Kamal Yaşar
Aqşin Yenisey və Şərif Ağayara Ramazan boxçası
Ədəbi mühitdə olanları da, onun yan – yörəsində fırlananları da, söz aparıb – gətirənləri də, ümumiyyətlə aparıb – gətirənləri də peşəm gərəyi tanıyıram. Təbii ki bu siyahıda Aqşin Yenisey ismi də var. Ancaq bu yazımla Aqşini, onun yazısını, yanaşmasını tənqid edəcəyimi nəzərə alıb düşündüm ki, ondan fərqli olaraq bilmədiyim bir şeydən danışıb “birtəhər” duruma düşməmək üçün tənqid edəcəyim obyekti, yəni Aqşini daha yaxşı tanımalıyam.
Ozü də yazacağım bu yazı onun musahibəsində dediyi kimi “ironik” bir yazı olacaq.. Əvvəlcədən qeyd edim ki, mən “dindar qardaş” filan deyiləm, adi bir vətəndaşam, (həm də klaviatura adamıyam) sıravı müsəlmanam və fikirlərim də bir jurnalist, vətəndaş mövqeyidir. Bu yazından sonra müsəlmanlar tərəfindən sənə hər hansı bir cavab verilmədiyinə görə (sənin özündən quyrultduğun geydirmə “təhdidçi”lərdən danışmıram) mən sənə izahlı cavab vermək qərarına gəldim. Ancaq düşünmürəm ki, onların verəcəyi cavab yoxdur, ya sənin dediyin kimi içlərində intellektual çəkiyə malik biri yoxdur...
Yox qətiyyən belə deyil. Ən azı müşahidələrimdən, ara – sıra hansısa çəkilişlərdə, tədbirlərdə, efirdə rastlaşdığım mənzərələrdən sənə deyə bilərəm ki, o bəyənmədiyiniz müsəlmanların arasında kifayət qədər intellektual çəkiyə sahib olan insanlar var və sən onlara böhtan atdığın zaman onlar daha vacib işlərlə məşğul idilər. Məsələn, elə sənin yazın çap olunandan bir neçə gün sonra İlahiyyatçı Hacı Şahin Həsənli Avrasiya Maarifçi Gənclər Klubunun təşkilatçılığı ilə Bakı Avrasiya Universitetində "Mübarək Ramazan Fəlsəfəsi" mövzusunda təşkil olunan seminarda gənclərlə, sağlam təfəkkür sahibləri ilə (lətifəsi səndən uzaq) görüş keçiridi. Ümumiyyətlə elə onların böyüklüyü ondadır ki, bu vəziyyətdə oyuna gəlib sənə nə isə demədilər... Gördüyüm qədəri ilə onlar da dərslərindən beşdirlər. Ona görə də obyektivlik və ədalət naminə mən, sənin ədalətsiz mövqedə dayandığın bu məsələdə müsəlmanların tərəfindəyəm, (çünki mənin bir jurnalist kimi sənə mövqe bildirməyimə heç kim mız qoya bilməz) hətta onlardan bir addım da irəlidəyəm sənə qarşı.
Siz bəlkə corabınıza da postcorab deyirsiniz ki, fərqli olsun...
Beləliklə, yazının əvvəlində dediyim kimi səni tanımaq üçün xatırlamağa başladım və əzizim Aqşin, dərhal xatırladım ki, səni iki dəfə ans – in efirində görmüşəm. “Azərbaycan mədəniyyətinin və poeziyasının çox böyük himayədarı” olan Rövşanə bajının verilişində başlamışdın ki, ədəbiyyatın, müəllifin tərbiyələndirmək kimi bir öhdəçiliyi yoxdu və.s Onda səhv eləmirəmsə sizin o məşhur yazar “bajınız” da orada idi. Bir də o indi xaricdə “nümunəvi” yazar həyatı yaşayan qardaşınız. Yeri gəlmişkən o da çox kreativ “mübarizə” aparır. Verilişdə deyirdi ki, kitabımın üzünə lüt erməni qızı şəkli vurmuşam ki, o qızı da, erməniləri də təhqir edim. Aləmsiniz ey vallah. Siz bəlkə corabınıza da postcorab deyirsiniz ki, fərqli olsun. Axı siz novatorlarsınız. İkinci verilişdə isə Elşad Miri ilə bir debat olmuşdu. Yəqin onda da sənin müsəlmanlara olan “humanist” duyğularının aşıb – daşan vaxtı imiş. İncimə ancaq gərək bunları deyim ki, bu camaat