25.03.2013

Mənsur Həqiqətpur Azərbaycan xalqını təbrik etdi

İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpurun Azərbaycan xalqına Novruz bayramı təbriki

Rəhman və Rəhim Allahın adı ilə
Əziz azəri bacı və qardaşlarım!
Mən İranın bütün müsəlmanları və ədalətsevər insanları adından sizi Novruz bayramı, baharın gəlişi münasibətilə təbrik edirəm. Sizə Təbriz, Ərdəbil, Urmiyə, Zəncandan çoxlu-çoxlu salamlar yetirirəm.
İslam dininin böyüklüyü onun özündən əvvəl və sonrakı xeyirli adət-ənələri qəbul etməsidir. İnkarçılıq, dinləmədən arxa çevirmək nə Allah dini, nə də Allah bəndəsinin şənindədir. Mənim otaylı-butaylı xalqım alim xalqdır.
Alimlə cahil arasında əsas fərq odur ki, alimin əvvəldə qəbul etdiyini cahil sonda qəbul edər. Azərbaycan xalqı İslam dininə sevgi ilə qucaq açanlardandır. Çünki məntiq əhlidir, haqqı inkar etməz. Tarixdə az olmayıb ki, İslam və başqa həqiqətləri  gözüyumulu inkar ediblər. Bizim xalq isə bəzi cahil qövmlər kimi “bu ərəbin dinidr” deməyib, ona təklif olunan dinin mahiyyətinə baxıb. Xalqımız xeyir görüb İslamda və can-başla şəhadət kəlmələrini dilə gətirib.
İslam Allahın son və kamil dinidir. Onun Novruzu qəbul etməsi də bu dinin böyüklüyündəndir. Həzrət Peyğəmbər (s) və məsum imamlar (ə) Novruzun mahiyyətini nəzərə alaraq ona xoş münasibət göstərib, hətta bu gün üçün xüsusi dualar nəzərdə tutublar.
Nədir Novruzun mahiyyəti? Novruzda insanlar qəlb və cisim mənzillərini yuyub-təmizləyərlər. Evlərdə toz-torpaq, qəlblərdə kin-küdurət qalmaz. Bir insan dildə İslamı qəbul edib əməldə Allaha yaxınlaşmasa bunun nə faydası?! Novruzda qəlbinin hisini-pasını təmizləməyən əslində bu bayramdan fayda görməyib. Həzrət Əli (ə) buyurur ki, insanın günah etmədiyi hər gün bayramdır. Bəli, bir insan Novruzda ev-eşiyini təmizləyib, libaslarını təzələdiyi kimi ruhunun çirkabını yuya bilirsə, demək onun üçün bayramdır.
Sizə Novruzun Allah istəyən bayram olmasını arzulayıram. Allah bu bahar qəlbinizdə gül-çiçək ətrini əskik etməsin. Gələn Novruzu İnşaalah dilbər Qarabağda, İsa bulağının başında keçirək!
Novruzun ən böyük missiyalarından biri küsülülərin barışmasıdır. Mənim bu təbrik müraciətim də həmin missiya üzərində qurulub. Bu sadəcə təbrik deyil, düşmənlərin zaman-zaman Azərbaycan və İran arasında törətdiyi fitnələri aradan qaldırmağa cəhddir. Çox itirmişik düşmənə uymaqla. Əgər Sovetlər Birliyi dağılanda xalqın qırdığı tikanlı telləri yenidən qurmasaydılar indi uzaqdan-uzağa danışmağa məcbur olmazdıq. İndi Araz boyu azəri bacı-qardaşlarım Novruz süfrəsi açıb deyib-gülür, beynəlxalq imperializmin puça çıxmış arzularına acıq verirdilər. İran belə istəmirdi. Əminəm ki, Azərbaycan xalqı da iki qardaş arasındakı tikanlı tellərdən ləzzət almır. Deyirlər Vətəni bölən Araz. Elə bilirəm Araz inciyir bu sözlərdən. Axı o da Kür kimi bir Allah payıdır məmləkətə. Vətəni bölən Araz deyil, sərhəddir, viza rejimidir, ABŞ və İsrailin küləkləri də izləyən casus kameralarıdır.
Bakılı dostlarımdan birinin maraqlı bir məsəli vardı. Deyirdi ki, tanımadığıma bir dəfə, tanıdığıma iki dəfə, qohum olsa üç dəfə xəbərdarlıq edərəm. Ata-ana, bacı-qardaş, ailə-övlad olsa o qədər deyəcəyəm ki, başa düşsün. Azərilər mənim bacı-qardaşlarımdır. Bu səbəbdən "Həqiqətpur dayanmır" deyib qınamayın. Məsələn Qarabağ haqqında susmağımı kimsə gözləməsin.
