04.03.2012

Azərbaycan xalq çalğı alətləri

Azərbaycan ərazisində ən qədim zamanlarda musiqi alətləri mövcud olub. Qobustandakı qavaldaşı, Mingəçevirdə tapılmış balabanaoxşar musiqi aləti bu fikri təsdiq edir.
Azərbaycan xalqı lap qədim zamanlardan hələ zəngin musiqi mədəniyyətinə malik müxtəlif növ musiqi alətləri yaratmışdır. Azərbaycan xalq çalğı alətlərinin ən qədimi Qobustanda “qaval çalan daş” hesab olunur. Musiqi alətlərinin xüsusi məlumatları Azərbaycan klassiklərinin əsərlərində, Azərbaycan ədəbiyyatında, xalq dastanlarında, eləcə də musiqişünasların əsərlərində cəmləşmişdir. Orta əsrlərdə Azərbaycanda simli-mizrablı alətlər geniş yayılmışdır. “Kitabi-Dədə-Qorqud” dastanında da musiqi alətlərinə dair məlumatlar var – burada qopuz, zurna, nağara kimi alətlərin adları çəkilmişdir. Orta əsrlərdən bəri Azərbaycanda kamança, qopuz, rübab, cəng, səntur, qanun, şeypur, ərcənum (nəfəsli), təbil, nağara, dəf, dümbək (zərb) kimi musiqi alətlərindən geniş istifadə edilməkdədir.

