19.06.2011

Ulvira Qarayeva:”Yenidən evlənmək istəyirəm”-FOTOLAR


ANS TV-nin  “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayeva ilə müsahibəni sizə təqdim edirik. 
- “Toy olsun” verilişi artıq xeyli vaxtdır fəaliyyət göstərir. Veriliş barədə nə deyə bilərsiz? Proyektin fəaliyyəti necə gedir?
- Proyekt super gedir. Gözlədiyimizdən də daha yaxşı gedir. İştirakçılarımız dalbadal gəlir. Hətta elə olur ki, efirə düşmək üçün uzun vaxt gözləyirlər. Uğurlarımız da göz qabağındadır. 7 toyu özümüz eləmişik, bəlkə 14 nəfər-cütlük də qıraqda evlənib. Cehizlərini verə bilirik, toylarını yola veririk. Deyirəm Allah utandırmasın. Elə belə getsə, hər şeydən razıyam.
- “Toy olsun” verilişinin fəaliyyəti nə qədər davam edəcək? Hansı müddətdə proyektə son veriləcək?
- Bu barədə qərarı mən vermirəm. Bununla yalnız şirkətin rəhbərliyi məşğul olur. Təbii ki, yayda tətilə çıxacağıq. Efirdə olmayacağıq. Ondan sonrası Allah-Kərimdir.
- Evləndirdiyiniz insanların yaşayışı, həyat tərzi ilə maraqlanırsınız?
- Təbii maraqlanırıq, daim əlaqə saxlayırıq. Elə bir az əvvəl sizin yanınızda Elgizlə danışdım və soruşdum ki, bəs axşam gedirikmi? İştirakçılardan birinın – evlənməyən və işə düzəldiyi üçün proqramdan ayrılan şəxsin qardaşı uşağının “çiləsi” çıxır. Bizi dəvət edib. Xülasə, evli cütlüklərimiz daima diqqətimizdədir.  Hər şeylərini də bilirik və hər şey qaydasındadır.
- Evlənən cütlüklər içərisində övlad sahibi olanlar varmı?
- Biri artıq hamilədir.
- Evlənmək üçün müraciət edənlər çoxdurmu?
- Çox, həddindən artıq çoxdur.
- Bəs siz bunları necə tənzimləyirsiz? Elə insanlar gəlirmi ki onların efirə çıxmasına qadağa qoyursuz?
- Təbii. Eləsi olur ki, səliqəsiz, xarici gürünüşünə fikir vermədən gəlir. Gələnlərin xarici görünüşünə də baxırıq. Məsələn, bilirik ki, filankəsə 100 faiz elçi düşən olmayacaq. Ona deyirik ki, özünə bir əl gəzdirsin, biz də ona kömək edirik. Eləsi olur ki, əqli, zəka problemləri olur. Onları uzaqlaşdırırıq. Yəni qabaqcadan hər birini ələyirik. Eləsi olur ki, ya evlidir, ya da nəsə problemi olur, qaçıb proqrama gəlir.. Bu xüsusən oğlanlara aiddir. Onları biz efirdən uzaqlaşdırırıq. Təbii ki, efirə buraxdığımız insanlara çox diqqətlə, həssaslıqla yanaşırıq.
- Müraciət edənlər arasında 20 yaş dövrəsində olan gənclər çoxdur. Siz belə fikirləşmirsiz ki, bu çoxluq, ümumilikdə müraciət edənlərin əksəriyyəti verlişin güzəştlərindən istifadə etməyə can atanlardır?
- Təbii elələri də var. Amma bu güzəştdən istifadə etmək üçün vaxt da lazımdır. Gərək gəlib oturalar, özlərini göstərələr. Həmişə, hamıda alınmır axı?! Bizim proqramda ailə qurmaq qismət işi, bir də özünü göstərmək işidir. Proqram başlayan ilk vaxtlarda 20 yaşa qədər olan cavanlar, ən çox da oğlanlar bizə gəlirdi. Təbii ki, onların arasında güzəştlərdən istifadə etmək və ya özünü göstərmək istəyənlər də var idi. İndi kontingent bir az dəyişib. Daha çox ailəsi dağılmış, orta yaşlı insanlar gəlir. Bu bizim uğurumuzdur ki, o insanlar da bizə inandı. Çünki 20, 25, 30 yaşı olan, heç vaxt ailə qurmamış cavanları evləndirməyə nə var ki? Bu  asan işdir. Amma taleyi alınmayanı evləndirmək həm ikiqat savabdır, həm də ikiqat çətindir.
