21.03.2012

“Məndə bu cür müqəddəs şeylərə qarşı bir allergiya var”


“Xoşbəxt adamam ki, Aydın Xanın, Oqtay Salamzadənin və Elçin İsgəndərzadənin yeşik taxtasından düzəldilən ordenlərindən almamışam”


Şair Qəşəm Nəcəfzadə ilə müsahibə


- Yaradıcılığınızla bağlı hansı yeniliklər var?
- Yeni şeirlər kitabım çapa hazırlanır. Son dövrdə yazdığım şeirlər də var, ancaq heç yerdə çap etdirməmişəm. Saytımı yeniləmişəm. Bundan sonra saytım on dildə – polyak, fars, fransız, holland, türkiyə və azərbaycan türkəsində, rus və ingilis dillərində olacaq. Bir az onu təkmilləşdirməklə məşğulam. Yaradıcılığım da öz qaydasında gedir.

- “Pərvanə” ədəbi dərnəyi bir müddət idi ki, fəaliyyətin dayandırmışdı. Bu, nə ilə bağlı idi?
- Bilirsiniz, bəzən insanların, oxucuların canlı ünsiyyətə ehtiyacı olur. Məsələn, 2000-ci illərdə bu canlı ünsiyyətə daha çox müşahidə olunurdu. Belə ki, oxucu qəzetdə və televiziyada gördüyü yazarı canlı görməyə maraq göstərirdi. Müəyyən bir zaman keçəndən sonra bu canlılıq dərnəklərdə baş tutdu, yenidən qəzet səhifələrinə keçdi. Ancaq  qəzetlərdən televiziyaya keçə bilmədi. Çünki studiyalar qapılarını ədəbi müzakirələrə açmadılar. Belə bir halda ədəbi prosesdə oxucu ilə yazar arasında boşluq yarandı. Oxucu yenidən şair və yazıçı ilə canlı ünsiyyət yaratmaq istədi. “Pərvanə” ədəbi dərnəyi də həmin vaxtlarda yaradıldı və bu gün də fəaliyyətini davam etdirir. Bir ara fəaliyyətimizə bir az fasilə verdik. Bunun da elə bir ciddi səbəbi yox idi.


- Tənqidə dözümlülüyünüzü ölçmüsünüzmü? Neçə dərəcədir?
- Yox, ölçməmişəm. Hər hansı bir yazım, şeirim tənqid olunanda da təbii qarşılayıram. Çünki bunu hərə öz arşını ilə ölçür. Bu tənqidlərdə maraqlı fikirlər də görürəm, mənasız fikirlər də. Bu baxımdan, müsahibələrimdə qəzet küncündə qalmaq istəmirəm. Adətən, müəyyən adamları “əsəbiləşdirmək” istəyirəm ki, oxucu kütləsi də ayağa qalxsın, ədəbi prosesdə canlanma olsun. Əksər hallarda bunu bilərəkdən edirəm və bu da mənim xarakterimdən irəli gəlir. Qaldı ki, bu yazılara olan reaksiyaları da təbii qarşılayıram, yəni qəbul elədiyim də olur, etmədiyim də. Görürəm ki, bir çox hallarda bu tənqdilərin çoxu şəxsi qərəzçilik üzərində qurulub.


- Bir dam altında iki yaradıcı adam: Qəşəm Nəcəfzadə, Kəramət Böyükçöl. Aranızdakı məsafə nə qədərdir?
- Çox böyük məsafə var. Ata-oğul kimi çox yaxınıq. Amma yaradıcı adam kimi, hətta evdə kompyuterlərimiz də, iş otaqlarımız da ayrıdır. Onun da yaradıcılığından xoşum gəlir. Amma bir sıra fikirlərini bölüşmürəm. Tutaq ki, onun Rəşad Məcid haqqında yazdığı yazını qəbul etməmişəm, indi də etmirəm. Bunu birmənalı olaraq səhv addım hesab edirəm. Çünki Rəşad Məcid doğrudan da, bizim gözəl və istedadlı yazarlarımızdandır. Bundan əlavə, həm də dostumdur. Gərək oğlum bu işi tutmayaydı. Onu da etiraf edim ki, Kəramət yazı məsələlərində sözümə baxmır.


