25.03.2013

Əli Hacı - Gənclik şeirlərindən

Aylı gecə

Yar görüşünə gecələr çıxmışam,
Bütün sevənləri çağırıb,
Sənin işığına yığmışam,
Aylı gecə.

Ordan- burdan söz düşübdür,
Mətləbə çatana kimi.
Necə yol küsüb- barışmışıq,
Yuxu tutub yatana kimi.

Görüş yerimizi
Dəyişə- dəyişə yorulmuşuq.
Bir ünvanı seçmək üçün
Bir gün evə qovulmuşuq,
Aylı gecə.


Aylı gecələri görəcəyim yox

Aylı gecələrdə itirdim səni,
Aylı gecələri görəcəyim yox.
Nə mənim bir daha səni sevməyim,
Nə sənin geriyə dönəcəyin yox.

Getdin, o yollara dikildi gözüm,
Nə göy xəbər verdi, nəyer aradı.
Getdiyin yollardan çəkildi gözüm,
Bildim gəlin gedən yerin haradır!

Getdin, o ev sənin,o eşik sənin,
Bəs mənə vurduğun bu od kimindir?!
O oğul, o uşaq, o beşik sənin,
Qalıb doğmalaşan bu ad kimindir?!

Gəl, götür adını, odunu məndən,
Firkin, əməllərin pozanmış demə.
Qopar dodağının dadını məndən
Dodağın hər üzü yazanmış demə.

Vurduğun yaralar sağalmaz daha
Gedəcək, gedəcək ömrüm uzunu.
Mənim göz yaşıma, çəkdiyim aha,
Daha qaytarmazlar o yad qızını.

Aylı gecələrdə itirdim səni,
Aylı gecələri görəcəyim yox.
Nə mənim bir daha səni sevməyim,
Nə sənin geriyə dönəcəyin yox.

Məni bağışla

Qalıbdır qəlbimdə xatirə kimi
O sənli günlərim,o sənli çağlar.
Indi ürəyimə axır göz yaşım,
Indi ürəyimdə bir sevda ağlar.
Qapına gəlmişəm bir yalvarışla,
Illərlə qəlbində yandığın eşqə,
Məni bağışla.

O eşqim su kimi içilib gedib,
Alnıma yazılan günahım oldu.
Bir yol keçəsiydim,keçilib gedib,
Öz əlim,öz başım,öz ahım oldu.
O eşqə, o günə inanmadım mən,
Baxdım istəyinə ögey baxışla,
Məni bağışla.

 Niyə o eşqə düşürdün,niyə?!
 Bir vaxt ürəyimdə donacaqdısa,
 Bəs niyə qoydum ki, özgənin olsun,
 Sonradan ürəyim yanacaqdısa.
 Keçən günlərimi daş götür,daşla,
 Sən Allah,
 Gələn günlərimə məni bağışla.

 Getdin,ürəyində apardın məni,
 O dərdi qəlbindən silə bilmədim.
 Əyilməz eşqinin qarşısında mən,
 Eh..,ölə bilərdim,ölə bilmədim.
 Bu yerə,bu göyə məni bağışla.
 Döymə ürəyimi o göz yaşınla,
 Oğluna,qızına məni bağışla.

Qızılgül

O qız məni gözləmədi, nə deyim,
Bir vurardı ürəyiylə ürəyim.
Ürəyimdə heçə döndü diləyim,
Bu dərdimi istəyirəm sən də bil,
Qızılgül.

Belə bəxti kim vermişdi, de, mənə
Könül verdim üzdə məni sevənə.
Səni dərdim demədimmi mən sənə:
Bir mənə də yar əlində ağla gün,
Qızılgül,

Gəlişinə qurban dedim o qıza,
Görüşündə səni verdim o qıza,
Sınıq könlüm eşqə düşə, yol aza,
Əllərimə çətin bir də alam gül,
Qızılgül,

Əllərində tikan olub o günü,
Kaş sancaydım özgə alan könlünü.
Bir güldanda uzadaraq ömrünü
Qoymayaydın yada baxa o könül,
Qızılgül,

Sənə nə var, sənin dərdin başqadır,
Atılsan da, sabah yerin başdadır.
Mənim gözüm ləçəyini yaşardır,
Get, qovuşan o əllərdə sevil, gül,
Qızılgül,

Gəlmişəm

Uzaq yollarım yaxın,
Gülüm, mənəm, gəlmişəm.
Illərlə gözlədiyin
Həsrətinəm, gəlmişəm.

