22.10.2016

MTN əməliyyatı ilə bağlı deputatdan sensasion açıqlamalar

2015-ci il oktyabırın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) başlanan proses bir çox yüksək çinli MTN-çilərin həbsi, qurumun ləğvi ilə sonuclandı. Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, deputat Zahid Oruc ötən müddətdə həyata keçirilən istintaq tədbirləri, atılan addımlar və görülməli işlərlə bağlı qəzetimizə geniş müsahibə verib.

- Ötən 1 il ərzində Eldar Mahmudov və onun bandit dəstəsinin vəzifəsindən azad edilməsi, daha sonra MTN-nin ləğvi Azərbaycanın dövlət idarəçiliyi və ictimai-siyasi həyatında aparılan dəyişiklik kimi dəyərləndirilə bilər. Azərbaycandakı hadisə son dərəcə dəhşətlidir və ölkəmizdə təhlükəsizlik orqanlarının adına, məxfi orqan təmsilçilərinin daşıdığı mundirə tarixən vurulan ən böyük zərbədir. Hökumətin yüksək çinli şəxslərini, dövlətin ali orqanlarının təmsilçilərini özünümüdafiəyə cəlb etməklə illər ərzində mütəşəkkil anti-Azərbaycan fəaliyyəti aparılıb.

- Bu fəaliyyətdən Eldar Mahmudov milli təhlükəsizlik naziri olaraq xəbərsiz qala bilərdi?
- Qətiyyən! Hazırda prokurorluq və məhkəmə orqanlarındakı işlərdən bəziləri mediaya çıxır və bir daha əksər məsələlərdə Eldar Mahmudovun qara silueti, hissiyatsız və donuq kölgəsi üzə çıxır. Başqa şəxslərin məsuliyyəti bir qurumun rəhbərindən gələn repressiv və total soyğunçuluq əməllərini pərdələyə bilməz. İnkivizitorun baş cəlladı rolunda Akif Çovdarovun qorxunc və amansız obrazı qabarsa da, Mahmudovun tamakar nəfəsi hər addımda duyulub. Cinayət Məcəlləsinin onlarla maddəsinə uyğun hərəkət edən adamların qurbanları sırasında hər kəs olub. Onların partiya mənsubiyyətinə, daşıdığı vəzifənin ranqına və aid olduğu silkin iearaxiyadakı yerinə baxmayaraq, “dövlət içində dövlət kimi” hərəkət edənlər insanlar üzərində qəddar ovlama, yağmalama və işgəncə maşını qurublar. Yüksək dövlət təmsilçiləri arasında daim parçalanma təbliğatının mənbəyi də o idarə olub. Kompramat savaşı imkan verməyib ki, Eldar Mahmudovun əmmələrinə qarşı konkret bir nazirlik və ya şəxslər onu zərərsizləşdirə bilsinlər. Hərçənd ona qarşı böyük müqavimət göstərən dövlət adamları olub və Eldar Mahmudov müxtəlif səviyyəli doproslara çağırılıb və hakimiyyətdə ona qarşı kəskin dirəniş göstərilib. Lakin daim ölkənin təhlükəsizliyi naminə, həmçinin, çekistlərin bacardığı iz itirmə əməliyyatları hesabına 11 illik vəhşət davam edib. Yəqin ki, gələcəkdə müxtəlif nazirlər əleyhinə, hökümətin fəaliyyəti ilə bağlı, beynəlxalq məkanda ölkənin ali şəxslərini hədəf seçən kompramat materialların yayılmasında konkret əməllər sübuta yetiriləcək. 

