Namiq Hüseynlinin tərcümələri
Aleksandr Duqin
Meşədən çıxıb ən yaxın şəhərə gələn Zərdüşt, şəhərin orta yerində, bazar meydanında çoxlu adam yığışdığını gördü. Hamı kəndirbazın çıxışını gözləyirdi. Və Zərdüşt insanlara üzünü tutub dedi: “Mən sizə Üstün insanı öyrətməyə gəlmişəm. İnsanlıq elə şeydir ki, ona çatmaq lazımdır. Siz bunun üçün nə etmisiniz? Bütün varlıqlar, özlərindən daha uca bir şey kimi yaradılır. Siz bu qaydadan yayınmaqmı istəyirsiniz? Meymun insanla müqaisədə nədir? Utanc verən, rəzil bir varlıq. İnsan da Üstün insanla müqaisədə odur – utanc verən, rəzil eybəcərlik. Siz həşaratlardan insana qədər uzun bir yol keçmisiniz. Nə vaxtsa siz meymun da olmusunuz.
Özünüzə bir baxın, meymunla hələ nə qədər bənzərliyiniz var. Mənə diqqət verin, mən sizə Üst İnsanlığı öyrədəcəm ! Üst İnsan – yer üzündəki həyatın mənasıdır. Qoy sizin iradəniz bunu desin – Üst İnsan yer üzünün mənası olacaq. Əslində insan çirkli kütlədən başqa bir şey deyil. Ancaq dəniz olaraq çirkli kütləni qəbul etmək və bununla belə təmiz qalmaq mümkündür. Mənə diqqət verin, mən sizə Üst İnsanı öyrədəcəm – o sizin böyük nifrətinizi özündə əridən dənizdir. Sizin günahınızın deyil, lovğalığınızın sədası göylərə qalxır, göylər üçün sizin günahlarınız heç bir əhəmiyyəti yoxdur ! Bəs göylərin sizi düz yola gətirmək üçün göndərdiyi şimşəklər hardadır ? Sizin ruhunuza bənd edilən o dəlilik hardadır ? Mənə diqqət verin, mən sizə Üst İnsanlığı öyrədəcəm : o şimşəkdir, o dəlilikdir! ” Bu sözlərdən sonra orada olan bütün insanlar Zərdüştü ələ salıb gülməyə başlayırlar”
Yuxarıdakı cümlələrlə Fridrix Niçşe öz fəlsəfəsinin əsaslarını, mənasını və taleyini qısaca əks etdirir. Naməlum zamanların böyük peyğəmbəri, insanın görmə dairəsindən çox-çox uzaqları görən dahi görücü və bununla belə fikirləri həmişə lağlağı ya da çılğınlıq kimi qəbul olunan bədbəxt insan. İyirminci əsrin fəlsəfəsi bütövlükdə Niçşenin şərhlərindən başqa bir şey deyil. O insan ağlının ən müasir dayanacağının şahidi kimi danışır. O insanın cəmiyyətdə qazandığı dəliliklərin ifşaedicisidir. O özünü gələcəyin peyğəmbəri kimi aparır, insanlığa Qaçılmazlığı, Zərurəti, Mümkünsüzlüyü elan edir. O Üst İnsanın gəlişini bizə əvvəlcədən xəbər verir.
Fridrix Vilhelm Niçşe 15 oktyabr 1844-cü ildə Prussiyayla Saksonya sərhəddində yerləşən Rekken adlı kiçik alman kəndində, keşiş ailəsində anadan olub. Ata tərəfdən o polyak mənşəli Niçki qraflarının nəslindəndir. Gənc Niçşe üçün slavyan mənşəli olmaq mühüm fəlsəfi elemet idi – o slavyanlara məxsus olan hər şeyi sevir, rus Sevastopolunun itirilməsini ağır itki kimi qəbul edir, almanların çevrəsində fərqli qəbul olunmasını başqa irqə məxsusluğu ilə izah edirdi. Gənclik illərində Fridrixin fövqəladə istedadı və dərin təfəkkürü orataya çıxır. O musiqini və xarici dilləri çox yaxşı mənimsəyirdi. Uşaqlıqda o inanılmaz güclü iradəsi ilə fərqlənirdi. O özünü bir çox şeylərdən məhrum edir, sərt nizam-intizama tabe edə bilirdi. İlk gənclik illərindən o keşiş olmağa qərar verir. O dövrdən baş verən maraqlı bir əhvalat günümüzə gəlib çatıb, Niçşe və bir neçə sinif yoldaşı arasında Pfortedə oxuyarkən baş vermiş bu hadisənin həqiqət olub-olmadığı bilinmir. Bir dəfə dostlar kimin iradəsinin daha güclü olmasını yoxlamaq üçün əllərini alovun üstünə tutmağa mərc gəlmişlər. Dostlar onlar arasında buna ancaq Niçşenin hünəri çatacağını bilirdilər. Həmin vaxt Niçşe onların qarşısında gücsüz qalmayaraq, sobanın içində közərən kömür parçasını götürmüş və uzun müddət ovcunda saxlamışdı. Bu yanığın izini o bütün ömrü boyu əlinin içində gəzdirmişdi. Bu epizodla bağlı həyat yolu özü Niçşeyə bütün ömrü boyu cavabını axtaracağı bir sual gətirmişdi : “İst die Veredlung möglich ?” İnsanın daha da aliləşməsi mümkündürmü ?
