29.03.2013

Qızdırmalı faiz dərəcələri

Elçin Bayramlı

Kommersiya bankları pul və istehlak kreditlərini həmişə geninə-boluna reklam edirlər. Hətta iş o yerə çatıb ki, bu yaxınlaradək 1-2 min manat kredit üçün xeyli sənəd və şərt tələb edən bəzi banklar indi Bakı qeydiyyatı, iş yerindən arayış, iş stajı və maaş məbləği kimi əsas şərtlərdən də imtina ediblər. Reklamlarda deyilir ki, istənilən vətəndaş tək şəxsiyyət vəsiqəsi ilə kredit götürə bilər. Bəs nə baş verib? Həqiqətənmi banklar bu şərtlə kredit verirlər? Ümumiyyətlə, kreditlərin astronomik faizlərini necə izah etmək olar? Bu suallara cavab axtarmağa çalışdıq.
Bankların fiziki və hüquqi şəxslərə verdiyi kreditlərin faizlərinin yüksək olması, problemli kreditlərin artması bəzi millət vəkillərini də narahat edib. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvü Çinqiz Əsədullayev məsələ ilə bağlı narahatlıqlarını bildiriblər.

Millət vəkillərinin fikrincə, istehlak kreditləşməsinin sürətlə artması ölkə iqtisadiyyatı üçün təhlükə yaradır. Z.Səmədzadə qeyd edib ki, sonuncu dünya maliyyə böhranı məhz istehlak kreditləşməsinin həddindən artıq genişlənməsi səbəbindən başlayıb, sonradan böhran iqtisadiyyatın digər sahələrinə də keçib. 
Ötən ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin ümumi həcmi 4,3 milyard manata çatıb. Bu, bank sistemi üzrə məcmu kredit qoyuluşlarının 35 faizdən çoxunu təşkil edir ki, digər kreditləşdirilən sahələrlə müqayisədə ən yüksək göstəricidir. İstehlak kreditlərinin illik artımı 31 faizə bərabərdir və bu illik artım tempi Azərbaycan bank sistemi üçün artıq ənənəvidir.

Orta əməkhaqqı alan vətəndaş 1000 manat krediti götürə bilməz?

Banklar əsasən istehlak kreditlərini reklam edirlər. Çünki burada daha çox faiz əldə olunur və vəsait daha tez geri qaytarılır. Risk faktoru da aşağıdır. Heç kəsə sirr deyil ki, Azərbaycan dünyada bank kreditlərinin faizinin dəhşətli dərəcədə yüksək olduğu ölkələrdəndir. Burda adi kreditləri ortalama 25-30 faizlə, üstəlik, uzunmüddətli yox, qısamüddətli (6 ay-2 il) verirlər. 
İstehlak kreditlərinin əhaliyə yüksək faizlə verilməsindən banklar və firmalar daha çox qazanır. Vətəndaş isə 1000 manatlıq bir malı 1 illiyə kreditlə götürəndə ona 1250 manata (2 illiyə götürəndə 1500 manata) başa gəlir. Dünyanın heç bir ölkəsində belə soyğunçu faiz dərəcələri yoxdur.
Bir müddət əvvəl həmkarlarımızdan birinə 1000 manat kredit götürmək lazım idi. Həmkarımızın şəxsiyyət vəsiqəsini və 5 il stajla 400 manat maaşa işlədiyi haqda arayışı, həmçinin zaminin də 400 manat maaş alması haqda arayışı və şəxsiyyət vəsiqəsini bir neçə banka təqdim etdik. Dedilər ki, 1000 manat kredit götürmək üçün 400 manat maaş azdır.
Fikir verin, kredit qaydalarına görə, kredit götürən şəxsin aylıq ödənişi əməkhaqqının yarısından çox olmamalıdır. Lakin qeyd etdiyimiz halda ödəniş əməkhaqqının 15 faizindən azını təşkil edəcəkdi. Yəni, tələb olunandan 3-4 dəfə yüksək göstərici ilə ona kredit verilmədi. 
Bank əməkdaşlarına Azərbaycanda orta əməkhaqqının 400 manat olduğunu və müraciət edənin də bu qədər aldığını xatırlatsaq da xeyri olmadı. Dünyanın heç bir ölkəsində orta əməkhaqqı alan vətəndaşa bundan cəmisi 2,5 dəfə çox məbləğdə kredit verilməsindən imtina halı yoxdur.

