18.03.2012

Əllərim doludur xəyallarla


Xatirə Nurgül

Platonik

Üzümə gözümə toxunur
avtobusların səsi
qatarların hay-küyü.
Hamı həmişə hazırdır,
Mənsə köməyə
ən  uzaqdakıları səsləyirəm
ən geridəkiləri


Bir  telefon zənginə
bir qapı tıqqıltısına həsrət keçir saatlar,
barmaqlarım
pianonun bəyaz dillərində çalır bəstələri
saxta notlarla.
Ümidsiz nə varsa onu arayıram hələ də.

Dedim axı,
sən də sevmə məni
Mən mənim olmayanları sevirəm nədənsə
əlim yetməyənləri.
Bir gün itirməkdən qorxuram bəlkə də
bəlkə də...

Xatırlamaq  üçün

Nədəndir heç bilmirəm
sağ cibimdən
unudulmuş uşaqlığım çıxır həmişə
yəni günəşə doyunca baxmağı
öyrənən balaca

Hamıdan gizlədiyim
sol cibimdə isə
utancaq qızcığazın
ilk sevgisi var
ilk kədərləri
ilk şeirləri

Əllərim də doludur xəyallarla
itkilərlə
bir yaz sabahında
öz doğma evimizdə
itirdiyim atamın gözləri
“heç zaman ayrılığa inanma”deyir
o gündən yadlaşan evimiz
ayrılığa inanmağı öyrədir mənə

amma nədənsə
indicə sağ əlimlə yazdığım şeir də
“ayrılığa inanma” deyir...
nədənsə...nədənsə...
 

Комментариев нет:

Отправить комментарий