttə ki şanlı Sovet çağlarında, “Ulduz” jurnalının 15 min tirajla çıxdığı dönəmlərdə belə bir eksperiment daha çox nəzərə çarpardı, olardı necə deyərlər, “kultovıy”. Hər kəsin qəlbinə yol tapar bu mətnlər; ziyalısından tutmuş fəhlə-kəndlisinə kimi hər bir oxucunun damarını düşən notlarla doludur “dəftər”. Bir növ əfsunlayıcı pıçıltılardır.
 Şəkilarxası şeirlərdir, burda elə belə də olmalıdır- tutum az olmalıdı, nəfəs çox. Məsələn, bu misralara diqqət yetirək: “Bu bizim birlikdə ilk rəsmimizdir/ Bu bizim birlikdə son şəklimiz”; “İçimdə kimsə vardı sanki, o eləmişdi bunu”; “Sonra da düşün deyəcəklər/ Hərçənd bu maraqlıdı...”; “Birə, ikiyə, saat on ikiyə”. Adi misralar olsa da, kolorit var. Poetikcəsinə, hətta deyərdim ki dahiyanə cilalanıb.
 Biri də var var: “Qollar varsa, qonmağa da çiyin var”. Riqqətə gətirir. Tarixin hansı iztirabları, insanlıq taleyinin nə qədər sarpıntıları asılıb bu xırda cümlədən, sözlə ifadə etmək çətindir! Məna yükü hədsizdir, ölçüyə gəlməz dərəcədə! Şaşırır oxucu.
 Ən çox təsir eləyən, poetik güc baxımından 5 bal gücündə qiymətləndirdiyim şeir “Maskalı adamların himni” oldu. Həmin şeirdə olan tembrli axıcılıq, poetik rəngarənglik və məna çalarları mənim kimi bir professional oxucunu valeh etməyə bilməzdi. 

Kim oxuyar alnımızdakı sətir-sətir qırışları,
kim? Hansı dilçi, hansı xəttat?
Axı, bu yazılara baxan kimsə bu xətti tanımaz.
Göz yaşlarımız yalnız yanaqlarımızı suvarmaz, hətta
yanğımızı da yatırar ki, bunu siz
yenə də üzümüzə baxıb sezə bilməzsiniz.
Göz yaşımızla yuduq gözlərimizi, amma
Kipriklərçün fərq etmədi, onlar əvvəlki kimi
nə tozdan, nə qorxudan, nə pis nəzərdən
yenə qoruya bilmədilər bizi, qırpıldılar.
Kim duyar müşkülləri səyriyən gözümüzdən?
Ağrısını ürəyimizin üzümüzdən kim duyar?
Əgər ki, bu sualların cavabı yoxdursa,
nədən üzümüzü görsün adamlar?
Əgər üzümüzə öyrəşənlərin sayı çoxdusa,
bəlkə onu arada gizlətməkdə lüzum var.
Kim bilir bəlkə elə bizim özümüz də
arada güzgüyə baxanda çaşmalıyıq,
bəlkə, biz də özümüzə arabir özgə üzüylə baxmalıyıq…

