18.03.2014

Azərbaycan-İran münasibətləri daha da istiləşir


Rəsmi Bakı Tehranla münasibətləri qaydaya salır; son bir ildə davam edən silsilə səfərlər iki ölkə arasında ciddi yaxınlaşmanın olduğunu göstərir

Ötən həftə Azərbaycan-İran arasında qarşılıqlı səfərlərlə yadda qaldı. Əvvəlcə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycana səfər etdi. Ölkə prezidenti və rəsmilərlə görüşən İ.Rəhimpur Naxçıvana gedərək burda da görüşlər keçirdi.

İran XİN rəsmisinin səfərindən 3 gün sonra Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyətinin İrana səfəri oldu. Fövqəladə hallar nazirinin İran səfəri kifayət qədər əhatəli olub. K.Heydərov İranda prezident Həsən Ruhani, Gömrük İdarəsinin rəisi Masud Karbasian, Mədən Sənayesi İdarəsinin başçısı Mehdi Karbasian və daha bir neçə dövlət rəsmisi ilə görüşlər keçirib.
Qeyd edək ki, rəsmi məlumatda bildirilir ki, İran prezidenti Həsən Ruhani ilə görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran dövlətinin başçısına çatdırıb, eyni zamanda Azərbaycan dövlət başçısının yaxın günlərdə İrana səfər edəcəyini bildirib. Bu məlumatı İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Tehranda keçirdiyi brifinqdə təsdiqləyib. O deyib ki, İran rəsmiləri prezident Əliyevin səfəri zamanı onunla iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə dair danışıqlar aparacaq.
“Farsnews” xəbər agentliyinin məlumatına görə, görüş zamanı H.Ruhani bildirib ki, hazırda İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir, ancaq hər iki ölkənin bu əlaqələri daha da inkişaf etdirmək və əməkdaşlığı daha da genişləndirmək imkanları var.
Maraqlıdır ki, martın 16-da K.Heydərov İranın şərqinə, Xorasan Rəzavi vilayətinin paytaxtı Məşhəd şəhərinə yollanıb. Vilayətin valisi Əli Rza Rəşidianla keçirilmiş görüşdə nazir K.Heydərov bildirmişdir ki, Azərbaycan və İran xalqlarının mədəniyyət, din və tarixi ənənələr baxımından ortaq dəyərləri iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin təşkil edir. İqtisadiyyat, xüsusilə sərmayə sahəsində əlverişli şərait mövcuddur. O, İrana səfərinin və keçirdiyi görüşlərin məhsuldar olduğunu da diqqətə çatdırmışdır.
Ə.Rəşidiyan deyib ki, hər il Məşhəd şəhərinə 25 milyon nəfər ziyarətçi gəlir ki, onların da bir milyon yarımı xarici ölkə vətəndaşıdır: “Ötən il (İranda il martın 21-də dəyişir - red.) Azərbaycandan Məşhədə 13 min nəfər ziyarət üçün səfər edib. Belə səfərlərin artırılması üçün infrastruktur mövcuddur və Bakı-Məşhəd aviareysinin açılması da səfərlərin artmasında müsbət rol oynaya bilər”.
Qeyd edək ki, Azərbaycanla İran arasında münasibətlər son bir ildə yenidən istiləşməyə başlayıb. Ötən ilin aprelində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, bir ay sonra isə Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edib. hər iki səfər yüksək səviyyədə keçirilib və İran hakimiyyətinin ən yüksək təmsilçiləri ilə görüşlər keçirmişdi. Payızda isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana və İranın dini-ideoloji mərkəzi hesab edilən Quma səfər edərək mühüm görüşlər keçirdi. Bu, son 5 ildə Tehranla Bakı arasında soyuqlaşan münasibətlərin yenidən qaydaya salınmasına işarə idi.