da səni elə olduğun kimi tanısın da. Axı sən maşallah göz dəyməsin cəmiyyətdə dinin problemlərini öz çiynində daşımağa hazır olan oğlansan, fədaisən və zaman – zaman bu məsələlərə qayıdırsan. Həm deyirəm bəlkə sən də özünün əslində kim olduğunu xatırlayasan və beləcə mən də savaba batmış olam. Deməli o verilişdə belə bir məqam oldu. Sən müsəlmanlığın “problemlərini” saymağa başladın və birdən çox “dahiyanə” bir sifət alıb “siz heç bilirsinizmi Səudiyyə Ərəbistanında universitet yoxdur” dedin. Elə həmin andaca qarşı tərəfdən gülüş səsləri eşidildi və Elşad Miri sənə dedi ki, arxa oturacaqda əyləşən bu gənclərin bir neçəsi məhz həmin Səudiyyə Ərəbistanındakı universitetinin məzunlarıdır. Əzizim Aqşin, bu vəziyyətə türkcə “kapak” deyirlər qadanalım. Allah heç kimi sənin o andakı vəziyyətinə salmasın. Yəqin bilirsən ki, sənin o an düşdüyün o vəziyyət nə idi. Bax elə həmin an Elşad bəy haqlı olaraq dedi ki, bu gün cəmiyyətdə ətrafında, dünyada baş verənlərdən xəbərdar olmayan, ən primitiv məlumatlardan belə xəbərsiz olan sən və sənin timsalında bir çoxu özünə yazıçı, şair filan deyir. Sən isə yenə utanmaz – utanmaz qayıtdın ki, “mən inanmıram Səudiyyədə universitet olduğuna”. O yenə həmin tələbələri göstərəndə sən dedin ki, “mən internetə inanıram, orada da axtarmışam deyir yoxdu”. Bax sən bu qədər dayaz təfəkkürün sahibisən əzizim. (Əgər unutmusansa yotube.com - da rahat baxa bilərsən)Yazını yazarkən düşündüm ki, bəlkə o vaxt Elşad Miri auditoriyaya, ans-in tezliklərinə cin zad yollayıb ki, səni bağlasın, ya da o verilişdə deyilənlər efirdə elə səslənsin. Amma yox ey, bu gün də o sənin inandığın internetdə baxdım ki, elə televiziyada necə idisə qurbanolduğum internetdə də elədi. İstəsən bir gir bax, nostalgiya pis gəlməz.
Sonralar səni bir az da Ramiz Rövşənə “o mənim üçün kartofunu tərifləyən Gədəbəylidir” deyəndə tanıdım... Ən sonunda da bir neçə ay öncə fəvvarələr meydanında təşkil olunan o kütləvi yürüşlərdə köhnə dostlarına “kuklalar”, “istifadə olunanlar” filan demişdin və o zaman da sənə bircə kəlmə irad edən “eski arkadaşın” Seymur Baycana o qaşını alır, ay nə bilim nə eləyirdi ki, posta çıxmasın demişdin. Hələ demişdin ki, başqa şeylər də var... O yetimin də deyəsən sonra heç səsi – sovu çıxmadı. Bax sən bu qədər “intiligent” və bu qədər gözəl həyat arxivinə, “nümunəvi” yaşam tərzinə malik bir oğlansan. İndi sənin buraxdığın bu qədər “xoruz”lardan sonra niyə düşünürsən ki, ağlı başında olan adamlar səni kimi birinə, sənin yazdığın “tənqid”in səmimiliyinə inanmalıdır? (Sənin “fanatlar”in xaric). Sənin toxunduğun bu dini mövzuya gəlincə təbii ki, mən qaragün də səni kimi dinin gözünü kor qoyub “dini məlumatlar”a yox, sadəcə normal bir müasir insan kimi həqiqətən dini məlumatlara, dini fəlsəfi görüşlərə, cərəyanlara zaman – zaman nəzər salmışam və bu mövzulardan məlumatlıyam. Həmçinin siz “postmodernist – aykidoistlerin” bəyənmədiyi şərq ədbiyyatını daha çox sevdiyimə görə bu biliklərə də yiyələnməyim vacibiydi. Ancaq önəmi yoxdu sən məni dindar, ağ iyləyən ya nəbilim ürəyin necə istəyirsə elə də qəbul edə bilərsən.
Vedrə - 1-ci veriliş Aqşin Yeniseyə həsr olunur...
