22.03.2012

QUM KƏNDİR -2

 Gi Debor mükafatı almış əsərlər


Pərviz YUSİF

Diş həkiminə getmişdim. Kabinetə bitişik balaca gözləmə otağında dörd-beş yaşlı oğlan, anası və nənəsiylə oturmuşdu. Məndə əyləşdim. Uşağın hürkmüş nəzərləri otaqboyu sürətlə dolaşırdı. Kabinetin qapısından doktorun başı göründü. Otağı süzəndən sonra uşağa gülümsündü: 
– Daha qorxmayacaqsan, hə…?!

Uşaqdan səs çıxmadı. Deyəsən nənəsinin arxasında gizlənmək istəyirdi. 
– Yox həkim, bu gün söz verib ki, qorxmayacaq.
– Bu balaca yalançı dünən də söz vermişdi, srağagün də. 
Həkim gülə-gülə balacanın əlindən tutub kabinetə apardı. Nənəsi də dalınca getdi. Anası içəri girmədi. Deyəsən uşağın həyəcanı onu da narahat eləyirdi. Məncə, həkim yanında uşaqları öz qorxusu ilə tək buraxmaq, həmin qorxuya qalib gəlmək üçün ən yaxşı üsuldu. Sonra isə sərbəstliyin ən yaxın dostu olan vərdiş yaranır. 
Kabinetdən həkim və nənənin yarımdanlaq-yarımnəvazişli səsi, uşağın da narazı mızıltıları eşidilirdi. Birdən uşaq qışqırdı, onun səsi yerə tökülən dəmir əşyaların cingiltisinə qarışdı. Heç bir saniyə keçmədi, kabinetin qapısı sürətlə açıldı. Uşaq düz anasının qucağına atıldı: 
– Ana! Ana, məni bağışla, ana, məni bağışla! – uşaq isterika içində qışqırırdı, – ana, mən daha küçəyə çıxmayacağam, paltarımı kirlətməyəcəm, televizora qaşıq vurmayacağam, bacını incitməyəcəm, yumurtaları sındırmayacağam, Azərə daş atmayacağam,… 
Uşaq yenə də cinayətlərini sadalamaqda davam eləyirdi. İndi yadıma gəlmir. Ancaq oğlançığaz əmin idi ki, törətdiyi «böyük günah»lar bağışlansa, dişi daha ağrımayacaq. 

* * * 

Hər gün təzə maraq və təəccüblə həyatı seyr eləyirəm. 

* * * 

Gündəlik həyatımın bir hissəsi keçdiyi avtobusdayam. Yeksənəq rənglərdi yenə. Diringi toy mahnısı qulaq deşir. Keşlə məscidinə yaxınlaşanda sürücü musiqini kəsir. Digər müsəlman sürücüləri də məscidə və məzarlığa yaxınlaşanda belə eləyir. Məntiqsizliyin axırı görünmür…! Cahillik və tamam. Yoxsa yalnız məscidlərlə, digər xalqlardakı «Tanrı ev»lərimi Allahın mülkiyyətinə aiddi, ona görə də yaxınlaşanda hörmət və qorxudan hansısa ehtiramını bildirir?! Deməli qalan yerlərdə qorxmamalıyıq – hər cür yaramazlıq eləmək olar. Son dərəcə yanlış və xətalı düşüncə! Yer üzü, bütün kainat Allahın mülkiyyəti deyilmi!? 

* * * 

Dayanacağa tərəf addımlayırdım. Kifayət qədər isti gündü. Çox arıq, hündür, beli bükülən və nimdaş geyinən qırx yaşlarında bir kişi qabağımı kəsdi: 
– Xahiş eləyirəm, mənə iyirmi qəpik ver, – dedi. Səsində başqa dilənçilər kimi yalvarış yoxdu. Onun üzünə baxdım. Deyəsən orda nə vaxtsa nəciblik nişanələri olub. Hər iki yanağı boyunca qırışlar çənəsinə uzanırdı. Rəngi solan uzunqol köynəyin biləklərini kip-kip bağlamağından və ətəklərini şalvarın üstünə atmağından hiss olunurdu ki, həbsxana həyatına yaxşı bələddi. 
– Neyləyəcəksən iyirmi qəpiyi? – yarım ciddi, yarım etinasızlıqla soruşdum. 
Onun səsi hürkək və bir az da mərd çıxdı:
– Düzünü deyim, yoxsa yalanmı deyim? 
Əslində mən ona iyirmi qəpik verməyi qət eləmişdim. Ona görə də fərqinə varmadım. Ancaq sualını cavabsız qoymadım: 
– Bəlkə də yalan cəlb eləyə bilər, lakin həqiqət nə qədər adi olsa da əslində ən araqlısı odu. 
– Məndən həmişə soruşublar, mən də həmişə demişəm: mən içənəm və ölənəcən də içəcəm. Mən araq içmək istəyirəm pulu da ona görə götürürəm. 
Pulu ona verdim. Ümid eləyirəm ki, o, mənə yalan deyirdi. 