- Bu fikirlər real informasiyaya əsaslanır? 
- Buna heç şübhə yeri yoxdur. Cinayətin aşkarlanmasının iki forması var. Biri konkret məlumatlar əsasında gedib cinayətkarları ifşa edirsən. Onun əlavə dəlillərə və izahata ehtiyacı qalmır. Digəri isə həmin fəaliyyətin ara verməsi, epizodik və pərakəndə vəziyyətə düşməsindən çıxış edib söyləmək olur ki, Azərbaycanı ləkələyən toplara mərmilər buradan qoyulub. Siz həmin kampaniyanın intensivliyinin indi kəskin şəkildə aşağı düşdüyünə şahidsiniz. Həmin orqanın təmsilçiləri fəaliyyətə başlayarkən işlərinin məxfi xarakterinə görə dövlət sirri olan məlumatları yaymamaq öhdəliyi götürürlər. Ancaq Akif Çovdarovun məhbəsdən cəmi 1 dəfə verdiyi mesajdakı şantaj və dövləti təhdid müraciətinə hakmiyyətin reaksiyasından çıxış edib deyə bilərik ki, onun mühüm informasiyalarının açılmasından heç kəs qorxmur. Çünki ölkənin maraqlarını qorumaq üçün mühüm kəşfiyyat fəaliyyəti başqa orqanların və ləyaqtəli çekistlərin çiynində olub. Bilirsiz, xəfiyyə sistemi dünyada elektron casusulugu həyata keçirir, rabitə sisteminə, poçt yazışmalarına və digər kommunikasiya vasitələrinə müxtəlif “cilovlama proqramları” tətbiq edirlər. Bu zaman ələ götürülən informasiya kütləsinin 90 faizindən gərək imtina edəsən, çünki onun dövlət təhlükəsizliyi ilə heç bir əlaqəsi olmur. Əks halda özünü allahlaşdırıb vətəndaşın həyatına və taleyinə sərəncam verən iblis mərkəzinə çevriləcəksən. Müxtəlif kompüter oyunlarındakı vampir çetesi kimi. Eldar Mahmudov və onun ətrafı kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətini gerçəkləşdirməkdənsə, vətəndaşları yeyərək akulaya çevrilən “ölüm fabrikası”na çevrilib. Lakin ötən 1 ildə xarici dövlət təmsilçilərindən onların əleyhinə müraciətlərin olmaması məni təəccübləndirir. Zənn edirəm ki,  müxtəlif investisiya layihələrini həyata keçirən xarici şirkətlərə də qanlı general şaykasının əli uzanıb.  

- Belədirsə, Eldar Mahmudov nə üçün həbs olunmur? 
- Ölkə rəhbəri iradəsini və sərt xarakterini göstərib. Yəni, “toxunulmaz şəxs” yoxdur. Ona görə Eldar Mahmudovu “qoruyan daxili və xarici əl” versiyasını tamamilə kənara qoymaq olar. Onun şəxsiyyət probu o ölçüdə deyil. Belələrinin xarakter kimliyi, insan materialı və mənəviyyat əmsalı onu daim hifz etməyə imkan vermir. Lakin şübhə etmirəm ki, xarici agentura mərkəzləri müxtəlif ssenarilərini bizə yeridərək böyük tələlər qurublar və bizim çekist sayılan diletantları iradə ediblər. Azərbaycan təhlükəsizlik orqanları içərisində cəsus qrupları işləyib. Ona görə də hakimiyyətin həbs qərarı verməməsi ona lütflə bağlı deyil, zənn edirəm digər daha böyük miqyaslı planlardan irəli gəlir. Çünki dünyanın təhlükəsizliklə bağlı dosyelərini incələyəndə görürsən ki, düşmənlərin hamısına çıxmaq üçün baş günahkarı müəyyən qədər neytral meydanda saxlamalısan. Onda oğurlanan milyardlara və digər böyük akulalara çıxmaq asanlaşacaq. Bu sırf əməliyyat taktikası kimi seçilə bilər. Əsas versiyalardan biri budur. 

