08.03.2012

Ümid

animation of candle
Rafiq Tağı

Ümid milisionerin boynuna sarılmışdı:
- Əmi gəldi!...
Əmi gəldi!...
Sonra da oyuncaq tapıbmış kimi paqonundan yapışıb dartışdırdı.
Aydın özünü yetirib qulağını burdu. Ümid ciyildədi.

... Həyətdəki ipdən yuyulu mələfələr, maykalar, bağırsaq kimi uzanmış qadın corabları axşamüstünün sərin küləyində yellənirdi. Hərdən mələfələrin ətəkləri qatlanıb bir- birinə toxunur və şaqqıldayırdı. Ümid hasarın üstündə oturub paltarlara baxırdı. Milisioneri də, atasını da unutmuşdu. Tez- tez gülümsəyir və gözlərini qıyırdı.
Xoruz təkərlənə- təkərlənə yanında da bir toyuq, onun yanından keçirdi. Xoruz Ümiddən yaşlı görünürdü, hərçənd cəmi üç yaşı olardı, ya olmazdı. Ümidin yaşıdları isə gələn il orta məktəbi bitirəcəkdilər. Ancaq o uşaqlar bilmirdilər ki, Ümid onların yaşıdııdr. Çünki Ümid məktəb görməmişdi. Lal- kardı deyirdilər.
Paltarlar sallanır, yellənir, Ümid də onlara baxıb kef çəkirdi...
Ümidgilin kəndində axşamüstü günəş həmişə narıncı olur. Elə bu narıncı rəngin içiylə üızlar işdən qayıdırdı. Yolda elə bil bir dəstə qaz qaqqıldaşdı. Ümid qalxıb ayaqyalın onlara tərəf qaçdı.
- Ey, dələduz çəkil!
- Qudurğan!
- Ədə!.. Elə də bərk sıxır ki!..
Qızlar qaçıb hərəsi bir yana dağılışdı.
Ümid dönüb evlərinə baxdı. Evdən heç vaxt aralana bilmirdi; elə bil ev onu buraxmırdı. Anası bundan arxayındı.
- Gəl, su qızıb, gəl səni çimdirim, gəl!..
- Əmi gəldi!..- O, atasıyla paxlalıqda gəzişən milisioneri görmüşdü...
Danlayanda kədərlənirdi Ümid. Böyüdükcə də anasının yanında soyunmağa utanırdı. Büzüşüb ikiqat oldu. Sümükləri çıxmışdı.
Anasının ürəyi sızıldadı.
Ümid çimib qəşəngləşdi. Ancaq başı yenə uzunsovdu və ortadan elə bil iki yrə bölünmüşdü. Kiprikləri hələ yaşdı. Əynində indi ayrı köynək vardı. Şalvar həmin şalvardı,- mil- mil. Belə şalvarlardan kənd mağazalarında dolu olur, özü də lap havayı. Yenə gedib asılı paltarların yanında dayandı. Mələfələr də elə bil televizor ekranlarıydı. Ümid orda nəyə baxırdı, orda nə görürdü,- bu müəammadan heç kəs baş açmırdı. Paltarsa nazlı- nazlı yellənirdi. Bəlkə Ümidi çəkən onların təmizliyiydi...
Anası, gecələmək üçün indidən budaqlara qalxan toyuqları kişiləyib salır, hərdən də ağacı silkələyirdi, elə bil meyvə salırdı. Toyuqlar da qaqqıldaşa- qaqqıldaşa daha da yuxarı dırmaşırdı.
 
... Aydınla milis leytenantı çənələşirdilər.
- Məhkəmənin mövcudluğu bəşəriyyət üçün təhqiramizdir. Cinayət məcəllələri ən antihumanist sənədlərdir. İnsan öləndə özü ilə heç nə aparmadığına görə heç vaxt cinayətkar deyil.
- Boş- boş danışma, alver bilirsənmi nədir?! Sualıma cavab ver. Həyətində nlər tapmamışıq, doğrudurmu?
 
- Doğrudu!
- Onda barını dilini qarnına qoy!
- Hamı bitkiləri Allah yaradıb, mən yox. Mənim əkdiyim paxladı, uşaqlar yeməyə, dovğa bişirməyə əkirəm.
- Off!.. Dişini çıxar təpəsinə vur, sənə deyiblər. Ə, o uzun qulaqlarını bəri gətir...
- Nəyi?...
- Qulaqlarını... Onları kəsib qısaltmaq və səni adam eləmək lazımdı...
... Asılı paltarların yanından keçirdilər. Ümid birdən diksindi, paltarların yanından hoppanıb milisionerin qabağını kəsdi. Boyca elə bir olardılar. Ancaq Ümid arıqdı. Qollarını və qıçlarını aralayıb dayanmışdı. Milisioner istədi ötüb keçsin. Ancaq Ümid onu basmarladı. Milisioner var gücüylə onu itələdi:
- Ə, sən bunu dəlixanaya... niyə...
Ümid qışqırırdı:
- Əmi getdi!.. Əmi getdi!..
Cəmi üç- dörd söz bilirdi Ümid. Aydın gəlib onu qucaqladı və onda Ümid deyəsən bir az sakitləşdi. Bir xeyli beləcə lal- dinməz dayandılar.

Комментариев нет:

Отправить комментарий