Əvvəlcə o özünü inandırmışdı, tərkidünyalığı qəhramanlıq kimi nümayiş etdirmək ancaq elit təbəqədən olan, geridəqalmış, qətiyyəstsiz və zəif insanların işidir (Buddaya işarə olunur). Onun bu fikri fransız-alman cəbhəsinə könüllü olaraq ağır yoluxucu xəstələrə qəhrəmancasına xidmət edən sanitar kimi getdiyində və onsuz da zəif olan orqanizminə ağır infeksiya yoluxduğunda öz təsdiqini tapdı. Bu infeksiya onun sağlamlığına heç vaxt aradan qaldırılması mümkün olmayacaq bir zərbə vurdu. Ancaq Niçşe müharibədə nifrətlə dolmuş vətəndaşları əsl insana çevirən böyük miqdarda dəhşətin təsirindən ruhun titrəyib ayılması halı ilə tanış oldu. Bu hal biganə və süst insanın daxili zənginliklərinin ortaya çıxmasına rəvac verir.
Sonralar o yazırdı: “Zərdüşt dedi : “Sülhü məhz yeni müharibələrin arasında sevin. Hətta qısa müddətli sülh, uzun müddətlidən daha şirin olur. Deyirlər, yaxşı məqsəd istənilən müharibədən üstündür. Mənsə sizə deyirəm, yaxşı müharibə istənilən məqsəddən üstündür. Siz sual edərsiniz, xeyirxah kimdir ? Xeyirxah – hünərli olandır.”
Niçşe az zaman ərzində parlaq bir filoloq kimi tanınır, gənc yaşına baxmayaraq gözlənilmədən ona İsveçrənin Bazel şəhərində professor vəzifəsi təklif olunur. Ancaq yaradıcı adam kimi ilk ruhi tərpənişini böyük bəstəkar, əsl alman vətənsevəri və incəsənətin inqilabi gücü haqqında nəzəriyyənin banisi Riçard Vaqnerlə tanışlıqdan sonra hiss edir. Niçşe maestro və onun arvadı Kozimo Vaqnerlə şəxsən tanış olduqdan sonra, onun tələbəsinə çevrilir və onun güclü təsiri ilə ilk kitabı olan “Faciənin Doğuşu”nu yazır.
“Faciənin Doğuşu”u işıq üzü gördükdən sonra Niçşenin həyatı get-gedə bədbin rənglərə bürünür. Bu kitabda o Sokrat və Platonun fikirləri haqqında çox kəskin mühakimələr yürüdüb, onların analitik metodlarını sokrataqədərki Heraklit və Empedoklun mifik, Esxilin faciəvi dünya baxışları ilə müqaisə etmişdir. Niçşeyə görə incəsənət həqiqətin dərin qatlarına nüfuz edən müstəqil fəlsəfi düşüncə sistemidir. Bu düşüncəsi ilə o Vaqnerin “artokratiya” adlandırdığı ən böyük nəzəriyyənin ardınca gedirdi. Vaqner “incəsənət” i siyasi qüvvə, tarixi, ictimai güc qaynağı hesab edərək, onun vasitəsilə ən radikal və inqilabi çevrilişlərin belə həyata keçirilməsini mümkün hesab edirdi. Bununla belə Niçşenin ilk kitabı, cəmiyyətdə son dərəcə maraqsız, soyuq münasibətlə qarşılandı. Demək olar, kimsə onun varlığından duyuq düşmədi. Bundan sonra Niçşeni ideyalarının kimsə tərəfindən anlaşılmamasının verdiyi dərin kədər hissi bürüdü. Onun yaradıcılıq ehtirası tədricən sönməyə başladı. Niçşenin o dövrdəki yazılarını get-gedə daha çox kədər, həyatdan küskünlük hissləri ilə yüklənirdi. Onun ilkin dövrdəki nikbin, romantizmi öz yerini, tutqun, kədərli və dünyayla münaqişədən doğan nifrətə verdi. Digər tərəfdən o keçirdiyi mənəvi iflasın əsas səbəbkarı kimi götürdüyü çox sevdiyi Vaqnerə qarşı da münsibətini pis yöndə dəyişməyə başladı.
“Faciənin Doğuşu”nda Niçşe yazırdı : “Həyat dözülməzdir. O ahəngi korlayan akkordlar qədər amansızdır. İnsan ruhu da özündə topladığı əzabın köməyilə, eynilə həyat kimi ahəngi korlayır”.
Bu yeni yaradıcılığa başlayan bir filosof üçün nə qədər bədbin görünsə də, bir qədər sonra Niçşenin düşüncələrinin əsasını təşkil edəcək dərin uçurumu dəqiqliklə əks etdirir.
Niçşenin adı ilə avtomatik bağlılığı olan məhşur - “Allah öldü! – O İnsanlara hüdudsuz mərhəmətindən öldü !” formulu onun dünya baxışının nə qədər dəhşət və kabusdan təşkil olunduğunu göstərir.
“Allah öldü !” – Onu siz öldürdünüz. Siz və mən...
