19.02.2019

Heç kəs düşünməsin ki, 30-cu illərdə ancaq ziyalılar repressiyaya məruz qalırdılar, yox, ziyalı təbəqə repressiyaya məruz qalmışların heç 1%-ni də təşkil etmirdi- amma nədənsə kimlərsə ancaq bu 1%-i qabardır, çünki bunun ətrafında yaxşı dramatik şou yaratmaq mümkündür. Biz heç də o iddiada deyilik ki, guya repressiyalarda güllələnən, həbs edilənlərin hamısı aldığı cəzaya layiq idi, yox, əlbəttə haqsızlıqlar, bilərəkdən və ya bilməyərəkdən buraxılmış xətalar da istisna edilmir. Amma ümumilikdə 30-cu illərdə repressiyalar qaçılmaz zərurət idi, əks halda Azərbaycan xalqı əks-inqilabın kütləvi qırğınlarıyla üz-üzə qalacaqdı. Molla Mustafanın və Mustafabəyin bandaları hələ iğtişaşlardan əvvəl əhalini açıqdan-açığa hədələyici vərəqələr yayırdılar. Belə vərəqələrin birində deyilirdi: “Sovet hakimiyyəti xarici dövlətlərin təzyiqinə tab gətirməyib tezliklə yıxılacaq və bu gün bizə qarşı olanları sabah yaxşı aqibət gözləmir”. Bəli, xalqla belə ultimatum dilində danışanların hakimiyyətə gələcəyi təqdirdə düşünürsünüzmü nələr olacaqdı? Nələr olacaqdısa, bunun kiçik bir nümunəsini Bəhrambəylər 1930-cu ilin cəmi bir neçə günü ərzində Şəkidə əyani surətdə nümayiş etdirdilər -kommunistlər, komsomol fəalları, kolxozçular, müəllimlər- hamısı da silahsız, evindən çıxarılaraq küçədə, hamının gözləri qarşısında güllələnirdilər. Sadəcə iki gün ərzində bir rayonda 27 nəfər insan banditlər tərəfindən qətlə yetirildi, bundan əvvəl daha 7 nəfər müəllim, hətta bandit Bəhrambəyin qardaşı qızı, müəllimə olan komsomolçu Züleyxa Bəhrambəyova da onların sırasında qətlə yetirildilər. İndi siz bu qırğının miqyasını bir az genişləndirib bütün Azərbaycana yayın və bu prosesi bir neçə günlə yox, bir neçə illərlə davam etmiş zənn edin- əks-inqilab hakimiyyətə gələcəyi təqdirdə nə qədər insan məhv edərdi? Əgər iki günə bir rayonda 27 nəfəri qətlə yetiriblərsə və Azərbaycanda təqribən 60 rayon mərkəzinin olduğunu nəzərə alsaq, orta hesabla çox yox, sadəcə bir ilə ən azı 200 min insanı məhv edərdilər. Əgər bu rəqəm kimlərəsə mümkünsüz kimi görünürsə, 1918-20-ci illərdə Azərbaycanda 400 min insanın məhvini xatırlasınlar, Mannerheymin balaca Finlandiyada cəmi bir neçə ilə 150 minə qədər insanı məhv və ya sürgün etdiyini düşünsünlər- onda yüz minlərlə insanı məhv etmiş əks-inqilabın nə demək olduğunu daha yaxşı təsəvvür edə bilərlər. Öz doğma qardaşı qızını komsomolçu olduğu üçün, müəllim olduğu üçün qətlə yetirən Bəhrambəylərin özgə insanlarla necə rəftar edəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Bir də siz düşünün ki, 30-cu ildə bu qanlı cinayətləri törətmiş Bəhrambəylər, Molla Mustafalar 1941-ci ilə qədər maskalanıb yaşaya bilsələr, nələr baş verəcəkdi. Plan beləydi ki, Hitler Almaniyasının SSRİ-yə hücumunun sabahı günü Bəhrambəylər daxildə qətliamlara başlayacaqdılar. 1930-cu ildə məhdud bir dəstəylə rayon mərkəzinə soxulub Sovet hakimiyyətini devirməyə təşəbbüs göstərənlərin, 1942-ci ildə faşist qoşunlarının Qafqazda Mazdoka qədər irəliləyəcəyi təqdirdə xarici əksinqilabla birləşmək üçün hansı vəhşilikləri edəcəkləri o qədər də çətin təsəvvür olunan bir şey deyil.

Комментариев нет:

Отправить комментарий