27.03.2013

Qovur gecə-gündüz bu dünya məni

Kərbəlayi İlham

Apardı

Töküldü ləçəyi sevgi gülünün,
Qarışdı rüzgara, küləy apardı.
Biraz ümid yeri qalmışdı, oda,
Arzu qanadında diləy apardı.
Bir eşq diləyirdim ucadan uca,
Gözlərim qalmasın onun dalınca.
Tale qapısını döyüb astaca,
Baxtımın tacını fələy apardı.
Küsüb barışmalar bir bəhanəmi?
Ayrılıq deyirdi gözündə nəmi.
Özüylə yaralı, həsrət sevgimi,
Qurub min bir hiylə, kələy apardı.
Onun həsrətiylə xəyal qurmuşdum,
Vüsal bulağından içib doymuşdum.

Könlümdə sevgidən bağça salmışdım,
Yolub o bağçadan çiçəy apardı.
Ay İlham, qəm gülün səndə qoxladın,
Bir ömür sevgini pünhan saxladın.
Heyif, vəfasıza ümid bağladın,
Axırda qoparıb ürəy apardı.

Bilmirəm

Qovur gecə-gündüz bu dünya məni,
Əlindən qurtarıb qaça bilmirəm.
Ah, elə bir yerdə duruxmuşam ki,
Fələyin düyünün aça bilmirəm.
Nəfəs yaşamağa bir bəhanədir,
Yersiz gələn xəyal qəlbi göynədir.
Fikirlər baş alıb hayana gedir?
Harda olub param-parça bilmirəm.
Kinayəli sözdü nifrətdən qalan,
İlan zəhəritək qanıma dolan.
İki yol ayrıcı kimidir yalan,
Çıxacaq haçansa puça, bilmirəm.
Ünvan soruşmadım sevgi dəmindən,
Bir pay da mən aldım qəmin əlindən.
Ay İlham, simsarım üz döndərəndən,
Vüsal qanadında uça bilmirəm.

Комментариев нет:

Отправить комментарий