Deməli belə, ilk olaraq əlahəzrət Aqşin Yenisey, səni bu yazın munasibətilə təbrik edirəm. Çünki belə yazıların, yanaşmaların ortaya qoyulması həm aqşinkimilərin, həm də onun hədəf aldığı qarşı tərəfin əslində hansı fikrə, gücə, səviyyəyə malik olduqlarını göstərir. Hörmətli Aqşin bəy, əgər kimsə səni bu yazıya gorə “ölüm”lə hədələyibsə bil ki, əvvəla o müsəlman deyil (ya da hələ fitnələrə qarşı “bişməmiş” müsəlmandı). Çünki ən azı səmimi deyil. Əgər dediyində səmimi olsaydı, ona həqiqətən səni öldürmək gərəkdirsə, gəlib səni öldürərdi. Digər tərəfdən onu “deyən” “müsəlman” o qədər qanmaz olmalıdır ki, bu sözü deməklə elə sənin də bərk – bərk yapışdığın Rafiq Tağı olayının səbəbkarlığını boynuna götürmüş olsun. Daha bir məqam da budur ki, sənin car çəkdiyin kimi heç kim əslində sənə necə və hansı formada “təhdidlərin” gəldiyini bilmir. Buna baxmayaraq sən belə bir şeyin olduğunu iddia edir və bununla da cəmiyyətdəki bütün müsəlmanları, dindarları hədəfə alırsan. Halbuki dediyin, iddia etdiyin “təhdidçilərin” arasında bir dənə də olsun cəmiyyətdə dini üst qurumda təmsil edən, sima kimi tanınan adam yoxdu. Səncə sənin qeyri – obyektivliyin, cəmiyyətin fikrini məqsədli şəkildə istədiyin axara yönəltməyin, “məni öldürürlər, dograyırlar” deməklə özünə “xal” yığmağın və bununla da əsassız olaraq dindarları qaraguruh kimi tanıtmağın özü bir cinayət deyilmi? Yoxsa elə bilirsən camaat fil qulağında yatır? Niyə əgər varsa o “təhdidçilərdən” birinin adını çəkmirsən? Lap deyək ki, hansısa adi, sıravi bir adamdı, dindardı, hər kimdirsə həqiqətən sənə bir şey deyib və ya yazıb. Səncə bunu bütün dindarların ayağına yazmaq və bununla da hamını qaralamaq doğrudurmu? Bundan əlavə sən də, mən də, cəmiyyət də bilirik ki, bu Rafiq Tağı olayının səbəbkarı müsəlmanlar deyil. Ən azından ona gorə ki, bu məqam istintaqın gedişində aşkarlanmadı. Bu müsəlman o qədərmi güclu oldu ki, Rafiq Tağı vuruldu, üstəgəl xəstəxanada mətbuata müsahibə də verdi və birdən elə oradaca “qəfil” öldü. Yeməzlər əzizim... Həm axı yetim musəlmanın dərdimi yoxdur ki, durub Rafiq Tağını öldürsün və indi da Aqşinə böö eləsin ki, bax eləmə ha yoxsa səni də öldürərik. Deməli sənin bu arqumentin qüvvədən düşür və bu zaman incimə, ortaya bizim milli “dartma yaxam cırıldı”məsələsi gəlir ki, bunu da sag olsun elə sənin “tənqid” etdiyin ramazan ayının ilk günündə fəaliyyətə başlayan Qütb tv çox gözəl şəkildə işıqlandırıb. (Youtube.com Vedrə - 1-ci veriliş Aqşin Yeniseyə həsr olunur) Yəni təxminən belə: “ayy, qurbanolum qoymayin məni öldürdülər, məni şaqqaladılar, ay avropa, ay filan, ay behman bəs baxın da mən yenilikçiyəm (yenilik haa) burada da mənim “yeni”liyimə mane olurlar görün neyləyirsiz. Çox demirəm ey elə bir az pul zad, bir də yaşayış, ayrı nə istəyəsiyəm ki, şair adamam”. Yəni bax, təxminən belə. Axı bu sənin “məni də Rafiq Tağının aqibəti ilə hədələyirlər” sözündən sonra daha da real variant kimi görünür... Yeri gəlmişkən o verilişə mütləq bax, çox kreativ bir yanaşması var. Məşhur oldun belədi da, şəninə veriliş zad hazırlayırlar.
Sizin məşhur müqəddəs atanız Rafiq Tağı...