Mənim bu xalqa sözüm var və xalq mənim canım-ciyərimdir, ona qarşı heç bir iradım yoxdur. Peyğəmbər buyurur ki, xalqları ittiham etməyin. Amma sözümü çatdırmaq üçün -mətbuatı izləyənlər yaxşı bilir - uzun müddətdir Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzova  müraciət edib onu Araz kənarında, canlı yayım şərti ilə iki ölkə arsındakı problemlərin müzakirəsinə çağırmışam. Çox istəyirdim ki, həm Azərbaycan, həm İran əhalisi bu müzakirələri canlı izləsin və şahid olsun ki, münasibətlərin soyuqluğu yalnız düşmən fitnəsidir, bu iki xalq qardaşdır və sevgidən savayı bölüşəcəyi bir şey yoxdur. Amma istəyim baş tutmadı və Novruzovun son cavabından sonra  ümidsiz oldum. Əgər o desəydi gələn Novruz Qarabağda görüşüb danışarıq sevinərdim, amma dedi ki, gələn il Təbrizdə parlament sədri olacağam, onda görüşərik. Azərbaycan Milli Məclisinin düputatı, YAP yetkilisi beynəlxalq hüquqdan da xəbərsiz imiş. Soruşan gərək ki, cənab Novruzov, bu qədər gücün varsa, Qarabağı nə üçün almırsan? Sən 20 ildir supergüclərin qarşısında ikiqat olmusan ki, Qarabağı alıb sizə qaytarsınlar. İran 34 ildir dünya ilə vuruşur bir addım geri çəkilməyib, bir dəfə də baş əyməyib. Siz hansı keçmişlə bərkdən danışırsınız?! Təbrizi dünya mavilərinə meydan etdiyiniz məzlum Bakı ilə birmi görürsünüz?! Yadda saxlayın ki, İslamdan çıxmış təbrizli də sizə boş çanta etibar etməz. Gəzin İranı, görün təbrizlinin nüfuzunu.  Təbrizlini bir ucu Tel-Əviv, bir ucu Vaşiqtonda olan qalstukla aldatmaq olmaz.
Cənab Novruzovla polemikaya girməyimə təəssüf etdim. Bütün dünya bilir ki, Azərbaycanda Milli Məclisə deputatlar necə seçilir. Elşad Abdullayevin videomaterialları bunu yetərincə göstərdi. Təbriz isə Bakı deyil ki, kimsə rüşvətlə, yaxud yuxarıdakıların tapşırığı ilə deputat seçilsin.
Yenə də ümid edirdim ki, bu insanların qəlbində acza da olsa mərhəmət, ədalət hissi qalıb. İndi əmin oldum ki, Azərbaycanda söz deyiləsi tərəf varsa, o da xalqın özüdür.
Mən hörmət xatirinə Novruzovun cavabını ayrı bir məktubla vermişəm. Ancaq deməliyəm ki, o bir bahənə idi. Mən yaradılmış şübhələrə cavab vemək istəyirəm. Səmimiyyət olmayan yerdə quyuya yaxınlaşan insan ona xəbərdarlıq edənə inanmır. Özümə və sizə səmimiyyət arzu edirəm ki, burada deyəcəklərimin həm mənə, həm də siz əziz bacı-qardaşlarıma faydası olsun.
Ağır böhtanlar deyildi İranın ünvanına. Qarabağ müharibəsində biz ermənilərin xeyrinə işmi görmüşük? Yüksək səviyyəli opponent axtarırdım ki onunla bu məsələləri çözək. Mən cavab verim və xalq bilsin ki, şübhələrin mənşəyi nədir.
Kiminlə Qarabağdan danşıram söhbəti yönəldir başqa tərəfə. Nə üçün qaçırlar Qarabağ söhbətindən? Kim hansı işdə müqəssirdirsə adətən o mövzuda söhbət düşəndə qaçır. Qarabağ namus ləkəsidir.  Belə görünür ki, hakimiyyət əslində Qarabağı azad etmək fikrində deyil. Səbəb? Əvvəla onlar dəbdəbəli həyata alışmış adamlardır, güllə səsindən qorxurlar və özlərinə başağrısı axtarmırlar. İkincisi, bu iş əsil ordu istəyir. Korrupsiya, yeyinti, əsgər ölümləri yaşayan, namazqılan zabitləri tərxis edilən, təlim görməmiş və hərbi təchizatsız ordu nə edə bilər?!  Təəssüf ki, Azərbaycanda ordu da pul silmək üçün bir vasitəyə çevrilmişdir. Azərbaycan hökuməti İsraildən silah alır, amma ondan Ermənistan əleyhinə istifadə etməmək üçün öhdəlik də götürür. Bəzən silahı satır, amma bəzi hissələrini, yaxud mərmilərini satmırlar. Aydındır ki, məqsəd pul silməkdir, ordunu gücləndirmək yox. Üçüncüsü isə, müharibə başlasa xalq başçılardan soruşacaq ki, bəs sizin balanız hanı?