- Bəs Eldar Mahmudovu istintaqdan kənar saxlayan başqa səbəblər varmı? Ötən 1 illik müddət istintaqın konkret nəticəyə gəlməsinə yetmədimi?
- Ən başlıca məsələ Eldar Mahmudovun faktiki olaraq haram pullarla tikdiyi villasında onsuz da məhbus ömrü yaşamasıdır. Ancaq bu orqan vasitəsi ilə külli miqdarda vəsaitlər Beynəlxalq Bankla əlaqəli, həm də talançılıqla və korrpusiya ilə bağlı vəsaitlərin xaricə axını baş verib. Bu, milyardlarla manat vəsait deməkdir. Zənnimcə dövlət atdığı hər bir addımda baş vermiş fəsadların mümkün geri dönüşünü hesablayır. Lakin baş günahkarın aqibətindən asılı olmayaraq, həyatını və maddi varlığını qorumaq üçün terror qrupları kimi hərəkət edən çekist bandası ilə mübarizədə ziyan çəkən və məhrumiyyətlərə düçar olan hər kəsi “repressiya qurbanı” kimi tanımaq lazımdır. “Karvansaray” ticarət mərkəzinin taleyindən tutmuş, 8-ci kilometrdə yerləşən bazara qədər geniş coğrafiyada və çeşiddə baş verənləri başqa adla qiymətləndirmək mümkün deyil. Həmin hadisələri indi təsvir edəndə adamın ürəyi bulanır, hiddət və qəzəb, intiqam və cəza tələbi bir-birinə qarışır. 1-ci mərtəbədə işgəncə ver, 2-ci mərtəbədə rəqəm oxu, 3-cü mərtəbədə ram edə bilmədiyin adamları saxta işlərlə məhbəsə göndər. Çoxmərtəbəli cinayət yuvası məkrlə işləyib. Milləti belə amansız sümürən heç bir müətəşəkkil cəza dəstəsi bir qurum boyda heç vaxt olmayıb. O adı və çekist libasını xilas etmək üçün hər kəs cinayətinə görə cavab verməlidir. Çovdarovları vətənşalıqdan məhrum etmək onları İŞİD terrorçuları ilə eyni səviyyədə qəbul etmək demək olardı və Azərbaycan dövləti, milləti belə başkəsənlərdən xilas olardı. Lakin təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurumların təmsilçiləri də bu məsələdə məsuliyyət daşıyır. 

- Dediklərinizdən belə aydın olur ki, Eldar Mahmudovun istintaqdan kənarda saxlanılması onun fəaliyyəti dövründə ölkədən kənara çıxara bildiyi milyardların geri qaytarılmasıyla əlaqədardır. Onu həbsə alıb, həmin o pulların geri qaytarılmasına nail olmaq doğru addım olmazdımı?
- Eldar Mahmudovun tamahı qılıncından iti olub. Belə olan təqdirdə onu cəmiyyətdən izolasiya edib məhbusa çevrimək yarımçıq qələbəyə çevrilər. Hər halda prokurorluq orqanlarının qurduğu əməliyyat xəritəsi var. Ona görə səbrli olmaq lazımdır. Dzerjinski deyirdi ki, çekistin isti ürəyi, soyuq beyni və təmiz əlləri olmalıdır. Eldar Mahmudov, onun şaykası isə tamamilə əksinə işləyib. Onun fəaliyyətini ifşa etmək o qədər də asan deyil. İstintaqın sonunda verilən qərar bir çoxlarının gözlədiyi kimi olacaq. Çünki sabiq nazirin cəzalanmaması müəyyən insanlarda xof yaradacaq.

- Hətta onun bir müddət sonra yenidən digər yüksək vəzifəyə gətiriləcəyi ilə bağlı söz-söhbətlər də səngimək bilmir.
- Bu, informasiya mühitini keçmişdəki kimi müxtəlif ssenarilərlə idarə etmək təxribatıdır. Yüzlərlə şəxs orqandan qovulub, cinayət məsuliyyətinə cəlb olunub. Lakin ən böyük dəhşət qurduğun evin, haram pullarla tikilmiş malikanənin sənin üçün məhbəsə çevirilməsidir. Dünən qorxu və xof içində sənə təzim edənlər, layiq olduğun qiyməti verəndə, hər gün ölüb təzədən diriləcəksən. Bundan böyük cəza yoxdur. Qırılan talelər cavabdehlik tələb edir.

- Bütün bunlar mənəvi cəzadır. Eldar Məhmudovun real cəzaya çatdırılmaması gələcəkdə onun kimi məmurların ortaya çıxması üçün münbit şərait yaratmırmı? Hansısa bir nazir düşünə bilər ki, Eldar Mahmudov milyardları taladı, ona nə etdilər ki? Və bu düşüncə ilə hərəkətə keçə bilər.
- Dövlətin ali instansiyalarına gedən xəbər xəttlərini bloklamaq mümkün olub. Çünki hər adamı yeyərkən onun satqın obrazını yarada biliblər. İş adamını və ya siyasətçini şəxsi məlumatları ələ götürüləndə idarə etməyə nə var. Trotskilər, buxarinlər, zinovyevlər məgər antisovet fəaliyyəti aparmırdılar? Ona görə milyonları töycü kimi alarkən hərənın ağzına bir qıfıl vurublar və qədimlərdə katolik kilsəsinin verdiyi indulgensiya qəbzinə bərabər, lallıq statusu təsis eləyiblər. Hamı bac-xərac verib gilyotina bıçağından qaçmağa çalışıb. Ona görə də ifşa prosesi və cəzasızlıq mühiti 11 il çəkib. Əlbəttə, Mahmudovun şəxsən məhkəmə qarşısında dayanmaması insanlarda xəyal qırıqlığı yaradacaq. Adamlar şərin ölümsüzlüyünə və gücünə inanacaqlar. Buna yol vermək olmaz.