İndi gəl bütün bunları bir kənara qoyaq və düşünək ki, sən çox savadlı, intellektual, ay nə bilim ey qoymaharay oğlansan və aralamasalar göydə üç saat yarım dalaşırsan filan. Onda belə bir məsələ ortalığa çıxır. Belə ki, movzudan, sahədən asılı olmayaraq istənilən tənqid yazan şəxs həmin sahəni mukəmməl bilməlidir. Əks halda onun yazısı bax elə sənin o yazın kimi tipik “mız” və “keçi suyu bulandirmasi”ndan bashqa bir şey deyil. Çünki istənilən tənqidçi öz tənqidlərini, iradlarını bildirəndən sonra özünün alternativ variantlarını təklif edir və ya ən azından çıxış yolunu göstərir. Bax indi sənə sual verirəm. Sən o yazında hər hansı bir çıxış yolu və ya alternativ variant təklif etmisənmi? Yoxsa deyəcəksən ki, sənin dediklərin sadəcə ironiya idi?.. Yoxsa özünü Sabir və yaxud Cəlil Məmmədquluzadə kimi hiss edirsən, ya Axundov, ya kim, nə? Cəlilin də, Sabirin də bütün yazılarında yanğı, millətinin halına, düşdüyü duruma acıma hiss olunurdu. Bəs sənin bu yazında nə var? Laglağıdan, məsxərədən başqa heç nə. Bax cənab yazıçı, Sabir bir tərəfdən “Harda musəlman görürəm qorxuram”ı yazırdı, bir tərəfdən də Əli Əkbərə (İmam Hüseynin Kərbəlada şəhid olan 17 yaşlı oğluna) roizə - şeir yazırdı. Bilirsən bu nədi? Bu o deməkdi ki, Sabir dinə yox, dindəki xurafata qarşı idi. Səni kimi ancaq görmək istədiyini görənlər isə hələ də elə düşünürlər ki, Sabir din əleyhdarı olub. Axundov o boyda nəhəng Füzuliyə “qarşı çıxırdı”. Ancaq bu tənqidinin səbəbi varıydı. Çünki Füzuli 400 il müddətində sözün əsl mənasında demək olar ki, ədəbiyyatı “zəbt” etmişdi, ədəbiyyata gələnlərin ondan təsirlənməməsi mümkün deyildi. Axundov isə bax məhz bu tilsimi qırmaq üçün “qarşı çıxdı”, ancaq əvəzində Azərbaycan dramaturgiyasının banisi oldu, ədəbiyyata 6 komediya, yeni fikir gətirdi. Amma sizin məşhur müqəddəs atanız Rafiq Tağı və indi bəzi qoyunlar Füzuliyə də, Nizamiyə də elə ağızlarına nə gəldi deyirlər. Cavabları bircə budu—“Axundov da eləmişdi”. Bax indi görürsən ki, səni kimilərdən xali olmayan ədəbiyyat bu gün nə vəziyyətdədi? Əzizim, bax indi sən ümumiyyətlə nə istəyirsən? Heç yazdığın yazının pis də çıxmasın dalına - qabağına, nə ilə başlayıb, nə ilə bitdiyinə baxdınmı? Başda ramazan, ortada iftiralar, lağlağı və məsxərələr (sənə ironiyanın nə olduğunu səhv öyrədiblər), sonda da həcc. Arabir də filan müsəlman ölkəsində partlayışlardan statistika və guya sən çox poetik, sətiraltılarla işləyən, ironiyasında acı həqiqətlər gizlədən bir bomba yazarsan... Olmur əzizim, vallah gülməli görünür... İstəyin elə bomba yazı yazmaq olubsa belə son nəticən zibil olub. Çünki sən nəyi və niyə istədiyini bilməmisən bax məsələ budur... Axırda da abırsız – abırsız deyirsən ki, mənə desinlər dini harada təhqir etmişəm... Həm bax gör indi sənin bilgilərin hansı səviyyədədir ki, sən müsəlmanların yanında İbrahim peyğəmbərə yalançı, uydurmaçı deyib təhqir etməyinin müsəlmanlar tərəfindən normal qarşılaşacığnı düşünürsən. Bəyəm müsəlmanlıq odur ki, Məhəmməd peyğəmbərə heç nə demə, ancaq başqa kimə istəyirsən ağzına gələni de? Hələ bir “əsas”ın da var ki, İbrahim peyğəmbər bu yalanı islahat üçün danışdı. Mən isə oxumuşam ki, əzizim, bütün dinlərdə məqsəd vasitəyə haqq qazandırmır, yəni həqiqətə çatmaq üçün yalanlardan istifadə yolverilməzdir və bu baxımdan Allahın peyğəmbəri belə “islahat” edəcək qədər kiçik deyil.
Sən Nitşenin “Antixrist” ini oxuyubsansa, hətta Nitşenin ayaqqabılarının ölçülərini də bilirsənsə...
