08.03.2012

Qeyri-səlis məntiq - Xanımların oxuması heç məsləhət görülmür


 Elçin Bayramlı


və ya 8 Martda xanımlara nə almayılıyq?


Mart ayı “Dərviş Məstəli şah”ın sözü olmasın Qoç bürcünün altında vaqe olubdur, ol səbəbdən də bizim xalqın ən böyük bayram ayıdır. 8 Martın şəksiz liderliyinə əngəl törədən Bahar bayramının da bu aya təsadüf etməsinə baxmayaraq, qadınlar üşün martın 8-i (işləyənlər üçün 7-si) tarixinın xüsusi əhəmiyyəti danılmazdır. Çünki, 8 mart həm də kişilərin xanımları ad günündən başqa ildə daha bir dəfə “yada salması”na səbəb olur.

Sentimental əhvalda olan romantik xanımların dediyinə görə, ən çox sevdikləri hədiyyə güldür. Rasional təfəkkürə malik olan realist xanımlar isə işə yarayacaq bir hədiyyə gözləyirlər. Elə deyil deyib keçməyin.
Təsəvvür edək ki, uşağınız müəlliminə bir dəstə gül hədiyyə aparıb. O anda müəllimin gül camalına baxmaq kifayətdir ki, nə qədər böyük səhvə yol verildiyini anlayasan. İnanın ki, o gül dəstəsini alıb adamın başına turp əkər.
Haqlıdırlar da. Adam işə düzəlmək üçün nə qədər “tərləyib”, sonra canım sizə desin, direktora nə qədər hörmət edib ki, imkanlı valideynlərin uşaqlarının onun sinfinə salınmasına mane olmasın. Məgər bütün bunları ayda 100-150 manat qəpuk-qurus əməkhaqqı almağa görə edib??!
Əlbəttə ki, xeyr! İldə cəmi 5-6 gün var ki, imkanlı valideynləri mağazada, imkansızların isə uşaqlarını dərsdə “tərlətmək” şansı yaranır, indi o günlərin ən əsasında bir dəstə “svetnoy” kimyəvi ot-ələfi alıb neyləyəcək? Uşaq ona deyərəm ki, müəlliminə qızıl zinət əşyası hədiyyə edə, ya da məsələn, netbukdan zaddan “podarka” edə. İndi XXI əsrdir axı...
Oğul ona deyərəm ki, sinif yoldaşı olan qızlara “kitayski” “fransız” kosmetikası ala, yoxsa Sovet dövründəki kimi kitab hədiyyə etmək kimi gülünc bir işə qol qoyan oğlanı necə bağışlamaq olar?!
Ya da tutaq ki, Allah eləməmiş, pulla “prava” almiş bir eşşəkotaran sizi sakitcə səkiylə getdiyiniz vaxt küçədə at kimi səyrtdiyi bahalı maşınla vurub xəstəxanaya göndərib. Ailə üzvləriniz sizi ziyarətə gəliblər.
Çoxsaylı “doxtur”, “medsestra”, “sanitarka” ordusuna, xəstəxanada verilməsi məcburi olan dərmanların siyahısı asılmasına baxmayaraq apteklərə tökdükləri pullardan  başqa ciblərində bir şey qalıbsa, əsas həkimə “podarka” adı ilə bir necə gül alıblar!
Bu cinayətə heç cür haqq qazandırmaq olmaz! Qərdeşimsön, bura məgər Rusiyadır ki, həkimə 1 ədəd gül alasan, o da “otkaz” edə ki, bəs mən hələ vicdanımı itirməmişəm ki, öz vəzifəmi yerinə yetirdiyimə görə pul, ya da hədiyyə götürüm. Bizdə həkimə əməlli bir “podarka” almasan, əlini xəstəndən üz...
Elə bilməyin ki, mən gül hədiyyə edilməsinin tərəfdarıyam. Gülü yalnız kənddə yaşayan biri çöldən öz əli yığıb gətiribsə, qəbul etmək olar. Amma böyük şəhərlərdə televizor qiymətinə satılan, üzərinə kimyəvi ətirlər çilənmiş transgen güllər nəyə lazımdır kı?
Bundansa 1 kq gül kələmi hədiyyə etmək daha xeyirlidir. Üstəlik, soyuqda bürüşən “yazıq” kələmsatana da xeyir vermiş olursan. Son tədqiqatlara görə, gül kələmi sağlamlıq üçün ən xeyirli tərəvəzlərin başında gəlir.
Dunyada 1 milyard adam acdır, milyonlarla uşaq acından ölür. Hər süni becərilən bir dəstə gülün “zanit” etdiyi torpaqda bir məsum uşağı aclıqdan ölməkdən xilas edəcək qədər taxıl və ya kartof əkmək olardı...
Təbiət özü lazım bildiyi qədər gül yetişdirir, kim istəsə bir zəhmət gedib çöllərdən istədiyi qədər yığa bilər. Mənim üçün əlimdə bir dəstə süni becərilmiş gül tutmaqla, çarəsiz valideynlərinin gözləri önündə acından ölmüs afrikalı körpənin cəsədini tutmaq eyni mahiyyət daşıyır.
8 martda xanımlara kitab hədiyyə edilməsi ilə bağlı “Əli və Nino” mağazalar şəbəkəsinin sahibləri olan Şahbaz Xuduoğlu və Nigar Köçərlinin təkliflərinə qatılıram. Yalnız bircə əlavəm var- bu kitablar “Əli və Nino”dan alınmasın.
Kiçik kitab dukanlarında və səyyar “polka”larda işləyən xanımlardan alınsın ki, zəhmətkeş proletariat da bir azacıq pul qazansın. Axı bu gün onların bayramıdır...
Xanımları mənim adımdan təbrik etməyi unutmayın!

Комментариев нет:

Отправить комментарий