Bu sözlərdə heç bir sevinc nişanəsi tapmazsan, heç bir praqmatik ədəbsizliyə, heç bir fransız itiağıllılığına, heç bir ingilis mənfəətpərəstliyinə rast gəlməzsən. . . Bu sadə slavyan ya da alman faciəsini ifadə edən dərin həqiqətdir. Bu qorxunc sirri eşitcək insan ya hönkürüb ağlamağa ya da bir an öncə ondan yaxa qurtarmağa can atır. Çünki, belə bir həqiqəti bilmək və yaşamağa davam etmək mümkünsüzdür. Məhz həmin qorxunc qüvvə Dostoyevskinin “Cinlər” əsərinin qəhrəmanı Kirilovu sarı kamerada könüllü intihardan çəkindirən qüvvədir. “Əgər Allah yoxdursa, onda biz özümüz allahıq” - deyir Krilov. Bu dəhşətli, dözülməz fikir ağır-ağır Fridrix Niçşenin dünya baxışına hopmuşdur. “Allahın ölümü” haqqında deyimə tam mənasıyla baxıldıqda nə müqəddəsliyin təhqirini, nə paradoksallığı, nə də kafirliyi, nə yeni bir peyğəmbərliyə iddianı görmərik. Allah xristianların dünyasında ölüb. Məhz xristian Allahı, özü də məhz insanlara acıdığı üçün ölüb. Xristian Allahını tam metafizik mənada anlayarkən, onun həyatdan uca bir varlıq olduğunun, bunun üçün də müəyyən mənada “ölmüş” ola biləcəyini anlayırıq, o insan şüurundan kənarda, dərkedilməzlikdə mövcuddur. Niçşenin bu kəşfinin nə qədər dəhştətli olduğu, tanrı anlayışının dar etik, əxlaqi kateqoriyadan çıxarılıb hər şeyə tamamilə yeni, “insanca, olduqca insanca” nəzəri ilə baxıldıqda anlaşılır. Niçşe “Allahın ölümü” haqqında danışarkən, nə qorxu keçirmir, nə hansısa ayıbını etiraf etmir, əksin cəsarətlə bütün günahı öz üzərinə götürür.
Allahı insanlar öldürdü
İnsanlar onu layiq olduğu səviyyədən qaldırıb, mücərrəd əxlaqi obraza çevirib, bütün rəzillikləri və yalanları ilə bürüyərək öldürdülər. Ancaq bu “əxlaq teatrı” gözümüz qarşısındaca iflas edib, bütün inandırıcılığını itirdi. Bütün olanlarla kifayətlənməyən avropa nihilizmi – hələ də öz etikası, humanizm nəzəriyyəsi və saxta psevdoxristianlığı ilə dolu qorxunc ağzını açıb insanlığı aldatmağa davam edir. Bu fəlakəti uca səslə bağırmaq, onun insanlıq üçün təhlüklərini çatdırmaq üçün fövqəladə insan təmizliyi, ağlasığımaz cəsarət və sonuna qədər dirənməyi bacaran insan iradəsi lazım idi.
Niçşe diktatorcasına müzakirəsinə və rəyinə imkan verilməyən bir diaqnoz qoydu: “Allah öldü” . Nihilizmin hökmranlığı yetişdi. Həyat soyudu, müqəddəs ruh səhər kabusları kimi dağılıb getdi, Həqiqət Xeyir və Gözəlliklə həlli olmayan münaqişələrdə özünü tükətdi. Bundan sonra Vaqnerin cəsarətli humanizmi heç vaxt Niçşeni qəbul etmədi, onu zəiflik və barışılmaz olanla barışmaqda günahlandırı. “Əgər uçurum varsa biz onun dəhşətli varlığı ilə barışıb, üstünü malalamğa çalışmamalıyıq” – deyirdi Vaqner. Vaqnerin operaları əsl sənət incisiydi. Biri həqiqi qəhramanlıq, o biri həqiqi insansevərliyə həsr olunurdu. Niçşe isə belə mövzuları köhnəlmiş sayır, insanlığın qarşısına daha yeni məsələlər qoyur. Biz “Allahın ölümü”nü sonuna qədər dərk etməliyik, beynimizdə onun yerini tutacaq böyük boşluqla məşğul olmalıyıq. . . ya da . . . Bundan sonra insanlığın qarşısında duran məsələlərin dəhşətini dərk edən Niçşenin özü çarəsiz qalır. Açdığı sirlərlə başbaşa dərin tənhalıqda qalan, kütlə tərəfindən anlaşılmayan və bütün dünyanın yükünü təkcə çiyinlərinə alan adamın dəhşətiydi bu. Bu çiyinlərin sahibi xəstəliklərdən zəifləmiş alman professoru, tez-tez tam korlaşmadan, yuxusuzluqdan, əsəb pozuntularından əziyyət çəkirdi.
“Səhra daim böyüyür. İçində səhra gəzdirənlərin vay halına.”
