18.03.2014

Hilal Məmmədovun bayram təbriki

Bismillah!!!
Axır Çərşənbəniz və Novruz bayramınız mübarək!
İlin mübarək Novruz (yeni) günü və onun müjdəçisi Axır (torpaq) çərşənbəsi barədə ən mükəmməl və dəyərli fikirlər qədim Azərbaycan və İran xalqlarına məxsus və bəşərin ilk dinlərindən olan Zərdüştlik və bu dinin ədəb-əxlaq və öyüd-nəsihət kitabı hesab olunan AVESTAda əks olunmuşdur. Novruz – təbiət qanunları baxımından, gecə ilə gündüzün bərabərlik anını ifadə edirsə də, əsil həqiqətdə, haqqın batilə, xeyrin şərə, nurun zülmətə, elmin cəhalətə, ədalətin zülmə, azadlığın mütiliyə qələbəsinin ilahi təcəssümüdür...
Fikrimizcə, Novruzun müjdəli axır (torpaq) çərşənbəsinin kifayət qədər hikmətlərindən biri də odur ki, bilavasitə həmin gun (gecə) ondan öncəki müjdəçi (od, su, külək) çərşənbələrinin müvafiq funksiyaları tamamlanaraq "ölü” sandığımız torpağa Rəbbin "diril!” əmri verilmişdir. Məhz Qurani-Kərimin- "Küləkləri öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur.
Belə ki, küləklər (yağmur yüklü) buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) yerə (məmləkətə) tərəf qovur, ora yağmur endirir və onunla hər cürə meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərdən) belə çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız!” (7:57, 35:9, 36:33-36 və d.) ayəsi bu fikrimizin doğruluğuna ümid yaradır... Əlbəttə ki, Rəbbin izniylə, günəşin, ayın, ulduzların nuru (atəşi) olmadan nə o müjdəçi külək buludları hərəkətə gətirib yağmuru endirər, nə də ki o müjdəçi (torpaq) çərşənbəsi "diril!” əmrinə müntəzir qalardı...Məhz, bəşərin son və mükəmməl dini İslam və müqəddəs kitabı Quran kimi, Zərdüşt dininin və onun Avesta kitabının da əsas hədəfi və təbliği insanların nə üçün xəlq edildiyini və vəzifələrini onlara anlatmaqla yanaşı, həm də Xaliqin kəlamları barədə düşünüb – ibrət almağa çağırmaqdır: " ölü torpaq onlar üçün (qiyamət günü ölülələri dirildəcəyimizə) bir dəlildir.Biz onu (yağışla) dirildir, oradan(arpa, buğda, düyü və s.kimi) dənələr çıxardarıq, onlar da ondan yeyirlər...Hələ də şükür etməzlər” (Quran, 36:33-35) ; "Təmiz bir yern (torpağın) bitkiləri Rəbbinin izniylə(bol, vaxtında) çıxar. Pis (qeyri-münbit) yerin bitkiləri isə yalnız çox çətinliklə (özü də az) yetişər. Biz ayələrimizi (nemətlərimizi) şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik” (Quran,7:58).
Demək, xəlq edildiyi, ora qayıdıb diriləcəyi və hər bir ruzisini (yemək, içmək, geyim, var-dövlət və i.a.nemətləri) ona bəxş edən (Allahın izniylə) TORPAQa diqqət və sayğı ilə yanaşmaq və Rəbbin nemətlərinə şükür etmək vacibdir.Məhz bu səbəbdən, istər Axır(torpaq) çərşənbə, istərsə də Novruz ərəfəsində insanlar əkin-biçin tarlalarını şumlamaq, həyət-bacalarını abadlaşdırmaq, ev-eşiklərini səliqə - sahmana salmaqla yanaşı, həm də özlərinin cismani və mənəvi təmizliyinə (paklaşmağa) çalışırlar.
NOVRUZun xeyirxah, mübarək cəhətlərini saymaqla qurtarmaq olmaz: İlk öncə, yuxarıda qeyd olunanlardan belə bir nəticə çıxır ki, Novruz – Şükran (Rəbbinin nemətlərinə şükür) bayramıdır.
Novruz- saxta, riyakar, xain, kin-küdurət, yalan və i.a. qəlbi mərəzli ya bir-birinə müxalif ya düşmən mövqedə duran insanların da qəlblərinə sevgi, barışıq toxumu səpən və hətta qurtuluşlarına ümid vedən həlim, bənövşə qoxulu, bal dadlı əvəzsiz məlhəmdir.
Yaşasın Azadlıq və Haqq-Ədalət müjdəçisi və carçısı mübarək Axır Çərşənbə və NOVRUZ!
Yaşasın cəmi Novruzsevərlər! Axır Çərşənbəniz və Novruzunuz mübarək olsun əziz həmvətənlər!
Allah hamınızı Xoşbəxt etsin, Novruz sevincini ailələrinizə bəxş etsin, inşallah!
Bu bayram cəmi məhbusların, o cümlədən vicdan və siyasi məhbusların ailələrini xoş xəbərlərlə müjdələsin, inşallah!

Hamınıza hörmətlə: Hilal Məmmədov, vicdan məhbusu

Комментариев нет:

Отправить комментарий