11.03.2012

Bizim qələbəmiz qisasdan keçər


Cabir Albantürk


Famil Mehdi sayağı


“Mənim Qarabağım mənim deyilsə”,
Qeyrət damarımda qanım deyilsə,
Bu düşük dövranın məngənəsində
Ocaq əldən gedər köz həvəsində...
Allahsız, imansız azar ağıllar,
Haçandı Kərbəla çölüdü yurdum;
Qırılıb millətin beli oğlullar,
Viran torpağımın əvəzi – yardım...
Sonu olacağmı bu “son” zillətin?!

Özgə qoltuğundan çıxan millətin
Özgə tapdağına dözməsi asan,
Bunu düşünübmüş o plan cızan.
Içimin düşməni çölümdən betər,
Soyuyur sabahım yurd  sevgisindən, 
Gedir sevənlərin  zəhməti hədər 
Vətən yeyənlərin qurd sevgisindən.
Vətəni yeyənlər vətən qorumur,
Torpaq al - veriylə tapdanıb hər şey...
Vətəni qorumaq ana haqqıdı.
Sığınıb mənliyə, söylənib ərşə
Üyünür bu millət bu nəs hoqqada,
Çəkir kölə səbrin suyunu boşluq...
Başını saxlayır başı olanlar,
Leşini saxlayır naşı olanlar,
Quranı satırlar, dini satırlar, 
Torpağı satırlar, qanı satırlar,
Allahın verdiyi canı satırlar, 
Bircə hava qalıb havalanmağa...
Qaziləri sındırılan  məmləkət,
Dustaqları  söndürülən məmləkət...
Çıxmasa millətdən padşah qorxusu,
Qazamat qorxusu, şallaq qorxusu,
Tutmasa yerini Allah qorxusu,
Bu gündən də betər sabah qorxusu
Yenə nicatımız qalar sabaha,
Sabahsa bu gündə yetişir qağa...


Şəhid oğulun diliylə


...Könüllü getdim döyüşə,
Şəhid oldum Güllücədə.
Vətən,qeyrət,din döyüşü,
Sinəm sipər,güllə cida...


Qanım tökülən torpağı,
Vətənsizlər alan deyil,
Qovulmasa yurddan yağı,
Ruhum rahat olan deyil...


<<Türkmənçay>>da  bölünəndən
Millətimiz yurdda xəcil,
<<Bilinməzlər>> bilinəndən
Şəhid ruhum burda xəcil.


Səbr qırx gün, qırx ay olar
Nəyi gözləyirsiz axı ?!
Partizanlar tutuldular...
Yer aldı düşmən ayağı...


Çəkirsiz səngər keşiyi...
Ümidimiz üzüldü ki,
Vətən,qeyrət,din düşüyü
Tarixlərə yazıldı ki.


Barışıq təklif edənlər
Xocalını yada salsın...
On beş il qəhər udanlar
Qisasını kimdən alsın...


GÜNÜMÜZÜN QƏHƏRİ


Bu millət arzulamağla məşquldu,
Dərdini dərc etməklə məşquldu,
Yüz ildir dərc eləyir -düzəlmir heç
Arzulamağla “düzələn” müsküldü...


Təzə növ “kişilər” nəfsinə tazı,
Yox ana –bacısı, arvadı, qızı...
Əsir qızlarımız düşmən əlində,
Burda, qeyrətsizlər düşmən əvəzi.


Qarnı ac, gözü ac bu uşaq mənim,
Beyninin, qəlbinin aclığı  qənim...
Hələ ki, tum satır, adam satacaq
 Zəhərlənsə ruhu, dəyişsə qanı...


Vətən bölüm –bölüm, millət didərgin,
Otuzu kefində, yetmişi qəmgin
Ağlamalı gündə gülür arsızlar
Şükr, dözüm qalıb, bir az da təmkin.


Dünən düşmən ilə döyüşən millət,
Bu gün atəşkəslə öyünən millət...
Məlikməmmədindən bir səs çıxmadı,
Day keçib, məni də quyuya  sallat...


Şeytana uyandan bəndə  günahkar,
Həqq yolu sayılan dində -günahkar...
Fələyin qəminə verib milləti
Xilaskar adıyla mindi günahkar...


Korrupsiya, rüşvət baş alıb gedir, 
Ürək yaddan çıxıb, baş ölüb gedir,
Millətin kisəsi, kasası  dolmur,
Neftli yatağları boşalıb gedir.


On doqquz yaşlı qəhər


Bizim qələbəmiz qisasdan keçər,
Bizim xilasımız ixlasdan keçər...
Mümkün azadlıqda diridir gecə,
Ayı, ulduzuyla azaddı, tamdı
Günəşsiz açılan sabah yetimdi...
Azadlıq,  köləlik döyüşür hələ, 
Insan varlığında, millət içində
Düşmənlə döyüşdə büzüşür kölə, 
Düşmənə nifrəti qorxusuyla tən.
Igidlər olsa da mələk gücündə
Ordusuz, sevgisiz qorunmaz vətən;
Bağışlamaq böyüklükdü,qisas haqq!
Yətər,bağışladıq yağı düşməni.
Yeddi yerə,yetmiş yönə bölünüb
Qazanmayaq “xəcil” adı, ünvanı
Qisas gözlər Ağdam da, Xocalı da,
Şuşa, Laçın... düşmənin əcəli də.
On doqquz il namusumuz arada...
Qisas almayınca yaşamaq haram.
Milli qeyrət, hazır dayan cihada!
Qoy ölü vicdanlar yaşasın aram,
Qoy qansız quldurlar insaf gəmirsin...
Gedirik Xocalı faciəsindən,
Kədərli atəşkəs fasiləsindən
Mənəvi iflasa,  səssiz - səmirsiz...
Döyüşsüz sülh sabah  uduzmaq demək,
Güzəştli – güzəştsiz, fərqi yox anam.
Ordu öz gücünü göstərsin gərək,
Onda yaranacaq sabaha inam...
Yurda ağa, yurda oğul, yurda qul
Igidlər var  yad gözünə  yurd oxu.
Varlıya, kasıba bölməyək xalqı,
Kişisi döyüşər, qorxağı qaçar.
Bir gün görəcəyik ayağa qalxır
Hayk qoyub tutduğu torpağı qaçır...
Allaha, Rəhbərə, gələcək günə, 
Özünə, gücünə inamdı Millət.
Vətəndaş olmasa sınandı Millət.
Sənə türk deyənə türklüyü göstər,
Arxalı düşmənə  təkliyi göstər!
Talış, tat, ləzgi, kürd,... vətən övladı!
Qisasını al dünənin, bugünün, 
Açılmasa kəs qartımış düyünü.

Комментариев нет:

Отправить комментарий