12.03.2012

Gedək göyə

76497105_Serafim_Sarovskiy (321x384, 15Kb)

Zaur Qəriboğlu


QƏRİBLƏR AİLƏSİ

Qəriblik acısını çəkmiş və çəkən – mənim kimi qəriboğullarına  ithaf edirəm!

Yenicə evləndim. Dərhal da məni səndən alıb, apardılar qəribliklərə...
O zaman ilk günlər sənin üçün yox, evimiz üçün darıxırdım.
Sonradan üç rəngli bayrağının səfirlik qarşısında dalğalandığını görüb gözlərim do­lan­da, əslində sənin üçün darıxdığımı anla­dım. Anladım ki, səndə olan kiçik komamızda özü­mü saraylarda zənn edirdim.

Fəqət qəriblikdə iki mərtəbəli, bağ-bağatlı evimizdə özümü uçulub dağılmış komada hiss edirəm.
Havası da məni boğur, nəfəs ala bilmirəm. Gecələr saatlarla eyvanda dayanıb, üzümü sə­nə doğru tuturam. Bəlkə, bir udumluq ha­vanı uda bilərəm deyə...
Qərib­lik, dərdlilər dərdi qəriblik... Mənə də qonaq... bəlkə də qonaq yox, əbədi arzuo­lun­maz sakin kimi gəldi dərd. Girdi qəlbimə.
Onda qədrini bildim, anamın həsrətdən çat­layan məzar daşının, atamın saçlarıma sığal çə­kən qırışlı əllərinin, qardaşımın acıqlı, bacı­mın gülən gözlərinin.
Onda duydum sənin mənə nə qədər əziz və doğma olduğunu Vətən!.. Qəriblikdə an­ladım sənə olan sevgimi.
Bu sevgi doğmalarıma olan sevgidən də uca, tükənməz idi. Çünki əsl doğmam sən idin, Vətən!..
Beləcə, qəriblikdə övladımız dünyaya gəl­di. Oğlumuz olmuşdu.
Övladı olan sevinib, şadlansa da, mən ba­lamın ağlayanda qızaran, pörtən üzünə üzü­mü dayayaraq, ağlayırdım onunla hər gecə. Mə­sum gözlərinin dərinliklərindən qəribliyin acı­sını, sənin həsrətini duyurdum, Vətən...
Bu üzdən də səndən ayrı dünyaya gələn körpənin adını Qərib qoydum.
Qəriblə birgə hamımızın, mənim də, onun da – yoldaşımı deyirəm, hamımızın adı Qərib oldu. Vətən həsrətli qəriblər ailəsi...Vətən!

DƏRDİN AZALIR ANAM...

Məni doğanda, dərdimi də doğub anam mənimlə... Həkim anama:
– Oğlun olub, – deyəndə anam: – Oğlun yox, deyinən dərdin olub, ay həkim, – deyib.
Lord VishnuBudur, oğlunun – yox, səhv etdim, – dər­dinin yenə doğum günüdür, ana! Hər il dər­dinin yaşını böyüdən anam, öpüb, əzizləyən, kövrələn anam, bu gün mənim yox, sənin dərdinin doğum günüdür.
Dərdin böyüyüb, boya-başa çatıb artıq... Qocalır, hər il yaşının üstünə yaş gəlir anam...
Saçlarımı darayıram, bir neçə yerdən dən dü­şüb saçımın qarasına...  Deyəsən, vaxtından tez qocalıram...
Bu nə çağdır gəlib başıma? Yəni do­ğur­da­n­mı, qocalıram mən?.. Qocalıram... Yaşım az ol­sa da qəlbim, ağlım qocalır...
Bu­nun­la da cavan ömrüm yavaş-yavaş azalır...
Nədən məni dərdli yaratdın, Allah?.. Nə­dən bu yaşımda baxanlar qoca sanır məni?!.
Mən ki dünənin uşağıyam? Nədən uşaq ağlı­ma çirkab dünyanın dərdlərini saldın, Allah, nədən?!.
Nədən, məni dünyaya gətirməklə, anama dərd verdin, Allah?!.
Şikayətlənmirəm Allahıma!.. Şükür, min şü­kür edirəm. Ona görə şükür edirəm ki, dərd versə də, dərdimə ortaq qələm, kağız adlı dost da hədiyyə edib mənə...
İçimi didib-parçalayan hisslərimi kim­sə­yə deyə bilməyəndə bu iki əziz dostuma da­nı­şı­ram.
Qələm adlı dostumun köməyilə, içimdəki dər­d­ləri kağız adlı dostuma ötürürəm... Yaşayın, dostlar!
Mən ölsəm də bu dünyada, siz yaşayın!.. Siz yaşamaqla, məndən sonra məni də yaşadın!
Bir gün, bəlkə də, elə doğum günlərimin bi­rin­də köçdüm bu dünyadan mən də...
O zaman hansısa bir dərdli yazarın ölümü yox, anamın dərdinin ölümü olacaq.
Se­vin anam, sevin deyirəm, sən də şadlan, artıq dərdin qocalır...
Dərdinin üstünə dərd gəlməkdənsə, dərdin qocaldıqca, bu dünyada dərdin azalır...

GEDƏK GÖYƏ...

Yaşım dünyadan cavandı, onun yanında bəlkə də uşaq, lap çağadı... Fəqət, ruhum qoca, dünya mənə cavan gəlir...
Dünən doğmuşdu məni anam axı, nə sü­rətdi belə, yaşım dünyadan qabağa keçdi?!. San­ki, dünya yaradılandan da qabaq Yaradan ya­radıb məni...
Sanki yaşamışam, yüz baharı, yüz qışı... Artıq alıb Əzrayıl başımın üstünü: – Hazırlaş, bəsindi, bir günə min il yaşadın, gedək, aparım səni axtardığın dünyana... Bu dünyada daima ədalət aradın, gedək, ədalət olan dünyaya...
– Sən hardaydın, bu vaxtacan Əzrayıl qar­daş?!. Niyə axı, gəlmirdin? Gözümü yol­lar­da, ürəyimi həsrətdə qoymuşdun...
Dayan, dayan, yığışım qardaş, heç olmasa, ruhumu yığım bir yerə... Yox, yox qardaşım, belə getmək olmaz...
Bütöv verilən ruhu, Yaradana yarımçıq qay­tarmaq olmaz!
 Ruhum param-parçadır.
Toplamağa, gücüm taqətim yox daha...
Ru­humun yarısı o tayda, yarısı bu tayda... Bil­mi­rəm ruhum hardadır – yerdəmi, göydəmi?!.
Bəlkə, gedib Allahdan möhlət alasan?!. Bir in­sanın ruhunu bir bədənə yığıb, sonra bu dün­yadan köçürəsən... Əmanətdi bu ruh mə­nə, əmanəti aparırsan sən...
Gəl, ilk öncə, ruhumu yığaq bir yerə, sonra çıxıb gedək göyə...

Комментариев нет:

Отправить комментарий