22.03.2012

Rəhbər yerində olanda

Şəxsiyyətin ahəngdar inkişaf vəzifəsi, ilk növbədə müəllimin üzərinə düşür

Ədalət müəllimin xoş aurası macəraya meylli gənci dəyişməyə, müsbət dəyərlərə yiyələnməyə təşviq etdi

 Xoşbəxtlik insanın sevdiyi, qəlbən bağlandığı və zövq aldığı işlə məşğul olmasıdır, hər bir şəxsin içərisindəki daxili işıqdır, təmizlikdir, xeyirxahlıq etmək bacarığıdır. Sevincə də, kədərə də şərik olmaq istedadıdır. Təkcə özün, ailən üçün deyil, hamı üçün yaşamaq istəyi və qabiliyyətidir. Cəlilabad Təhsil Şöbəsinin mdiri Ədalət Əsgərov zəngin, mənalı ömrünü məhz belə yaşayıb.

 Təbiətən mülayim, xoşrəftar ziyalı olan Ədalət müəllim insanlara xeyirxahlıq etməkdən zövq alır. Deyir ki, insan gərək bu dünyada yalnız özü üçün yaşamasın, başqalarına da yaşamağa kömək etsin. İnsanlara təmənnasız və qərəzsiz yaxşılıqlar etsin, ətrafdakı insanlara xoşbəxtlik arzulasın. Onda sən özün də belə bir mühitdə xoşbəxt olarsan.
 O, hər bir dərs ilini işgüzar, dinamik, təşkilatçı ziyalı kimi qarşılayır. Bu bir həqiqətdir ki, təkcə ictimai-siyasi situasiyanın deyil, insanların, xüsusən də üzdə olan, tanınan, əfkari-ümumi tərəfindən qəbul edilən insanların sabitliyi cəmiyyət ücün ciddi mənəvi-əxlaqi dəyərlərdən biridir. Çünki cəmiyyətin sabitliyi də ayrı-ayrı fərdlərin fikir və əməllərinin ardıcıllığı, davamlılığı üzərində bərqərar olur. Uzun bir müddət ərzində tanıdığım Ədalət Əsgərov belə sabitqədəm, daha dəqiq desəm, sabitliksevər insanlardandır. Bu sabitlik onun elmə, təhsilə, dostlara, mənəvi və ictimai-siyasi dəyərlərə, yazılan və yazılmayan qanunlara münasibətində özünü aydın büruzə verir.
 Görünən odur ki, bu gün Ədalət müəllim Cəlilabad rayonun ictimai-siyai həyatında həlledici qüvvə kimi çıxış edir. Şəxsiyyətin ahəngdar inkişaf vəzifəsi, ilk növbədə müəllimin üzərinə düşür. Təhsilin inkişafı ilə bərabər Ədalət müəllim bir ağsaqqal kimi, rayonda münasibətlərin tənzimlənməsi, məmur-vətəndaş münaqişələrinin yoluna qoyulması istiqamətində də çox böyük işlər görür.
 Ədalət Əsgərov şəxsiyyəti və fəaliyyəti ilə Muğanın ictimai həyatı üçün deyərdim ki, fenomenal bir hadisədir. O, sözün geniş tarixi mənasında mədəniyyətimizin qoruyucudur!
 Qeyd edək ki, Ədalət müəllim üçün sabitlik heç bir halda dəyişməzlik, durğunluq demək deyil. Əksinə, o son dərəcə mütəhərrik, canli insandır. Həmişə zamanla ayaqlaşmağa çalışıb, zamanın nəbzini tutub, sözün yaxşı mənasında dəyişməyi, inkişaf etməyi, irəli baxmağı və irəlidə getməyi bacarıb. Onun Cəlilabad təhsilinə rəhbərliyə gəlməsindən sonra gənc kadrlara diqqət və qayğı artırılıb. Ədalət müəllimin təşəbbüsü ilə hakimiyyət koridorları üçün səciyyəvi sayılan lüzumsuz formallıq və nomenklatur rəsmiyyət aradan qaldırılıb. Gənc müəllimlərin problemləri diqqətlə öyrənilərək yerindəcə həll olunur. Özüm başqa rayondan olsam da, bir neçə il qabaq universiteti bitirərək təyinatla işləmək üçün Cəlilabad rayonuna göndərilmişəm. Gəldiyim ilk gündən bu adamın diqqət və qayğısını duymuş, haqqında xoş sözlər eşitmişəm. İşlədiyim illər ərzində ən böyük qazanclarımdan biri, fərqli bir insan olan və şəxsiyyətinin xoş aurası ilə macəraya meylli gənci müəyyən mənada dəyişməyə, müsbət dəyərlərə yiyələnməyə təşviq edən Ədalət müəllimlə ünsiyyətim olmuşdur.
 Qədim yunan filosofu Aristotelin tələbələrini “peripatetiklər” adlandırırdılar və bu söz də yunan dilində təxminən “gəzə-gəzə öyrənənlər” anlamını verirdi. Peripatetiklər müdrikliyin sirlərinə klassik ənənələr əsasında deyil, daha sərbəst və asudə şəkildə yiyələnirdilər.