- Eyni formatda veriliş ATV-də də var idi. Ordakı proqram bağlandı, siz isə hələ də yayımlanmaqda davam edirsiz. Bu sizin reytinqlərin daha da yüksəlməsinə də təsir edib. Bu barədə fikirləriniz nədən ibarətdir?
- Bizim reytinqimiz əvvəldən yüksək idi. Amma təbii ki, iki maraqlı veriliş eyni zamanda yayımlananda reytinqləri paylaşamalı olduq. ATV-dəki verliş (“Onun yarısı”-A.Ə) bağlanandan sonra bizim reytiqnimiz əvvəlki minvalına qayıtdı və 32 oldu. Azərbaycanda belə reytinq nə indiyə qədər görünüb, nə də düşünürəm ki, “Toy olsun” dan sonra görünə bilər.
- Sizlə bağlı şərhlərdə çox vaxt Elgizlə söhbətinizin üst-üstə düşmədiyi və bir-birinizə uyğun olmadığınız bildirilir. Bu barədə nə deyə bilərsiz.?
- Elgizlə efirdə söhbətimizi bəzən qəsdən fikir ayrılğı kimi təqdim edirik. O, bir mövqedən çıxış edir, mən başqa. Amma adətən bizdə efirdə hər şey spontan, qabaqcadan planlaşdırılmadan  baş verir. Hər şeyi hazırlıqsız  edirik. Tamaşaçı onu görür. İnsandır, onun öz mövqeyi var, mənim də öz mövqeyim var. O, öz düşündüyünü deyir, mən öz düşündüyümü deyirəm. Görünür bu da maraq doğurur.
- Verilişə baxa bilməyən tamaşaçılar şərhlərdə iki saatlıq efir vaxtının az olmasından və vaxtın dəyişdirilməsindən şikayətlənirlər. Proqramın vaxtı sizi qane edir?
- Bu da mənim qərarım ola bilməz. Yalnız şirkət rəhbərliyinin qərarı ola bilər. Təbii ki, mən də istəyərəm proqramın efir vaxtı daha çox, ən azından 3 saat olsun. Saat 17:00-dan 19:00-a kimi yox, daha çox olsun ki, hər kəs baxa bilsin. Baxa bilmədiklərini deyən şikayətçilər də çoxdur. Evdə olanlar üçün saat 17:00-dən sonra həyatları dayanır. İşdə olanlar evə tələsirlər ki, proqarama baxa bilsinlər. Amma baxa bilməyənlər üçün bəlkə də nəsə fikirləşmək olar. Yenə də deyirəım bu mənim səlahiyyətim deyil.
- Ulvira xanım, əgər jurnalist olmasaydınız, adi iştirakçı kimi bu verilişə gəlib evlənmək istərdiniz.?
- Təbii, “Toy olsun” verilişində iştirak edərdim. Amma başqa kanalda yox, yalnız ANS-də.
- “Toy olsun”da maraqlı pərdəarxası maraqlı hadisələr olubmu? Mümkünsə bir-iki maraqlısını danışa bilərsiz?
- O qədər olub ki… Elə şeylər var ki, onları normal tamaşıçının qəbul edəcəyi hal kimi təqdim edirik. Amma elə olur ki, bizim üçün də xoşa gəlmir. Elə məsələlər var ki,  onların üstündən keçirik, onlar haqqında danışmaq istəmirik. Məsələn, elə şeylər olur ki, biz onu efirdə də deyirik. Məsələn, proqrama gələn bizim qızlarımızdan oğlana qoşulub qaçanlar olur. Bu xoşdur. Bizim bir iştirakçımız başqa iştirakçının bacısını götürüb qaçdı. Yaxud mən Şəkidə olduğum toyda bir iştirakçı başqasına qoşuldu qaçdı. Bu efirdən kənarda baş verib. Bunları biz eşidəndə həzz alırıq.