* * * 

Günlərin bir günü altı yaşlı Sona atasına ciddi tövrlə dedi:
– Dədə, mən bilirəm, adamlar qocalanda qızıl diş çıxarır. 


* * * 

Dostum Səməd elektron ünvanıma məktub göndərmişdi: « Altı yaşındakı qızım şəkil çəkib – damcının göz yaşı… » 

* * * 

İndi, müasir dünyada hicabı inkar eləyən qadınlara heykəl qoyulur. Lakin, bəlkə də hicab məhfumu olmasaydı, evlərin divarı şəffaf olardı. 

* * * 

Bu, dünyanın ən adi metal parçasıdı. Onu güllə eləyənsə sürətdi. Sürət ölümdü. 

* * * 

Şəhərə səhər yaxınlaşır. Yolda nərildəyən motorların şiddəti və bir də yaşadığımız əsrin sürəti artır. Bütün sürətlərin sonu sükunətdi… 

* * *

Hər gün ona iş olurdu. O, qəzaya uğrayan avtomobilləri maşın qəbiristanına aparan böyük furqon sürürdü. Bir az əvvəl palçıq – meyidlər əzik-üzük avtomobillərdən çıxardılanda o, sarsılan nəzərlərlə baxmışdı. O, hər gün sarsılırdı. 

* * * 
Ölüm ən böyük imtahandı. 

* * * 
İnsan özü boyda torpaqdı. 

* * * 
Bidət əhli qəlbindəki möhürə alnını vurar. 

* * * 

1211909873_romanticism_01 (240x320, 143Kb)Məhbusun həftəsində cümə yoxdu. 

* * * 
Allah-Təala deyir: «…məndən qorxun», deməyib ki, bir-birinizi qorxudun. 

* * * 

Ramazan ayı idi. İftara yaxın Quran oxuyurdum. Həyətdən qonşu kişiylə üç yaşlı qızımın söhbətini eşitdim: 
– Atan evdədi? 
– Hə, 
– Neyləyir? 
– Kitaba baxır… 

* * * 

Şadlıq sarayındakı ifrat həşir onu sıxdı. Açıq havaya çıxdı. Qaranlıq çoxdan düşmüşdü. Dövrə vurub dayanan dost-tanışa yaxınlaşdı. Rəqs eləməkdən təngənəfəs olsa da, siqaret çəkirdilər. Sərxoşluqdan bir-birinin sözünü kəsə-kəsə, elə hey danışırdılar. Üzləri qızarmışdı, həm də möhkəm tərləmişdilər. Bir az dayandı və bezdi. Salona qayıtdı. İçəri girəndə gur çilçıraqlar gözünü qamaşdırdı. Camaatın yarıdan çoxu ortalıqda rəqs eləyirdi. Öz yerinə keçib oturmaq istədi. Bir anlığa çaşdı. Salona göz gəzdirib harda oturduğunu yadına salmaq istədi. Lakin …tapmadı. Birdən yadına düşdü ki, bəy özüdü. 

* * * 

Möhkəm isti gün idi. O, tozun əbədi məskəni olan taxta sexində işləyirdi. İndi də işləyirdi. Qan-tər içində, özüdə respiratorla. Birdən öskürəyi tutdu. Respiratora tüpürdü. 

* * * 

Ağzın polis olmasa da, hər halda, yaxşılardan da deyildi. Özü haqda danışanda «köhnə kişi» deyirdi. Bir dəfə o, çaşdığından saxladığı növbəti sürücüyə heç nə deyə bilməmişdi. Sir -sifətdən ona çox oxşayan sürücünün ağzında uşaq əmziyi vardı. 