Niçşe həlledilməz problemlərə get-gedə daha çox qapılır. O bütün istiqamətlərdə mübarizə aparmalı olur. Digər tərəfdən Niçşenin müasirlərinin heç biri onun varlığını iddia etdiyi insanlığın ruhi fəlakətini qəbul etmirdi. Hər kəs başını, köhnəlmiş əfsanələrə, əhəmiyyətsiz, süst fəlsəfi təlimlərə, ənənəvi formallığa qatmışdı. Əxlaqın ya da onun müasir ekvivalentləri olan humanizmin, liberalizmin, ümumi rifahın və demokratiyanın ortaya atılması insanlığa düşdüyü böyük uçurumun varlığını unutdururdu. Əxlaq hətta tamamilə ekzotik, insan xoşbəxtliyinə xidmət edən formalarda belə gərəksiz, çürük bir nəsnədir. Əxlaq – Niçşenin başlıca rəqibiydi. Ona görə yox ki, o həzz düşkünüdür və əxlaqı özünüməhrum, məhdud mövcudolmanın əsas günahkarı hesab edir. Tamamilə yox. Niçşe özü nizam-intizamı sevirdi, hətta tərkidünyalığı həm özü həm də başqaları üçün vacib keyfiyyətlərdən biri hesab edirdi. Bundan əlavə həm də o bütün həyatını yüksək və davamlı əxlaq sahibi kimi yaşadı. O, özü-özünə rişxənd edərək yazırdı – “Yəqin ki, orta əsrlərin xoşbəxt dövrlərində mənim kimi zahidi, müqəddəslər sırasına daxil edərdilər”
Əxlaq Niçşenin dünya baxışına zidd idi, çünki o insanı saf və ağılla idarə olunmayan təbii həyat ritminə, ilkin mövcudluq mənbəyinə yadlaşdırır, çünki o insanla dünya arasında “illuziya” yaradıb bu yolla ruhi həyəcanları sakitləşdirməklə bərabər, insan üçün qorxulu və təhlükəli suallar doğurur – “Mən Kiməm ?”, “Mən Hardayam?”. Məhz bu suallara heç bir məntiqli, ağlabatan cavab verə bilməməklə əxlaq öz zəifliyini və əsassızlığını təsdiq edir. Əxlaq – Həyat və Həqiqətə qarşı edilmiş günahdır. O zəifləri müdafiə etməklə insanla dünya arasında yaratdığı uçurumu pərdələyir. Niçşe əxlaqın ikiüzlü də olsa bu xeyirxahlığını etiraf edir. Ancaq axı o həm də ali düşüncəli, ilahi irqə məxsus insanın azadlığını da məhdudlaşdırır, həqiqətə çatma yoluna çoxlu əngəllər çıxarır. Məhz bütün sadalanalara görə o günahkardır. Niçşe özünü “immoralist” adlandırırdı. İnsan həyat haqqında təsəvvürü deyil, həyatın özünü yaşamalıdır, insan Həqiqəti görməlidir, gözəlliyi deyil. Nihilizm uçurumunun üstünü açan və köhnə, yalançı əxlaqı darmadağın edən Niçşenin Həqiqətə çatma iradəsi yeni bir problemlə qarşılaşdı. Avropanın peyğəmbərinin, “saxta bütlərinin”, qəhramancasına aradan qaldırılmasından sonra yaranan böyük yoxluğu nə etməli? Və burda Fridrix Niçşenin ikinci mübarizə cəbhəsi açılır. Avropa Nihilizmiylə müharibə. Allahın yoxluğu ilə baş etmək dərdi. “Allah öldü” – bu həqiqətdir, amma ona dözmək mümkün deyil.
Artıq vəziyyət əvvəlkindan daha mürəkkəb bir yerə yetişmişdi. O apardığı mübarizənin insanlığa doğru yaşamağı öyrədən cəsarətli bir peyğəmbərin deyil, istedadını insanlıq üzərində sübut etməyə çalışan özündən razı bürqer (vətəndaş) səviyyəsindəki, uğursuz filosofun heç oxunmayan yazıları kimi, qiymətləndirirdi. Niçşe apardığı mübarizə tezliklə tamam fərqli istiqamətə keçəcəyini güman edirdi. O, hətta özündən sonrakı əsrdə yaşamış istedadlı davamçısı Ernst Yunqer tərəfindən nəzəriyyəsinin insanlığa çatdırılması üçün “kütləvi səfərbərliyə” başlanacağına da inanmışdı. Yanılmaları, içinə düşdüyə və heç cür çıxa bilmədiyi illuziyaları Niçşenin getdikcə daha amansız nəticələrə gəlməsinə səbəb olurdu. O deyirdi : “İnsanlıq yalnız bir növdən ibarət deyil, iki ayrı-ayrı tanrı irqi və kölə irqinə məxsus insanlardan təşkil olunub. Onlar arasında böyük bir uçurum var. Tanrı irqinin varolma mənbəyi öz içərisində mövcuddur. Onlar öz qanunlarını və həyatlarını özləri yaradırlar. Onlar yaxşı olduqları üçün deyil, sadəcə güclü olduqları üçün insanlığı idarə etmə haqqına sahibdirlər. Həmçinin onlar nə idarə etmədən məhrum olaraq, nə də kölələrin arasına qarışmaqla yaşaya bilməzlər. Tanrı irqi, kölələr kimi özünə rahatlıq və illuziyalar axtarmaqla həyatını yelə verməz. Onlar daim Həqiqət və Hakimiyyət axtarırlar, hər şeyə sonsuz miqdarda sahib olmaq onların qanında var. Bütün bunlarla bərabər həm də onlar özləri kimi doğulmayanlara, yəni kölə irqindən olanlara zülm etməyi və nifrət bəsləməyi özlərinə borc bilirlər.