- Efir zamanı ekstremal vəziyyətə düşmüsünüzmü?
- Olub. Bir dəfə dekorasiya  az qala Elgizin üstünə gəlsin. Bizdə arxada bir yer var, hündürdür. Ordan düşəndə Elgiz özünü tarazalaya bilməyib dekorasiyaya dəymişdi. Mən də tamaşaçı ilə danışırdım, canlı efir idi. Bir də gördüm ki, Elgiz deyir ki, “vay vay vay. Dekor aşacaqdı üstümə”.
- Bir az da jurnalist fəaliyyətinizdən danışaq. Nə vaxtdan jurnalist kimi fəaliyyət göstərirsiniz?
- 1997-ci ildən. Həmin vaxtdan mən televiziyadayam. AzTV-dən başlamışam. Sonra “Space”də xəbərlərdə işləmişəm, hətta parlamenti müxbiri olmuşam. Filmlər çəkmişəm. 20-yə yaxın sənədli filmim var, araşdırma filmlərim də olub. Məsələn, “Qırmızı xətt” araşdırma filmim olub. “SOY”da işləmişəm. “Lider”də “Səhər” verilişində redaktor olmuşam. Bu işdən başqa, heç bir iş görməmişəm. Yalnız jurnalistika…
- Necə ildir ANS-də işləyirsiz?
- AzTV-də mən montajın əlifbasını öyrəndim. Hardasa 6 ay olandan sonra eşitdim ki, ANS-də müsabiqədir və dəvət edirlər. Mənim üçün bu göydəndüşmə oldu. Çoxdan bu şirkətdə işləmək istəyirdim. ANS-ə düşmək mənim üçün arzularımın həyata keçməsi idi. Çünki AzTV-də jurnalist kimi işləmirdim, orda mən rejissor köməkçisi idim, sadəcə olaraq televiziyanı görürdüm. ANS-ə gələndə Mirşahin bəy məni danışdırdı. Onunla söhbətdən sonra məni işə götürdü və orda işləməyə başladım. ANS mənim ilk ciddi iş yerim idi və ondan sonra hansı şirkətdə işləmişəm, harda işləmişəm, ətrafımda bütün dostlarım da mənlə bərabər işləyənlər də bilir ki, hər dəfə demişəm ki, ANS-də öyrəndiyimdən sonra çox az şey öyrənmişəm. Lazım olanı  mən ANS-də öyrənmişəm. Orda bir il  işlədim sonra çıxdım, yəni analıq məzuniyyətinə getdim. Sonra da iş yerimi dəyişdim. İndi ANS-ə ikinci qayıdışımdır.
- ANS-dən başqa yerlərdə işləyirsizniz?
- Yox, heç bir yerdə işləmirəm. Hazırda ANS-də işləyirəm. Kim mənə icazə verər gedim başqa yerdə işləyim?
- Başqa proyektləriniz var?
- Var. Amma deyə bilmərəm. Çünki həmin proyekt böyük pul istəyir, bir də bütün yayı Azərbaycandan kənarda yaşamağı, hətta qışı da. Reallaşdıılması mümkündür, amma o layihə bol sərmayə istəyir. Canlı efir deyil, çəkilib Azərbaycana gətiriləcək bir layihədir. Mən “Toy olsun”un üzərində o qədər əziyyət çəkmişdim, o qədər istəyirdim ki, o həyata keçsin, ona görə “Toy olsun”dan mənim doymağım çətindir.
- “Toy olsun”un ərsəyə gəlməsəndə çox əziyyət çəkdiyini bildirdinizz. Bu barədə danışa bilərsiz?
- Çətinlik çəkdim deyəndə, layihə əlimdə kanalları dolaşmağımı, sponsorlar dolaşmağımı deyirəm. Amma sonradan elə oldu ki, yenə də Mirşahin layihəni bəyəndi və artıq sponsorlara ehtiyac olmadı, hər şeyi ANS-in özü etdi, mənə də daha  rahat oldu.