* * * 

«Tövbə olunmalı nə qədər günahlarımız var, Ya Rəbb, keç günahımızdan,». Adı «Zina» olan kiçik şəriət broşürünü oxuya-oxuya belə düşünürdüm. Gənc yaşlarımdan indiyə kimi başıma gələn bəzi macəraları xatırlayanda qəribə hiss keçirirdim. Olub keçənlərə qarşı çox da peşman deyildim (Bunu etiraf eləyirəm; Allah şeytana lənət eləsin). Lakin bundan sonra ola biləcək yeni macəralar ehtimalını isə böyük təhlükə kimi hiss eləyirdim (Bu təhlükəyə isə həvəs həmişə var, çünki ətraf mühit zinanın qarşısını almaq əvəzinə, əksinə şəhvət yağdırır). Bu zaman içimdə zinaya qarşı artıq kök atmış, qərar tutmuş qətiyyət duyurdum. Bu çox xoş hiss idi (Əlhəmdulilləh! ). Ancaq mən bir çox adam tanıyırdım ki, zinaya həddən çox meylli idi və daim yeni macəralara tuş gəlirdilər. Onların aqibəti necə olacaq?!… Birdən broşürün səhifəsində qara nöqtə peyda oldu. Fikirdən ayılıb ona baxdım. Bu bir-birinin üstündə iki milçək idi. Od qoxuyan təhlükəli cümlələrin üzərində mazaqlaşırdılar. 

* * * 

Zahiri eybəcərlik zinadan qoruyan qatdı. 

* * * 

Arı nektar, insansa neft sorur. Necə də oxşar fərqdi.

* * * 

Yaşa dolduqca keçmişdə doğru bildiyimin indi yalan olduğunu görürəm. Bununla belə yenə də hər yerdə şeytanın uydurduğu dünyavi elmlərin təbliği gedir.


* * * 

Təbliğ başqa, dəvət başqadı. 

* * * 

Adamlar qarışqaya baxanda düşünür ki, çox nəhəngdilər. Ancaq məsələ burasındadı ki, qarışqa elə düşünmür. Onun şeytanı yoxdu. 

* * * 

Gələcəkdə keçmiş yoxdu. 

* * * 

Ramazan ayı idi. Ər-arvad səhura durdu. Körpələri oyatmamaq üçün mətbəxdə oturdular. Gecənin səssizliyini çaydanın boğuq və zəif fiti pozurdu. Arabir qaşıq-çəngəlin ürkək cingiltisi də duyulurdu. Bir də sonu Allah hecasıyla pıçıltılar… Çay içirdilər. Sükutu arvad pozdu: 
– Bayaq qəribə yuxu görürdüm. Ömər adlı bir nəfər mənə faks göndərib yazmışdı ki, «boşan!». 
Kişi gülümsədi. O, dünən axşam iftardan sonra arvadına Məhəmməd peyğəmbərin (s ə s) səhabəsi Ömər ibn Xəttab haqqında danışmışdı. Arvadı bu Ramazan ayında ilk dəfə tövbə eləyib namaza başlamışdı. 
– Niyə gülümsədin? 
– Yəni, keçmişindən boşan, 
– Başa düşmədim.
– Keçmişində qalan imansız günlərindən boşan… 

* * * 

Özümdə ən çox bəyəndiyim Allahı sevdiyimi düşünə bilmək bacarığıdı. 

* * * 

O, təvbə elədiyini bəzilərinə sevinə-sevinə, həmin sevinci bölüşə bilməyəcək adamlarasa təəssüflə deyirdi. 

* * * 

Bəzən qüssədolu bir fikir səni sıxır: «Mən böyük işlər üçün yaranmamışam». Bəs qüssəni başqalarından daha qüvvətli duymaq…?! 

* * * 

Qəlp. Qəlb 

* * * 

Casusun cibində dövlət əleyhinə məxfi sənədlər vardı. O, avtobusa mindi. Yorğun şəhərin mürgü döyən sakinləri arasında itdi. Avtobus yola düzəldi. Sonra isə dəhşətli təsadüflərin ən adisi baş verdi. Avtobus qəzaya uğradı. Son dərəcə ağır xəsarət alan sərnişinlərin arasında casus da var idi. Xəstəxanada onun cibindəki sənədlər üzə çıxdı. İndi təhlükəsizlik orqanları səbirsizliklə casusun sağalmasını gözləyir. 

