18.03.2012

Türk tarixi -11

XI hissə: Girdə günbəzlər türk çadırlarından ilham alınaraq tikilmişdir


 QƏZNƏVİLƏR. Qəznəvilər 963-1183-cü illərdə böyük dövlət qurub, islamın Əfqanıstan və Hindistanda yayılmasına səbəb olmuşlar. Bu sülalənin təsisçisi Alp Tekin, daha doğrusu onun damadı (kürəkəni) Səbuq Tekindir. Səbuq Tekin və ya Sübuk Tegin (yəni ordu zabiti) qarluq türklərindən olub İssık-kul tərəflərdə yaşayan Cuk adında İbir Bahadurun oğludur. 12 yaşında ikən qonşuları olan Toxsi türklərinin basqınına məruz qalıb, onlara əsir olmuş və dörd il əsarətdə qalandan sonra Saman oğullarına satılmışdır. Burada müsəlman olub orduya getmiş və samanilər ordusunda böyük rütbəyə çatmışdır. Alp Tekindən sonra Səbuq Tekin Qəznəni almış və Qəznəvi sülaləsini qurmuşdur. 

Onun oğlu Sultan Mahmud bütün Əfqanıstan, Xorasan, İraq və Hindistanı tutaraq, böyük islami türk dövləti qurmuş və bir islam mücahidi kimi Hindistanda islamı yaymağa çalışmışdır. Sultan Mahmud eyni zamanda fars dilinə üstünlük verib, fars dilini ərəb dili yeirnə rəsmi divan dili seçmiş, bu dilin şah əsəri, ana kitabı olan «Şahnamə»nin yazılmasını Firdovsidən istəmişdir. Onun dərbarı farsca yazan şairlərin mərkəzi olmuş, dörd yüzdən artıq şairin yaşayışını təmin etmiş, İranın kənd və şəhərlərinə dari farscasını yaymaq üçün minlərcə müəllim göndərmişdir.

