Araz Gündüzün tərcümələri
LAERTLİ DİOGEN. Laertli Diogen antik çağın son dönəmində yazıb-yaradan fəlsəfə tarixçisi olmuşdur. Onun kimliyi, ömür yolu ilə bağlı bilgilər günümüzə gəlib çatmamışdır. Ancaq bir çox araşdırmalar aparılaraq, Diogenin bizim çağın II-III yüzillikləri arasında yaşadığı ayırd olunmuşdur. Araşdırıcıların deməsinə görə, bu onun doğruçu adı yox, ayaması da ola bilər, “diogenus”, əski yunancada “Zevsdən doğulmuş” anlamını verən bir sözdür.
Diogenin bugünümüzə gəlib çatan “Ünlü filosofların ömür yolu, öyrətmələri, deyimləri” adlı kitabı fəlsəfə araşdırıcıları arasında çox dəyərli qaynaqlardan biri sayılmaqdadır. Bu kitabın bir üstünlüyü də burada adı unudulmuş bir çox filosoflardan bilgi verilməsində, antik yunan fəlsəfi düşüncəsinin biçimlənməsindəki ardıcıllığı bütün dolğunluğu ilə göstərə bilməsindədir. Diogen, ən əski çağlardan başlayaraq, özünün yaşadığı dönəməcən olmuş filosofların, demək olar hamısından bilgilər vermiş, ünlü filosofların it-bata düşmüş bir sıra yazıları, onun bu kitabında yer almışdır.
Burada, Diogenin kitabındakı “Pifaqor” adlı başlıqdan parçalar verilmişdir.
PİFAQOR
Falesdən başlayan İoniya* fəlsəfə öyrətmələrini gözdən keçirəndən, oradakı adı anılası bütün filosoflardan danışandan sonra, özülünü Pifaqorun qoyduğu İtaliya* fəlsəfə öyrətmələrinə baxaq. (Burada İoniya deyiləndə Yunanıstan, İtaliya deyiləndə, İtaliyadakı yunan koloniyaları başa düşülməlidir.)
Pifaqorun atası Mnesarxın iş-gücünün daşyonan olduğunu, soykökünün Samosdan(Hermippin deməsinə görə), ola bilsin də Tirrendən(Aristoksen belə deyir) başlandığını deyirlər, ancaq onun Samoslu Pifaqor deyə çağırılması, soykökünün Samosla bağlı olduğunu göstərməkdədir.
O, ilk gəncliyində, Siroslu Ferekidin, Samoslu Hermodamantın öyrənçisi olmuşdur. Sonra Misirə gedib oradakı bilik qaynaqları ilə dərindən tanış olmuş, bundan başqa xaldeylərlə maqlardan da, onların bildikləri gizlinləri öyrənmişdir. Yurduna qayıdıb doğma şəhəri Samosu Polikratın tiranlığında görüncə, İtaliyanın Kroton şəhərinə çıxıb getmişdir. Burada o, özünün yasalarını yazmış, sayı üçyüzə çatan öyrənçiləri ilə birgə, səhərdə böyük ad-san qazanaraq, Krotonun dövlət yönətimini ələ almışdır. Bu sayaq dövlət yönətimi, doğrudan da, “ən yaxşıların yönətimi” demək olan aristokratiya idi.
Bir çoxları, Pifaqorun öz öyrətmələrini yazıya almadığını deyirlər. Ancaq Heraklit az qala var gücü ilə qışqırıb deyir: “Mnesarxın oğlu Pifaqor, öz çağında əldə olan bütün bilik qaynaqlarını araşdırmaqda hamıdan artıq çalışmış, bunları mənimsəyərək, özünün bilgəliyindən, çoxbilmişliyindən, eləcə də sayıqlamalarından doğan kitablarını yazmışdı”. Düzünə qalsa, Pifaqor vur-tut üç kitab yazmışdı–“Qanacaqlılıq”, “Dövlətçilik”, “Doğalçılıq(təbiətçilik)”, onun adınna yazılan başqa kitabları isə sonradan qondarmışlar.
