16.03.2012

Özünə bir bax, ay “rejissor”! – Cəmil Həsənli

Xədicə İsmayılın şəxsi həyatı ətrafında cərəyan edən proseslər haqqında Vaşinqtonda məlumat aldım.
Bu hadisələr bir daha göstərmişdir ki, ölkəmizdə medianın tənqid hədəfinə çevrilənlər bir jurnalistin gündəliyə gətirdiyi iddialara normal yollarla cavab verməyi bacarmırlar. Əgər bu yolları bilsəydilər,onda Xədicə İsmayılın gündəliyə gətirdiyi iddialar barədə icitimai vicdanı qane edən açıqlamalar verilməliydilər.
Hakimiyyəti tənqid edən jurnalistlərə qarşı belə əxlaqsız yollara əl atmaq birinci hadisə deyildir. Vaxtilə “Azadlıq” qəzetinin əməkdaşlarına qarşı da belə əxlaqsız üsullardan istifadə edilmişdi. Hər bir vətəndaşının yataq otağına girməyi dövlət idarəçiliyinin adi bir normativi halına gətirənlər bir gün bu şantaj bumeranqlarının onları da vuracağına əmin ola bilərlər.

Azərbaycan Avropa Şurasının üzvü olan bir ölkədir. Şuranın ən yüksək hüquq orqanı olan Avropa Insan Haqları Məhkəməsinin media ilə bağlı bütün qərarlarında göstərilir ki, jurnalist-yazarların iqtidar mənsublarını ən sərt şəkildə tənqid etməyə haqı vardır. Çünki sərt tənqid medianın nəzarət etmə vəzifəsinin ən önəmli prinsiplərindən biri olduğu kimi, digər tərəfdən, dövlət idarəçiliyində yer almaq istəyən və yer alan insanların ən ağır tənqidi iddialara qarşı soyuqqanlı davranmasının başlıca şərt olduğu da xüsusi olaraq vurğulanmqdadır.
Məlum olduğu kimi  dövləti idarə edən insanlar sıravi vətəndaşlardan fərqli olaraq, bir çox imtiyazlar əldə edirlər ki, bunun əvəzində onların medianın tənqidinə tolerant yanaşmaqdan başqa variantları yoxdur.Güclü mediası olmayan ölkə heç vaxt güclü dövlətlə idarə edilə bilmez. Eyni zamanda, Azərbaycan qanunları da öz növbəsində vətəndaşların şəxsi həyatına, yaşam tərzinə müdaxilə etməyi, onların özəl həyatından gizli məlumatlar toplamağı və həmin məlumatları media orqanları vasitəsi ilə yaymağı qadağan edir.
Hakimiyyət orqanlarının belə natəmiz əməllərlə məşğul olması, həm Azərbaycan qanunlarına, həm də insan haqları ilə bağlı Azərbaycanın öz üzərinə aldığı beynəlxalq öhdəliklərə tamamilə ziddir.
Xədicə Ismayılın şəxsi həyatını texnologiyanın müasir imkanlarından istifadə etmeklə internetə daşıyanlar bilməlidirlər ki, ilk növbədə onun jurnalist araşdırmalarında ortaya qoyduğu təkzib edilməsi mümkünsüz olan rüsvayçı faktlara aydınlıq gətirilməli, yüksək vəzifəli şəxslərin açıq korrupsuya əməllərinin hesabatı verilməlidir. Bu cür şantajlar panikanın  əlamətlərindən başqa bir şey deyildir.
Öz yaradıcılıqlarını  bu işlərə həsr edən ssenaristlər, rejissorlar və prodüsserlər başqalarının yataq otaqlarından, hamamlarından ”canlı yayımlar” vermək həvəsində ola bilərlər, ancaq unutmasınlar ki, bütün bunlar insanların özel həyatıdır, özəl həyatın hər hansı bir məqamından  “canlı yayım” eşqinə düşmək isə psixoloji xəstəliyin də sağalmaz əlaməti sayıla bilər.Ona görə də belə əxlaqsız əməllərə aludə olanlar yaxşı olar ki, öz xəstəliklərinin müalicəsi ilə məşğul olsunlar.

Комментариев нет:

Отправить комментарий