Sonra yazında qeyd etmisən ki: “Nitşe “Antixrist” əsərində tamamilə xristian dinini tənqid edib. Bunların belə şeylərdən xəbərləri yoxdur. Ömrü boyu hədis oxumuş adamlardırlar. İşləri gücləri namaz qılmaqdan ibarət olan, özlərini Allahın yerdəki cangüdəni hesab edən insanlardırlar. “
Birincisi Nitşe etalon deyil. İkincisi də təkcə Nitşe yox Tolstoy da xristianlığı, provoslav qolunu yetərincə tənqid etmişdi. Ancaq dediyim kimi onun da yenə ən azı alternativ variantı varıydı. Yəqin ki, məşhur Azərbaycanlı hərbçi İbrahim ağa Vəkilovun milliyətcə rus olan xanımının uşaqlarının İslam dinini qəbul etmək istəkləri barədə Tolstoya məktubu və Tolstoyun məktuba cavabından çoxları xəbərdardır. Tolstoy cavab olaraq yazır: (qısa xülasəni yazıram. Əslində məktub uzundu) "Mənim üçün Muhəmmədilik xaça sitayişlə, xristianlıqla müqayisə edilməyəcək dərəcədə yüksəkdir. Əgər insan seçim hüququna malik olarsa, ağlı başında olan hər insan şübhə və tərəddüd etmədən Muhəmmədiliyi, tək olan Allahı və Onun peyğəmbərini qəbul edərdi. Bu baxımdan sizin oğlanlarınızın da bu addımına ancaq sevinmək olar" (Ədəbi Azərbaycan jurnalı No 12 1978. Səh 117 – p8) Bax görürsən ki, yenə alternativ variant var. Bundan əlavə özü dindar olan böyük mütəfəkkir Əli Şəriətinin özünün dinlə, elə orucla bağlı etdiyi nə qədər tənqidlər var. Ancaq bunların da hamısı bir şeyə xidmət edir. Tənqid olunan mövzunun, sahənin inkişafına. Bir az da müasirlərdən misal çəkim ki, sonra mız qoymayasınız, həm də bir az maraqlı olsun. Bax tənqid demiş “Çölçü” filminin tənqidindən sonra rejissor Şamil Əliyevlə tənqidçi Sevda Sultanova da nəhayət ki, ən azı facebook dostu olublarsa bunun özü də bir nəticədi və bu o deməkdir ki, onların hər iksi çəkici bir yerə vururdular – kinoya xidmətə... Çünki Sevdanın yazdığı sənin yazın kimi lağlağı yox, əsaslandırma idi və o yazısında mız qoymurdu, belə olsa belə olardı, ya da bu belə daha yaxşı olardı deyib alternativ variant təklif edirdi. Bax maşallah sənə hər yerdən misallar çəkirəm ki, bir də nə sən, nə də səni ağıldakılar belə sevdaya düşüb eynən səni kimi yazı yazanda daha əziyyət çəkib uzun – uzadı yazmaq məcburiyyətində qalmayım. “Dindarlar ancaq hədis oxuyurlar, kitab filan oxumurlar” məsələsinə gəlincə sənə deyim ki, təxminən bir həftə əvvəl gorüşdüyüm biri hazırda ticarətci, digəri də dindar, din təhsili alan uşaqlıq dostlarımdan həmin o “dindar” olanı söhbətimiz əsnasında mənə bildirdi ki, keçən dəfə təşkil olunan kitab yarmarkasında bir dəfəyə 750 manatlıq kitab alıb. Bir “dindar”ın oxuduğu o qədər kitabı isə sən bəlkə heç ömrün boyu oxumamısan. Ona görə də tanımaza – bilməzə kimə gəldi iftira atmaq lazım deyil. Həm bir Nitşeni oxumaq və sonra Dədə Qorqud kimi danışmağa, Nitşedən, Oşodan, Qandidən misal çəkməyə nə var ki. Əsas məsələ meydanda olur. Sən isə meydanda – efirdə “siz heç bilirsinizmi Səudiyyə Ərəbistanında universitet yoxdur” deyəndə iç üzünü açıb tökdün və cəmiyyətə özünün nə qədər məlumatsız biri olduğunu göstərdin. Həm tutaq ki, lap belə deyil, sən çoxlu kitab oxumusan və zor oğlansan. Əgər sən Nitşenin “Antixrist” ini oxuyubsansa, hətta Nitşenin ayaqqabılarının ölçülərini də bilirsənsə, ancaq bu və bu kimi oxuduğun kitabların sənin ruhuna, varlığına zərrə qədər əhəmiyyəti yoxdursa və sən sadəcə yaddaş kartı kimi məlumat daşıyıcısısansa bundan nə fayda?.. Bu elə mənə də, sənə də, hamıya da aiddir. Sizin bəyənmədiyiniz kişi var ha, Nizami, bax o deyir ki, “Eşşəyin qızıldan olsa da yükü, Yenə də eşşəkdir, parıldar tükü”.
Teksun yeməkdən viaqra da təsir eləmir..
Möhtərəm Aqşin, bu cumlənə diqqət et (gör ey sənin yazını necə diqqətlə oxumuşam, fanatınam da) : - “Qəti yumaq olmaz deyən xoca əfəndi isə fikrini onunla izah etdi ki, orucluq nazil olunanda nə “Aquafresh” adlı diş məcunu var idi, nə də onu dişə sürtmək üçün fırça. Odur ki, ay boyunca dişə əl vurmaq olmaz və beş-altı çürük dişin natəmizliyi insanın mənəvi paklığını korlaya bilməz.” Guya Türkiyə efirindəki bir din mütəxəssisi belə deyib. Ay savadlı oğlan, balaca uşaq da bilər ki, bunu kiminsə, hələ - hələ bir din bilicisinin deməyi qətiyyən mümkün deyil. Çünki bunu demək üçün ən azı Aqşin olmaq lazımdı. Bu gün nəinki din alimi, hətta adi dindar da və hətta 28dəki Məsumə dini dükanına ömründə bir dəfə də olsun cinsi fəaliyyətini gücləndirmək üçün (deyirlər artıq teksun yeməkdən viaqra da təsir eləmir) zirə yağı almağa gedən (bu arada bəziləri üçün yaxşı xəbər oldu) teksunsevər millətimizin istənilən nümayəndəsi də bilir ki, hələ peyğəmbər zamanında misvak adlı bir ağac olub ki, müsəlmanlar da dişlərini məhz onunla təmizləyirdilər və bu ağacın hissələrindən hazırlanan bərk halda çubuq - fırça da, krem halında olan diş məcunu da həmin o dükanda satılır. Bax buradan da belə nəticəyə gəlmək olur ki, sən “yazar” oğlan yazacağın mətnin bir az yumorlu, nəbilim sənin öz aləmində “duz”lu olması üçün hətta faktı belə təhrif edəcək qədər söz, fikir ehtiyatı cılız yazarsan. Əgər sən yaxşı söz adamı olsaydın belə cılız vasitələrə əl atmazdın.
