11.03.2012

Büdcəmizin "Sarı çiçəyi"

Büdcəmizin "Sarı çiçəyi" Arzu ABDULLA

Paytaxtda ictimai nəqliyyatdan istifadə edənlər istər-istəməz meyxananı, muğamatı, Könül Xasıyeva ilə Alqayıtın "palatka" toylarındakı çıxışını, Aşıq Zülfiyyəni dinləməli olurlar. Deyirəm, dərd batmanla gəlir. Həm kasıblıqdan, əlacsızlıqdan marşruta minməli olursan, həm də xoşlamadığın ifaları dinləmək məcburiyyətində qalırsan. Amma marşrutların da öz "dəbi" var. İki il öncə "Sarı çiçəyim" adlı bir sayıqlama dəbdə idi. 


Təsəvvür edirsiz, yayın isti günündə oturmusan marşrutda, daha doğrusu, ayaq üstdə dayanmısan, üzü makiyajlı (buna əslində "qrim" desək, lap yerinə düşər-A.A) bir xanımın tər qoxusu dirənib burnuna, bir yanda da "palatka" manısı "Sarı çiçəyim" deyib, özünü "lezvalayır". Çox dəhşətlidir. Belə anlarda adətən sakitləşmək və başımı qatmaq üçün bir anlığa təsəvvürümdə mini tamaşa qururam. Yəni, bu günümüzə bais olanlardan birini xəyalımda mindirirəm bu marşruta və deyirəm "İndi döz, görüm, necə dözürsən". "Qurbanlarım" arasında nəqliyyat naziri ilə Bakı meri daha çox marşrutlara "minməli olur". 
O gün bir tədbirdə fizik Qüdrət İsakov dedi ki, Bakı meri Hacıbala Abutalıbov sən demə, həm də Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır. Deyirəm, beləsinə nə deyəsən? Paytaxtda ağac qoymayıb, kəsib yerinə lampalı, plastik ağac əkib, bu azlıq edib, indi də Elmlər Akademiyasını kor qoyur. 
Sizcə, Hacıbala Abutalıbov kimi təbiət düşməni Elmlər Akademiyasında laboratoriya müdiri olduğu halda, bu ölkənin elmi inkişaf edərmi? 
Amma bir az maraqlananda bəlli oldu ki, bu ölkədəki məmurların 99 faizi həm də hansısa ali məktəbdə artıq 15-20 ildir ki, kafedra müdiri, professor kimi "fəaliyyət" göstərir. İndi deyəcəksiz ki, tər qoxusunun və ya marşrutdakı "Sarı çiçəyim"in laboratoriyaya və ya elmə nə dəxli var? 
İnanın, həyat zərrəciklərdən ibarətdir və bu zərrəciklər bir-biri ilə sıx bağlıdır. Elə hansısa məmurun həm kürsüdən, həm də akademiyadan və ya universitetlərdən bizi "soyması" sonda telekanallarda meyxana və s. yarışmalarının artmasına səbəb olur. Çünki Hacıbala Abutalıbov gün ərzində öz işi ilə məşğuldur, yəni küçələri qırlatdırır, ağacları kəsdirir, zibil qablarının aşıb-daşmasına səy göstərdiyindən akademiyada 15 ildən çox bir zamanda zəbt etdiyi laboratoriyaya baş çəkə bilmir. O, eyni zamanda bu addımı ilə hansısa layiqli bir kadrın yerini tutur, onun sıradan çıxmasına və ya ən yaxşı halda ölkədən getməsinə səbəb olur. Bütün bunlar bir yana, bu ölkəni xaraba qoyub, öz mülkü kimi istifadə edən bir dəstə məmur qocalanda həm məmurluğundan, həm də akademiyadan filan qədər qocalıq təqaüdü alacaq ki, bu da bizim dövlət büdcəsinin talanması deməkdir. Biz, yəni bir dəstə cızma-qaraçı saydıqları qələm adamları isə indi olduğu kimi qoca (əgər qocalmağımıza imkan versələr-A.A) vaxtımızda da kasıblıqdan it günündə yaşamalı olacağıq. Həm də qocalanda da marşrutda gəzmək məcburiyyətində qalacağıq. Tez-tez qocalığımı və marşrutdakı halımı düşünürəm. Yəqin o zaman Ağamirzənin "gözəl səsi" batdığı üçün onun övladları meyxana deyəcək. Və ya çırtıq çalıb meyxanaya dediyi üçün naz-nemət içində yaşayan, elmlə məşğul olan qadınlarmıza göz dağı olan meyxanaçı Toppuş bacı, Samirə o zaman qocaldıqları üçün onların törəmələri çırtıq çalacaq. 
Belə yerdə Aşıq Ələsgər demişdi: 

"Onda vay halına, yazıq Ələsgər, 
Özün getdin, sözün qaldı dünyada". 

Yeri gəlmişkən, Toppuş bacının və Samirənin telekanallarda meyxana deməsinin də səbəbi Hacıbala Abutalıbovun akademiyada laboratoriya müdiri olmasıdır.

arzuabdulla@rambler.ru

Комментариев нет:

Отправить комментарий