*****
 SƏLCUQLAR. Oğuz türklərinin İran və Anadoluya böyük dəstələr halında gəlmələri səlcuqların miühacirətləri ilə başlayır. Səlcuqlar Aral dəryaçasilə Xəzər dənizi və cənubi Ural dağları arasında yaşayan xəzər oğuzlarına, xüsusən qınıq qəbiləsinə rəhbərlik edən ailələrdən birinə mənsub idilər. Səlcuqlar haqqında 922-ci ildə buradan keçib bulğar məmləkətinə gedən İbn Fədlan tərəfindən və həmçinin 965-ci ildə yazıya alınan «Hüdud əl-aləm»də məlumat verilir. Bu oğuzlar rəislərinə yabğu, ordu komandanlarına sübaşi deyirdilər. Bunların dini rəhbərləri olan kamların (şaman) da nüfuzları çox idi. Səlcuqların cəddi olan Səlcuq da sübaşi idi. Səlcuğun atası Dukak müsəlmanlığı yeni qəbul eləmişdi. 
 Səlcuq sübaşi ikən yabğu ilə aralarında ixtilaf çıxmış, yüz atlı, bir miqdar da dəvə və qoyunlarla Sır-Dərya sahillərində müsəlmanlarla məskun Cənd şəhəri həndəvərinə gəlmişdi. Səlcuqlar yarım əsrə qədər Mavərənnəhrdə qaldıqdan sonra Sır-Dərya oğuzları (türkmənlər) tərəfindən basqıya məruz qalmış, cənuba tərəf, yəni Xorasana keçməyə məcbur olmuşlar. Səlcuq 994-cü ildə vəfat etmiş, dörd oğlu- Mikail, Arslan, Yusif və Musa qalmışdır. Mikail öldüyü üçün Arslan yabğu təyin edildi. Sultan Mahmud Arslandan qorxduğu üçün onu yanına dəvət etdi və Hindistan hüdudunda həbsə aldı. Arslandan sonra qardaşı Yusif yabğu oldu, o da 1030-cu ildə qaraxani əmir li Tekin tərəfindən tutulub öldürüldü. 
 Səlcuqlar Sultan Məsud Qəznəvi zamanında Səlcuqun nəvələri, Mikailin oğulları olan Toğrul və Çağrı qardaşlarının başçılığı ilə Ceyhunu keçərək Xorasan şəhərlərini, o cümlədən Nişapuru aldılar (1037). Toğrul bəy burada öz adına xütbə oxudub, istiqlalını elan etdi. Bundan sonra Sultan Məsud çox qüvvətli bir ordu ilə Xorasana yürüdü, səlcuqlarla Mərv və Sirəxs arasında olan Dandanəqan ovasında qarşı-qarşıya gəldi. Bu savaşda səlcuqlar fateh olub (1040) Xorasanı tutdular, sonra da Toğrul bəyin başçılığı ilə Həmədanı, Azərbaycanı və Rey şəhərini alıb oranı paytaxt seçdilər, böyük dövlət qurdular. 
 Toğrul bəy 1055-ci ildə Bağdada gedir və ona xəlifə tərəfindən sultan ləqəbi verilir. 1063-cü ildə Toğrul bəy Reydə vəfat etdi. Məqbərəsi indi də baxımsız halda ordadır.
 Toğrul bəydən sonra Çağrı bəyin oğlu Alp Arslan sultan olub, Rum ölkəsi olan Anadoluya qoşun çəkdi. 1071-ci ildə Malazgirddə rumları ağır şəkildə məğlub edib, Anadoluya girməyə müvəffəq oldu.  
 Alp Arslan Azərbaycan, Gürcüstan və Ermənistanı fəth edəndən sonra, Toğrul zamanında başlanan Anadolu səfərinə davam etdi. Şərqi Rum imperatoru Diogen Balkandan və Anadoludan topladığı böyük ordusu ilə Malazgird ovasına gəlib, oranı tutdu və burada Alp Arslanın başçılıq etdiyi əlli minlik türk ordusu ilə qarşılaşdı. Alp Arslan kəfən geyinib cihad elan etdi və ordunun qabağında Rum ordusuna hücum etdi. Qızğın savaş nəticə vermədiyi üçün, əski türk savaş taktikasına (Turan taktikası) baş vuraraq, geri çəkildi və bu şəkildə rumları səngərdən çıxara bildi. Bu əsnada rumların sağ və sol qanadlarında əsgər olan peçenqlərlə uzlar müsəlman türklərin tərəfinə keçdilər və Alp Arslan hücum fərmanı verib, rum ordusuna qəfildən hücum çəkərək onları məğlub etdi. Həmin savaşda imperator Diogen əsir götürüldü. Lakin Alp Arslan onunla igidcə rəftar etdi və mehribanlıq göstərdi. Malazgird savaşı nəticəsində Şərqi Anadolu və Urfa türklərə verildi. Rum dövləti hər il xərac ödəməyə məcbur oldu (1071).
 Malazgird zəfəri Anadolunun kamil fəthinə yol açdı. Türklər 20 ilə qədər az bir zamanda bütün Anadolunu fəth edərək, burada yeni bir müsəlman türk vətəni qurdular.
 Alp Arslan 1072-ci ildə qaraxaniləin üsyanını yatırmaq üçün Türküstana gedərkən, Ceyhun kənarında bir qala komandanı tərəfindən öldürüldü. Onun yerinə 18 yaşlı oğlu Məlikşah padşah oldu (1072-1092).
 Məlikşahın zamanında səlcuq imperatorluğu ən parlaq dövrünü yaşadı. Dövlətin hüdudları Tanrı dağlarından Mərmərə və Ağ dəniz sahilləinə, Qafqaz dağlarından Misir və Yəmənə qədər uzandı. İmperatorluğun paytaxtı İsfahan idi.
 Bu dövr islam maarifinin canlanmağa başladığı bir zaman idi. Bağdadda Alp Arslanın əmiri və vəziri Xacə Nizam əl-Mülkün nəzarəti ilə qurulan Nizamiyyə mədrəsəsi böyuk bir universitet oldu. Sonra Məlikşahın adına təqvimi-Cəlali tənzim edildi.
 Məlikşahdan sonra Səlcuq imperatorluğu parçalandı. Suriya, Anadolu və Kirman səlcuqları istiqlallarını elan etdilr. İran və İraqda Məlikşahın oğulları bir-biriylə mübarizəyə qalxdılar.
