20.02.2019

1919-cu il avqustun 15-dən 27-nə kimi, cəmi 12 gün ərzində Zaqatala piyada polkundan 100-ə qədər əsgər qaçmışdır və həmin proses demək olar ki hər ay bu qaydada davam etmişdi. Təbii ki müsavat ordusundan qaçanlar çox vaxt silahlarını da özləriylə götürür və qırmızı partizan dəstələrinə qoşularaq yerli bəylərə, müsavat qubernatoruna qarşı vuruşurdular. Məsələn, 1919-cu ildə Şəkidə osmanlı ordusunun keçmiş çavuşu İsmayılın rəhbərliyi ilə “Bəy və xanların hakimiyyətinə ölüm!” şüarı altında müsavat hökumətinə qarşı kütləvi qiyam baş verdi. Üsyanın əsas zərbə qüvvəsi müsavat ordusunda xidmətdən boyun qaçıran gənclər və torpaqsız kəndlilər idi. Qiyamçılar bir-birinin ardınca bütün inzibati binaları ələ keçirir, inadla şəhər mərkəzinə doğru irəliləyirdilər. Qubernator nizami qoşun hissələrini köməyə çağırdıqdan sonra xalq üsyanı zor gücünə yatırıldı. Müsavat hökumətinə qarşı Şəkidə baş vermiş bu silahlı üsyan tarixdə “Zəğzəglilərin işi” adıyla məşhurdur. Bakıya qaçmaq rüsvayçılığından son anda canlarını qurtaran müsavat qəza hökuməti üsyançılara və onların ailələrinə qarşı geniş repressiya əməliyyatı həyata keçirdi, yüzlərlə insan öldürüldü və həbs edildi. Müsavat-ingilis işğalçı rejimi Şəkidə ağalığını belə qanlı qətllər hesabına cəmi bir neçə ay sürdürdü. Bir neçə ay ona görə ki belə üsyanlar demək olar hər ay baş qaldırır, yalnız ordu və bəylərin qoçu dəstələrinin üsyançılara qanlı divanından sonra yatırılırdı. Bir tərəfdən yerli bəylərin zülmü, digər tərəfdən torpaqsızlıq və aclıq bölgə əhalisini tez-tez silaha sarılmağa məcbur edirdi. 1919-cu ilin təkcə ikinci yarısında Azərbaycanda çörək 100%, yağ 200%, süd 2 dəfə, yun məhsulları 4 dəfə bahalaşmışdı. Müsavat-ingilis işğalı zamanı qəzalarda hər il on minlərlə insan aclıqdan tələf olduğu halda, ölkənin taxılı ingilis paraxodlarıyla Ənzəliylə, həm də əhalidən zorla müsadirə olunaraq daşınırdı.

Комментариев нет:

Отправить комментарий