- Belə çıxır ki, bu gün nəsillər arasında ədəbi konflikt yaransa, yenilər köhnələri qəbul etməsə, Kəramət Böyükçöl Qəşəm Nəcəfzadəyə qarşı da çıxar?
- Yaradıcılıq baxımından müəyyən iradları ola bilər. Amma tam şəkildə mənə qarşı çıxa bilməsinə inanmıram. Nəsillər arasında ciddi konflik baş versə belə, mənə qarşı çıxmaq mümkün deyil. Çünki mən mənə qarşı çıxanların, gəncliyin yanındayam. Amma elə yazarlar var ki, hətta adlarını da çəkə bilərəm. Onlar gəncliklə ünsiyyətdən qaçırlar. Mən gənclərlə ədəbi diskusiyalara  həmişə önəm verən adamam. Ona görə də bu mübahisələrdə  onların gözünün acısı gedir. İkinci dəfə mənə qarşı çıxmırlar. Bilirlər ki, mən gəncliyin söz demək imkanını həmişə tanımışam. Adətən, iki qoşunun bir-birinə hücuma keçməsi üçün arada məsafə olmalıdır. Hətta bir oxun uçub çata bilmədiyi məsafə. Amma gənclərlə mənim aramda məsafə bu mənada çox yaxındır. Əgər mənə qarşı çıxsalar belə, yenə də təbii qarşılayaram. Çünki  yenə də deyirəm, mən həmişə gəncliyin səhvlərindən  öyrənmişəm.


- Şeir sizin üçün nədir?
- Şeir mənim üçün izaholunmayan bir şeydir. Şeir mənim tərcümeyi-halımdır. Şeiri qeyri-adi bir şey hesab etmirəm, yazsam da olar, yazmasam da. Yəni bunu da faciə hesab eləmirəm. Şeir mənim üçün sevgidir, əgər bir şeydən yazıramsa, bu, mənim ona sevgimdən irəli gəlir. Məsələn, İmişlidə mənə “itdən, pişikdən yazan şair” deyirlər. Çünki mən heyvanları çox sevirəm. Bu bədbəxtlər elə başa düşürlər ki, itdən, pişikdən yazan zəif, Günəşdən, kosmonavtdan, vətəndən yazan böyük şair olur. Ona görə də mənimçün bütün məqamlarda şeir pul qazanmaq qədər maraqlı olmayıb.


- Şeir sevgidirsə, insanlıq baxımından dəyərdir. Amma bu gün bir şeiri bir neçə nəfərə ayrı-ayrı imzalarla satan şairlər də var. Əməllərinə də onunla haqq qazandırırlar ki, guya Məhəmməd Hadi də imkansızlıqdan şeirlərini satırmış.
- Vallah, mənim xəbərim yoxdur, əgər satırlarsa, yaxşı edirlər. Amma Bakıdakı evlər kimi eləməsinlər də. Bir mənzili beş nəfərə satmaq düzgün deyil, axı. Yəni mən bayaq pul qazanmaq deyəndə, şeiri satmağı nəzərdə tutmurdum. Çünki yaradıcılıq da, kitab çapı daha hamısı maddi imkanla bağlıdır. İstəmişəm ki, şeir təsərrüfatı əmtəəyə çevrilsin. Kitab satılsın və şair həm də bundan dolanışığını təmin etsin, şeirlərindən, kitablarından pul qazana bilsin. Deyirlər şeir müqəddəsidir, nə bilim nədir, bundan pul qazanmaq olmaz. Ümumiyyətlə, məndə bu cür müqəddəs şeylərə qarşı bir allergiya var. Amma şeiri satmağa gəlincə, onu satan da bədbəxtdir, alan da.
 
