03.03.2014

Kamran Təhməzov - Yaradır

Tanrı yaratdığı gülü, çiçəyi,
Min cürə şövqilə gözəl yaradır.
Rəssam əlləriylə o hər ləçəyi,
Zövq ilə nə qəşəng özəl yaradır.

Əl ver əllərimə tez elə, gözüm,
Nə qədər baxacaq yüz ələ gözüm.
Düşüb bir alagöz gözələ gözüm,
Meylim o alagöz gözəl yaradır.

Nə zaman söyləyir ürək ismini,
Görür surətini, duyur cismini,
Beyin fikirləşir çəkir rəsmini,
Baxdıqca diqqətlə göz, əl yaradır.


Nə olub, gözəlim, bizə bilmirəm,
Nə üçün gəlmişik gözə bilmirəm.
Artıq ayrılığa dözə bilmirəm,
Daha könlüm evi, gözəl, yaradır.

Bu eşqin yolların mən yara-yara,
Deyirəm dərdimi o gözəl yara.
Təki yardan gəlsin mənə bu yara,
Dözərəm, mən üçün gözəl yaradır.

Комментариев нет:

Отправить комментарий