 Bir müddət qardaş davalarından sonra Məlikşahın dördüncü oğlu Səncər sultan oldu (1117). Sultan Səncər 40 il hökumətlik etdi və onun zamanında iki böyük xətər meydana çıxdı. Biri qərbdən səlib savaşları idi. O biri də şərqdən qaraxitayilərin xətəri idi. Səlib savaşlarına qarşı Anadolu səlcuqları, digər türk dövlətləri və əyyubilər savaşdılar. Səncər qaraxitayilərlə savaşda məğlub oldu (1151), bir müddət sonra isə şimaldakı oğuzlar Səncərə qarşı üsyan etdilər. Oğuzların Xorasanın şimalından hücum və istilası nəticəsinə Sultan Səncər məğlub və əsir oldu, bir il sonra 72 yaşında vəfat etdi. Bu hadisə Böyük Səlcuq dövlətinin məhvinə gətirib çıxardı. Səlcuq imperatorluğu tamam parçalandı və ona tabe olan səlcuqlu dövlətləri (Atabəylər) hamısı müstəqil oldular.
*****
 ATABƏYLƏR. Səlcuqlu sultanları bir şahzadəni bir əyalətə vali göndərəndə, onunla birlikdə oğuz bəylərindən bir atabəy də göndərirdilər. Atabəylər bu şahzadələrin dövlət adamı və komandan olmasına çalışırdılar. 
 Atabəylər Səlcuq imperatorluğu dağılandan sonra məhəlli hökumətlər- kiçik dövlətlər qurdular.Bunlardan ən mühümləri Farsda Salğur (Səlğur, Salur) atabəyləri (1147-1286), Azərbaycan atabəyləri və ya İldəniz oğulları (1136-1225), Mosul və Hələb atabəyləri (1127-1233) və başqalarıdır. 
 Anadoludakı səlcuqlar Konyanı paytaxt seçib, 230 il hökumət etdilər və hakimiyyətlərinin son əll ilində monqolların tabeçiliyində oldular. Bunlar Rum və ya Qərb səlcuqları adı ilə tanınmışlar.
 Səlcuq padşahları istər İranda, istər Anadoluda fars dilini rəsmi dil seçmiş və bu dilin inkişaf edib yayılmasına səy göstərmişlər. Səlcuqlar zamanında böyük mədrəsələr, məscidlər və karvansaralar tikilib, İran islam memarlığı inkişaf etdirildi. Bu məscidlərin payası dörd səthli kub formalı bina üzərində qurulur, onun üstündə səkkizüzlü bina tikilirdi. Girdə günbəzlər isə türklərin çadırlarından ilham alaraq tikilmişdir. 
 Qulpayeqan məscidi səlcuq memarlığının nümunəsidir.
 Uzun, silindrik şəkildə minarələr, bişmiş kərpic və kaşının bu binalarda işlənməsi də səlcuqlar dövrünün yadigarıdır.
 İsfahan məscidi Məlikşah zamanında, Qulpayeqan məscidi Məlikşahın oğlu Əbu Şüca zamanında, Zavare məscidi isə 1135-ci ildə tikilmişdir. 
 Məqbərələrdən Toğrul bəyin məqbərəsi Reydə və Sultan Səncərin böyuk məqbərəsi Mərvdə bu dövrün ən məşhur məqbərələrindəndir. Rəşidəddinin yazdığına görə, Sultan Səncərin məqbərəsi dünyanın ən əzəmətli binası imiş.
 Nəcəfdə Həzrət Əlinin qəbri və Bağdadda Əbu Hənifənin məqbərəsi Məlikşah tərəfindən, Məşhəddə Həzrət imam Rzanın qəbri və Bəlxdə Həzrət Əlinin hesab olunan məzari-şərifi Səncər tərəfindən tikilmişdir.
 Səlcuqlar zmanında ilk mədrəsə Nişapurda Toğrul bəyin fərmanı ilə inşa olundu, sonra Alp Arslan zamanında məşhur Nizamiyyə mədrəsəsi (1066), Tus, Herat, Bəlx və Rey mədrəsələri, habelə İraq və Suriyada böyük mədrəsələr tikildi, hamısı dövlət müəssisələrinə çevrildi. 
 Toğrul zamanında Simnan il Şahrud yolunda Ənu Şirvan pulsuz karvansarası (rabat), Əbu Şüca tərəfindən isə Məşhəd və Sirəxs yolunda Rabate Şərif tikildi.
 Səlcuq memarlığı İran islam və hətta dünya memarlığı tarixində ən parlaq memarlıq dövrlərindəndir. Səlcuqlar zamanında bir çox ticarət yolları və yollar üstündə karvansaralar, məscidlər, xəstəxanalar, çeşmələr və rabatlar tikilmişdir.
 SƏLCUQLAR ZAMANINDA AZƏRBAYCANA VƏ ANADOLUYA YÜZ MİNLƏRCƏ TÜRK MÜHACİRƏT EDİB, BU ÖLKƏLƏRDƏ BİRLƏŞMİŞLƏR. XIII əsrdə monqollarla bərabər gələn türklər bu məntəqələrin xalqını türkləşdirmişlər.
 Səlcuqlar zamanında Xorasan və Xəzər dənizinin cənubundan oğuzlar, Qafqazdan da qıpçaqlar və xəzərlər Azərbaycana gəlmişlər. Monqolların yürüşündən əvvəl oğuzlar, onlarla birlikdə uyğur türkləri İrana və Azərbaycana gəlmiş və birləşmişlər. 
 Monqollar ordusunun əksəriyyətini türklər təşkil etmiş və dövlət təşkilatında bəxşilər (dəbirlər) uyğur olduğundan, monqol dili ilə yanaşı uyğur türkcəsi də rəsimi dil olmuşdur. Monqollar oxuyub-yazmağı uyğurlardan öyrəndikləri üçün hər iki dil uyğur əlifbası ilə yazılmışdır.
 Uyğur əlifbası XVI əsrə qədər davam etmiş, ondan sonra yerini ərəb əlifbası tutmuşdur. Monqollar türk əksəriyyətinin içində əriyib türkləşmişlər, necə ki Xorasanda və ayrı farsdilli yerlərdə yaşayan monqolların dilləri də farslar arasında farslamışdır.


(Ardı var)
 

Комментариев нет:

Отправить комментарий