Sosikrat özünün “Ardalıq(varislik)” kitabında yazır, Fliuntun tiranı ondan kim olduğunu soruşanda Pifaqor demişdi: “Mən filiosofam, yəni biliksevər bir kimsəyəm”. Yaşam, onun deməsinə görə, bir oyuna bənzəyir: kimlərsə onda yarışmağa gəliblər, kimlərinsə başı bura yığışanların arasında nəsə alıb satmağa, qazanmağa qarışıb, ancaq ən ağgünlülər bura, bu oyuna baxmaq üçün gələnlərdir; Bununla Pifaqor onu demək istəyir, yaşamda öz istəklərinin quluna çevrilmiş adamlar, ad-san qazanmağın, öz qazancını güdməyin düşkünlüyünə qapılırlar, burada yalnız filosoflar yolun düzünü tuturlar, onların amacı doğruluq axtarışıdır.
Yuxarıda adını çəkdiyimiz kitablarında Pifaqorun dediklərinin özəti belədir: O, Tanrıdan özü üçün nəsə diləməyi yasaqlayır, bu ona görədir deyir, bizim üçün nəyin yaxşı olduğunu Tanrı bizdən yaxşı bilir. İçkiyə qurşanmağı o, ən əskik bir iş sayır, yemək-içməkdə ölçü gözləməyi buyurur, bir sözlə istənilən aşırılığı yasaqlayır. Pifaqor şəhvətə qapılmağa çox pis baxaraq deyirdi: “Qışda öz şəhvətinin ipini yığ, yayda boşla, onun ən az qorxulu olduğu çağlar, yazla payızdadır, düzünə qalsa ona qapılmaq bütün çağlarda qorxuludur, sağlamlığı korlayan bir işdir”. Ondan qadınla haçan yaxınlıq eləməyin yaxşı olduğunu soruşanda demişdi: “Haçan özünü əldən salmaq istəsən, onda”.
Həndəsəni bitkin bir elm biçiminə o salmışdır. Bu elmdə o, ən çox ədədlərlə bağlı olan uyğunluqlar üzərində çalışmışdır. Musiqi səslərini ölçmək, musiqi alətlərini kökləmək üçün işlənən, monoxord deyilən qurğunu da o yaratmışdı. Deyilənə görə Pifaqorun həkimlik bacarığı da olmuşdur. O, düzbucaqlı üçbucaqda katetlərin kvadratını toplayanda, bunun hipetonuzun kvadratıyla tən gəldiyini tapanda, tanrılara hekatomba(yüz öküz qurbanı) gətirmişdi.
Deyilənə görə, Ruhun gəzərgi olmasını, onun o dünyada, elədiklərinin altını çəkəndən sonra başqa bədənlərə, o sıradan heyvanlara köçməsini də, ilk olaraq Pifaqor söyləmişdir.
O özünün görkəmi ilə də, danışığı ilə də, yan-yörəsindəkilərin matını-qutunu qurudarmış, ona yaxın olan kimsələr Pifaqorun Tanrının səsi ilə danışıb, Onun sözlərini insanlara çatdırdığını sanarmışlar, onun öz kitabında yazdığına görə, 207 il Aiddə(o dünyada) qalandan sonra insanların arasına gəlibmiş. Filolaya kimi onun öyrətmələrini bir kimsə də dərindən bilməmişdir: Filolay onun öyrətmələrini açıqlayan, çox bitkin, üç kitab yazmışdı, sonradan Platon çox böyük axça ödəyərək, bu kitabları ondan almışdı. Pifaqorçuların düşüncəsinə görə, qutsal sözləri ucdantutma hamıya demək olmaz, bunun üçün adamları öncə, yetişdirmək gərəkdir.