Kölə irqi isə əksinə, həyat mənbəyini daxildən deyil, xaricdən alır, həyatını əvvəlcədən müəyyən edilmiş əxlaq qadağaları və öhdəçiliklərlə hüdudlayır, ancaq bir yandan da üstünə düşən vəzifələri etməmək, sərhədləri yarmaq üçün min-bir yola əl atırlar. Kölə irqi xeyirxahlığı, həlimliyi, mərhəməti, rahatlığı, təhlükəsizliyi, toxluğu, mədəniyyəti bir sözlə onları həyatın gerçəklikdə mövcud olan qorxunc tərəflərindən tamamilə ayıran şeyləri üstün tutur. Gerçək həyat isə şüursuzluğun doğurduğu qəzəbli və dağıdıcı enerjinin, rəhimsiz, vəhşi mübarizəsindən ibarət bir mühitdir.”
Belə “irqçilik” isə Niçşenin dönə-dönə rişxənd etdiyi vulqar milliyyətçilikdən çox uzaq idi. Bu iki irq arasındakı sərhədd dərinin rəngi, dil, din və ya milli mənsubiyyətə görə müəyyən edilə bilməz. Fərqlər yalnız daxili, mənəvi cəhətlərlə müəyyən edilir. Daxili “mən” öz inkişaf prosesi zamanı, şüurlu olaraq müəyyən bir kastaya aid olduğunu dərk edir və bu seçim həmişə mütləqdir. İnduizmdə belə seçim ənənəsi sosial normaya çevrilib. Niçşe böyük sevinclə Manu qanunlarını öyrənib, tərənnüm edir : “Aşağı kasta olan Çandalama, ali kastanın su içdiyi quyulardan və ya su mənbələrinən su içmək qadağandır. Onlar susuzluqlarını ancaq vəhşi heyvanların ayaq ləpirlərindən yaranmış çökəklilərə yığılan yağış suları ilə təmin edə bilərlər. Qadağanı pozanları dəyənəklə döymək caizdir.” Fridrix Niçşe bu qanunları olduqca insanpərvər və vicdanlı əxlaq qaydaları hesab edirdi.
Yazdıqlarından məlum olur, güclü zehni və psixoloji gərginlik Niçşenin ruhi tarazlığını pozmuşdu. Bununla belə o yorğunluq nə olduğunu bilmədən bir-birinin ardınca fəlsəfi əsərlər yazmağa davam edirdi, onlar arasında “Şopenhauer müəllim kimi” , “Səhər Şəfəqi” , “Zamansız düşüncələr” kimi fundamental fəlsəfi fikirlərin bir yerə toplandığı əsərlər var. Ancaq onun bütün əziyyətli işləri Almanya çevrəsində ən kiçik bir əks-sədaya belə səbəb olmur. Ancaq bir neçə vəfalı dostu bu qəribə mütəfəkkirin əsərlərini oxuyub tərifləməyə özlərində güc tapırlar, lakin sonradan onların da Niçşeni anlamadıqları məlum olur. Niçşenin kitablarının tirajı min nüsxəni keçmir, bununla belə onlar tamamilə satılmır. Həmçinin nəşriyyatların çoxu onun kitablarını çap etməkdən imtina edir və az miqdarlı professor maaşını sərf edərək kitablarını öz hesabına çap etdirməyə çalışır !
İyirminci əsrdə o artıq görməsə də onun kitablarının çapı hər il bir neçə milyonu keçəcəkdi. Onun əsərləri dünyanın hardasa bütün dillərinə tərcümə ediləcək, o məhşurluğuna görə dünyanın öndə gedən filosoflarından birinə çevriləcəkdi. Onun hər sözü hər deyimi üzərində yüzilliyin möhtəşəm ağıl sahibi adamları təkrar-təkrar düşünüb yeni nəticələrə gəlir. Tarixdə dahilərə qarşı belə kəskin ədalətsizlik və etinasızlığa sıx-sıx rast gəlinsə də, Niçşe onlar arasında ən bəxtsizi olmuşdu. Hələ heç kim sağlığında bu qədər kimsə tərəfindən anlaşılmayan, diqqətsiz qoyulmamış və heç kim ölümündən sonra bu qədər hüdudsuz tanınmamış və sevilməmişdi. Niçşe özü isə öz dəyərini əla anlayırdı.
O, yaşadığı pansionatın sakinləri onun hansısa tanınmayan yazıçılardan biri olduğunu düşünürdülər, o isə dayanmadan insanlara deyirdi : “İnanın ki, nə zamansa mənim kitablarım çox böyük tirajlarla çap olunacaq.”
Ancaq təsadüfən tanış olduğu adamlar nəzakətlə onun kitabından “avtoqraflı bir nüsxə” hədiyyə etməsini istəyəndə, adətən nəzakətlə rədd cavabı verərdi. Bunu dostlarına izah edərkən deyirdi “Kitablarımı “təsadüfi” adamlara vermək istəmirəm.”
Görəsən indinin insanları üçün Niçşenin hansı əzabları çəkdiyini təsəvvür etmək mümkündürmü ? O bir-birinə zidd olan iki əks reallıqla yaşayırdı. Bir yandan bütün insanlıq üçün xeyirli olacaq bir fəlsəfənin yaradıcısı olmaq, bununla belə tamamilə tanınmadan və qəbul olunmadan yaşamağa çalışmaq. Onun yaşadığı müdhiş tənhalığı adi insanın anlaması mümkün deyil.