Amma günümdən danışım… Görün necə olur mənim günüm. Səhər saat 11-də vitse-prezident Seyfulla Mustafayevin yanında iclas olur və Seyfulla müəllim elə bir insandır ki, hər bir xırdalığa varır. Ən kiçik misalı da Seyfulla müəllim bilməlidir və deməlidir ki, biz necə etməliyik ictimaiyyət kəskin reaksiya verməsin, proqramımıza minus gəlməsin. Ondan sonra saat 1-ə qədər iclas olur. İki saatlıq efirin hər gün bir saatlıq iclası olur, həftədə beş gün. Ondan sonra həm Elgiz, həm mən hərəmiz öz işimizin dalınca gedirik. Məsələn, mən manikürə gəlirəm, saçlarımı düzəldirəm, iştirakçılarla görüşüb danışırıq, öz aramızda telefonla danışırıq. Nəyi ki, sona qədər dəqiqləşdirməmişik, onları sona qədər dəqiqləşdirib və yenə də saat 5-in yarısında tam hazır vəziyyətdə studiyada oluruq. Yenə iştirakçılarla danışırıq, görürük kim gəlir, kimin nə dərdi var-dərdlərini bizə danışırlar axı. 19:00-da efirdən çıxandan sonra inan kı, evə getmirik. Dəvətlər olur, ad günləri olur və bizləri əziz bilib, xətrimiz istəyirlər dəvət edirlər.
- Özünüzü jurnalistikadan başqa daha hansı sahədə sınamaq istərdiniz?
- Heç bir sahədə görmürəm. Çünki mənim başqa bacarığım yoxdur. Mən buna tamamilə əminəm. Jurnalistikada hər şey edə bilərəm, məsələn, film çəkə bilərəm, rejissorluq,  prodüserlik edə bilərəm. Hər şey jurnalistika ilə bağlıdır. Çünki iqtisadiyyatı bilmirəm, pul saymağı bilmirəm, evi də maliyyə cəhətdən idarə edə bilmirəm, onu anam edir. Başqa insan nəyi bacara bilər? Ev işini bacarmıram, xoşlamıram. Mənim işim budur. Dincəldiyim də, xöşbəxt olduğum yer də yalnız efirdir.
- Ülvira xanım özünüzü necə təsvir edə bilərsiz? Sizin xarakteriniz necədir?
- Ərköyün deyiləm. Baxmayaraq ki, ailədə bir uşaq olmuşam, məni ərköyün böyütməyiblər. Amma eqoistəm. Yalnız qızıma qarşı eqoist deyiləm. Amma bir də görürsən ki, dırnaq boyalarını bölüşdürə bilmirik, yaxud kameranı. İki bacı kimi dalışırıq. Əvvəllər dəhşətli dərəcədə səbirsiz idim, amma indi səbirli olmuşam, insanları yola verirəm. İnsanları yola verməyi bu proqram məni öyrətdi.  Ümumiyyətlə “Toy olsun” mənə çox şey öyrətdi.
-  Ailə vəziyyətiniz necədir?
- Ailəli olmuşam, bir qızım var. Adı Zeynəbdir. Zeynəb Quluzadə, 12 yaşı var. Həyat yoldaşımdan ayrılmışam Anam, qızım və mən birgə yaşıyırıq. Qızım məndən qat-qat ağıllıdır. Mən 30 yaşında bildiklərimi o artıq sərbəst götür-qoy edə bilir. İstənilən mövzuda onunla danışıram. O da istənilən mövzuda mənlə danışa bilər və sorğu-suala çəkə bilər. O, mənim ən böyük fəxrimdir.
- Yenidən ailə həyatı qurmaq istərdiniz?
- Təbii ki. Heç bir qadın tək qalmaq istəmir. Hər hansı qadın desə ki, mən ailə qurmaq istəmirəm, bilin ki, o riyakarlıq edir. Təbii, yenidən evlənmək istəyirəm. Amma bu indi mənə ikiqat çətindir. Çünki əvvəl mən ictimai rəyə fikir verən deyildimsə, amma indi artıq götür-qoy edirəm, hər məsələnin dərinliyinə gedirəm…Oturduğum insanlara, bir sözlə hər şeyə diqqət edirəm.
- Bildiyimiz qədər Rusiyada da yaşamısınız. Ora hansı səbəbə getmisiz? Necə il orda yaşamısınız?