Əvəzsiz  gözəlimsən,
Üzünü gizləmişən,
Hər gecə gözləmisən,
Töhmətinə gəlmişəm.

Mələkdir, mələk soyun,
Elə bu axşam toyun.
Verilən ömür boyu,
Möhlətinə gəlmişəm.

Mənəm dərdimə şaman,
Üzünə namaz qılan.
Gözlərimdə o qalan
Surətinə gəlmişəm.

Sevda tək noğlu olan,
Mən adlı nağlı olan.
Gecələr ağrın olan,
Həsrətinə gəlmişəm.

Bənövşə

Bənövşəyə kim baxdı,
Boynu bükülü qaldı.
Ona baxan gözlərin
Yaşı tökülü qaldı.

Gəldim evim tikməyə,
Dərd evini sökməyə.
Ona bir baş çəkməyə,
Boynum bükülü qaldı.

Bu gülün nə kefinə
Kim ağlaya,sevinə.
Tələsdim haqq evinə,
Evim sökülü qaldı.

Bunun yoxmu qoxusu?!
Canı almaq qorxusu.
Bu gül-Əsli yaxası,
Kərəmin külü qaldı.

Bunun bir boyuna bax,
Bükülü boynuna bax.
Taleyin oynuna bax
Baxan sevgili qaldı.

Əli Hacı Ağaevli 1963 cü il Həştərxanbazar (Cəlilabad) rayonunun Hovuzbulaq kəndində anadan olub.1980-cı ildə orta məktəbi bitirmişdir.
1981-1983-cü illərdə keçmiş Sovet Ordusu sıralarında Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuşdur.
1983 cü ildən siyasi fəaliyyətə başlamış,(Odlar yurdu),(Çənlibel),(Varlıq),1987 ci ildən Azərbaycan Milli Azadlıq Hərakatının öncullərindən olmuşdur.
1984-1990 cı illərdə Bakı Dövlət Unveristetinin hüquq fakültəsini bitirmişdir.
Cənub Rayon Neft donanmasında, Qaradağ Rayon Komsomol komitəsində katib,sonradan Neft və Qaz Kəşfiyyat idarəsində hüquqşünas,baş hüquqşünas vəzifələrində işləmişdir.Sonraki illərdə "Qaradağ" qəzetində tərcüməçi-muxbir,müstəqil ictimai-siyasi mətbu orqanı olan " Varliq" qəzetinin təsisçisi,naşiri və baş redaktoru olmuşdur.
1996-1998 ci illərdə "Varlıq" şirkətinin prezidenti kimi fəaliyyət göstərmişdir.
1998-2004 cü illərdə Kommersiya və Sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
2005-ci ildə 29 saylı Səbayıl, 2010-cu ildə 34 sayılı Xətai seçki dairəsindən Azerbaycan Resublikası Milli Məclisinə namizədliyini irəli sürmüşdür.
2007- ildən bu günə kimi Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin direktoru vəzifəsində çalışır.
2008-ci ildə Azerbaycan Resublikası Prezidentliyine namizədliyini irəli sürmüşdür.
Əli Hacı Ağaevli Azərbaycan Ədəbiyyatı və İctimayetində sufi şair kimi tanınır. "Ruhumuzun nəğmələri"(1996),"Ruhumuz çəkər göyə" (1997 Ankara,Türkiyə), "Qoyun qisas alan gəlsin"(1998), "Buda mənəm ilahi !"(2005), Dünyadan qadın iysi gəlir (2007 Təbriz) şerlər kitabının, "Avesta və müasir dünya" adlı elmi-fəlsəfi əsərin müəllifidir.
2010-cu ildə Əli Hacı Ağaevli Milli Mətbuatımızın 135 illiyinə həsr olunmuş tədbirdə Fəxri Diplom ilə təltif olunub.
Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin I müavinidir.   

Комментариев нет:

Отправить комментарий