Pifaqorun buyuruqları belə olmuşdur: ocağı bıçaqla qarışdırma; tərəzinin üstündən adlama; buğda çəkmək üçün olan ölçü qabının üstündə oturma; ürəyi yemə; yük daşıyana, yükünü qaldırmağa yardım elə, endirməyə yox; yatağını açıq saxlama; Tanrının şəklini üzüyün üstündə gəzdirmə; yemək bişirdiyin bardağın közün üstündə izini saxlama; ayaqyolunu üzü günəşə tikmə; bıçağın tiyəsini özünə sarı tutma; Yurdun sınırını adlayanda dönüb arxaya baxma. Mən indi deyim, bu sözlərlə o nə demək istəyirdi. Ocağı bıçaqla qurdalama–yəni, acıqlı, özündən çıxmış adamı qıcıqlandırma. Tərəzinin üstündən adlama–yəni, dəngəni(tarazlığı), düzgünlüyü pozma. Buğda(çörək) ölçüsünün üstündə oturma–yəni, bügünün qayğısını çəkdiyin kimi, gələcəyin də qayğısına qal, çörək bizim gündəlik dolanışığımızın ölçüsü olduğu üçün belə deyilmişdir. Ürəyi yemə–yəni, ruhunu yersiz istəklərlə, qayğılarla üzüb əldən salma. Özgə yerə gedəndə dönüb arxaya baxma–yəni, ölüm ayağında yaşamdan ayrıldığın üçün üzülmə, ömrünün əlindən çıxdığına yanıb-yaxılma. Başqa buyuruqların da buna bənzər yozumları vardır, ancaq onların üstündə dayanmağa gərək duymuram.
İeronimin yazdığına görə, Pifaqor Aiddə olanda bunları da görübmüş: Tanrılarla bağlı olaylardan danışdığına, onların gizlinlərini açıb-tökdüyünə görə, Hesiodun ruhu orada mis dirəyə zəncirlənib, o, dayanmadan inildəməkdədir, Homer də tanrılara dil uzatdığına görə, onun ruhu ilanların qaynaşdığı bir ağacdan asılıb. Aiddə ən çox yazıqlananlar(cəzalananlar) isə, öz xanımlarına dönük çıxanlardır.
Pifaqor yazırdı: “Tanrıları qarğışla anmaq olmaz, onlara tapınmağı(ibadəti) isə, yalnız qansız qurbanlar verilən, yəni qan tökülməyən Ocaqlarda(məbədlərdə) yerinə yetirmək olar; danışanda tanrılara and içmək olmaz, gərək elə danışmağa çalışasan, sənin sözünə andsız da inansınlar; böyüklərə sayğı göstərin, özünüz də görürsünüz, öncə gələn sonra gələndən üstündür: günün doğması onun batmasından üstün olduğu kimi; insanın doğulması, onun ölümündən yaxşı olduğu təki; Toplumda elə yaşamağa çalışın, arxadaşlarınız yağılarınıza, yağılarınız arxadaşlarınıza çevrilməsin; Var-yatırınızı artırmaq üçün baş sındırmayın; Yasalara boyun əyin, onları pozanlarla döyüşün; Kiməsə qorxu törətmirsə, qapınızdakı bitkiləri qoparmayın, heyvanları öldürməyin; İnsanın ağırlığı, öz yerini bilməsi, onun boş yerə qaşqabaq tökməməsindən, yersiz hırıldamamasından bilinir; Kökəlməkdən çəkinin, bilcəyinizi(yaddaşınızı) durmadan çalışdırın, acıqlı olanda danışmaqdan da, nəsə eləməkdən də özünüzü saxlayın.”