- Mənim babam çox sərt , prinsipial, köhnə  kişilərdən olub. Atam isə o vaxt hippy idi və azad həyat sürmək istəyirdi. Babam buna imkan vermirdi, şərait yaratmırdı və atam ailəsini də götürüb Rusiyaya getdi. Sibirdə İrkutsk vilayətində yaşayırdıq. Sonra Volqaqrad vilayətinə köçdük. Bu minvalla hardasa 13 il keçdi. Məktəbi Rusiyada bitirdim. Orda yaşadığıma görə mən Azərbaycan dilində danışmağa daha həssasam. Efirdə kimsə gəlib rusca danışamağa çalışanda qıcıqlanıram.. Axı mən görürəm ki, əslində onlar rusca əməlli danışa bilmirlər…Hirslənirəm ki, niyə öz dilimizə nəyə görə hörmətsizlik edirlər?
- Rusiyadan Azərbaycana nə vaxt gəlmisinizz? Ali təhsilinizi harda almısız?
- 1991-ci ildə Azərbaycana qayıtmışıq. Ailə təhsilimi Bakıda almışam. Mən Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Ekran dramaturgiyası fakultəsini… Məni hətta iki dəfə universitetdən qovublar, çünki dərsə getmirdim elə işləyirdim. Sonradan yenə bərpa olundum, Amma davamiyyətimin zəifliyi üzündən yenə qovuldum. İki dəfə xaric ediblər, iki dəfə bərpa ediblər. Güc-bəla ilə universiteti qurtarmışam. Bərpa olunanda başqa fakültəyə keçdim və nəhayət  “kinoşunaslıq” fakültəsini bitirə bildim..
- “Toy olsun”la populyarlaşandan sonra heç evlilik təklifləri almısınızmı?
- Almışam. Elə ikisini proqramda təklif ediblər. Yarı zarafat, yarı ciddi. Ətrafdan da evlilik təklifi almışam. Evlilik təklifləri həmişə olub. Bizim proqrama qızlar gələndə deyirəm “ay qızlar, niyə ailə qurmamısınız?” Deyirlər “istəyən çox olub, çox seçmişəm”. Əslində normal insan təklif eləsə, təbii ki, artıq seçim edə bilirsən. Deməli elə təkliflərdir ki, heç onlara baxmağa dəyməz. Mənə olan təklifləri heç mən qiymətləndirməyə yaxın buraxmırdım… Bu təklifi edənlər barədə heç düşünməyə dəyməzdi.  Əgər dəysəydi, yəqin ki, mən artıq aiəli olardım.
- Bizə verilişlə bağlı gələn bir sıra şərhlərdə deyilir ki, efirə gələnlərin paltar geyimlərini qaydaya salsınlar, onlara necə hərəkət etmək, danışmaq lazım olduğunu desinlər. Məsələn, bir verilişdə siz qısa yubka geyinərək oturan bir qızın ayaqlarını dəsmalla örtdünüz…Geyim tərzinə müdaxiləniz olurmu?
- O hadisə bir səs-sədaya səbəb olub… Bunun izahatını “Facebook”, “Odnoklasnik”də də yazmışam. Bizim studiyanın oturacaqları hündürdür. Zaldan baxanda qısa yubkada oturan xanım pis görunur. Xanım qalxır-oturur və ayaqlarının arası görünürdü. Ona görə örtdüm onu. O həm də bir növ şou oldu, yəni bilərkdən etdim. Amma sonradan efirə qısa yubkayla gələnlərə deyirdim ki, orda oturmasınlar, ayaqüstə dursunlar. Verilişə gələnlərin geyim tərzinə heç bir müdaxilə etmirik.
- Hobbiniz varmı? Boş vaxtlarınızda nə ilə məşğulsunuz?
- Boş vaxtlarımda at minməyə, üzməyə, rayona gedirəm, qızımla vaxt keçirirəm. Əslində necə vaxtdır ki, rolik sürməyi öyrənirəm qızımla, amma alınmır.
- Son olaraq sizin verlişi və sizləri izləyənlərə nə demək istəyirsiniz?
- Geyinin, keçinin, gəlin…
                                                                                                                    modern.az
                       

Комментариев нет:

Отправить комментарий