Onun fəlsəfəsindən qazandığı nə oldu? Ruh düşkünlüyü, ümidsizlik, Vaqnerlə birdəfəlik pozuluşmaq, qadınlarla münasibətdə uğursuzluq, sağlamlığın dəhşətli pozulması, uzun sürən korlaşma. Ancaq bütün bu vücüd ağrıları ilə bərabər, mənəvi dünyasındakı ağrıların cəhənnəmində, böyük miqyaslı problemlərinin, insanlıqla arasındakı münaqişələrinin içində Niçşe hələ də dünya mədəniyyətində bənzəri olmayan əsərlərini yaratmağa davam edirdi. Onun “Zərdüşt belə demişdir” kitabı, dini mətnlərə xas cəhətlərlə zəngin, peyğəmbər kəlamları ilə bərabər, açıq-saçıq, əski düşüncəyə meydan oxuyan, cəsarətli cümlələrlə ağzına kimi dolu, oxucunu oyatmağa çalışan fəlsəfi nəzəriyyə idi.
Hamı və heç kim üçün kitab, müqəddəs ayələr toplusu, “İncilin beşinci cildi”, kitabın müəliffi onu məhz belə adlandırırdı. Bu kitabda “Üst İnsan” və “Əbədi Dönüş” nəzəriyyələri təbliğ olunur. Tanrının ölümü və onun yerini alacaq, hər şeyin əsasında duracaq şey, yoxluq tapılıb. Bu Üst İnsan, “Übermensch” – dir. Niçşe onu elə aydın və dəqiq formulla müəyyən edir ki, bu iyirminci əsrin bütün açılmamış sirrlərini, ən maraqlı fikirlərini üstələyib vahid bir həqiqətə əsas verir.
Bunu nə olduğunu anlamaq üçün hərə öz praktiki metodundan istifadə etməlidir. Bu Fridrix Niçşenin əsasını qoyduğu həmin, əsrarəngiz, incə və dərindən hesablanmış ideologiyaya sehirli bir açardır. Bu həm də son dövr avropalıların yaratdıqları ilahiliyə əsaslanan idollardan birdəfəlik imtina demək idi. Bütün idolların sındırılması, nəyə yaradığı dərk edilməyən, zəiflərin, kölə irqinin mədəniyyət nümunəsi olan, hər cür inancdan yaxa qurtarmaq Üst İnsanın ilk qələbəsi idi. O, kütləvi inqilabı dəyişikliklərin təşkilatçısı, devirimçi, inkarçı, köhnədən qalan hər şeyi şübhə altına alan yeni iradədir. O, müqəddəs cinayət, inanlığın köhnəlmiş, yalançı baxışlar uçurumdan xilası deməkdir. Ancaq solçular və arxistlərdən fərqli olaraq, Üst İnsan təkcə böyük inkarla hüdudlanmır, o həm də şüurdan kənara çıxaraq insanın içində olduğu çoxsaylı qəliblərdən azad ola bilir. Şüurdan kənarda ancaq yoxluq mövcuddur. Yoxluq insan reallığının mərkəzidir. Onunla tanış olmayan insan məhkum kimi yaşayır.
Şüurdakı Tanrı obrazı üzərində qələbə ən qorxunc qələbədir. O insanı yeni daha böyük düşmən olan yoxluqla üzbəüz qoyur. Əsl qəhraman qaranlıq Avropa nihilizminin, müasir insan ağlına zidd ənənələrindən azad ola bilən kəsdir. Qəhraman vuruşmalı və qalib gəlməlidir. Və onda böyük inkarın, böyük dağılmanın yerində yeni səsləniş, yeni günəş doğacaqdır. Bu yeni gün olacaq. Üst insan yeni dəyərlərini və yeni qanunlarını yaradacaq. O insanlıq üçün faydalı və xoşbəxtlik gətirən yeni şeylər kəşf edəcək.
Yeni həqiqət
Fridrix Niçşe deyirdi : “Kim iddia edə bilər ki, tapılan hər yeni həqiqəti alovla yoxlamaq lazımdır ? Üst insan öz həqiqətini özündən yaratmalı və onu öz alovundan keçirərək yoxlamalıdır!”
Ali varlığın əsrarəngiz saf Ruhu, həm zalım, həm dəhşətli həm də gözəllik və zərifliyi özündə birləşdirərək bütün ziddiyyətlərin sərhədlərindən kənara çıxır. Onun sakitliyi, dözülməz əzablardan keçdikdən sonra yaranıb, onun nəcibliyi ən dərinlikdə olan bilikləri də özündə toplayaraq ortaya çıxıb, onun amansızlığı gücünün və zəngin gənclik enerjisinin birləşməsindən doğub.
“Mən günəşin yandırıcı şüalarının altında doğan möcüzəyə heyranlıqla tamaşa edirəm. Bu pələnglər, nəhəng palmalar, parlaq ilanlardır. . . Əslində şərin də bir gələcəyi var, şərin ən isti qütbü hələ insanlıq tərəfindən kəşf olunmayıb. . . Nə vaxtsa yer üzünə çox nəhəng bir əjdaha ortaya çıxacaq. . . Sizin ruhunuz böyüklük anlayışından o qədər kasaddır ki, Üst insanın xeyirxahlığı sizin üçün dəhşətli görünəcək”.