Azərbaycanda mövcud olmuş çalğı alətlərinin növləri müəyyənləşdirilərkən klassik poeziyadan əxz olunmuş şer misraları da çox qiymətli məxəzdir. Nizaminin, Füzulinin, Nəsiminin, Xaqaninin poemalarında, qəzəllərində xalq çalğı alətlərinin adları çəkilmiş, miniatür məktəbi rəssamlarının əsərlərində isə onların təsvirləri verilmişdir. Sonrakı dövrlərdə onların bəziləri tədricən aradan çıxmış, digərləri isə təkmilləşərək daha geniş yayılmışdır. Tədqiqatlardan məlumdur ki, Azərbaycanda 4 qrupa daxil olan 100-ə yaxın xalq çalğı alətləri məlumdur.
Hal-hazırda Azərbaycanda orkestrlərin, müxtəlif ansamblların tərkibində və solo ifaçılığındaxalq çalğı alətlərindən istifadə olunanları bunlardır:
Simlilərdən – tar, saz, kamança, qanun, ud, dambur;
Nəfəslə çalınanlardan – balaban, tütək, zurna, ney, tulum;
Dərililərdən (zərb alətləri) – nağara, qaval, qoşanağara, dümbək;
Özüsəslənənlərdən – şaxşax, kaman və laqquti.
Tar (mizrabla çalınan tar) – ilk əvvəllər cəmi beş simli olan, səsi zəif, texniki imkanları məhdud bir alət idi. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli tarzəni Sadiq Əsəd oğlu (Sadıqcan) tarı təkmilləşdirərək onu virtuoz musiqi alətlərinin səviyyəsinə qaldırmışdır. Tarın ümumi konstruksiyası dəyişmiş, simlərin sayı on birə çatmışdır. Bundan əlavə Sadıqdan başlayaraq ifaçılar tarı daha diz üstə deyil, sinə üstə tutmağa başlamışlar. Tar milli musiqimizin bəlkə də ən ifadəli, rəmzi alətlərindəndir. XX əsrdə Qurban Pirimov, Mənsur Mənsurov, Bəhram Mənsurov, Hacı Xanməmmədov, Əhsən Dadaşov, Ramiz Quliyev və başqaları, Azərbaycanın məşhur tarzənləri musiqi mədəniyyəti tariximizdə xüsusi yer tutur, geniş şöhrət qazanmışlar. 
Kamança – Muğamlarımızın ifası zamanı trioya (tar, kamança, qaval (dəf)) daxil olan kamança Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunun ən parlaq nümayəndəsidir. İncə, məlahətli, melodik səsə malik bu alət əsrlər boyu təkmilləşdirilməklədir. Belə ki, simlilərin sayı əvvəlcə bir, sonra iki, üç və nəhayət doqquz simli olmuşdur. Kamançanın tarixi də digər xalq çalğı alətlərimiz kimi çox qədimdir. Kamançadan xalq çalğı alətləri orkestrində və ansambllarda əsas melodiyanı aparan solo aləti kimi istifadə edilir. Kamanla çalınan kamança tut və yaxud qoz ağacından hazırlanır. Kaman isə at tükündən hazırlanır. Müasir dövrümüzdə dörd simdən ibarət olan kamança sol dizin üstündə qoyularaq çalınır. Azərbaycanda gözəl kamança çalanlar sırasında Habil Əliyev, Şəfiqə Eyvazova və başqalarının adları xüsusi qeyd edilməlidir.
Saz – Zərif, cınqıltılı səsə malik saz Azərbaycan aşıq sənətinin ayrılmaz hissəsidir. El arasında geniş yayılmış sazın əsl ifaçıları aşıqlardır. Aşıqların oynamaqları da, oxumaqları da məhz bu alətlə müşayiət olunur. İndiki dövrümüzdə saz xalq çalğı alətləri orkestrində və ansambllarda özünəməxsus yer tütür. Qoz və tut ağacından düzəldilən saz dərin çanaqlı, uzun boğazlı armudabənzər bir musiqi alətidir. Azərbaycanda üç növü məlumdur: 
Böyük saz (8-9 simli); 
Cürə sazı və ya qoltuq saz (kiçik həcmli); 
Tavar sazı (9 simli, nadirən 8 simli).
Tavar sazı müasir dövrümüzdə sazın ən geniş yayılmış növüdür.
Sazın simlərini səsləndirmək üçün gilas və albalı ağacının qabığından düzəldilmiş elastik və yumşaq mizrabdan istifadə edilir. Görkəmli saz ustaları - Aşıq Abbas Tufarqanlı, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Pəri və başqaları.
Dəf (qaval) – Bir çox rayonlarda dəf adı ilə tanınan qaval ən qədim musiqi alətlərindəndir. Qaval bir tərəfinə balıq döşünün dərisi çəkilmiş ensiz, dəyirmi sağanaqdan ibarətdir. Çalğıdan əvvəl qavalın üzü gündə, od və ya elektrik lampası üzərində qızdırılır. Qavalı iki əllə, içəri tərəfini ifaçıya çevrilmiş şəkildə saxlayırlar. Adətən qapalı yerdə çalırlar. Qaval müxtəlif temp, ritmik və dinamik imkanlara malikdir. Muğamlarımızın ifasında üçlükdə əhəmiyyətli rol oynayan qaval xanəndə tərəfindən ifa edilir.
Qanun (kanon) – İfaçılıq imkanlarına görə orkestrdə mühüm yer tutan musiqi alətlərindən biri olan qanun incə, məlahətli tembri ilə lirik əhval-ruhiyyə oyadan bir alətdir. Peşəkar musiqiçilərin çalğı aləti olan qanunda virtuozluq tələb edən  əsərlər, xüsusən də muğamlar böyük ustalıqla ifa olunur. Əsasən qadın ifaçıların çaldıqları bu alət bir sıra şərq ölkələrində də geniş yayımışdır. Oturaraq ayaqların üstündə mizrabla çalınan qanunun gövdəsi trapeziyaya oxşar yastı qutu şəklində olub, taxta parçalardan quraşdırılır. Onun üst səthi əsasən çinar, alt və yan tərəfləri isə toz və ağcaqayın ağaclarından hazırlanır. Simlərin ümumi sayı 72-dir. Qanundan orkestrdə əsasən müşayiətçi alət kimi, bəzi hallarda isə solo aləti kimi də istifadə olunur.
Ən qədim musiqi alətlərindən biri də mizrabla çalınan simli alət olan Uddur. Udun yumşaq, ifadəli tembrində ecazkar bir qüvvə var – o, sanki uzaq keçmişin, ulu tariximizin səhifələrini gözlərimiz önündə canlandırır.
Nəfəslilər qrupuna balaban, zurna, ney, tütək və s. kimi alətlər daxildir. 
Yumşaq, həzin tembrli Balaban xalq arasında ən çox sevilən alətlərdən biridir. Alətin baş tərəfinə yastı müştük taxıldığına görə ona çox zaman yastı balaban deyilir. 
Zurna isə öz güclü, zil səsi ilə fərqlənir. Ölkəmizin bir çox yerlərində ondan toy şənliklərində, yallı zamanı, güləş yarışlarında müşayiətçi alət kimi istifadə edilir.
Milli zərb alətləri qrupuna əsasən nağara, qoşanağara, dəf (qaval), dümbək daxildir. Nağara, eləcə də iki müxtəlif ölçülü çanaqdan ibarət qoşanağara aydın, güclü səsə malikdir və musiqimizin ritm çalarlarının nə qədər zəngin olduğunu parlaq nümayiş etdirir. Bu alətlər iki çubuqla və ya iki əllə çalınır. Orkestrdə ritmik cəhətdən əhəmiyyətli rol oynayır. Bu zərb alətlərinin notları bir xətt üzərində yazılır.
Milli alətlərimiz həmçinin orkestr şəklində də səslənir. Azərbaycanda Xalq çalğı alətləri orkestrinin yaradıcısı Üzeyir Hacıbəyovdur. Orkestrin sonrakı inkişafı isə Səid Rüstəmovun adı ilə bağlıdır.


classic.az

Комментариев нет:

Отправить комментарий