 Bu şeiri “Azərbaycan şeir antologiyası” toplumuzda dərc etdik. Ora hər əsər düşməz- Hüsamə bin Sərxan bilir, bizim toplularda hər cür zir-zibilə yer olmur!
 “Qucağı alma dolu qızcığazın çox sonra deyəcəkləri” də mənə ruhən çox yaxındır. İnanırsınız,- inanmasanız da olar, amma həqiqətən belədir- həmin şeiri bəlkə on dəfə oxumuşam. Sanki o qədər oxumaq istəyirdim ki əzbərləyim,- bütün sevdiyim şeirlər kimi. Məndə belə bir xasiyyət var! Yaddaşıma həkk olsun deyə. Ürəyimə yatdısa, qranitdən yonulmalıdı fikir emalatxanamda.
 Amma şeirin axırında “inanmışdıq” yazıb, əslində “inanmamışdıq” olmalıydı. Əsas odur ki, belə olanda MƏNə lazım olan effekt alınır.
 “Zəfər bayramındakı baba və nəvələr” şeirində ikinci bənd “Axı onlar- bu çəyirdək gözlü balalar” misraları ilə başlayır. Səlim Babullaoğlunu yetkin şair edən bəlkə də onun uşaqlara hədsiz sevgisidir. O sevgi Səlim yaradıcılığında hər addımbaşı duyulur.
 Səlimin şeirləri sakit bir atmosferdə oturub oxunulası şeirlərdir, çünki onun poeziyasına düşüncürücü motivasiya xasdır. Bəzi şeirləri isə hətta ağır energetika ilə yüklənmiş mətnlərdir. 
 “Gedənin qalana dedikləri”- bu elitar şeirdir. Məni aldatmaq çətindir, falşı tez tuturam. Elitar poeziyaya aid də bir toplu hazırlayırıq, inşallah nəşr olunanda bu şeir də orda olacaq. Bəyənilsin!
 “Bayram” şeiri isə real deyil. Bu, xoşbəxt bir adamın mahnısıdır,- ona görə də müasir həyatla uzlaşmır. Hardadır indi o xoşbəxt insan tipləri? O xoşbəxtliyi isə Türkiyə coğrafiyasına cuğlaşdırmaq nə dərəcədə düzgündür, deyə bilmərəm. Türkiyə kimi yerdə kiçik bir qismi çıxmaq şərti ilə, insanlar, yüngül desək, xoşbəxt deyillər. Əvvəla əhalinin yaşayış və mənəvi səviyyəsi olduqca acınacaqlıdır. Türkiyədə 85 faiz əhali kirayədə qalır, şəxsi evi yoxdur, biləsiz. Odur ki şeirə pərçimlənən situasiya tipik deyil. Alınmayıb qısası.
 Səlim oxucuya münasibətdə mətni çox qapadır, bu da ona kiçik auditoriya qismət edir. İndiki epoxada obıvatel üçün işləmək lazımdır, heç olmasa bu yönü də nəzərdə saxlamağa məcbursan. Mənaları sterilizə etməklə daha çox oxucu yığmaq olar. Mədəniyyət deqredasiyaya uğrayıb- nəzərə almaq lazımdır.
 Kitabın axırında verdilən şərhlər bəziləri tərəfindən birmənalı qarşılanmayacaq. Heç xoşum gəlməz şərhlə müşayiət olunan əsərlərdən. Hansısa bir dahinin sözüdür, təxminən belə: şeirə ki şərh verdin, at getsin. Amma qeyd edək ki, Səlimin bu şərhlərində oxucu özü üçün dəyərli informasiyalar tapa bilir. Mən də bəzi maraqlı məlumatları ordan köçürdüm, sonda gördüm köşə boyda material alındı. Şərh bölməsi ideyası ilə razılaşmaqdan başqa çarəm qalmadı.
 “Polkovnikə heç kim yazmır”- Səlim Babullaoğlunun daha bir ekstravaqant adı ilə yadda qalan kitabıdır. İçi yenə istirahət vaxtını xoş keçirmək, rahatlıq duymaq üçün stimul verəcək şeirlərlə doludur. “Absurd” şeiri insanı komplekslərdən azad edir, sərbəst olmağa çağırır. Oxuyandan sonra bir ah da çəkirsən: “Bəli, həyat davam edir, yaşamağa dəyər!”
 “Həmidə xanıma” şeiri də energetikalı şeirdir. “Gecə barında” kimi şeirlərin yazılma texnologiyası yaradıcılıq fakultələrində öyrənilə bilər. Modern şeirin nə mahiyyət daşıdığı, necə işlənməli olduğu bu şeirdə aşkar görülür. “Müsahibə” şeiri də normativdir. İdeal sənət nümunəsidir. Qatqısı yoxdur. 
 Kitabın əsas şeiri olan “Polkovnikə heç kim yazmır” isə zəif alınıb. Səlim ictimai-siyasi məzmunlu şeirlər yaza bilmir. O lirika şairidir.

Cəngəlliklər qəhrəmanıydım körpəlikdə,
pələnglərlə oynayırdım.
Adamların daha qorxunc olduğunu
çox sonralar anladım...

 Babullaoğlu ədəbiyyatımızın bir Tahir Salahovudur; “ən gözəl rəsmini çəkir çıxılmazlığın”...
 “Polkovnikə heç kim yazmır” kitabı yığcamlığı, xudmaniliyi ilə ədəbiyyatımıza xas olan uzundərəçiliyə meydan oxuyur. Uğurlu üz qabığı, gözəl dizaynı, qəribə adı ilə seçilir. Bu xırda xoşbəxtlik işığında hər şey necə də gözəl təsvir olunub, son dərəcə dəqiqliklə işlənib. Kitabları ümumiyyətlə ağ yox, sarımtıl kağıza çıxartmaq lazımdır. Sovet dövründə olduğu kimi. Ağ kağız göz ağrıdır.
 Şair demişkən, yol uzun, meydan geniş, arzular tükənməzdir. Sənə uğurlar, şair!

Комментариев нет:

Отправить комментарий