* * * 

Bu həyat ölümqabağı xəyallardı. İnsanlar nemət adlandırdığı məhfumların əsl mahiyyətini unudub xəyal cildinə salır. Xəyali nemətlər. Min il əvvəl ölmüş adamın yaşadığı yetmiş illik həyat min ilin yadında xəyal deyilmi?! 
Əsl nemət əsl həyatdadı. 

* * * 
Kino zamanı istismar eləyən xəyaldı. 

* * * 

Nə böyük kənd idi, nə kiçik. Açıq şabalıdı torpağı quraqlıqdan cadar-cadardı. Kənddə cəmisi bir nəfər namaz qılırdı – kəndin mollası. Qəbiristanın çəpəri söküləndə mollanın oğulları qəbirlərə ehtiramla baxa-baxa sökükləri yamayırdı. Çünki ailənin əsas gəliri burdan idi. Hər gün olmasa da, həftədə iki-üç dəfə kənd əhlindən mollaya sifariş gəlirdi. Hər kəs qıyımından çıxanı verirdi; pul, toyuq, buğda, və s. Həftə ərzində mollanı gah qəbiristanın yuxarısında, gah mərkəzində, gah da kənarında görmək olardı. Bir məzara isə molla xüsusi diqqət yetirirdi… 
Mollanın ailəsindən fərqli olaraq kənd əhli qəbirliyə heç də rəğbət və ehtiramla baxmırdı. Təbii ki, dünyəvi istəklər və səmavi iman daxilən həmişə mübarizə aparır. Bütün hallarda əvvəl-axır yerin qəbirlikdi. Ancaq kənd camaatının məzarlığa ikrahla baxmağının əsas səbəbi başqaydı. Dirəklər çoxdan basdırılsa da, tez-tez dəyişilən rayon rəhbərliyi çoxdan və dəfələrlə vəd versə də, indiyədək kəndə elektrik xətti çəkilməmişdi. 
Kənddə isə yalnız bir yerdə işıq yanırdı-qəbirlikdə. Daha doğrusu, bir qəbirin üstündə. Əsli bu kənddən olan hansısa nazir arvadının məzarıydı. Arvadının xatirəsi üçün düz qəbrəcən işıq çəkdirmişdi. 


* * * 

Övladlar valideyn olandan sonra özünün övlad olduğunu başa düşür.

* * * 

Bir nəfər meyvənin ancaq qabığını yeyərdi. Ancaq mən onu tanımıram. 


* * * 

Qabıq almanı qorusa da, yeyiləndə soyulub atılır… 


* * * 

Televiziyada daim müşahidə olunan ən bahalı reklam elə televiziyanın özüdü. 


* * * 

– …! 
– …! 
– … , … … .. ……..? 
– ……..?! 
– …… .. . 
– ……!!! , ……..!!! , ………..!!! , 
– …… .. ….?!!! 
– ………. , … . …… .. ……….!!! 
– .. …. ..???! …….. ….. .. …! . 
...Mürgülü gecədə kiçik və sakit səhər həyətlərinə bağlanan itlər hürüşür... 
Yuxarıdakı durğu işarələriylə bağlı «mətni» şərti olaraq «it hürüşməsi» adlandırdım. Dostuma göstərib təəssüratını soruşdum. Bir az baxıb dedi: «Deyəsən, qoz sındırırlar». Dostumun sevdiyi qız isə həmin «mətni» sevgililərin telefon danışığına bənzətdi. 
Sonra onlar ayrıldılar. 

* * * 

Bir çox məsələlər var ki, bu barədə hamı həmişə susur. 

* * * 

Həyəcan qorxudan həzz alır. 


* * * 

İşıq sönmüşdü. Bayırda hənirsiz gecənin qaranlığı soyuq-soyuq susurdu. İçəridə lampa işığında qaynar çaydan iri-iri qurtumlar almaq ləzzət eləyirdi. Ağlıma maraqlı fikir gəldi. Təbii ki, kompüteri işə sala bilməzdim. Ona görə də çoxdan görmədiyim yazı bloknotumu və qələmi axtarmağa başladım. Axtardım, özü də nə axtardım. Baxmadığım yer qalmamışdı. Nəhayət köhnə-kürüş əşyaların içindən tapdım. 

