04.03.2012

Sənsiz payız kədərli, sevgi yaralı...

Aydın Xan Əbilov

(Kama üçün yazılıb...)

Bu qəfil gecə göy üzündən
Quşlar dimdiklərində
Payızı gətirdilər ömrümə...

Əvəzinə səni götürüb -
Apardılar yaddaşımdakı
uzaq - qəmli xatirələrə...

Qəmli yaddaşım qan ağladı,
Sevgi həyatımı bağladı,
Könül ruhumu divanə saxladı...

Quşlar qabaqlar - o vaxtlar,
Uçub yazda gələndə,
Duyğularıma qonanda...

Bahar gətirmişdilər, inan:
Alça çiçəkləri rəngində,
Nərgizgülü qoxulu...

Baharın gülü-çiçəyi
Sevinc, gülüş, duyğular
Nubarısa sevgim oldu...

Quşlar onu da dimdikləyib,
Ruh ağacımdan qırıb apardılar...
Sənsizlik içimi göynədir hey...

Ən xoş xatirələr belə
Quşların şərqisi tək
Xoş səslənsə də, yenə...

Çox qısa olur ömrü, inan,
Sanki adama deyir, yan...
Sevgilinə görə özünü dan...

İndilərdə hələ fərqindəyəm,
Sevgi ilə sevincin sevişdiyi -
Məkanmış bu yaralı könlüm...

İndi həyatımda yoxsan sən,
İnan, qovrulan ruhum da,
O məkanda sərhasər dolaşır...

Yox göydən yağan yağışı,
Oxşatmıram nakam eşqimin
Qəmli göz yaşlarına...

Bu yağış, o ilk sevgimin
Saf, ilahi, əzəli bənzərsiz
Nəmli kədəridir, ayrılıq qoxuyur...

Комментариев нет:

Отправить комментарий