09.03.2012

KÜR QIRAĞININ ƏCƏB KORRUPSİYASI VAR...

Sabirabadın su basan kəndlərində evləri rüşvətlə tikirlər; yazda isə sel fəlakəti təkrarlana bilər

Yarımçıq tikililər, bərpa olunmayan uçuq-sökük evlər, orada yaşayan kəndlilər, başdansovdu təmir edilən tək-tük evlər, sanki müharibədən çıxmış bir kənd... Bu, Sabirabadın Əsgərbəyli kəndidir. Bu kəndin camaatı 2010-cu ilin yazından fəlakətlə qucaq-qucağa yaşayır. Əhali selin fəsadlarının zülmünü hələ də çəkir. Ona görə yox ki, kəndlər iki il dalbadal daşqınlara məruz qalıb. Ona görə ki, hökumət sel qurbanlarının problemlərini hələ də həll etməyib.
“Pulunu ver, evini tikdir”

Elə buna görədir ki, Sabirabadın su basan kəndlərinin camaatı fevralın 24-nə mitinq təyin etmişdi. Sonra aksiya rəsmi tədbirlə əvəzləndi. İndiyədək də rəsmilərlə “Kür” Vətəndaş Qərargahı nümayəndələri arasında görüşlər keçirilir, əhalinin problemləri müzakirə olunur. Deməli, 2 il öncəki sel fəlakətinin yaratdığı problemlərin həlli yarımçıq qalıb. Halbuki fövqəladə hallar naziri Kəmaləddin Heydərov daşqınların ən dəhşətli vaxtında əhaliyə söz vermişdi ki, hamı bir nəfər kimi evlə təmin olunacaq.
Amma Sabirabadın Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı kəndlərində olarkən nazirin vədinin yerinə yetirməsini görmədik. Burada “pulunu ver, şəklini çəkdir” qaydasıdır. Kimin pulu varsa, rüşvət verirsə, o sakinin də evi tezliklə tikilib, bərpa olunub verilir. Odur ki, camaatın aylardır gözlədiyi ev məsələsi havadan asılı qalıb.
Seldən zərər çəkən hər ailəyə 1000 manat kompensasiya verilib. Bu məbləğ həm dağılmış evin və avadanlıqların, həm də tələf olmuş mal-qaranın, təsərrüfatın qiyməti sayılır. Əsgərbəyli və Camallı kəndlərində məcbur qalıb öz pulu ilə ev tikdirənlər də var. FHN-in bu problem üzrə komissiyasından isə arabir gəlib evlərə baxıb gedirlər, ortada əməl yoxdur. Yalnız Əsgərbəylidə tək-tük evlərin inşasına rast gəlmək olur.
Doğrudur, qonşu Novruzlu kəndi sakinlərini Yeni Novruzlu yaşayış massivinə köçürüblər, Əsgərbəylidə məktəb yenidən tikilib. Bununla belə, evlərin tikinti və bərpasında gecikmələr var. Əsgərbəyli sakini Əmirxan Əflatunov deyir ki, evinin tikintisini gözləməkdən gözünün kökü saralıb: “Bizə olan zülm heç kimə olmadı. Nə yaxşı yardım verdilər, nə də evimizi təmir edirlər. Neçə aydır gözləyirəm. Gəlib bünövrəsini qoyub gediblər. Bilmirəm ayrılan pulu yeyiblər, ya material çatmır. Axırıncı dəfə dedilər ki, tikinti materialları çatmır. Bəs ayrılan materiallar hara gedib?”
Əmirxan kişinin sözlərinə görə, kənddə 100-dək belə ev var: “Hamının dərdi eynidir. Bir-iki adamın evini tikiblər. Onlar da bilmirsən pul verib, yoxsa növbəyə birinci yazılıblar. Qasımbəylidə evlər tikilib, amma orda da yenə bərpasız evlər qalıb. Əsas Muradbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı kəndləridir”.
Mürsəlli, Ulacalı, Balahəşimxanlı kəndlərində də sel qaçqınlarının ev tikintisi məsələsi həll olunmayıb. Qasımbəyli və Camallıya da baş çəkdik. İki il öncə bu kəndlərin camaatı təcili köçürülmüşdü, indi isə əhali yuvasız yurdunda yaşayır. Kəndlilərin evləri tam tikilməyib, inşaat işlərində yubanmalar var. Sakinlər bunu büdcədən ayrılan vəsaitin oğurlanması ilə əlaqələndirir. Deyirlər ki, burada Kür yox, korrupsiya daşqını olub.
Fermerlər isə hökumətdən kredit tələb edir. Camallı sakinlərinin bir neçəsinin evinin tikildiyini, bəzilərində işlərin davam etdiyini gördük. Amma onlardan “haqq” alındığı iddia olunur. Çünki tikilməyən qonşu evlər uçuq-sökük vəziyyətdədir. O evlərin birində olduq. Orada yaşamaq ürək istəyir. Divarlar qopub tökülüb, döşəmə dağılıb. Ev sahibi Nurəddin kişi deyir ki, ətrafdakı evlər təmir olunub, onun evinə növbə çatmayıb: “Belə çıxır ki, kim rüşvət verirsə, onun evini tikirlər. Bu şəraitdə 6 nəfər ailə üzvü ilə yaşayıram. Gəlib baxıb gedirlər. Bir daşın üstünə daş qoyulmayıb. Xahiş edirəm, evimi yararlı hala salmaq üçün işçi və tikinti materialı göndərsinlər. İmkanımız yoxdur, dövlətin borcu vətəndaşa yaman gündə kömək olmaqdır”.
Yada salaq ki, ötən il mayın 5-də İlham Əliyev Sabirabad və İmişlidə olmuşdu. Əsgərbəyli sakinləri çətinliklə də olsa prezidentlə görüşə nail ola bilmişdi. Prezident bütün problemlərin həll olunacağını demişdi. O vaxtdan 9 ay keçsə də ciddi nəticə yoxdur. Sakinlərin sözlərinə görə, sel qurbanlarına qoyulan ayrı-seçkilik, ev tikintisindəki korrupsiya göz önündədir. O üzdən problemlər hələ də qalır.
Sakinlər məmurların sel bölgəsindən milyonlar qazandığını vurğuladı. Əsgərbəyli sakini Şəmşir deyir ki, yerli və Bakıdakı məmurlar fürsətdən sui-istifadə etdi: “Faciəmiz üstündə biznes qurub pul qazandılar. Necə olur ki, Türkiyədə, başqa ölkələrdə tez-tez təbii fəlakətlər baş verir, amma əhalinin problemləri qısa vaxtda çözülür? Bizə isə 2 ildir zülm edirlər”.