Zərdüştün ikinci xəbəri - Əbədi Qayıdışdır. O Fridrix Niçşeyə Sils Mariya qayaları altında gəzişərkən əyan olub. O təsadüfən zamanın bir istiqmətli olmamasını və heç yerə yoxa çıxmamasını anlayır. Keçmişdə olanlar, indi və gələcəkdə olanlar kimi bitmir, heç yerə itmir əbədi olaraq mövcud olur. Zamanın hər kiçik saniyəsi belə sonsuz dəfələrdə təkrarlanır. Bütün hadisələr qapalı dairə qanununa tabedir. Hər şey təkrarlanır. Niçşe özü Əbədi Qayıdışı “əxlaq terrorizmi” hesab edirdi. Niyə ? Niyə hər şeyin ölümsüz olması ilə bağlı sevinc dolu hiss deyil məhz terrorizm ? Ona görə ki, Niçşe üçün mövcud olmaq dözülməz ağrı idi. Yaşamaq əzab çəkmək deməkdir. İnsanları görmək, onların necə mövcud olduğundan xəbərdar olmaq, qarşısıalınmaz, dözülməz nifrət doğurur. Üst İnsan əziyyət və əzablar içərisində doğulur, ağır kədər və əsəb pozğunluqları içərisində yaşayır. Güman ki, gələcəkdə o gəlib, özünü irəli sürdüyü yeni Qanunu və Yeni Həyatı ilə təsdiqləyəndə, tanrı irqinin indiyədək çəkdiyi əzabların sonu gələcək, aristokrat ruhu ağrılardan xilas olacaq.
Bəli, Üst İnsan gözlənilir
Onun gəlişi qaçılmazdır, ancaq bu qaçılmazlıq onun uzun, əzab-əziyyətli yolunu qısaltmır. Hər şey yenidən və yenidən təkrar olunacaq, həşəratlar, meymunlar, yunan faciəsi, plebey Sokrat, Napalyon, alman bürqerliyi və hətta dağınıq ruhu, iltihablı beyni, həyata ehtiraslı baxışları ilə Fridrix Niçşe özü də təkrar olunacaq. Təkcə nəaliyyətlər deyil, ona gedən yol da əbədidir. Həyat insanın hər şeyi nəzarətinə almaq istəyən ağlından belə gizlənəcək qədər yüksəkdədir. O hətta Üst İnsanın amansız əllərindən belə sürüşüb çıxacaq qədər yüksəkdir. Həyat – Qadındır və onun sirri vəfasızlığında gizlənib. Əbədi Qayıdış - ən mükəmməl gəminin belə toxunub parçalanacağı qayadır. Onun nə qədər önəmli olduğu hələ də insan tərəfindən anlaşılmayıb. Əbədi Qayıdış düşüncəsini necə qəbul etmək olar ? Onunla necə yaşamaq mümkündür ? Bu insanın əlindən gəlməz. Hətta Üst İnsan da, bu ağır yükün altında əzilər. O ancaq allahın çiynində dayana bilər. Ancaq o bütün allahların deyil, allahlar içində ən ziddiyyətlisi, ali həzz və qaranlıq ehtiras, işıqlı ağıl və idarəolunmaz dəliliyin sahibi Dionisə qismət olub. Niçşe onu qədim fars peyğəmbəri Zərdüştdən heç də aşağı tutmur. O öz yazılarında özünü Dionisin dərgahında toplanmış yarımallahlara, satirlərə aid edirdi.
1888-ci il. Niçşenin düşüncə gərginliyi ən yüksək həddə çatır. Sağlamlığı geri qaytarılmaz şəkildə pozulur. Bütün təbiəti, əhvalı, ətrafı iflasının ifadə edən nişanələrlə dolur. O əsəbləri artıq içində topladığı nifrətə, ümidsiliyə dözə bilmir. O özünə ən yaxın bildiyi Vaqnerə azğın və sərhəd tanımadan qarşı çıxır, hər fürsətdə onu tənqid edirdi. İndi Vaqner onun üçün donunu dəyişmiş riyakar, əsas düşmən və əsas yalançı idi. O Antixristə həsr olunmuş növbəti kitabını alovlu mübariz ruhda yazır. Özünün deməsinə görə : “Antixristian, katolikliyə və yalançı xristianlığa qarşı nifrətlə dolmuş, Almanyanın meşşan burjuaziyasına görməyə gözü olmayan adamdır”.
Sonuncu fəlsəfi mətni olan ECCE HOMO –da Niçşenin əsəblərinin nə qədər pozulduğu aydınca sezilir, o ətrafındakıların onu dəyərləndirməsini gözləmədən, özü-özünə təriflər yağdırır (eləcə də bütün həyatı boyu, həmin təriflərə layiq görülmür). Əsərin fəsilləri belə adlanırdı : “Mən niyə belə müdrükəm ?”, “Mən niyə belə ağıllıyam ?” , “Niyə belə gözəl kitablar yazıram ?” , “Niyə mən fəlsəfənin taleyiyəm ?”.
Gələcəyə ümidsizlik və ölümcül kədərin gücü onun bədbinlikdən kənara çıxıb gələcəyə, gerçək gələcəyə baxmasına mane olmurdu. O nə vaxtsa XX əsrin bütün intellektualları tərəfindən belə suallar qoyulmasına inanırdı : “Niyə Fridrix Niçşe belə ağıllıdır ?” , “Niyə Fridrix Niçşe belə gözəl kitablar yazıb ?” və.s.