- E.Mahmudovun fəaliyyəti dövründə birbaşa onun nəzarəti altında tərtib olunan qondarma ittiham aktları müvafiq orqanda təsdiqlənib, məhkəmələrdə ittihamedici hökmlər çıxarılıb. Günahsız insanlar həmin qondarma cinayət işlərinə görə bu gün də həbsdədirlər. Azərbaycan prokurorluğu, məhkəməsi Eldar Mahmudov və onun komandası ilə bağlı tam, hərtərəfli və obyektiv istintaq, məhkəmə aparıla bilər? 
- Parlamentdə bu məsələyə toxunmuşdum, baş verən cinayətlərin araşdırlması üçün şübhəsiz ki, ayrıca istintaq komissiyasının yaradılmasına ehtiyac var. Çünki bunu birdəfəlik anlamaq lazımdır ki, bu cinayətlər lokal xarakter daşımayıb, şəbəkələşib və başqalarını da əhatə edib. Müxtəlif şantaj üsulları ilə dövlət rəsmilərini özlərinə boyun əydirə biliblər. Azərbaycan müstəqilik tarixində dövlət çevrilişi cəhdləri ilə müqayisədə belə səssiz bir şəkildə hakimiyyətin tutulması baş verməyib. Dövlətin bütün qollarını sarıblar. Bunlar da bizim paralel hökumətimiz olub. Onlar addım-addım zirvəyə yaxınlaşıblar. Ona görə vurulan ziyanların tam obyektiv araşıdırlması və cəmiyyətin məlumatlandırlması, gələcəkdə belələrinin xaricdən müdafiəsinin qarşısının alınması üçün xüsusi komissiyanın yaradılmasına böyük ehtiyac var. Lakin söhbət qətiyyən istintaq inamsızlıqdan getmir. 

- Ali dövlət rəhbərliyinin qanunsuz yolla dinlənilməsindən əldə olunmuş məlumatlardan Eldar Mahmudovun özünü qoruma vasitəsi kimi istifadəsi haqda məlumatlar var. Eldar Mahmudovun 1 il ərzində həbs edilməməsini bu məlumatların təsdiqi hesab etmək olarmı? 
- O, Alen Dalles, yaxud, keçmiş alman KQB-sinin rəhbəri Markus Volfun heç dırnağı da deyil. Kimdir belə adam, daha strateji planda işləməyi bacarsın və hamını əsarətdə saxlasın. Onun toxunulmazlığı yoxdur və indi ən zəif həlqədir. Lakin ölkənin varidatı geri qayıtmalıdır. Özü də şəffaf bir şəkildə. Mahmudov keçmişdə sovet əmlakını dagıdanlara qarşı mübarizədə hansı analtik, peşəkar xəfiyyə bacarığı əldə edib ki, dövlətlərarası siyasətə və regional maraqlar döyüşünə qadir əks-proqramlar qura bilsin. Beləsinin məlumat bankı Cahangirin pul seyfindən ibarət olub, ofşor zonlarına axan malyəyə kontrol edilib və “Vikiliks”lə müqayisədə ara dedi-qodularına “məxfi” kodunu yapışdırmaq təşkil edib. Bəlkə də Ziya Yusifzadə kimi nəhəngin ürəyi partladı belələrinin yanında. Halbuki o ideal kişini də belələri reklam şiti olaraq çıxarırdılar.   

- Hökmün çıxarılması məhkəmənin müstəsna səlahiyyətidir. Azərbaycan məhkəmələrinin hazırkı durumunda belə hökmün çıxarılacağına inanırsınız?
- Məsələ dövlət başçısının nəzarəti altındadır. Konkret şəxslərə münasibətdə güzəştli, qorxaq mövqe tutulacağına inanmıram. Əksinə, çox sərt istintaq fəaliyyəti aparılır. Məhkəmələrimiz üçün də tarixdə qurulan ədalət mühakiməsi kimi bir sınaq dövrüdür. Məgər, hakimlərin özü və ya övladları o katorqadan sığortalanmışdı? Onsuz da ilahinin qüdrəti Çovdarovu içini çıxararaq onu yarımcana çevirib - milyonlar özü ilə bərabər, şəkər xəstəliyini, xərçəngi və mədəsiz, qara ciyərsiz bir bədəni bəxş edib. Göydəki qərar verib, qalıb yerdə onu rəsmiləşdirmək. Dünyada balans qanununu heç kəs poza bilməz. Sümüklərdən saray tikmək olar, lakin orada Bulqakovun iblisi kimi hər gün yalan, alçaqlıq və rəzillik sənə hökmranlıq edəcək. Yəqin, Mahmudov indi də kimisə buyurur, əmr edir, alır, satır. Baxın, necə qiymətli dedektiv romanlara mövzudur.   
  
