Tarixçilər qoy iqtisadiyyatın, sosial həyatın hansısa bir sahəsindən bir dənə statistik fakt təqdim etsinlər ki, müsavat-ingilis işğalı vaxtı hansısa sahədə cüzi də olsa artım, tərəqqi olub. Müqayisə üçün deyək ki, 1913-cü ildə Şəkidə 60 min pud barama istehsal olunmuşdusa, bu göstərici müsavat vaxtı cəmi 2 min pud təşkil etmişdir- yəni 30 dəfə az. Müsavat vaxtı Şəkidə olan ipək manifakturalarının, fabriklərinin hamısı fəaliyyətini dayandırmış, ipəkçilik tamamilə itib getmişdi. 1913-cü illə müqayisədə 1919-cu ildə iribuynuzlu malqaranın sayı 57%, camış və atların sayı 75%, xırdabuynuzlu mal-qaranın sayı 49%, əkilən sahələrin miqyası 23% azalmış, 330 min hektar əkin sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Neft emalında 22 dəfə azalma qeydə alınmışdır, neftayırma zavodlarının yarıdan çoxu fəaliyyətini tamamilə, qalanı isə qismən dayandırmışdır. Eyni tənəzzül dalğası sosial-mədəni, maarif sahəsində də yaşanmaqdaydı. Belə ki çarizm zamanı Azərbaycanda ibtidai və orta məktəblərin sayı 976, bu məktəblərdə oxuyan şagirdlərin sayı 73 min nəfər təşkil edirdisə, müsavat-ingilis işğalı zamanı anoloji göstərici kəskin surətdə azalaraq cəmi 643 məktəb və bu məktəblərdə təhsil alan şagirdlərin sayı isə 48 min nəfər təşkil etmişdir. Başqa sözlə, müsavat-ingilis işğalı zamanı Azərbaycanda məktəblərin sayı 330 ədəd, şagirdlərin sayı isə 25 min nəfər, yəni 35% azalmışdır. Müsavat-ingilis işğalı zamanı Azərbaycan sözün əsl mənasında bölgədə tarixin ən böyük demoqrafik fəlakətiylə üzləşmişdir: 1918-20-ci illərdə ölkə əhalisinin təqribən 20%-ni, yəni 400 min nəfərini itirmişdir! Əhalinin sayi 2,3 milyon nəfərdən azalaraq 1,9 milyon nəfərə düşmüşdür. Vətəndaş müharibəsi, xarici işğal, milli münaqişələr, aclıq və xəstəliklər respublikanın genefonduna uzun illər bərpası mümkün olmayan zərbə vurmuşdur. Müsavat-ingilis işğalı zamanı respublikada 636 kənd yer üzündən silinmiş, 30 mindən artıq kəndli həyəti məhv edilmişdir. Hətta Çar zamanı mövcud olan 800 kəhrizdən müsavat-ingilis işğalı zamanı cəmisi 142 kəhriz işlək vəziyyətdəydi. Liberalların ağız dolusu dəm vurduqları "milli müstəqillik" dövrünün faktlarda əksini tapmış gerçək mənzərəsi budur! Müsavat vaxtı bircə dənə də olsun nə məktəb, nə fabrik, nə bir bina tikilmədiyi, iqtisadi-sosial həyatın bütün sahələri kəskin tənəzzül etdiyi halda girdirmə ziyalılar iddia edirlər ki, geniş quruculuq işləri gedirmiş və guya 11-ci Qızıl Ordu xalqımızı bu “giqant” inkişafdan məhrum etmişdir. İnkişafdanmı məhrum etmişdir, yoxsa məhv olmaqdanmı xilas etmişdir- bu seçimi oxucunun öz ixtiyarına buraxırıq. Sadaladığımız tükürpədici tənəzzül, dağıntı və qırğın faktlarının fonunda siz fikrən “müstəqilliyin” daha bir qədər davam etdiyini fərz edin- sonra baxın görün Azərbaycandan geriyə nə qalacaqdı?!..
Комментариев нет:
Отправить комментарий