04.03.2012

Deyəsən bizə heç nə çatmayacaq


Lalə Ramizqızı

Xalq əməlli-başlı nikbin bir ruh üstündə köklənmişdi. Hər  kəs belə düşünürdü ki,  “əsrin müqaviləsi” reallaşandan sonra, yəni Azərbaycan nefti dünya bazarına çıxarılandan sonra nəhayət biz də arzularımızda yaşatdığımız həyata qovuşacağıq.

Başqa sözlə desək, bu məmləkətin vətəndaşları da, həmişə həsəd apardığı ölkələrin vətəndaşı kimi yaşam haqqına qovuşa biləcəklər. Amma bu istək yavaş-yavaş xülyaya çevrildi. Məlum olduğu kimi ən ideal yaşam səviyyəsi olan ölkələrdən daha artıq bu yaşama potensialı olan Azərbaycan vətəndaşları bu istəyinə qovuşmağı sırf Azərbaycan reallığının bəhrəsidir. Digər ölkələrdən fərqli olaraq ideal yaşam üçün hər şeyin mövcud olduğu Azərbaycanda bu istəyə qovuşmağın yolunda harın məmurların yaratdığı problem səddi var ki, artıq bu səddin keçilməzliyini hər kəs qəbul edib.
Ölkəyə neft satışından gələn gəlirlər yerli-yersiz, əslində xalqın sosial durumu ilə heç bir əlaqəsi olmayan layihələrə yönəldikcə hər kəs səbrini basıb, onlara da bu milli sərvətdən pay çatacağı günü gözləyirdi. Ancaq deyəsən hər dəfə olduğu kimi bu dəfə də xalqın payına gözləməkdən başqa bir şey qalmadı. Hər kəs belə düşünürdü ki, sərvət toplama yarışına xidmət edən və külli miqdarda vəsait aparan kosmetik layihələrin nə vaxtsa bitəcəyi şübhəsizdir. Ancaq görünür ki, xalqın taleyinə biganə olan məmurların bu prizmadan qabiliyyətsiz görünmələri aldadıcı imiş, sən demə korrupsiya yaradıcılığına görə heyrətamiz istedad sahibləri imiş.
Ölkədə onsuz da yaradıcı korrupsionerlərin ard-arda gələn layihələrini maliyyələşdirməkdə neft gəlirlərin zorla çatdığı halda, Azərbaycanda daha fantastik məbləğə başa gələn beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi, hələ üstəlik olimpiada 2020-ni dəvət üçün hazırlıqların başlanması xalqın bu ölkənin sərvətindən umacağı paydan gözünü çəkməyə bəs edir. Axı təkcə beynəlxalq mahnı müsabiqəsi üçün xərclənən vəsait kifayət idi ki,nəhayət Azərbaycanda da Sovet dövründən banklarda qalan əmanətlər geri qaytarılsın. Nə qədər acı olsa da, bir vaxtlar halal zəhmətinin qazancı olaraq banklara qoyulan pulun sahibləri, xəstəliklərini müalicə etmək üçün dərman puluna ehtiyacı olduğu ağır bir durumda dünyasını dəyişir.
Vətəndaşların ümidləri öləzməkdədir ki, onlara deyəsən bu ölkənin sərvətindən pay çatmayacaq. Görünür bu məmləkətdə sosial problemlər içərisində çırpınmaq xalqın nəsibi imiş. Bu il sərt keçən qış vətəndaşların öləziməkdə olan ümidlərini sona yaxınlaşdırdı. Məlum oldu ki, dünyaya enerji ehtiyatları vəd edən Azərbaycanda bu ehtiyatlardan vətəndaşa pay nəzərdə tutulmur. Sərt şaxtada işığı, qazı kəsilən vətəndaş dövlət himayəsinə sığına bilmədi. Çünki harın məmurlar bu himayənin mümkünlüyünü bir tərəfə atıb. Həyatın iflic olduğu ölkədə insan taleyinə bu qədər biganəlik acı duğurdu.
Ölkədə daha bir möhtəşəm layihənin həyata keçirilməsi, ada şəhərin salınması ideyası isə birdəfəlik vətəndasşları neft gəlirindən pay ummaq istəyinin üstündən xətt çəkir.
Çünki onsuz da azalmaqda olan neft gəlirləri bu ada şəhərin tamamlanmasına ancaq yetəcəkdir.
Bu layihə fonunda daha bir mənəvi ağrı yaşanır. Axı torpaqlarının bir qismi işğal altında olan Azərbaycana elə bu qədər vəsait bəs idi ki, torpaqlarını azad etsin. Yaxud elə bu vəsaitin yarısı bəs idi ki, ölkədə sosial problemlərin həlli yolunda mühüm mərhələ olan işsizliyə son qoyulsun. Ona görə bu sahəni vurğulamağa ehtiyac var ki, müharibə vəziyyətində olan ölkənin gəncləri çörək pulu dalınca ölkəni tərk edərkən həm də ölkənin müdafiə potensialını da zəif salmış olurlar. Belə görünür ki, xalqa sərvətdən pay çatmadığı kimi, ölkənin də yaralarının sarınması bu paydan kənarda qalıb.

Комментариев нет:

Отправить комментарий