- Eldar Mahmudovun müavini Hilal Əsədovun, istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin adları bir sıra cinayətlərdə hallansa da, istintaqdan kənar saxlanılmaları nə ilə əlaqəli ola bilər? 
- Mümkündür ki, bu şəxslər günahsızdır və başqa sahələrə nəzarət edərək, yuxarıda qeyd etdiyimiz dövlət məlumatları üçün “nazik cığır” olublar. Yəqin, çoxsaylı üzləşmələr aparılıb, idafələr alınıb və belə olması məqbul sayılıb.

- “MTN işi”ndən az sonra “Rabitəçilərin işi” də başladı. Maraqlıdır ki, həmin işdə də nazir Əli Abbasovu istintaqdan kənar saxlayıb ətrafında olan şəxsləri həbs ediblər. Bu qədər cinayət törədilibsə, təkcə aparat rəhbərinə 60-70 milyon manatlıq yeyinti ittihamı irəli sürülübsə, bundan nazir xəbərsiz ola bilərdi?
- Əli Abbasov elm adamı idi. Akademik savadı ilə idarəçilik sistemində özünməxsus hörmət qazanmışdı. Bizlər üçün əlçatan idi və hər zaman o qurumun inkişafında fəal rol oynamağa çalışırdı. Bunları inkar etmək olmaz. Lakin konkret şantajla üz-üzə qalanda gərək seçim etməyi bacaraydı. Axı xəfiyyə orqanı onların içində oturanda məgər o deməkdir ki, Mahmudov imperatordur? Lakin nazirliyin çoxmilyonlu yeyintilərini heç kəs inkar edə bilməz.  Kimlər dövlət vəsaitini talayıbsa, onların Əli Abbasovun üzünə durması nəyisə dəyişmir. Hər halda əsas şəbəkə, necə deyərlər, ana plata MTN və onunla bağlı şəxslər olub.  

- Bu günlərdə prezident Naxçıvanın milli təhklükəsizlik naziri olmuş Vəli Ələsgərovun ali hərbi rutbədən, təltiflərdən məhrum edilməsi ilə bağlı sərəncam imzaladı. Eldar Mahmudovla bağlı belə bir sərəncam gözlənilirmi?
- Dövlət başçısının şəxsi hiddətinin Şəkidə açılış mərasimində şahidi olduq. Buna görə də təxmin etmək olar ki, Eldar Mahmudovla da bağlı müxtəlif addımlar atıla bilər.  

- Eldar Mahmudovun vəzifədən çıxarılandan sonra öldürülməsi ilə bağlı cəmiyyətdə müxtəlif səpkili versiyalar müzakirə mövzusudur. Bölüşürsünüzmü bu versiyaları?
- Xaraktercə qəddar insanlar deyilik və hər kəsin əməlinə qanunla qiymət verilməsinin tərəfindəyik. Belə insanlar üçün ölüm mükafat olardı. Cəmiyyətin hiddəti, məzəmməti daha böyük cəzadır. Mahmudovun torpaq altında olması xəbəri insanlarda rəhm hissi qazanmağa hesablanan çekist trüyüküdür. O, sağ salamatdır, hər gün törədilmiş cinayətlərlə bağlı sorğu-sualın və digər müşayetedici baxışların altındadır.