- Bugünkü ədəbi prosesdə nə çatışmır?
- Bugünkü ədəbi prosesdə fərqlilik azdır. Bizdə sərbəst şeirin tüğyan etdiyi vaxtdan 22 il keçir. Bəs bu sərbəst şeir əvvəllər harada yazılıb? Bu müddət ərzində hansı fərqimiz ortaya çıxıb. Axı bu sərbəst şeirlərin hamısı bir havadır və beş-altı adam bir havaya oynayır. Başqa vəznlərdə də belədir. Nə qədər şairlərimiz Ramiz Rövşənin havasına oynadılar. Amma bu gün Vaqif Cəbrayılzadənin, Əli Kərimin havasına oynayan yoxdur. Bir də görürsən ki, Ramiz Rövşənin şeirlərinin kopyasını çıxaranların şeirləri az qala Ramizin  şeirlərindən yaxşıdır. Amma bu şairin uğuru deyil. Bu o demək deyil ki, şeir güclü olmalıdır. Şeir zəif də ola bilər, əsas odur ki, şair öz havasına oynasın, özünü xarakterizə etsin. Elə şairlər var ki, baxıram şeirləri zəifdir. Amma görürəm ki, o, şair taleyi yaşayır, yaşadığı ömür şair ömrüdür. Sadəcə bir az mütaliəsi, təcrübəsi çatmır ki, şeirlərinə rəng qatsın. Amma elə şairlər də var ki, təcrübəsi yazdığını yaxşı məhsula çevirmək imkanı verir. Mən hesab eləyirəm ki, şair şair taleyi yaşamalıdır. Və bizim bayaqkı sualımıza qayıdıram. Bu günkü şeirimizdə fərqlilik doğurdan da, nəzərəçarpacaq dərəcədə azdır. Məsələn, Günel Mövludun şeiri ilə Aysel Əlizadənin şeiri arasında heç bir fərq görmürəm. İkisi də eyni havaya oynayırlar.


- Şair üçün titul məsuliyyətdir, yoxsa imtiyaz?
- Bunu dövlət tərəfindən şairə verirlər, sağ olsunlar. Amma heç bir  titul heç vaxt şeirin güclü olub-olmamasına dəlalət eləmir. Ümumiyyətlə, bütün titulları ədəbiyyata yad hesab edirəm. Ancaq bundan istifadə edənlər də var. Mən indiyə qədər heç bir şeir kitabıma ön söz yazdırmamışam. Əgər yazdırsam da, gənc bir şairə yazdıracağam. Bir də görürsən ki, şair var kitabına həm ön söz, həm də son söz yazdırır, “böyük şair”lərlə şəkil çəkdirmək üstündə dava düşür. Şəxsən mən kiminləsə şəkil çəkdirmək marağında deyiləm. Amma kim mənimlə şəkil çəkdirmək istəsə, etiraz etmərəm. “Xalq şairi” imzası altında gizlənib oxucuya təsir edənlər də az deyil. Onların haqqında yazı yazıb, fikir səsləndirənlər də var. Ancaq bunlar əhəmiyyətsiz görünür. Məsələn, Elçin İsgəndərzadənin titulları şeirlərindən uzundur. Bir də görürsən ki, bir bəndlik şeir yazıb, ancaq altında üç vərəqlik titul var. Və yaxud bu gün mükafatlar verirlər. Eşitdiyimə görə xaricdən orden, medallar gətirib burada satırlar. Elçinin  qəzetdə bir şəkli vardı, sinəsində orden və medaldan yer yox idi.  Bu nə oyundur? Xoşbəxt adamam ki, Aydın Xanın, Oqtay Salamzadənin və Elçin İsgəndərzadənin yeşik taxtasından düzəldilən və arxasına kardon vurulan ordenlərindən almamışam. Götürək, “Qızıl qələm” mükafatını. Bu, Junalistlər İttifaqı Həmkarlar təşkilatının  nəzdində yaranmış bir mükafat idi. İndi o ittifaqlar ləğv olunub, ancaq  Oqtay Salamzadə özündən “qızıl qələm” istehsal edir. Hazırda Azərbaycan Jurnalistlər Birliyinin sədri dəyərli ziyalımız Elçin Şıxlıdır. Amma Oqtay Salamzadə burada mükafat verir.
Mən ona görə xoşbəxtəm ki, Rəsul Rza adına beynəlxalq poeziya mükafatını almışam. Ancaq bu mükafatı da Rəsul Rza haqqında yazdığım şeirlərə görə yox, məhz 2007-ci ildə yazdığım yeni şeirlərimə görə almışam. Bunu heç kim imtiyaz kimi başa düşə bilməz. Bunun özü də fərqlidir. Bir də görürsən ki, biri Rəsul Rza haqqında poema yazıb mükafat istəyir. Ancaq mən heç vaxt imtiyaz arxasınca qaçmamışam.