Baş nazirin ikibaşlı sərəncamı...

Vətəndaşlardan evlərinin bərpa və ya tikintisi üçün 300-1000 manat arası pul istənilməsi hallarına rast gəlinib. Üstəgəl, ev tikintisinə xərclənən vəsait bir neçə dəfə şişirdilib. Kəndlilər iddia edir ki, Nazirlər Kabinetinin iki sərəncamı bir-birini təkzib edir, bilmək olmur ki, iki sərəncamdan hansı qüvvədədir. Söhbət Artur Rəsizadənin 231 s və 197 saylı sərəncamlarından gedir. 197 s saylı sərəncamın 6-cı bəndində əgər 3205 evin digər infrastrukturla birlikdə tikilməsi üçün 202,3 milyon manat nəzərdə tutulurdusa, bu rəqəm sonradan 189,3 milyona endirilib. Bu endirimin əvəzinə Sarısı gölü ətrafında bəndlərin möhkəmləndirilməsi üçün ayrılan 17,7 milyon manat 20,7 milyona qaldırılıb. Səbəbi isə açıqlanmır.
Əgər 197 s saylı sərəncamda daşqına məruz qalmış 3222 evin təmiri üçün 2,4 milyon manat ayrılması nəzərdə tutulurdusa, 231 s saylı sərəncamda təmirə ehtiyacı olan evlərin sayı 4525 göstərilir. Bunun üçün 4,88 milyon manat ayrılıb. 197 s saylı sərəncamda bərpa gücləndirməyə ehtiyacı olan evlərin sayı 700 göstərilirdisə, yeni sərəncamda bu rəqəm heç bir səbəb olmadan 201-ə endirilib. Onu da deyək ki, Şirvan-Sabirabad körpüsü dəfələrlə uçub-dağılma təhlükəsi ilə üzləşəndən sonra nəhayət təmirə dayanıb. İndi Sabirabada gedən yolun üstündəki ayrıca körpü isə pulludur. Buradan keçən hər sürücü 30-40 qəpik ödəyir. Sabirabadda olarkən aldığımız son məlumat isə Sabir adına orta məktəbin yerlə-yeksan olunması idi. Bəziləri məktəbin yerində yenisinin tikiləcəyini, bəziləri isə şadlıq evi olacağını deyir. Təki birinci olsun...
Biz Sabirabadda olarkən Kürün səviyyəsi artmışdı. Kəndlilər bu il də sel gözləyir. Səbəb sahilbərkitmə və bəndvurma işlərinin zəif görülməsidir. Üstəlik, Kürün deltası lildən tam təmizlənməyib. Bunlar da yazda daşqın təhlükəsi yaranacağını deməyə əsas verir. Təki olmasın...

Emil SALAMOĞLU Sabirabad-Bakı         musavat.com

Комментариев нет:

Отправить комментарий