07.03.2012

GERİYƏ BOYLANAN "DÜŞMƏN" COCUQ


Mirzə Sakit

1990-cı ilin yanvar ayının əvvəlləri idi. Bakıda erməniləri evlərindən çıxardırdılar. Bu vaxta qədər isə iki yüz minə yaxın Azərbaycan türkləri artıq Ermənistandan deportasiya olunmuşdular. Onlardan itkin düşənlərin, qətlə yetirilənlərin sayı-hesabı bilinmirdi. 

Erməni daşnaklarının xüsusi qəddarlıqları nəticəsində qocalar, gənclər və ən dəhşətlisi də körpə cocuqlar amansızlıqla öldürülmüşdülər. Aydın məsələdir ki, qəzəblənmiş insanlar Bakının ən gözəl yerlərində şad-xürrəm yaşayan ermənilərdən qisas almağa çalışırdılar. Bu məqsədlə harda ermənilər məskunlaşmışdılarsa, o ərazidəki evlərə basqınlar olunurdu. Çünki buna səbəb elə ermənilərin özləri olmuşdular.
O zaman mənim 31 yaşım vardı. Həyatımda ilk dəfə idi ki, belə dəhşətli mənzərələrlə rastlaşırdım. Küçələrdə, evlərdə hamı erməni axtarışına çıxmışdı. İstər-istəməz insan belə anlarda çaşqınlıq içində həmin kütləyə qoşulmaya bilmir. Həmin günlərin birində Səməd Vurğun bağının yaxınlığında üç nəfər tanışımla dayanmışdıq. Birdən bağın o biri tərəfində insanların kütləvi şəkildə harasa qaçışdıqlarını gördük. Biz də həmin tərəfə yüyürdük. Və bu an çox dramatik bir səhnənin şahidi oldum. Deməli, bir erməni qadınını və təxminən 6-7 yaşlarında bir oğlunu bizimkilər tutmuşdular. Qadın yalvardıqca oğlu qorxudan tir-tir əsirdi. Uşağın gözləri sarsıntıdan hədəqəsindən çıxmışdı. O köməksiz halda əsə-əsə ətrafa boylanır, sanki kimdənsə imdad gözləyirdi. Əlində bıçaq tutan bir-neçə nəfər çox qəzəbli görünürdülər. Mən təsəvvür belə edə bilmirdim ki, həmin bıçaq erməni cocuğunun bədəninə yeriyəcək. Nə edəcəyimi təyin edə bilmirdim. Bu mənzərəni seyr etdikcə özümdən ixtiyarsız gözlərimdən yaş axırdı. O qədər qəhərlənmişdim ki, danışa da bilmirdim. Uşağa baxdıqca həyəcandan ürəyim parçalanırdı. Birdən elə bil mənə hardansa bir güc gəldi və mən irəli yeriyib bərkdən bağırdım :
- Ay qardaşlar, əl saxlayın, siz yəqin məlumatsızsınız, iki gün öncə Xalq Cəbhəsinin rəhbərliyi belə bir elan etdilər ki, kim erməni tutsa öldürməsin, gətirib bizə təhvil versinlər ki, biz də onları Ermənistanda əsir qalan azərbaycanlılarla dəyişək. İndi siz bu ana və uşağı öldürməklə iki nəfər azərbaycanlının erməni girovluğunda qalmasına şərait yaradırsınız.
Bu sözlərimdən sonra hamı mənə tərəf baxıb əvvəlcə susdular, sonra onlardan biri dedi ki, düz deyir, aparıb təhvil vermək lazımdır. Mən o qadını və uşağı onların əlindən alıb bir taksiyə əyləşdirdim və “Zavağzalnı” deyilən yerə gətirib Dzerjinski parkının yanında düşürtdüm. Qadın dedi ki, burda bir rus tanışımız var, onların evinə girəcəyik.
Anası uşağın əlindən bərk-bərk tutub deyilən yerə tərəf sürətlə getdilər. Ancaq onlar tini burulana qədər həmin uşaq tez-tez geri çönüb mənə baxırdı....Onun o baxışlarını hələ də unuda bilmirəm. Onların sonrakı taleyi haqda heç nə deyə bilməsəmdə onu deyə bilərəm ki, mən həmin gecə səhərə qədər qəhərdən yata bilmədim. Bəlkə də həmin uşaq sonralardan böyüyüb neçə əsgərimizi güllələyib. Bu da müəmmalıdır. Lakin onu deyə bilərəm ki, mən erməni vəhşiləri kimi həmin uşağın qətlə yetirilməsinə göz yuma bilməzdim...
Bilmirəm bunu nə dərəcədə düz, yaxud da yalnış etdim. Hər halda cocuqlara əl qaldırmağın bəşəri bir cinayət olduğunu düşünürəm....
Sizcə mən neyləməliydim ?...

Комментариев нет:

Отправить комментарий