Tutub sənin ağzını elə tikərlər ki...
Onu da deyim ki, bu yazıdan sonra kimsə sənin dediyin kimi ailəni, ananı təhqir edibsə birmənalı şəkildə bil ki, o da müsəlman deyil, onları mən də qınayıram. Çünki müsəlmanlıqda hər kəs yalnız öz etdiyinə görə məsuliyyət daşıyır və bu baxımdan müsəlmanlar da bir fəsadı törədənin heç zaman özünü qoyub onun istənilən bir yaxınını mühakimə etməzlər. (Müsəlmanların bəzi yanaşmaları çox xoşuma gəlir) Bu bir normadı. Əgər sənin anan namaz qılandırsa lap yaxşı, əllərindən öpürəm o xanımın. Ancaq bax mən sənə camaatın anasına etdiyin tərbiyəsizliyi deyim. Yazmısan ki, filan – filan suallar verəcəklər və bir də “əti hansı çənə ilə çeynəməliyik” sualı. Sizinkiləri bilmirəm, ancaq normalda məlumdur ki, insanda bir alt və bir üst çənə var və çeynəmə prosesi də hər iki çənənin müştərək fəaliyyti nəticəsində əmələ gəlir. İndi ey bu məmləkətin “yazıçı”, “şair”, “postmodernist” övladı, bax sənin təkcə bu sözünə görə dindarlar yox ey, elə adi o təhqir etdiyin oruc tuan anaların oğulları tutub sənin ağzını elə tikərlər ki, (t) sən ömrün boyu “oruc” olarsan və ağzına heç nə ala bilməzsən...
Əziz və çox hörmətli çağdaş Azərbaycan ədəbiyyatının ənkə böyüyü Şərif Ağayar cənabları...
Əziz və çox hörmətli çağdaş Azərbaycan ədəbiyyatının ənkə böyüyü Şərif Ağayar cənabları. (Siz Aqşinə “çağdaş ədəbiyyatımızın ən istedadlı nümayəndələrindən biri” deyəndə niyəsə mənim də sizə belə deməyim gəldi) Düşünürəm ki, səfərbərliyə çağırdığınız qələm adamlarını səhv ünvana istiqamətləndirirsiniz. Çünki siz Şərif Ağayar Bakıya gəlib yazıçılq sevdasına düşəndə 3 il öncə bax həmin o sizin dediyiniz kimi “qaraguruh”un bir numayəndəsi olan “muhafizəkar”, “cəhalət nümayəndəsi”, “dindar” olan Mübariz İbrahimov Biləsuvarlı ola – ola gedib o işləri görmüşdü. Siz Laçınlı Şərif Ağayar isə onda “Laçınsız ilk gün” hekayəsi yazırdınız. Maşallah hələ də yaza – yaza gedirsiniz. Yazın, istəməyənin gözü kor olsun. Ancaq ağı ağ, qaranı qara yazın zəhmətolmasa. Facebookda adı Şərif Ağ da yazmaq olar, hətta Şərif Şəffaf da. Ancaq bu o zamana qədər qüvvədə olur ki, Şərif ağa qara deyib qaraltmasın.. Bir də deyirsiz ki, “Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs İslam dini, onun ayinləri və tanınmış simaları haqqında öz fikrini açıq söyləyə bilər. Bununla bağlı qanun heç nəyi qadağan etmir. Əgər kimsə bunu qəbul etmirsə, zəhmət çəkib gedib İranda yaşasın...” O zaman dinləyin mən də sizə deyim. Bəli biz hüquqi dövlətdə yaşayırıq və bu hüquqi dövlətdə də siz dediyiniz kimi İslam dini, onun ayinləri və tanınmış simaları haqqında öz fikrini açıq söyləyənə hər hansı bir cəza növü müəyyənləşdirilməyib, qadağa yoxdur. Cavab olaraq mən də deyirəm ki, bizim hüquqi dövlətdə arvadını “klient”ə çıxardana, oğraşlıq, mənəviyyatsızlıq edənə, haram yeyənə, tində durub gələnin qabağına gedənin dalına baxıb kimə nə gəldi deyənə, yaltaqlıq edənə, səhər – səhər sarımsaqlı xaş yeyib metroda, avtobusda “mübarək” qoxusuyla insanları “feyziyab” edənə, öz doğma qızını “sevən”ə, anasını təhqir edib göz yaşları tökməsinə səbəb olana, başqasının arvadıyla gəzənə, vicdanını satana, eşşək kimi siqnal verənə, öz arvadının yatağına dostuyla girənə də hər hansı bir qadağa yoxdur... Ancaq bu o demək deyil ki, qadağa nəzərdə tutulmayıbsa kimlərsə bunu etməlidi... Amma edirlər. Çünki heç bir ölkənin qanun müddəaları, cinayət məcəlləsi hər şeyi əhatə edəcək qədər çeşidli, geniş ola