* * * 

– Biz keçmişdən indiyə zadəgan və yoxsulların genini daşıyırıq. Bizdən də gələcəyə daşınır. Biz kimik? 
– Gələcəyin tarixi… Quldur biznesmenlə işgüzar başkəsənin səhv düşən genlərinin isə bizə dəxli yoxdu. O keçmişdə olub. 

* * * 

Qələmi bərk basanın xətti gözəl olmaz. 


* * * 

Bəlkə də pulun qızdırmasına tutulmaq olar. Ancaq bir şərtlə; gərək istiyə dözdüyün kimi soyuğa da dözəsən. 

* * * 

Öz kölgəsindən qorxanlar bilir ki, Kölgə özü haqda deyilənləri bilir. 

* * * 

Ağ kölgə 

* * * 

Bir dəfə bir səmimi tanışımla oturub ordan-burdan söhbət eləyirdik. Arada o, belə bir cümlə işlətdi: 
– Mən bəzən televiziyadan bizdə «şou-biznes» deyilən məkanı izləyirəm. Eynən uşaqları zooparka apardığımda əmələ gələn maraqla… 
Fərq yalnız qəfəsdədi. 

* * * 

Qadın televiziya şirkətində müxbir işləyirdi. Əri isə polis serjantıydı. Qadın tez-tez ərindən intervü alırdı. 

* * * 

Allah-Təala ilə ünsiyyətə maneələr qoyan sözlər daha çox feildən törəyər. 

* * * 
Heç də cahil olmayan bir adamın içindən qələmə alınan komediya vasitəsilə biz cahilliyə gülürük. Kimin cahilliyinə?! 

Cahilin də cahilliyə gülməyi kimi başqa böyük riyakarlıq varmı…?! 

* * * 

Bəzən yuxarı siniflərə qədər olan uşaqlıq illərimin hansısa məqamını xatırlayıram. O günlərin nuru düşüncəni donduracaq qədər bol idi. 

* * * 
O, siqaretini odda söndürmək istədi. 

* * * 

Mətbəxdəki qabyuyan çanaqlar evin ritmidi. Çünki danq! – daranq!, – danq! – daranq!, – daranq!, – danq!. 
……..və sonsuzluq

* * * 

Saf doğulan körpəni ilk dəfə insan virusa yoluxdurur. Burda sözlərini qəzəblə yazdığım teatral gülüş. Ha, ha, ha, yəni mən peyvəndləri nəzərdə tuturam. 

* * * 

Bu gün dırnağım yandı. 

* * * 

«esnalubmA» – yolu keçən vaxt gördüyü son təsvir bu söz oldu. Ondan əvvəlsə avtobusda, simasından sonsuz cazibə axan və nimdaş paltar geyən tələbə qızla üzbəüz oturmuşdu. Qızın bahalı paltarlar geyinmək istəyinə baxırdı. Çağırış yerinə tələsən təcili yardım maşını isə onu vurub çox-çox uzaqlara atdı. 

* * * 

Yalnız edamçı məhbuslara ölüm saatı bəlli olar. 

* * * 

Hər ötən gün insanı ölümə daha da yaxın aparır, bütün keçmişsə Yeri Qiyamətə. 

* * * 

Hamı ona «səfilin biri» deyirdi. O, küçədə yaşayırdı. Əsas işi zibilliklərdə eşələnməkdi. Hələ tikiləndəcə yarımçıq qalan, sonralar unudulan köhnə tikilinin yarımzirzəmisində qalırdı. Axşamlar o, müasir qida bumunun uğursuz tullantılarını təkrar emaldan keçirərdi. Sonra da şam işığında zibil qutularından tapdığı kitabları oxuyardı… 

* * *

Gəncliyimi mənasız təkəbbürümdə boğdum. İndi içimdən gələn səsin cizgisi qarşımda güzgü kimi dayanır: «Miskin yalançı!…» 
Və təsəvvür elə ki, Yer üzünün adamları hər gün güzgüyə baxır… 

* * * 

Şəhər, gecə-gündüz bir şəhər dolusu səs-küydü. Kəndlərsə, hava qaraldımı, meşədən seçilməz.

(Ardı var)
 

Комментариев нет:

Отправить комментарий