03.03.2012

UŞAQLARINIZI CİZGİ FİLMLƏRİNDƏN QORUYUN!

Zeynal Məmmədli: "Uşaqlara nəyin göstərilməsi çox ciddi məsələdir. Uşaqlar üçün film hazırlanarkən, çox ciddi şəkildə yaradıcılıq və psixoloji amillərə diqqət edilməlidir"

Ölkədə son illər cizgi filmlərinin lentə alınması demək olar ki, yox vəziyyətdədir. Hazırda Azərbaycan satışda ana-dilli cizgi filmləri 1988-ci ildə çəkilənlər və son illər çəkilən bir neçə cizgi filmidir. Digər yerdə qalan cizgi filmləri isə xarici ölkələrə məxsusdur. Mövzu ilə bağlı sualları Zeynal Məmmədli cavablandırıb.           

- Zeynal bəy, ölkədə cizgi film sahəsində vəziyyətin acınacaqlı formada olması nə ilə bağlıdır? Rejissor yoxdur, yoxsa bu sahəyə diqqət ayrılmır?
- Problemlər bu sahəyə diqqətin olmaması ilə bağlıdır. Bu yaxınlarda Mədəniyyət Nazirliyi cizgi filmləri ilə bağlı sahəni canlandırmaq üçün layihə həyata keçirirdi. Layihəyə xeyli sayda cizgi filmləri təqdim edilmişdi. Təqdim edilən filmlər çox qısa müddətli idi. Layihənin baş hədiyyəsini heç bir film ala bilmədi. Hazırda bu sahədə ciddi müzakirələrə ehtiyac vardır. Şəxsən mənim bu sahə üzrə tanıdığım mütəxəssislər vardır ki, maliyyənin olmamasına görə kənarda qalıblar. Düzdür ki, cizgi filmlərinin çəkilişini kompyuter vasitəsilə asanlaşdırmaq olur. Lakin yenə də buna kifayət qədər vəsait və mütəxəssislərin xaricə gedərək təhsil alması lazımdır. Məndə olan məlumata görə, bu sahə üzrə xaricdə oxuyan bir neçə kadr var. Amma onların hər hansı layihə ilə bir araya gətirilməsi zəruridir. Çox təəssüf ki, ölkəmizdə belə bir şey yoxdur. Cizgi filmi sahəsində olan problemlərin digər bir səbəbi də, dövlətdən maliyyələşən televiziyalardakı uşaq redaksiyalarının biganəliyidir. Eyni halda, həmin redaksiyalar ictimaiyyət hüququnun pozulmasında günahkardırlar. Birbaşa olaraq Azərbaycan Dövlət Televiziyası da bu məsələdə məsuliyyət daşıyır. Bunların əlində kifayət qədər büdcə pullar olmasına baxmayaraq, nə kadrların hazırlanmasına, nə də ki, uşaq cizgi filmlərinin çəkilməsinə maraq göstərirlər. Baş verənlərə görə həmin məsulları hər hansı bir məsuliyyətə belə cəlb edən yoxdur.             

- Nəzər alsaq ki, əksər ailələr peyk antenaları vasitəsilə telekanalları  izləyirlər. Təbii ki, belə olan halda uşaqların xarici cizgi filmlərini izləməsi qaçılmaz olur. Sizcə xarici cizgi filmlərinin uşaqların psixologiyasına və xüsusilə nitqinə nə kimi təsir göstərir? 
- İlk növbədə xarici cizgi filmləri birbaşa uşaqların nitqlərinə təsir edir. Uşaqlar filmlərdə olan məlumatı öz dillərində almadıqlarına görə, qavrayış aparatının işləməsi bu informasiyalara görə formalaşır. Uşaqların filmlərdə olan əsas mesajı necə anlaması da mühüm rol oynayır. Hazırda dünya cizgi filmlərində etnik və dini ayrı-seçkiliklə bağlı hər hansı bir kadrlara rast gəlinmir. Lakin bütünlükdə bu cür filmlərdə mövcuddur ki, insanlar arasında etnik və dini ayrı-seçkiliyin salmasından bəhs edir. Bu cür filmlər ilkin psixoloji hazırlığı olmayan uşaqların psixologiyasına çox ciddi təsir göstərir. Uşaqlara nəyin göstərilməsi çox ciddi məsələdir. Uşaqlar üçün film hazırlanarkən çox ciddi şəkildə yaradıcılıq və psixoloji amillərə diqqət edilməlidir. Azərbaycan da kifayət qədər uşaq fondunun olmasına baxmayaraq, bu sahəyə heç biri diqqət ayırmırlar. Büdcə hesabına maliyyələşən uşaq təşkilatı nəyə görə bu sahəyə diqqət etmir? Bununla bağlı ölkədə həyəcan təbili çalınmalıdır. Uşaqlar üçün təkcə filmlərinin çəkilməsi şərt deyil. Eyni halda onlar üçün seriallar, bədii, tədris və sənədli filmlər çəkilməlidir. Bunların hamısının həyata keçirilməsi üçün kifayət qədər maliyyə ayrılmalıdır. Əgər bununla bağlı dövlətin əlində hər hansı bir vəsait yoxdursa, özəl sektoru bu sahəyə yönəltməlidir. Əgər baxsaq görərik ki, hətta ölkədəki siyasi partiyalar belə, uşaqlarla bağlı bu məsələni gündəmə gətirmirlər. Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində iştirak edən namizədlərinin heç biri uşaqlarla bağlı bu məsələləri ortalığa gətirmirlər. Bu problemin həll edilməsi təkcə maliyyədən asılı deyil. Bunun üçün uzun müddətli strateji plan hazırlanaraq, xarici ölkələrin təcrübəsi öyrənilməlidir.

Комментариев нет:

Отправить комментарий