09.03.2012

"Vətəndaşların əmək hüquqlarının bərpasında ombudsmanın təsiri çox zəifdir"

Korrupsiya halları haqda şikayətlər artıb. Bu barədə ombudsman Elmira Süleymanovanın hesabatında qeyd olunub. Hesabat qanunsuz tikilmiş evlərin qeydiyyata alınması, insanların sağlamlıq hüquqlarının qorunması və bir çox başqa məsələləri də əhatə edib.
Ombudsman Elmira Süleymanovanın rəyinə görə, korrupsiyaya yol verilməsi və rüşvət tələbetmə halları ilə əlaqədar 797 şikayət daxil olub ki, bu da 2010-cu illə müqayisədə 30,6 faiz çoxdur. Şikayətlərdə vəzifəli şəxslərin və dövlət orqanlarının qanunsuz hərəkətləri və müxtəlif pozuntulara yol verilməsi haqda məlumatlar yer alıb. 

Ombudsman qanunsuz tikilmiş evlərin inventarlaşdırılması və onların qeydiyyata alınmasını təklif edib. O, Hövsan, Binə və Ramanı Südçülük sovxozlarında, həmçinin Bakı şəhərinin “Alatava”, “Zığ”, “Vorovski”, “Xutor”, “NZS”, “UPD”, “Keşlə”, Yasamal kimi tanınan yaşayış massivlərində yerləşən, lakin dövlət qeydiyyatına alınmamış evlərin inventarlaşdırılmasını, özbaşına tikililər üzərində hüquqların qeydiyyatı məsələsinə baxılmasını və həllinin sürətləndirilməsini təklif edib. 
Hüquq müdafiəçiləri ombudsmanın bu ilki hesabatını daha dolğün və keyfiyyətli hesab edirlər. Məsələn, millət vəkili Çingiz Qənizadə hesabatda vətəndaşların mənzil hüquqlarının pozulması ilə bağlı bəndi daha vacib qiymətləndirir. Ç.Qənizadənin sözlərinə görə, bir mənzilin bir neçə adama satılması faktları mövcuddur: “Belə hallar var. Bu dələduzluq cinayətləridir. Çox təəssüf ki, son vaxtlara qədər bu cür əməllərə görə hüquq-mühafizə orqanları cinayət işi qaldırmırdılar. Amma son 5-6 ayda artıq bu məsələ ilə bağlı da hüquq-mühafizə orqanları bir yürüş ediblər. Bu adamların cəzalandırılması, tutulması istiqamətində, vətəndaşlara dəyən zərər, aldadılmış insanların hüquqlarının başqa mənzil kooperativ təşkilatları tərəfindən bərpa olunmasına nail olurlar”.
Ç.Qənizadə ombudsmanın insanların sağlamlıq hüquqlarının pozulması, tibb sahəsində peşəkarlığın aşağı olması, o cümlədən məhbusların hüquqlarının pozulması, vətəndaşların şikayətlərinə baxılmaması, sərbəst toplaşma hüququ ilə bağlı problemlərin yaşanması ilə bağlı mövqeyini də haqlı hesab edir.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov ise hesab edir ki, insan hüquqları üzrə müvəkkilin bu ilki hesabatı nisbətən qənaətbəxş olsa da, vətəndaşların əmək hüquqlarının bərpası sahəsində Ombudsman Aparatının təsiri çox zəifdir. Onun sözlərinə görə, işə götürünlərə dövlət institutlarının, eləcə də Ombudsman Aparatının təsir imkanları məhduddur: “Ona görə də biz hər zaman tövsiyyə edirik ki, kimin hüquq pozuntuları aşkar olunub, bununla bağlı qərar verilib, 1 ay müddətində məhkəməyə müraciət etsin. Çünki iddia müddəti 1 aydır. Bundan sonra ombudsmana da müraciət etmək olar, dövlət orqanlarına da, qeyri-hökumət təşkilatlarına da”.
Ombudsman Aparatına 2011-ci ildə əmək hüquqlarının pozulması haqda 1246 şikayət daxil olub. Bu da 2010-cu illə müqayisədə müvafiq sahədə şikayətlərin sayının artması deməkdir. Ötən il insan hüquqları üzrə ombudsmana göndərilən şikayətlərin 1179-u isə məhkəmələrin fəaliyyəti ilə əlaqəli olub. Ümumilikdə, 2011-ci ildə ombusmanın ünvanına 12 680 müraciət daxil olub.


xeber.info

Комментариев нет:

Отправить комментарий