- Çağdaş ədəbi tənqidin səviyyəsini necə qiymətləndirirsiniz?
- Ədəbi tənqid var ki, səviyyəsini də qiymətləndirim? Məsələn, mənim xoşuma gəlir ki, təhlili yazılar yazılır. Məsələn bir şair yaxşı təhlili yazılar yaza bilirsə, bu, yaxşıdır. Amma bununla yanaşı, tənqidçilərimiz də var. Məsələn, Vaqif Yusiflinin obyektivliyinə şübhə etmirəm. Cavanşir Yusiflinin, Elnarə Tofiqqızının, Elnarə Akimovanın, Nərmin Kamalın yazıları məndə maraq doğurur. Ancaq elələri də var ki, plagiyatdır. Rusiyada çıxan tənqidi məqalələri mətbuatdan köçürüb üstünə Azərbaycan ədəbi tənqidi adını qoyurlar.
 
- Yazılarınızda göstərirsiniz ki, qəhrəman yetişdirmək tərbiyədən asılı deyil…
- Dünyada heç nəyi tərbiyə ilə dəyişmək olmur. Bu fikir mübahisəli görünə bilər. Məgər hansı quşa  tərbiyə verilib ki, yuvasını qorusun. Və yaxud nə vaxt körpəyə  deyiblər ki, bu sənin  anandır, onu sev. Tərbiyə sözü sovetdənqalma sözdür. Qəhrəmanlıq da tərbiyədən asılı deyil, bu, fitri istedaddan doğan qoçaqlıqdır. Götürək,  İsrafil Məmmədovu, onu məgər tərbiyə Sovet İttifaqı qəhrəmanı etmişdi? Bu adama qəhrəmanlıq tərbiyəsi keçməmişdilər.  Bu adam fikirləşib ki, düşməni  öldürmək lazımdır, vəssalam. Öldürüb də. Çünki bu qəhrəmanlıq onun fitri istedadı olub. onun peşəsi olub. Tərbiyə ilə yaxşı müəllim, ziyalı, vətəndaş olmaq olar. Amma yazıçılıq, şairlik, qəhrəmanlıq tərbiyədən irəli gəlmir. Dostayevskinin nə tərbiyəsi vardı ki,  qumarbazın biri olub.  Amma əsərləri dünyada məşhurdur, cəmiyyət onu qəbul edir. Ona görə də yazıçı ilə şair və ya qəhrəman arasında heç bir sərhəd yoxdur. Sadəcə bizi öldürən cəmiyyətdir. Gərək insan öz şəxsiyyətinin qulu olmasın, onu öldürsün. Özünə yaradıcılığı içərisində şəxsiyyət formalaşdırsın. Dostoyevskinin  böyük şəxsiyyəti yaradıcılığından doğulub.


- Deyirlər, hər kəsin içində ikinci bir “mən”olur. İçinizdəki Qəşəmlə çölünüzdəki Qəşəmi ayıra bilirsiniz?
- Fərq çoxdur. Çölümdəki Qəşəm bir az fırıldaqdır. Ancaq içimdəki Qəşəm daha əlçatmaz, daha müqəddəsdir.  İçimdəki Qəşəm nəvəm qədər mənə şirindir. Mən hər şeyə, hər kəsə xəyanət edə bilərəm, amma nəvəmi zərrə qədər incitməyə dözə bilmərəm. Dostlarım, tanışlarım çoxdur. Amma görürəm ki, mən nəvəmin üzündə, onun təbəssümündə mövcudam. Nəvəm mənim içimin poetik görüntüsüdür. Şeirim də, sözüm də, həyatım da onun saflığında əskini tapıb. Bu baxımdan, içimdəki Qəşəm də mənim nəvəmdir.


- Şair nə zaman ölür?
- Şair təqlid olunanda, şair təqlid edəndə, yaltaq, riyakar, yalançı olanda, şeir satanda (gülür), sözə xəyanət edəndə ölür.


Söhbətləşdi: Şəmşad         kultaz.com

Комментариев нет:

Отправить комментарий