Azərbaycanda kredit faizi başqa ölkələrdən 3-5 dəfə  yüksəkdir

Məsələ ilə bağlı kredit bazarında böyük paya malik bir neçə bankla əlaqə saxladıq. Məlum oldu ki, bütün məişət əşyalarının və texnoloji avadanlıqların verilməsi zamanı şəxsiyyət vəsiqəsi ilə yanaşı, iş yerindən arayış da tələb edilir. Ən yaxşı halda iş yerindən arayış olmasa da, oranın adını və koordinatlarını götürüb araşdırırlar ki, müştəri orda hansı vəzifədə neçə vaxtdır işləyir, nə qədər maaş alır və s.
Alıcı Bakı şəhərində qeydiyyatda olmalı, dövlət müəssisəsində və ya tanınmış, sabit maliyyə dövrüyyəsinə malik özəl şirkətdə çalışmalıdır. Kredit məbləği 1000-dən artıq olduqda zamin də tələb olunur. 
İri kommersiya banklarında kreditin ümumiləşdirilmiş şərtləri:

Kreditin məbləği - 300-5000 manat;
Kreditin müddəti - 6 aydan 24 aya qədər;
Real faiz dərəcəsi- 25-30 faiz (illik);
Komissiya - 15-100 manat;
Kreditin təminatı- zamin, qızıl...

Banklar biznes kreditlərini 16 faizlə və 60 ayadək verir. Göründüyü kimi, vəziyyət dəhşətlidir. Əhaliyə istehlak krediti biznes kreditindən 2 dəfə daha ağır şərtlərlə verilir. Halbuki məntiqlə eyni faizlə olmalıdır. Nəzərə alınmalıdır ki, istehlak kreditindən vətəndaş heç nə qazanmır, əksinə itirir, biznes kreditindən isə pul qazanırlar.
Qonşu ölkələrdə kredit faizləri bizdəkindən dəfələrlə aşağıdır. Almaniya, Finlandiya, Belçika, Lüksemburq və Fransada faiz dərəcələri müddətindən asılı olaraq 2-7 faiz təşkil edir. ABŞ-da isə bu göstərici 5 faizdən çox deyil. Çində 6, Braziliyada 5,  Avstraliyada 3, Norveçdə 2-3 faiz ətrafındadır. 
Rusiyada və Türkiyədə  10 faizədək dərəcəylə istehlak və biznes kreditləri götürmək olur. MDB ölkələrinin çoxunda faizlər 10-20 faiz arasında dəyişir. 

“Əhalinin ehtiyacından istifadə edirlər”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov deyir ki, MDB məkanında ən yuxarı faizlə kredit verən Azərbaycan bankları alternativsizlikdən və əhalinin ehtiyacından istifadə edir: “MDB məkanında ən yüksək faizlə kredit verilən 3 ölkədən biri Azərbaycandır. Bizim kommersiya bankları digər sektorlarda mənfəət normasının yüksək olmasından yararlanmağa, qısa müddətdə daha çox pul qazanmağa çalışırlar. Problemin başqa bir səbəbi isə, bəzi banklarda menecment işinin zəif olması ilə bağlıdır”. 
İSİM rəhbərinin sözlərinə görə, kredit faizlərinin yüksək olması əsasən bəzi bankların qısa müddətdə böyük gəlir əldə etmək istəyi ilə bağlıdı: “Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 5 faizini təşkil edir. Bu da kommersiya banklarının vəsaitlərin 95 faizini kənardan cəlb etmələrinə səbəb olur. Hazırda Azərbaycanda girovsuz biznes krediti təklif olunmur. Halbuki Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatının meyarlarında kiçik və orta, eləcə də, regionlardakı sahibkarlığın inkişafı üçün başlanğıc kreditlərin verilməsi tövsiyə olunur. Çünki regionlarda elə sahibkarlar var ki, kredit almaq üçün onların girov qoymağa əmlakı və digər vasitələri yoxdur”. 
İqtisadçı ekspert Nazim Məmmədovun fikrincə, problemin bir tərəfi də Mərkəzi Bankın kommersiya banklarına vəsait ayırmamasıdır: “Uçot dərəcəsin aşağı salmaqla və ya tövsiyə verməklə problem həll olunmur. Kommersiya banklarının Mərkəzi Bankdan vəsait götürmək imkanı olmalıdır. Bu yoxdursa, uçot dərəcəsinin aşağı və ya yuxarı olmasının nə əhəmiyyəti var? Bizim kommersiya bankları cəlb etdikləri vəsaitin cəmi 5 faizini Mərkəzi Bankdan cəlb edirlər. Bu halda Mərkəzi Bank kommersiya banklarından kredit faizlərini endirməsini necə tələb edə bilər? Əgər Mərkəzi Bank kommersiya banklarını vəsaitlərlə təmin etsə, onda Mərkəzi Bankın onlara nəzarət funksiyası da artar. Bizdə kommersiya bankları əsasən müxtəlif dövlət layihələrinə ayrılan investisiya vəsaitlərinin nağdlaşdırılması və dolayı yolla kölgə iqtisadiyyatına xidmət etməklə məşğul olurlar. Bu klassik bank sistemində tamam fərqli bir vəziyyətdir”. 

teleqraf.com

Комментариев нет:

Отправить комментарий