Məsələ burasındadır ki, İranda Əhmədinejadın prezidentliyi dönəmində Qərblə münasibətlər kəskin şəkildə pisləşdi və bu vəziyyət Azərbaycan kimi İrana qonşu olan ölkələr üçün bir tərəfdən faydalı olsa da, digər tərəfdən müharibə ehtimalı ciddi risk yaradırdı. Xüsusən də Qərb mediasında Azərbaycanın öz ərazilərini İsrail kəşfiyyatına verməsi ilə bağlı iddiaların gündəmə gəlməsi ilə Bakı-Tehran münasibətləri çıxmaza düşmüşdü. Ancaq ötən ilin yayında “islahatçı” Həsən Ruhaninin prezident seçilməsi İran-Qərb münasibətlərinə yeni yanaşma gətirdi. İranın yeni hakimiyyəti Qərblə qarşıdurmadan imtina edərək yeni danışıqlar prosesinə start verdi. Nəticə isə özünü çox gözlətmədi. Noyabrda İran və “altılıq” ölkələri arasında nüvə məsələsində anlaşma əldə olundu.
Təbii ki, Azərbaycan İranla münasibətlər hər zaman ehtiyatlı siyasət aparıb. Hər nə qədər Qərb və İsraillə  strateji əməkdaşlıq xətti yürüdülsə də, Azərbaycan cənub qonşusu ilə konfrontasiyaya girmək istəməyib. Təbii ki, bunun hansı nəticə verəcəyi bəlli idi. İndi isə situasiya köklü olaraq dəyişib, Qərb özü İranla danışıqlar mamasına oturub. Eyni zamanda hazırda Azərbaycan “nə Şərq, nə Qərb” siyasəti apardığı üçün İranla münasibətlərin stabil bir xətt üzrə inkişaf etməsi Bakının maraqlarına ziddir. Bu mənada Azərbaycan hakimiyyətinin son bir ildə Tehrana yüksək səviyyəli elçilər yollaması onu göstərir ki, rəsmi Bakı İranla münasibətlərin normal olmasında maraqlıdır. 
Təbii ki, İran hakimiyyəti də Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Rəsmi Tehran Azərbaycanla münasibətlərin inkişaf etməsi, hökumətlər arasında əlaqələrin yüksək səviyyədə olmasında maraqlı olduğunu nümayiş etdirir. Ötən il Çöhrəqanlının Azərbaycana gəlməsi Bakının Tehrana jesti kimi qəbul olunurdusa, İranda bir sıra ruhani dairələrə bağlı qrupların Azərbaycan əleyhinə çıxışlarının dayanması da Tehranın Bakıya jesti kimi qiymətləndirilə bilər. Qeyd edək ki, buna qədər bəzi maraqlı dairələr İranın Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı olduğu və bu məqsədlə şiə qrupları fəallaşdırdığı ilə bağlı məlumatlar dövriyyəyə buraxılıb. Ancaq son illərdə İrandan Azərbaycana yönəlik dini məsələlərlə bağı sərt tənqidi ritorika hissə olunacaq qədər azalıb, hətta yox kimdir. Bir çoxlarına görə, İran Azərbaycanda bəzi dini qrupları hökumət əleyhinə fəaliyyətini dəstəkləməklə Bakıya təzyiq edirdi. Bu mənada hər iki tərəfin barışıq üçün lazımı addımları atdığı göz önündədir.
Yeri gəlmişkən, İrana İ.Əliyevin “özəl təmsilçisi” (İran informasiya agentlikləri K.Heydərovu bu cür təqdim etmişdilər- K.R) qismində məhz fövqəladə hallar nazirinin getməsi və əsasən iqtisadi və mədən sənayesi sahəsi ilə əlaqəli rəsmilərlə görüşməsi onu deməyə əsas verir ki, Azərbaycanın iş adamları İrana yatırımı qoymağa hazırlaşır. Yeri gəlmişkən, xatırladaq ki, bir qədər əvvəl İran hökuməti ölkənin enerji və sənaye sahəsinə xarici investorların cəlb olunacağını elan edib. Bu istiqamətə azərbaycanlı oliqarxların maraq göstərməsi bir çox aspektlərdən, o cümlədən Azərbaycanla həmsərhəd olması, din, dil və mədəni yaxınlıq, eləcə də İranın digər Yaxın Şərq ölkələri ilə müqayisədə sabit ölkə olması faktoru baxımından uyğundur. (musavat.com)

Комментариев нет:

Отправить комментарий