22.03.2013

Azərbaycan Yazıçılar Birliyində Vahid Aslanın kitablarının təqdimatı keçirildi

14.03.2013- cü il tarixində Yazıçılar Birliyində bir izdiham vardı: tələbə-gənclər, şair və yazıçılar, jurnalistlər…
Bu qədər insanı bir yerə toplayan səbəb nə, səbəbkar kim idi?
Vahid Aslan. Həm yazıçı- şair, həm jurnalist, həm də müəllim Vahid Aslan. O, zəhmətsevərliyi sayəsində bu üç peşənin öhdəsindən gələ bilir. Vahid Aslan istedadlı bir insandır. Əsl istedadlarda isə hər şey sadə və səmimidir. Vahid müəllimin sevilməsinin əsas səbəbi də elə sadə, səmimi yazılarıdır. Bu gün isə onun iki kitabı: “Əkiz ruhlar” və “ Riyaziyyat və poeziya” adlı kitabları oxuculara təqdim olunur.
“Əkiz ruhlar” kitabının redaktoru xalq şairi Nəriman Həsənzadə, ön sözün müəllifi isə tanınmış filoloq, professor Maarifə Hacıyevadır.

“ Riyaziyyat və poeziya” kitabının redaktoru filologiya elmləri doktoru Həcər Hüseynova, ön sözün müəllifi isə tanınmış şair İlyas Tapdıqdır.
Təqdimat mərasimini kitabın naşiri və şair Musa Ələkbərli açdı və qonaqları salamladı. Vahidin əsərlərinin poetikliyindən, səmimiliyindən bəhs edərək hər iki kitab haqqında məlumat verdi. İlk növbədə, “ Əkiz ruhlar” kitabının şəhid- qəhrəman Nizami Aydına və onun simasında bütün Azərbaycan və türk dünyası şəhidlərinə həsr olunduğunu qeyd etdi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra Milli Məclisin deputatı, şair Musa Uruda söz verildi.
Musa Urud qəhrəman Nizami Aydının həyatından müxtəlif fraqmentləri diqqətə çatdırdı. Qəhər onu boğsa da, özünü toplayıb fikirlərini belə  bir cümlə ilə tamamladı: “ Şəhidlərimizin ruhları narahatdır. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini davam etdirən İlham Əliyev cənablarının başçılığı ilə Qarabağda üçrəngli bayrağımız dalğalananda bütün şəhidlərimizin, eləcə də Nizami Aydının ruhu rahatlıq tapacaq. O gün tezliklə gələcək. Vahid Aslanın Nizami Aydına həsr etdiyi bu kitab isə dəyərli, vaxtında yazılmış bir əsərdir, müəllifin şəhidin ailəsinə kiçik bir hədiyyəsidir. Vahid Aslana gələcək işlərində uğurlar arzu edirəm”.
Bundan sonra Musa Ələkbərli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, ombudsman Elmira Süleymanovaya söz verdi. Elmira xanım da şəhid-qəhrəman Nizami Aydının igidliyindən, qırx nəfərin həyatını qorumaq üçün özünü çəhid etməsindən danışdı, eyni zamanda digər şəhidlərimizi – Mübarizi, Fəridi və başqalarını da yada saldı, Vahid Aslanın “Əkiz ruhlar” kitabının  bütün şəhidlərimizə həsr olunduğunu diqqətə çatdırdı və müəllifə belə bir xeyirxah işi həyata keçirdiyinə görə  təşəkkürünü bildirdi.
Daha sonra ATU- nun professoru, Nəsimi rayonu YAP Qadınlar Şurasının sədri Məhbubə Vəliyevaya söz verildi. Məhbubə xanım da öz növbəsində yazıçıya bu işində uğurlar dilədi və xalqımızın şəhidlərin ruhunu daim uca tutacağını, onların həyatlarını qurban verdikləri məqsədlərin mütləq reallaşacağını söylədi. Məhbubə xanım Vahid Aslanın ikinci kitabına da diqqəti yönəltdi. Riyaziyyatla poeziyanın qırılmaz tellərlə bağlı olduğunu, riyaziyyatdakı dəqiqliyin, sistemliliyin şeirdə, poeziyada da əsas olduğunu nəzərə çatdırdı. Kitabdakı rəqəmlərin dialoqunu, riyazi terminlərin dəqiq əlamətlərini əks etdirən poetik  parçaların mükəmməlliyini yüksək qiymətləndirdi.
Daha sonra şairlərdən Əkbər Qoşalı, Qəşəm Nəcəfzadə, Gülayə, Hacı Loğman, Məhərrəm Şəmkirli, Akif Azalp, ədəbiyyat qəzetinin əməkdaşı Sərvaz Hüseynoğlu ADPU-nun professoru Azadxan Adıgözəlov, orta məktəb nümayəndələri və başqaları çıxış edərək, tədbir haqqında fikirlərini bildirdilər. Hər kəs öz çıxışında Nizami Aydının qəhrəmanlığını nümunə göstərməklə, bütün şəhidlərin xatirəsinin anıldığı tədbirə və “Əkiz ruhlar” əsərinin müəllifinə vətəndaşlıq borcu olaraq belə bir mövzuya müraciət etdiyinə görə  minnətdarlığını bildirdi.
Sonda şəhid – şair Nizami Aydının oğlu Cavidə söz verildi. O da öz növbəsində ailəsi adından atasına belə bir əsər həsr etdiyinə görə Vahid Aslana, təqdimatın təşkilinə görə Azərbaycan Yazıçılar Birliyinin kollektivinə və təqdimatın iştirakçılarına minnətdarlığını bildirdi.

Həcər Hüseynova, Filologiya elmləri doktoru

Комментариев нет:

Отправить комментарий