bilməz. Bu sadəcə mümkün deyil. Demək ki, bir çox şeylər insanların özünə qalmış Şərif əfəndi. İran məntiqinizə gəlincə, elə bir məntiq yoxdur ki, kim dindardırsa gedib İranda,ya Türkiyədə, ya Səudiyyədə yaşamalıdı. Din mənəvi bir məsələdir və onun məkana aidiyyatı yoxdur. Sizin “qaraguruh” adlandırdığınız müsəlmanlara gəlincə bilirəm, bəlkə sizi kimi düşüncədə olanlara elə gəlir ki, “ə bunlar niyə belədi ey bir söz deyən kimi o saat aqressiv reaksiya verirlər”. Baxın əgər belə düşünürsünüzsə o zaman mən də deyim ki, bax elə o bəyənmədiyiniz, hər addımda qara yaxmağa çalışdığınız dindarlarla sizin sərhəddiniz odur ki, onlar həyata, yaşama sizdən bir az fərqli yanaşırlar. Onların bu həyatda olar – olmazları var, dəyərləri var və onlara görə ən ümdə əqidəvi dəyərləri olan dinləri, vətən, ailə, namus, fərdi azadlıq qədər birmənalı olaraq toxunulmazdır. (Din bunlardan ən üstdə duranıdır, çünki təsadüfi deyil ki, onların rəhbərləri də Kərbəlada hətta öz ailəsini belə məhz dininə görə qurban vermişdi. Aqşincim, bu, təkcə sənin o “savadlı” cümləndə yazdığın kimi təkcə “şəkilli Bibliya” kitabında yox, elə şəkilli – şəkilsiz bütün tarix kitablarında var) Kimsə bu dəyərlərə əl uzadanda da alacaqları cavab sərt olur və həmin kimsələr bunun günahını da öz ədəbsizliklərində, burun soxmaqlarında yox, müsəlmanların “tənqidə açıq olmamasında”, “cəhalətində” axtarırlar. Bax ona görə nə qədər ki, bu düşüncədə olanların sayı çox olacaq, Laçını da alacaqlar, Kəlbəcəri də. Biz isə onda yenə də “adekvat cavab” olaraq Laçına, Kəlbəcərə yeni – yeni şeirlər qoşacaq, hekayələr yazacaq, Ay Laçın mahnısını yeni oranjımanda bütün musiqi alətlərindən istifadə etməklə ifa edəcək, BMM – də “möhtəşəm” tədbirlər təşkil edəcək, kim harda gəldi yalan – palan ermənilərə söyəcək, Əli Əkbər kimi erməni qızını lüt soyundurb kitabın üzünə vurmaqla efirdə öz dediyi kimi “erməniləri təhqir edəcək” və beləcə özümüzü yola verəcəyik...
Mən qələm adamıyam, mənə dəyməyin..
Yenə şükr eliyin ki, sizin cəmiyyətinizdə bu “aqressiv” dindarlar var, ən azından onların İmam Hüseyn kimi öndəri (mən mif danişmıram, tarix danışıram ha sonra mız qoymayın) və Mübariz İbrahimov kimi bu günün real tarixi qəhrəmanı var. Əmin olun ki, döyüş başlasa da ilk sırada gedənlər yenə həmin “aqressiv müsəlmanlar, dindarlar” olacaq və inanın ki, onda da bəziləri tapılacaq ki, Bakıda isti peçin qırağında otursun və desin ki, mən qələm adamıyam, mənə dəyməyin... Mənim də dostlarım, tanışlarım, iş yoldaşlarım arasında ateistlər, deistlər, karateistlər, nə bilim nə istlər olduğu kimi dindarlar, müsəlmanlar da var və inanın ki, mən indiyə qədər onlardan pis bir şey görməmişəm. Bu qaragünlər sizin gözünüzə niyə belə görünür hələ də anlaya bilmirəm vallah. Yadınızdadırsa aylar öncə hicab məsələsi gündəmə gəlmişdi və onda da və bir çoxları da efirlərdə hicabın “qorxulu” tərflərindən mühazirələr oxuyur, onun təhsildə geriliyə səbəb olmağı barədə “əsas”lar gətirirdilər. Ancaq bu günlərdə ali məktəbə qəbul imtahanında bir hicablı qız 700 bal toplayanda sanki qurbağa gölünə daş atıldı. Bu bir neçə gündə hicabı müzakirə etməkdən ötəri ürəyi gedən kanalların bircəsi də o qızla maraqlanmadı. Bircə faktxeber.com saytı Flora adlı həmin Sumqayıtlı qızla müsahibə hazırladı. Sizə və sizi kimi düşünənlərə sual verirəm, qardaş nə istəyirsiniz axı bu yetim qalmış dindən, islamdan? Sizin başqa dərdiniz, azarınız, mövzunuz yoxdurmu?
