19.02.2019

Ədəbiyyatlarda “Şəki üsyanı” kimi hallandırılan, bəzi müəlliflər tərəfindən Sovet hakimiyyətinə qarşı guya kütləvi xalq üsyanı kimi xarakterizə olunan 1930-cu il Şəki hadisələrinin əsas səbəbi nə idi, ümumiyyətlə bunu xalq-Sovet hökuməti qarşıdurması kimi qələmə vermək nə dərəcədə tarixi gerçəkliyə uyğundur?
Manaflının prizmasından yanaşsaq guya 20-30-cu illərdə Sovet hökumətinin kollektivləşmə siyasəti “xalqın kəskin narazılğına səbəb oldu”, fikir verin ha,  “xalqın” narazılığına səbəb oldu və beləliklə də 1930-cu ildə Şəkidə antisovet üsyan baş verdi.
Mən sözügedən müəllifin mövqeyində sadəcə bir sözə etirazım var, bu da geninə-boluna işlədilən “xalq” sözüdü. Düzdür, 1930-cu ildə nəinki Şəkidə, Kəlbəcərdə və digər rayonlarda silahlı üsyanlar olub və bu silahlı üsyanlar antisovet xarakteri daşıyıb; heç şübhəsizki bu qəbildən olan silahlı çıxışlar hansısa narazılığın ifadə forması idi, amma bu qiyamların heç biri nə “xalq” narazılığının ifadəsiydi, nə də ki, “xalq” üsyanıydı.
Gəlin tarixi ədalət naminə hər şeyi öz adı ilə çağıraq. Mən Manaflı kimi öz mövqeyimi oxucuya həqiqət kimi sırımaq niyyətində deyiləm, sadəcə bəzi məqamlara diqqət cəlb edəcəyəm, o məqamlar ki, Manaflı özü də onları etiraf edir; qoy bundan sonra oxucu özü Şəki hadisələrinə öz qiymətini versin - “xalq üsyanıdır”, yoxsa xalqa qarşı üsyandır, mütərəqqidir, yoxsa mürtəcedir?!
Əvvələn belə bir məqama diqqət cəlb edək; üsyan rəhbərləri arasında bircə nəfər də olsun kasıb kəndli, fəhlə və ya muzdur var idimi? Yox, Manaflı özü də etiraf edir ki, qiyam rəhbərləri hamısı qolçomaqlar və bəy nəslinin nümayəndələriydi.
Məsələn, qiyamın ümumi rəhbəri Mustafa bəy Əlicanbəyov Şəkinin keçmiş bəyiydi, qiyamın hərbi rəhbəri Bəhram bəy Nəbibəyov bəy ailəsində doğulmuşdu (Şəkidə), üsyanın ideoloji-mənəvi rəhbəri Molla Mustafa Şeyxzadə Şəkinin imkanlı, əsilzadə ailəsinin nümayəndəsiydi, babası Şeyx Əhməd övliya hesab edilirdi və məzarı tanınmış ziyarətgahıydı, Şeyxzadələr Şəkinin ən imkanlı ailələrindən idilər.
Bundan başqa qiyamçılar 3-5 nəfərlik qruplardan ibarət olduqlarından hər qruplaşmanın da öz rəhbəri var idi, hansı ki onların da hamısı qolçomaq idilər. Məsələn, Manaflı özü 22 nəfərdən ibarət üsyan rəhbərlərinin siyahısını verir, siyahı başdan-ayağa varlı qolçomaqlardı. Qolçomaq Məşədi Məcid 1600 baş heyvanı sataraq pulunu Bəhram bəy Nəbibəyova göndərir ki, silah-sursat alınsın. Bundan başqa baramaçılıq fabrikinin keçmiş sahibi Əli Məhərrəmov qiyamçı dəstə yaratmışdı, hansıki bu dəstənin silah-sursatla təminatına heyvandarlıq kooperativinin müdiri Əbdürrəhman adlı birisi köməklik göstərirdi. Sual olunur, heyvandarlıq kooperativinin müdirinin qolçomaqla, keçmiş bəylə nə ortaqlığı ola bilərdi? Sualın cavabı çox bəsitdir: Əbdürrəhman fikirləşirdi ki, Sovet hökuməti yıxılar, o da kooperativi özəlləşdirib olar ağa, vəssalam,- necəki biz keçmiş təsərrüfat rəhbərlərinin Sovet hökuməti yıxılandan sonra öz sərəncamlarında olan dövlət, xalq əmlakını mənimsəyərək necə ağa olduqlarının şəxsən şahidi olduq.
Silahlı qəsddə fəal iştirak edən İslam və Novruz adlı şəxsləri bölgədə quldur kimi tanıyırdılar, onların işi camaatın mal-qarasını, əmlakını qarət etmək idi. Bu cinayətlərinə də onunla bəraət qazandırırdılar ki, Sovet hökuməti keçmiş mülkədarların, bəylərin əmlakını, malqarasını müsadirə edib camaata paylayıb, bir sözlə, kəndlinin istifadəsində olan mal-qara da, torpaqlar da ağalarındı, ona görə də onlar kəndlilərdən bunun qisasını alırlar.
Eyni ziyankarlıq əməlləri qiyamda fəal iştirak etmiş quldurbaşı Bakkayevin də dəstəsinə xas idi. Mastex kəndində quldurlar kəndlilərə məxsus sürünü oğurlayıb aparmış, çobanı isə döyərək öldürmüşdürlər. Car kəndində isə quldurlar camaata məxsus əmlakı qarət edib böyük miqyaslı ziyançılıq işləri törətdikdən sonra öz gerçək niyyətlərini ifadə edən elanı ağacın üzərinə yapışdırmağı da unutmamışdılar. Hədə-qorxu dolu elanda deyilirdi: “Kim köhnə ağalarına söz qaytarsa dilini kəsərik, kim köhnə ağalarına əl qaldırsa əlini kəsərik, kim köhnə ağasını qırmızılara satsa başını üzərik.”
1930-cu il Şəki “üsyanının” çılpaq şəkildə ifadə olunmuş proqramı və əsas devizi belə idi. Siz burada xalq mənafeyinə uyğunluq təşkil edən hansısa bir cəhət görürsünüzmü?! Deməli xalq üsyan yox, əslində xalqa qarşı üsyan, Şəki hadisələrinin və o cümlədən həmin dövrdə digər rayonlarda baş vermiş bənzər silahlı qəsdlərin əsas məğzi bu idi. Xalqı əvvəlki kimi qul vəziyyətinə qaytarmaq, ağa-qul münasibətlərini yenidən bərqərar etmək; Manaflının “xalq qəhrəmanları”nın hədəfi beləydi. Bunu da açıq şəkildə bəyan edirdilər.

azerbaycaninqaratarixi.blogspot.com

Комментариев нет:

Отправить комментарий