Aleksandr “Filosofların andıcları(mirasları)” kitabında, Pifaqorun öyrətməsinin özətini belə açıqlayır: “Bütün nəsnələr birdən(təkdən) başlanır; bir isə özlüyü(mahiyyəti) bəlli olmayan, ikilik deyilən gerçəkliyi doğurur; birlə, tanımsız(qeyri-müəyyən) ikiliyin yovuşmasından isə başqa ədədlər doğulur; ədədlərdən–nöqtələr; nöqtələrdən–xətlər; xətlərdən–yastı biçimli fiqurlar; yastı fiqurlardan–tutumlu fiqurlar; onlardan isə, duyğularla qavranılan nəsnələr(cisimlər) yaranır, bu nəsnələr isə başlanğıcda: od, su, torpaq, hava olmaqla, dörd yerə bölünürlər; onlar biri-biriylə büsbütün qaynayıb-qarışaraq, qalan bütün gerçəkliyi doğururlar– bu gerçək dünya isə, dirilikli, anlaqlı, yumru biçimlidir, onun tən ortasında yupyumru(kürə) biçimli yer dayanır; yer üzü başdan-başa canlı varlıqlarla doludur. Dünyadakı bütün varlıqların, o sıradan insanların antipodları(tərsi) vardır, bizim üçün aşağı olan yön, onlar üçün yuxarıdır. Dünyada, işıqla qaranlığın, soyuqla istinin, quru ilə yaşın, sayısı(miqdarı) eynidir; istilik üstünləşəndə yay, soyuqluq üstün olanda qış, quruluq artanda yaz, yaşlıq artanda payız olur, onların bir sayda olduğu sürəc ilin ən yaxşı çağıdır. Yerin yörəsini durğun, sağlam olmayan hava bürüyüb, bu havanın içində yaşayanlar ölümlüdürlər, yerdən qat-qat yüksəklərdə, dayanmadan tərpəşən, arı, sağlam bir hava vardır, onunla nəfəs alanlar ölümsüzdürlər, yəni tanrısaldırlar. Günəş, ay, ulduzlar, tanrıların özlüyünü üzə çıxaran gerçəklərdir, onlarda istilik var, istilik isə yaşamın qaynağıdır. Ay öz işığını günəşdən alır. İnsanla tanrılar arasında qandaşlıq var, insanın bədənində istiliyin olması, onun öz başlanğıcını tanrıdan almasına görədir. İstiliklə ilişkisi olanların hamısı diridir, ona görə də bitkilərə də diri demək olar, ancaq bütün diri olanların ruhu yoxdur. Puh, yerdən çox ucalarda yerləşən, ölümsüzlük qaynağı olan, bir türlü havanın(efirin) parçasıdır, ona görə də ölümsüzdür. İnsan ruhunun üç bölümü olur: anlaq(nous), düşüncə(phren), istək(thumos). Anlaqla istək başqa canlılar da vardır, düşüncə isə yalnız insanda olur. Ruhun yönətimi ürəkdən başlayıb beyinə kimi yayılır: ruhun ürəkdə olan kəsimində istəklər, beyində olan kəsimində isə, anlaqla düşüncə yer alır; onlardan ayrılan tellər(şüalar)–bizim duyğularımızı törədir. İnsanın ən başlıca üstünlüyü, öz ruhuna yaxşını yamandan ayırmağı öyrətməsindədir.”
Aristotel özünün “Pifaqorçular” kitabında, Pifaqorun lobya yeməyə qoyduğu yasağı belə yozur: bu, lobyanın insanın ayıb yerinə oxşamasına görə ola bilər; lobyanın, bir qabığın içində iki ləpəni birləşdirməsinin: bir başlanğıcdan, özündə ikililik daşıyan materiyanın törəməsinə bənzədiyi üçün ola bilər; lobyanın Aidin(o dünyanın) giriş qapısına oxşamasından yana ola bilər; lobya ilə azları seçib, onlara yönətim girəvəsi verilməsindən ola bilər(Əski çağlarda yunanlar, seçkilərdə ağ-qara boyalı lobyalarla səs verərdilər).
Pifaqorun ağ xoruza toxunmağı yasaqlaması isə, onun Ay tanrısının qulluqçusu sayılmasına görə idi, onun deməsinə görə, ağ xoruz Ay tanrısından yer üzünə yaxşılıqlar göndərməyi istəyən diləkçidir, onun günün bəlli çağlarında banlaması da buna görədir, bir də ağ boya yaxşılıqdan, qara boya yamanlıqdan qaynaqlandığından, ağ boyalı nəsnələr qutsal sayılmışdır. Çörəyi paralamağa qoyulan yasaq isə, indi də varvarların elədiyi kimi, əskilərdə biri-birinə doğma adamların bir çörəyi öz aralarında bölmədən, ondan özünə gərək olan payı qoparıb yemələrinə görə olduğu deyilir, yəni insanları birləşdirən nəsnəni bölmək olmaz.
