1930-cu illərdə mülkünü itirmiş bəylər və hegemonluqları əllərindən alınmış qolçomaqlar gizli müsavatçıların təbliğatı sayəsində sadəlöhvcəsinə inanırdılar ki, guya türklər 1918-ci
ildəki kimi gəlib yenə də torpaqlqrı əvvəlki sahiblərinə qaytaracaqlar. Tədqiqatçı Həbibulla Manaflı iddia edir ki, qolçomaq və keçmiş bəylərin Türkiyə heyranlığı guya
milli-dini dəyərlərlə bağlı imiş, guya dini heysiyyəti “tapdanan” xalq Türkiyənin
timsalında öz dini dəyərlərinin xilasını görürmüşlər. Amma Manaflı bir şeyi
unudur ki, 1928-ci ildə Türkiyədə “dövlətin rəsmi dini” haqqında maddə
konstitusiyadan çıxarılmış və bununla da din dövlətdən ayrı elan edilmişdi.
1929-cu ildə isə Türkiyə dövlətində Azərbaycanda olduğu kimi əlifba islahatı
keçirərək ərəb əlifbasından imtina etmiş, yeni latın qrafikalı əlifbaya
keçilmişdi, hansı ki Molla Mustafa Əlicanov eyni islahatları Azərbaycanda “küfr”
elan etmişdi. İndi sual olunur: necə olur ki, Azərbaycanda bu qəbildən
islahatları küfr elan edib latın əlifbalı kitabları yandırtdıran, müəllimləri
öldürtdürən Molla Mustafa eyni “küfrü” təkrar edən Türkiyəni xilaskar kimi təbliğ
edirdi? Guya Molla Mustafanın Atatürkün Türkiyə Cümhuriyyətində apardığı
islahatlardan xəbəri yox idi? Bəyəm o bilmirdi ki, Türkiyənin özündə geyim
islahatları, əlifba islahatı, dini idarələrə aid torpaqların müsadirə olunması prosesi gedir? Yoxsa cənab Mollanın Türkiyə
Cümhuriyyətində ictimai yerlərdə çadra, baş örtüyü, papaq
qoymağın qadağan olunmasından xəbəri yox idi? Bəlkə möhtərəm Mollaya Atatürkün
müasirləşmək islahatlarını süngüylə qarşılamış din xadimlərinin kamalist məhkəmələrin
hökmüylə dar ağaclarında bitmiş aqibətləri məlum deyildi? Bəyəm Molla Mustafa
20-30-cu illərdə kamalist inqilab məhkəmələrində nə qədər dindarın kəlləsinin getdiyindən xəbəri yox idi? Sözügedən tarixdə Türkiyə Cümhuriyyətində dövlət məktəblərində
dini dərslərin tədrisinin qadağan olunması, Quran kurslarının, mədrəsələrin
bağlanması faktları Türkiyə xüsusi xidmət orqanlarına şpionluq edən Molla
Mustafalara, Hüseyn Əsədulla oğullarına məlum deyildi? Bəlkə “Ayasofya” məbədinin
dini ayinlər üçün qadağan olunaraq muzeyə çevrilməsi faktından xəbərsiz idilər?! Yox, gecə-gündüz Türkiyədən, Parisdən təlimat alan bu adamlar hər
şeydən xəbərdar idilər. Onda sual çıxır, əgər dedikləri kimi davaları “din”,
“millət” davası idisə, “küfrlə” məşğul olan Türkiyə dövlətinə niyə nifrət
etmirdilər, “mayası allahsızlıqla yoğrulmuş Lenin bayrağı altında ancaq
satqınlar yaşayar” deyənlər nə üçün “allahsız” Atatürkün bayrağı altında, həm də
paşaların tapdağı altında yaşamaq üçün dəridən-qabıqdan çıxırdılar? Cavab çox sadə və aydındır: çünki dava din davası yox, yorğan
davasıydı, mülk, pul davasıydı!
Комментариев нет:
Отправить комментарий