 Fikrim qətiyyən Ədalət müəllimi Aristotelə, özümüzü isə onun davamçılarına bənzətmək deyil. Yaxşı bilirəm ki, hər cür analogiya nisbi, bəzən isə yanlışdır. Lakin fakt faktlığında qalır- bizim müəllim peşəsinin sirlərinə yiyələnməyimizdə həmin o “peripatetizmin” müəyyən ünsürləri də vardır. Ədalət müəllimin məktəblərə göndərdiyi təhsil işçiləri də bir çox yerlərdə olduğu kimi, pedaqoqlara təzyiq etmək, gərginlik altında saxlamaq üçün yox, vacib məsləhətlər vermək, öz dəyərli təcrübələrini bölüşmək üçün gəlirlər. Fikrimcə, müəllim peşəsi elə bir peşədir ki, əgər qabında yoxdursa, uyğunlaşmaq çox çətindir. Ümumiyyətlə hər bir sənətə kamil sahib olmaq müəyyən mənada vergidir. Lakin bulağın gözünü açmağa ehtiyac olduğu kimi istedadı da cilalamağı bacarmaq lazımdır. Bu mənada Ədalət Əsgərov kimi təcrübəli pedaqoqlar öz rəhbərlik etdiyi böyük kollektivdə yaradıcı başlanğıcı püxtələşdirir, ona istiqamət verir, geniş yola çıxmasına imkan yaradırlar. Bilmirəm, bəlkə də elə bunun nəticəsidir ki, Ədalət müəllimin rayon təhsil şöbəsində təşkil etdiyi iclaslara ilk əvvəl sırf şablon mənada getdiyim halda, sonralar pedaqogikanın çox xırda bildiyim məsələləri ilə daha yaxından maraqlanmağa başladım, öz sənətimə həvəsim daha da artdı. Həmin iclslarda onun həm xoş sözlərini, həm də tənqidi mülahizə və iradlarını dinləmişik. Bu görüşlərdə bizdən qat-qat böyük olan Ədalət müəllimdə əxz etməyə layiq çox keyfiyyətlər- yüksək mədəniyyət, intizam, dəqiqlik, səliqə-sahman, məsuliyyət hissi, yersiz rəsmiyyətçilikdən uzaqlıq, səmimiyyət, sadəlik, vətəndaşlıq, vətənpərvərlik duyğusu, yaxşı mənada peşə təəssübkeşliyi, ədəbiyyat, sənət yanğısı görmüşük. Bu baxımdan o universitet illərində rastlaşdığım ştatlı, “rəsmi” müəllimlərimizin bəzilərindən daha böyük təsir bağışladı. Hələ onu demirəm ki, Ədalət müəllimin qəzəbinə tuş gəlmək, yaxud işdə töhmət almaq qorxusu yerli-dibli yox idi. Amma məhz səmimiliyi və yaratdığı mədəni atmosfer mühiti nəticəsində biz də borclu qalmaq istəmədiyimiz rəhbərlik qarşısında dərslərimizə daha ciddi yanaşır, öz peşəmizə məsuliyyət hiss edirdik. Doğrudan da, boynumuza alaq, indiki zamanda rəhbər vəzifədə işləmək olduqca çətindir. Bu gün Cəlilabad təhsilinin nailiyyətləri, ali məktəblərə qəbulun yüksək göstəriciləri də Ədalət Əsgərovun zəhmətinin hədər getmədiyini göstərir.
 Düzdür, xırda nöqsanlar var, ancaq əldə edilən nailiyyətlər qarşısında bu cüzi qüsurlar nəzərə çarpmır. Təhsil işçiləri bu xırda nöqsanların aradan qaldırılması istiqamətində də ciddi işlər görürlər. Fikrimcə, bu xırda qüsurları şişirdib onu böyük fəlakət kimi təqdim etməyin lüzumu yoxdur, belə işlərin hansı məqsədli edildiyini də görmüşük. Müəllim ta qədimdən xüsusi hörmətə layiq bilinib. Çünki o, insanları kamillik zirvəsinə səsləyir. Ən əsası isə, əsrlər boyu toplanmış elmi biliyi öyrədən, şagirdlərdə yaradıcı təxəyyülün axarını açan, ümumbəşəri mədəniyyəti sevdirəndir. Buna görə də bu gün müəllim adına hörmətlə yanaşmalıyıq. Peyğəmbərimiz deyirdi ki, yüz şəhidin qanından bir alimin mürəkkəbi ağır gələr. Elm və təhsilin təbliğatçısı funksiyasını layiqincə yerinə yetirmək olduqca şərəfli və çətin işdir.
 O, həm də yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Məhz Ədalət müəllimin təhsil şöbəsinə rəhbərliyi vaxtında “gənclər inqilabına” start verilib. Belə ki, bir çox gənc kadrlar məktəblərə direktor təyin olundular, halbuki əvvəlki dövrlərdə yalnız qocalara, yaşlı kadrlara üstünlük verilirdi. Eləcə də rayon təhsil şöbəsinin özündəki işlərdə də gənc mütəxəssislər görünməyə başladılar. Bu da öz növbəsində rayonun mədəni-ictimai həyatına yenilik ab-havası gətirdi, işlərdə canlanma, qərarların yerinə yetirilməsində operativlik müşahidə olundu.
 Ədalət Əsgərovun bir rəhbər kimi istedadlı insanlara, bədii yaradıcılığı işıqlı perspektivlər vəd edən gənclərə münasibəti də onun artıq hər kəsə bəlli olan ədəbi kimliyinin bir parçasıdır. Çünki özü həddən artıq mütaliəli adamdır. Avropa ədəbiyyatına demək olar ki, yaxından bələddir. Bir də görürsən ki, hansısa bir əsər barədə danışırıq, əsərin elə məziyyətlərinə, adi gözlə görünməyən elə cəhətlərinə toxunur ki, ən professional ədəbiyyatçılar belə həsəd apara bilər. Bizə belə intellektuallarımızla fəxr edirik.

Anar Məhərrəmov
Pedaqoq, Professional Oxucu Liqasının üzvü
 

Комментариев нет:

Отправить комментарий