Bu sonuncu kitabın, sonuncu cümləsi belə idi : “Siz məni anladınızmı ?” - Dionis, çarmıxa çəkilən İsaya qarşıdır. Bu Niçşe üçün əxlaqlı allahın, əxlaqısz allaha qarşı dayanması deməkdir. Müsbət ideala qarşı yaxşı və pisdən yüksəkdə dayanan Üst İnsan.
Onu anladınızmı ? Özümüzdən soruşmalıyıq : Biz onu anladıqmı ? Onun yaratdığı tanrı obrazını ideallaşdırmalıyıqmı ?
Bizim indiki ideallaşdırdığımız tanrımız da Üst İnsanın edəcəklərini etmirmi ? O süni “idealist düzən” və “mənəvi dəyərlər” yaratmaqla zorakı yollarla insanlığı idarə edir. Kölə irqi başqa cür dili anlamır.
Dionis isə əksiliklərin toqquşma nöqtəsidir. Belə bir tanrı gerçəyi hətta Niçşe kimi böyük ağıl sahibi üçün də olduqca böyükdür. O daha heç nə düşünə bilmirdi, dəliliyin qaranlıq gecəsi onun başının üstünü almışdı. 1888-ci il, yer üzərinə gəlmiş ən böyük düşüncə adamlarından biri özünün son sətirlərini yazırdı. Amma artıq yazdıqları fəlsəfə yox, lirika, öncəgörmə, poyeziyaydı.
Fridri Niçşenin yazdığı, mahnıların mahnısı – Dionisə mədhiyyə. Bu həm də ruhi xəstəliyin qaranlığına atılmazdan əvvəl onun yazdığı son şey idi. Yevgeni Qolovin yazır ki, ağlını itirənlərin hamısı bunu bilərəkdən və uzun götür-qoydan sonra edir.
Yanvar 1989-cu il. Niçşe azsaylı dostlarına “Çarmıxa Çəkilmiş” imzası ilə məktublar yazır. Bütün deyilməmiş sözlər burada qəribə halda ifadə edilir. Vaqnerin dul qalmış arvadı, Kozima Vaqner gözlənilmədən belə bir məktub alır : “Kozima Vaqner, mən sizi sevirəm. Fridrix Niçşe.”
Əbədi Qayıdışın növbəti halqası olaraq, Kozima Niçşedən yenə dəlilik dolu məktub alır. Niçşenin tələbəsi Piter Qast da buna bənzər bir məktub alır : “Mənim mayestrom Petro. Mənə yeni mahnılar oxu. Dünya aydındır və səmalar buna sevinir. İmza : Çarmıxa Çəkilmiş.”
Başqa bir məktubda o yazır : “Mən Ferdinand Lesseps, Mən Prado, Mən Şambrij, mən payız ərzində iki dəfə dəfn olunmuşam. İmza : Dionis.”
Niçşenin köhnə tanışı Overbek Turinə onun qaldığı pansiona gələndə, onu pansion sahibinin nəzarəti altında royal arxasında oturub Dionisin şərəfinə bəsdələdiyi himni dirsəkləri ilə ifa edən və oxuyan yerdə tapır. O Dionislə özünü eyniləşdirmişdi. Oxuduğu him isə anlamsız idi : Evoe, Evoe, Evoe... Yakx !
Daha sonra Niçşe Bazeldə ruhi xəstələr üçün olan klinikaya köçürülür. Xəstəlik tarixçəsi ilə bağlı xəstəxana kitabçasında belə yazılmışdı :
“20 fevral 1989-cu il. Son yazdığı kitabın əvvəlini unutduğdan şikayətlənir.
23 fevral. Mən sonuncu dəfə IV Fridrix Vilhelm oldum.
28 fevral. Gülümsəyərək həkimdən xahiş edir : “Həkim mənə azca sağlamlıq verin.”
27 mart. “Məni bura arvadım Kozima Vaqner gətirib.”
27 aprel. Tez-tez əsəb tutmaları keçirir.
18 may. Olduqca sıx-sıx aydın olmayan şeylər bağırır.
14 iyun. Qapıçını Bismark sanır.
4 iyul. Adamların otağa girişinə mane olmaq üçü stəkanı sındırıb, qırıntıları qapının ağzına səpir.
9 iyun. Yerində atılıb düşür, ağız-burnunu əyir, sol çiynini qabağa əyərək yeriyir.”
Bu həm də bütün dünyanın ağırlığını üstündə saxladığı həmin çiyniydi.
Bu hal 25 avqust 1900-cü ilə qədər davam edir. Dəlilik onu tərk etmir. Ancaq royal arxasında əyləşəndə onun əlləri ilə insanı heyrətə gətirəcək, ancaq dahi musiqiçilərin ifa edə biləcəyi fantastik musiqi səslənir. Həmin vaxt onun yanında olan dostları və yaxınları, onun ifa etdiyi musiqini lentə almaq üçün əllərində fonoqraf olmamasından heyfislənirlər..
25 avqust 1900-cü ildə Niçşe dünyasını dəyişir. O, tam dəliliklə cəmi altı ay yaşaya bildi, əslində isə onun yaşadığı əsr özü tam dəlilik əsri idi. Bunun nəticəsində həmin əsr – Fridrix Niçşe erası adlanır.
Tərcümə etdi: Namiq Hüseynli
Комментариев нет:
Отправить комментарий