Tutumlu fiqurlardan o yupyumrunu(sferanı), yastı fiqurlardan isə çevrəni ən gözəl sayırdı. Qocalığı tükənməyə, gəncliyi artmağa bənzədirdi. Doğruluğu unutmamaq
üçün, göz qabağına duz qoyub, ona tez-tez baxmaq gərək olduğunu deyərdi, duz nəsnələri korlanmağa qoymur, özü də günəşin arılığı ilə, dənizin arılığının qovuşmasından törənmişdir. Bu dediklərimiz Aleksandrın, Pifaqorun kitablarından öyrənib yazdıqlarıdır, bir yerləri isə Aristotelin yazdıqlarından götürülüb.
Pifaqorun öyrətmələrini bəyənməyənlər, onu ələ salan kimsələr də az olmamışdır. Pifaqorun, ruhların gəzərgi olmasını, onun insanlardan heyvanlara keçə bilməsini lağa qoyan Ksenofan, Pifaqor üçün belə yazırdı:
Yol üstündə birisinin, bir küçüyü döydüyünü görüb, durmuş,
Yetər, onu döymə demiş, bilirsənmi, bu küçüyün bədəninə,
Mənim çoxdan ölmüş bir arxadaşımın, ruhu köçüb yaşamaqda–
Bu küçüyün zingiltisi onun səsidir, eşidincə tanıdım.
Pifaqorun Feano adında xanımı, Brontina, Damo adında qızları, Telavq adında oğlu olmuşdur. Lisid Hippasa yazdığı məktubunda, Pifaqorun bütün kitablarını onun qızı Damonun qoruyub saxladığını, çox böyük axçalar versələr də onları satmadığını yazır. Deyilənə görə Telavq atasının ölümündən sonra onun ardıcı(varisi) olmuş, Pifaqorun öyrətmələrini yaymaq üçün çalışmışdır. Telavqın özünün yazdığı kitabları olmamışdır, ancaq onun anası Feanonun fəlsəfə çalışmalırını yazıya aldığı deyilməkdədir. Deyilənə görə Feanodan: “kişi ilə yaxınlıq eləyən qadının arınmasının hansı sürədə baş verdiyini, yəni bundan sonra qadının haçan Tanrı Ocağına(məbədə) girə biləcəyini” soruşanda demişdi: “Öz əri ilə yaxınlıq eləyən qadın yataqdan qalxan kimi arınır, özgə kişi ilə yaxınlıq eləyən qadın isə ömrünün sonunacan arınmamış qalır”. Feano deyərmiş, öz əri ilə yatağa girən qadın paltarı ilə birlikdə arını da “soyunmalı”, yataqdan qalxanda isə, paltarı ilə birgə, arını da “geyinməlidir”. Ondan bunun nədənini soruşanda isə demişdi: “Qadın adlana bilməyin tək yolu budur”
Pifaqorun Anaksimenə yazdığı belə bir məktubu vardır: “Sən, insanların ən yaxşısı olaraq, öz soyunla, ad-sanınla Pifaqoru ötüb-keçməsəydin, onda yığışıb Miletdən çıxıb gedərdin; səni bundan, ata-babalarının ulu ad-sanı çəkindirir, elə mən də Anaksimen ola bilsəydim, öz yurdumdan çıxıb getməzdim. Ancaq burası da var, sizin kimi yaxşı insanlar indi öz şəhərlərini atıb getsələr, bu şəhərlərin düzəni büsbütün pozulub gedəcək, midiyalılardan gözlənən qorxu artacaqdır. İdeyalara qapılıb qalmaqla yaşamaq bütün çağlarda yaxşı olmur, birdən elə çağlar gəlir, Yurdun qayğısını çəkmək üçün çalışmaq bundan qat-qat üstün olur. Mən də burada, ancaq öz fəlsəfi baxışlarımı yaymaqla günümü keçirmirəm, italiyalıların biri-biri ilə apardığı savaşlara qatılmaqdan yaxamı qırağa çəkə bilmirəm”.
Qaynaq: Диоген Лаертский. О Жизни, учениях и изречениях знаменитых философов. Москва. Мысль, 1979.
Tərcümə etdi: Araz Gündüz
Комментариев нет:
Отправить комментарий