19.02.2019

Müsavat dövrünün sənədlərini araşdırarkən kəndlilərin yüzlərlə şikayət məktublarına rast gəlinir ki, bu məktublarda onlar torpaqlarının bəylər tərəfindən ələ keçirildiyindən şikayətlənirlər və kömək istəyirlər. Təkcə Qızılhacılı kəndində kəndlilərin ixtiyarında olan təqribən 4 min hektar, Göyçay qəzasının Bəydovul kəndində 1000 hektar əkin sahəsi yerli bəylər tərəfindən ələ keçirilmiş, amma qəsb faktı Müsavat rəisləri tərəfindən qeyri-qanuni şəkildə “sənəd”ləşdirilmişdir- belə hallar demək olar ki, bütün qəzalarda yaşanmaqdaydı. Müsavat dövrü sənədlərinin çoxunda kəndlilər hətta Çar məhkəməsinin belə kəndlilərin hüququnu müdafiə etdiyi halda müsavat məhkəmələrinin əksinə, həmişə kəndlilərin əleyhinə, bəylərin isə xeyrinə qərar qəbul etməklərindən şikayətlənirlər. Bu isə “milli” hökumətin öz millətinə düşmən münasibətinin ifadəsiydi. Müsavat bəylərinin ağalığı vaxtı kəndlilərin pay torpaqlarını zəbt edərək şişən qolçomaqlar 1930-cu ildə bu torpaqların guya onların ata-baba mülkləri olduğunu iddia edir və kollektivləşməyə müqavimət göstərirdilər. Halbuki qolçomaqlar kənd burjuaziyası olmaq etibarilə 1870-ci il islahatlarından sonra meydana gəlmiş, kəndlilərin pay torpaqlarını ələ keçirərək qısa müddət ərzində böyük mülk sahibləri olmuşdular. Cəmi 50-60 illik tarixi olan qolçomaqlar sinfi özlərini elə aparırdılar ki, guya Allah dünyanı yaradanda bu torpaqları sənədlə, möhürlə onların ulu babalarına təhkim edibmiş. Maraqlı məqamlardan biri də odur ki, Müsavat dövrü sənədlərini araşdırarkən heç elə bir sənədə rast gələ bilməzsiniz ki, kəndlilərin şikayətinə müsbət cavab verilsin. Şikayətlərə ən yaxşı halda bir neçə aydan sonra, əsasən də “sizin ərizəniz əsassızdır” və ya “şikayətinizə torpaq islahatları keçiriləndən sonra baxılacaq” cavabı verilirdi. Hansı ki bu islahat heç vaxt keçirilmədi və keçirilə də bilməzdi, çünki parlamentin 85%-i qolçomaq, bəy və mülkədarlardan ibarət idi. Məhkəmələrdə oturanlar hamısı bəy nəslinin təmsilçiləriydi. Belə olan halda çulu cırıq İbişin şikayətinə kim müsbət baxacaqdı ki?!

Комментариев нет:

Отправить комментарий