27.03.2013

Faiq Balabəyli - QALIM

Çıxım öz içimdən, bir görüm nə var
özümə nə qədər qapılıb qalım.
Mənim tutduqlarım məni atıblar
gedib dərdlilərə qatılıb qalım.

Gedirəm, Göy üzü gözümə hopub,
vücudum kölgə tək torpağa hopub.
Hopduğum torpağın bağrından qopub
toz kimi üstünə atılıb qalım.

Ölüm! Ölməyimlə qurtarsın bu iş,
ölüm, qiyamətə qalsın bu görüş!
Ölməsəm, imkan tap elə bir gediş
bağlansın dil-ağzım, mat olub qalım.


Çəkibdi bu hu həsrət gör hara məni
atıbdır bir qərib diyara məni.
Qul təki çəkiblər bazara məni
al məni qoy sənə satılıb qalım.

Комментариев нет:

Отправить комментарий