Anardan, Fikrət Qocadan qurtardınız indi də keçdiniz dinə?
Anardan, Fikrət Qocadan qurtardınız indi də keçdiniz dinə? Bu məmləkətdə başqa bəlalar azdırmı ki, siz yapışmısınız elə bu dinin yaxasından? Bax gəlin sizə bir mövzu verim. Buyurun – “Samsunq şirkəti yalnız Qalaxy mobil telefonunun satışından ötən il 36 milyard, Azərbaycan isə 10 ildə neft satışından 35 milyard dollar qazanc əldə edib” Qorxmayın mən demirəm, istinad da var – Qubad İbadoğlu. Bax cənab Şərif Ağayar dövlət buna da qadağa qoymayıb. İndi siz də, “çağdaş ədəbiyyatımızın ən istedadlı nümayəndələrindən biri” olan Aqşin də istəsəniz bu mövzuda yaza bilərsiniz. Din deyil ey kim ağzına nə gəldi yaza.. Bax burada dəqiq, obyektiv araşdırma lazımdı, yoxsa adamı yakarlar arkadaş... Ona görə sənədir sözüm Aqşin, (həm də Şərif) bu yetim dindarlara və dinə qarşı qılınc qaldırmısan, lazım deyil, diqqətlə düşün, əgər real arqumentlərin yoxdursa sox yerinə (qılıncını) . (Bu da bədii ifadə vasitəsidir cənablar)
Aqşin və Şərif, mənə ölüm hökmü kəsməmişdən öncə bir söz də deyim. Əgər sizin mübarizəniz həqiqətən cəmiyyətdəki qaragüruh dinlarlarladırsa, cəmiyyətə, dövlətçiliyə real təhlükə olan radikal dindar sələfi – vəhhabilərlədirsə (şəhərdə tez – tez rastlaşdığımız uzun saqqallı, qısa şalvarlılar) inanın səmimiyyətimə o zaman mən də yanınızdayam və sizin ayaq qoyduğunuz yerə baş qoyaram. Sonda Aqşinin tez – tez misal çəkdiyi türklər demiş sayqılarımı sunarım...
P. S. Son “kapak”. "Bizim zamanımız elm zamanıdır və elm təhsil etmək hər bir tayfaya vacibdir ki, yaşam mücadiləsində heç olmasa ayaqda dura bilsin. Və bu cür elm təhsil etməklə irəli getdiyimiz zaman hər tayfa mütləq iki şeyi mühafizə etsin ki, bu şeylər hər bir tayfanın dirəkləridirlər və onların tayfa olmağına səbəbdirlər. Bu şeylərin biri dil və o biri isə din və məzhəbdir. Bunların biri əldən getdiyi zaman, tayfanın onurğası qırılmış kimi olur. İkisi də getdiyində tayfa qeyri-tayfalara qarışır, zamanla aradan gedir. Çünki, dil və məzhəb tayfanın ruhu kimidir. Necə ki, ruh çıxdığında bədəndə sadəcə nəəş, yəni quru cisim qalır və bu cisim zamanla çürüyür və yox olur, bu şəkildə dilsiz və məzhəbsiz tayfa da mütləq zamanla aradan gedir. Hər tayfa elm təhsil etdiyi zaman mütləq öz dilində və öz dinində tərəqqi etsin ki, dünyadakı varlığını mühafizə edə bilsin. Onlar olmadan tayfa olmaz. "Həsən bəy Zərdabi "Din və Dil" məqaləsindən.
Bu gün yekə - yekə “mən mətbuatda çıxış edirəm” deməyinizə səbəbkar olan, milli mətbuatımızın banisi sayılan bu kişinin dediklərinə də mız qoyacaqsınızsa o zaman mənim sizə deməyə sözüm yoxdur. Uca Apollon və Nitşe özü sizin köməyiniz olsun.
avropa.info

Комментариев нет:
Отправить комментарий