- 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətllə yetiriləndən sonra prokurorluq orqanları azad sözə yönəlmiş ağır cinayətin üstünün açılması üçün bir sıra mühüm addımlar atmışdılar. Qətldə dolayısı ilə iştirak etmiş Turqay Bayramov həbs edilmiş, killer dəstəsinin 2 üzvü müəyyən olunmuşdu. Lakin cinayət işi prokurorluqdan MTN-ə ötürüləndən sonra istintaq yerində saymağa başladı, cinayətin üstü açılmamış qaldı. Necə hesab edirsiz, bu cinayət işinin yenidən araşdırlmasının zamanı deyilmi? 
- Qeyd etdyiniz açılma baş vermədiyindən kriminal hadisələrdən Azərbaycan əleyhinə əfsanələr düzəldilir. Əlbəttə, dövlət bunun fərqindədir. Hər halda Kennedinin qətli ilə müqayisədə sözügedən səs-küylü cinayətlər açıla biləndir. Lakin mürəkkəb məqamları və o dövrkü siyasi konteksti unutmaq olmaz. Məsələn, Binaqədidəki məlum bina yanğını ilə ölkəmizdəki mühüm beynəlxalq hadisələr arasındakı bağın mövcudluğu 15 insanın ölümü ilə hesab ödədiymizin qənaətini yaradır. Hər halda həmin işlə bağlı məhkəmə çox ləyaqətli bir iş addımının - dövlət yolunda başını qoyan bir insanın üzərində Azərbaycanı yandırmaq istəyənlərin təxribatına daha çox əmin olursan. Yoxsa, dövlətin Bakıya qoyduğu investisyanı və şəhərimizin yenidən qurulması siyasətini necə diversiya etmək olardı? Deməli, məhkəmə 15 adamın ölümünü keyfiyyət və normativ hallara bağlayıb aktlaşdırsa, hökm cəmiyyətdə birmənalı qəbul olunmayacaq. Azərbaycanda 5-10 normal burjuaziya nümayəndələrini beləcə iflic edib ölkənin iqtisadi mühitinə zərbə vurdular. Miryusif Mahmudov həyatını itirənlərlə barəbər, müxtəlif qrupların arasında gedən savaşın qurbanıdır. Əsl günahkarlar tapılmasa, terror və qəsdləri davam etdirənlər azadlıqda qalacaq. Elmar Hüseynovsa rəngli inqilab ssenarisinin yeminə çevrildi.

- Fakt odur ki, bu cinayətin əsas icraçılarının adı bəllidir və cinayət işi öz məntiqi nəticəsinə çatdırılmır.
- Xatırlayırsız, jurnalist Qonqadzenin öldürülməsi Ukraynada Kuçmanın siyasi qətlini doğurdu. Elmarın aradan götürülməsi o vaxt hakimiyyət içində səfirliklərdən çevrilişə viza alanların satqınlığı və narıncı dalğanın axarında baş verdi. Ölkənin daxili həyatını sarsıtmaq üçün gərginlik nöqtələrini tərpətmək ən yaxşı yoldur. Halbuki prezident İlham Əliyev iqtidara özünü düşmən sayanların çoxunu bağışlamış, onları məhbəsdən azad etmişdi və ölkədə o vaxt siyasi barış havası hökmranlıq etməyə başlamışdı. Hüseynovun qətli iqtidara qətiyyən lazım ola bilməzdi. Əksinə, Elmarın atası Sabir Hüseynov müsahibəsində demişdi ki, o vaxtkı müxalif qüvvələr Elmarın tabutunu küçə-küçə gəzdirmək üçün ona müraciət ediblər. Cəsədlərdən keçib hakimyyətə gəlmək o vaxt xaricdən idarə olunurdu və hədəfə gələnlər də, belə demək mümkündürsə, seçilmişdi. 

- Ötən 1 il ərzində yəqinləşdi ki, Azərbaycan hüquq mühafizə orqanları Eldar Mahmudovun rəhbərliyi dövründə və altında törədilən cinayətlərin hamısının tam olaraq araşdırılmasına bır sıra səbəblərdən yenidən qayıtmaq istəmirlər. Həmin qondarma cinayət işləri MTN-də tərtib olunsa da, prokurorluq orqanlarında təsdiqlənib, məhkəmələrdə ittihamedici hökmlərlə bərkidilib. Belə bir vəziyyətdə müstəqil istintaq komissiyasının yaradılması üçün addımların atılması zamanı yetişməyib?
- Hüquq mühafizə orqanlarının bu cinayət işlərinin araşdırılmasında maraqlı olmaması fikrini  bölüşmürəm. Bununla belə vətəndaşlarda, parlament üzvlərində, media təmslçilərində belə yəqinlik var ki, törədilmiş cinayətlərin miqyası daha genişdir və şəbəkə xarakterlidir. Özlərini “Dartanyan və 3 muşketyor” səviyyəsində aparan, xalq üzərində əməliyyat quran bu adamların fəaliyyəti ilə bağlı şübhəsiz ki, komissiya yaradılmalıdır. Hüquqi qiymətlə yanaşı, dövlət və cəmiyyət həyatından birdəfəlik belə əməlləri silmək üçün siyasi qərarlar da qaçılmazdır.  

