20.02.2019

Sizə elə sırıyırlar ki, guya Sovet hökuməti 1920-30-cu illərdə bəylərin, mülkədarların, qolçomaqların haqqı olan torpaqları onların əlindən alırdı, xeyr! Onların haqqı hər kəs kimi bir həyət torpaq idi! Sovet hökuməti əvvəlcə Çar, sonra isə Müsavat dövründə bəylərin min bir fırıldaqla ələ keçirdiyi icma torpaqlarını yenidən kənd icmasının sərəncamına qaytarırdı! Bu proses iki formada həyata keçirilirdi: 1-ci forma kəndli həyətləri, 2-ci forma kolxoz quruculuğu idi. Liberallar onu da iddia edirlər ki, kolxoz quruculuğu Azərbaycan üçün guya çox ağır “sosial-iqtisadi” nəticələr törətdi. Guya məhsuldarlıq aşağı düşdü, ölkədə ərzaq vəziyyəti pisləşdi. Belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya kolxoz quruculuğu özünü doğrultmadı. Qeyd etməliyik ki, Müsavatdan “miras” kimi Sovet hökumətinə ancaq iqtisadi xarabazarlıq irs qalmışdı. Hansı ki bu dağıntıların aradan qaldırılması on illərlə vaxt tələb edirdi. Amma Sovet hökuməti bütün gücünü səfərbər edərək qısa bir dövr ərzində xalq təsərrüfatının bərpasına nail oldu. İnqilabdan dərhal sonra elə bir sahə yox idi ki, tərəqqiyə nail olmasın. Məsələn, 1920-ci ildə Azərbaycanda cəmi min hektar pambıq sahəsi qalmışdısa, 1923-cü ildə pambıq əkini 21 min hektara çatmışdı. Müsavat dövrü tamamilə iflasa uğrayan baramaçılıqda qısa müddət ərzində dəfələrlə artım oldu- 1921-ci ildə barama tədarükü 6 min puda, 1923-cü ildə isə daha 10 dəfə qalxaraq 60 min puda çatdı. Müsavatın Azərbaycan iqtisadiyyatında yaratmış olduğu yırtıcı dağıntıdan sonra hər il, həm də iqtisadi-sosial həyatın bütün sferalarında artıma nail olmaq möcüzə idi. Müsavatın iqtisadiyyata vurduğu dağıntının böyüklüyünü təsəvvür etmək üçün sadəcə onu demək kifayətdir ki, neft sənayesi kimi strateji bir sahədə məhsul istehsalını 1913-cü il səviyyəsinə yalnız 1928-ci ildə çatdırmaq mümkün oldu. Belə ki 5 min neft quyusundan Müsavat dövründə sadəcə 400 quyu işlək vəziyyətdə qalmışdı, qalan 4600 quyu istismara yararsız hala düşmüşdü. Əgər neft kimi diqqət mərkəzində olan bir sahədə 1913-cü ilin səviyyəsinə ancaq 8 ildən sonra çatmaq mümkün oldusa, indi təsəvvür edin ki, Müsavat ölkə iqtisadiyyatını necə tanınmaz hala salmışdı.

Комментариев нет:

Отправить комментарий