Tutaq ki, bir möcüzə baş verdi və Qarabağ qaytarıldı. Əhalini necə qaytaracaqlar viran qalmış torpaqlara. Kristal Zal tikməklə qürrələnənlər qıyacaqmı Qarabağın yenidən qurulmasına milyardları?! İndi nə etsinlər, xalqın başını necə qatsınlar? Məhz bu məqamda yalançı düşmən formalaşdırmaq gəlir ağıllarına. Onlar bununla həm ictimai rəyi aldadır, həm də ABŞ-ı, İsraili və Ermənistan təcavüzünün digər himayədarlarını razı salırlar. Çünki Qarabağ müharibəsini yaradanlar, yaxud maraqları onun həll olunmamasını tələb edənlər heç zaman Azərbaycanın İranla dostluğuna dözməzlər. Çünki bu, Qarabağın azadlığı və Azərbaycanın qələbəsi deməkdir. Onlar gördülər ki, Livan və Fələstin gəncləri İranla dost olduqlarına görə hansı zəfərlərə nail oldular. Halbuki Azərbaycanın potensial gücü onlardan çox, Ermənistan isə İsraildən qat-qat zəifdir.
Qaniçən ABŞ-a 34 il sinə gərmiş İranı şər qüvvə kimi təqdim edirlər və Qarabağı unutdurmaq üçün Böyük Azərbaycan fantaziyasını atırlar ortaya. Mən tarixçilərlə danışmışam, soruşmuşam ki, bu Böyük Azərbaycan nə vaxt və harada yaranıb? Gəlirlər Səfəvilər üzərinə. Soruşuram Səfəvilər Azrəbaycan dövləti idisə İran harada idi? Səfəvilərin sərhədlərinə bax,  bir tərəfi İraq, bir tərəfi Əfqanıstan, bir tərəfi də İran körfəzi. Budur Azərbaycan dövləti?!
Əgər Azərbaycan rəsmiləri Böyük Azərbaycan yaratmaq şüarına sadiqdirlərsə nə üçün sərhədi bağlayırlar?! Açsınlar sərhədi, vizanı ləğv etsinlər və Azərbaycan birləşsin. Lakin onlar hətta viza rejiminin asanlaşdırılması haqda razılaşmanı da ləğv etdilər.
Ermənilər sizə qarşı ərazi iddiası etdiyindən bunun nə demək olduğunu, hansı təsirlər və emosional reaksiyalar doğura biləcəyini bilirsiniz. Lakin bununla yanaşı bizə ərazi iddiası edirsiniz.  Böyük İsrail, Böyük Ermənistan, Böyük Kürdüstan iyirminci əsr müstəmləkə siyasətlərinin tərkib hissəsidir. Cənab Novruza demək istəyirəm ki, bir boyunuza baxın. İran ABŞ-a, İsrailə meydan oxuyur. Belə böyüklük iddiasında olan və Nildən Fərata qədər ərazilərdə böyük dövlət yaratmaq istəyən İsrailin son yeddi ildə üç dəfə belini sındırmışıq: Hizbullahla 33 günlük müharibədə və Qəzzada baş verən 22 günlük və 8 günlük müharibələrdə. Görün bu böyüklük iddiası onların başına hansı müsibəti gətirib. Siz isə zəiflikdən üzülən halda zorluların iddisı ilə çıxış edirsiniz.
Biz körpəlikdən İslam dəyərləri ilə tanış olmuş, Allahın öz bəndəsi qarşısında qoyduğu vəzifələri Onun yardımı ilə yerinə yetirmişik. Biganəlik bizə yad olub. Bir insanın əlinə silah alıb Din və Vətən yolunda döyüşə girməsi onun səmimiyyətinə ən güclü dəlildir. Mən Vətənimdə və Qarabağda döyüş meydanına girməklə dinimə və vətənimə sevgini izhar etməyə çalışmışam. Bu nöqtəni hökmən vurğulayım ki, Azərbaycana sevgi təkcə qan qardaşlığından nəşət götürmür. İranda bütün rəsmilər, bütün məsullar mərhum İmam Xomeyninin (r) Azərbaycanla bağlı tövsiyələrini xatırlayır. Mərhum Ayətullah Badkubeyi kimi ustadlar görmüş İmam bu torpağın gücünə, onun insanlarının böyüklüyünə inanıb möhkəm-möhkəm tapşırmışdı: "Azərbaycandan muğayat olun, onlara köməyinizi əsirgəməyin."
İranla Azərbaycan arasında düşmənliyin təbliğatçıları İranı Ermənistanla rabitələrinə görə qınayırlar. Azərbaycan rəhbərləri işğalçı Ermənistan rəhbərləri ilə görüşür, deyib-gülür, xizək sürür. Sizdə belə bir fakt varmı ki, İran rəsmilrindən kimsə bu işğalçılarla əylənsin, vaxt keçirsin? İranın Ermənistanla məhdud ticari və iqtisadi əlaqələri var. Bu adi şeydir. Mən rəsmi şəkildə demişəm, sübut etməyə də hazıram ki, Qarabağ müharibəsində Azərbaycana hər növ yardımlar etmişik, İslamın və Azərbaycanın xeyrinə vuruşmuşuq. Qoy onlar da sübut etsinlər ki, İran Ermənistana bir patron verib. Ərzağın və yüngül cənaye mallarının ticarəti nə vaxtdan hərbi yardım sayılır? Strateji məhsul neft olardı ki, bunu da Azərbaycan özü dolayı yollarla erməni tanklarına tökür.
Nə üçün ABŞ-la dostlaşmırıq? Çünki bu quldurla dostluğun acı nəticələri var. Azərbaycan dost oldu və İrana qarşı poliqona çevrildi. Bakının İsraillə hərbi əməkdaşlığı hamıya gün kimi aydındır. Türkiyəyə baxın. İslam şüarları ilə hakimiyyətə gələnlər indi ABŞ-ın əlaltısına çevrilib, NATO-nun havasına oynayır. Ərəb diktatorları ilə oturub Əsəddən demokratiya tələb edirlər. Əgər Türkiyə-İran  rabitələri güclənsəydi bu ABŞ və Qərbin məntəqədə sonu ola bilərdi. Tarix boyu bu iki ölkəni bir-birinə vurub alçaq məqsədlərinə çatıblar. Türkiyədə islamçılar ayağa qalxanda kürklərinə birə düşdü. Türkiyə rəsmiləri bilməli idi ki, Amerikanın üzünə bir təbəssüm neçəyə başa gəlir. Qurani-Kərim qadınlara xəbərdarılıq edir ki, qəlbində xəstəlik olanlarla xoş rəftar etsəniz pis fikrə düşərlər. ABŞ və müttəfiqlərinin işi xalqları məhv etməkdir. Bu gün üzünə gülsən sabah milli mənafeləri qurban verməli, beynəlxalq imperializmin quyruğu olmalısan. Bu həmin ABŞ-dır ki, Azərbycana qarşı bütün dövlət yardımlarını qadağan edən 907-ci düzəlişə imza atıb, digər tərəfdən isə qondarma Dağlıq Qarabağ respublikasına yardımlarını əsirgəmir. İrəvana 2013-cü il üçün ayrılmış 36,6 milyon dolların 27,2 milyon dolları Ermənistanla hərbi sahədə əməkdaşldıq üçün nəzərdə tutulub. Nə üçün Azərbaycan xalqını ABŞ-a yox, qardaş İrana qarşı kökləyirlər? Gəlin gömrük-keçid məntəqələrinə. Şahid olun bu qardaşlığa nə qədər ehtiyac var. Azəri bacı-qardaşlarımız ən kiçik maddi və tibbi yardım üçün İrana üz tutur. Biz onlara zərrə qədər əl tuta biliriksə bundan məmnunuq.
Mən ümid edirəm ki, qarşıdan gələn il xalqlarımız üçün uğurlu olacaq. Həm İranda, həm də Azərbaycanda prezident seçkiləri gəlir. Dünya bu marafonları izləyəcək. Dünya görəcək ki, hansı ölkədə azad söz, azad insanlar iş başındadır. Bu gün mənim Araz kənarında müzakirələrimə müsbət cavab gəlmədi. Amma mətbuatda gedən məktublaşmalarda bir çox qaranlıq nöqtələr aydınlaşdı. Qarşıdakı seçkilərdən gözaydınlığı ümidi ilə. Sevimli azəri bacı-qardaşlarımı Allaha əmanət tapşırıram.

Mənsur Həqiqətpur              Arannews

Комментариев нет:

Отправить комментарий