E.MƏMMƏDƏLİYEV               musavat.com

Gülənçilərə görə məsuliyyəti Rövnəq Abdullayev daşıyır

SOCAR-la bağlı ortaya çıxan məlumatlar beynəlxalq skandala belə səbəb ola bilər. Məlum oldu ki, özəlləşdirmə çərçivəsində, 2008-ci ildə Azərbaycan şirkəti olan SOCAR-ın satın aldığı PETKIM 2011-ci ildən etibarən, iddiaya görə, Gülənin kontroluna girməyə başladı. 2011-ci idən etibarən istər türk, istərsə də azərbaycanlı işçiləri özəlliklə Gülən camaatının içərisində aktiv rol oynayan şəxslərdən seçdiyi irəli sürülən PETKIM-in zamanla hərəkatın ən önəmli finans qaynaqlarından biri halına gəldiyi aşkar edlib. Hərəkat tərəfindən xüsusilə yaradılmış şirkətlərin PETKIM-ə köməkçi şirkət olaraq alındığı iddia edildi.
17-25 dekabr 2013 hadisələri sonrasında PETKIM-də baş verənləri diqqətlə izləyən xüsusi kəşfiyyat qurumları PETKIM-in və Türkiyə "SOCAR Enerji"nin alt şirkəti olan "Star Rafinerisi”ni Gülən camaatının təşkilatlandırdığı və maliyyələşdirdiyi sübut olunub. PETKIM-ə qarşı Karşıyakada həyata keçirilən əməliyyatda nəzarətə altına alınan şübhəlilərin prokurorluqda hərəkatın şirkət içərisindəki təşkilatlanması istiqamətində verdikləri ifadələr prosesə sürət qazandırıb. Şübhəlilərin ifadələrində 2011-ci ildən etibarən qəbul edilən işçi və ya mühəndislərin çoxunun Gülən hərəkatından verilən siyahılar üzrə enerji sektoruna sızdırıldığı bildirilir.
Amma bütün bu faktlara şirkət rəhbərliyi münasibət bildirmir. Bəs baş verənlər şirkətin nüfuzuna necə təsir göstərə bilər? Ümumiyyətlə, Gülənçilərin şirkətin daxilinə bu qədər keçməsinə görə məsuliyyəti kim daşıyır?
Maraqlıdır ki, dünən Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edən SOCAR prezidenti Rövnəq Abdullayev Türkiyə prezidenti Ərdoğan və enerji naziri Berat Albayrakla görüşüb. SOCAR xəbər verir ki, nazirlə görüşdə Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələrin işlərin gedişinə mane olmadığı və bütün layihələrin əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirildiyi bildirilib. 15 iyul hadisələrindən sonra Türkiyədə bir sıra şirkətlərdə, o sıradan "Petkim”də dövlət orqanlarının apardığı bəzi tədbirlərlə bağlı məsələlərə də toxunulub, bunun SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı, yalnız Türkiyədəki son hadisələrdən sonra hökumətin ümumi araşdırma tədbirləri çərçivəsində həyata keçirildiyi vurğulanıb.
Ekspertlərin fikrincə, SOCAR-la bağlı baş verən hadisə Türkiyə-Azərbaycan müttəfiqliyinə hələ ki ziyan gətirməyib. Amma əlaqələrdə müəyyən soyuqluq müşahidə olunarsa, bunun səbəblərini məhz SOCAR-da baş verənlərdə axtarmaq lazımdır. Hələlik isə əlaqələrdə elə bir ciddi problem müşahidə olunmur. Amma Ankaranın müəyyən istəkləri var. SOCAR-ın Türkiyədəki rəhbərliyinin bu şəkildə həbs olunması əslində Azərbaycan şirkəti üçün çox ciddi imic zərbəsidir. PETKIM rəhbərliyi həbslərin onların fəaliyyətinə təsir etməyəcəyini deyir. Amma bu olduqca sadə və gülünc yanaşmadır. Ekspertlərə görə, əvvəlcə o izah edilməlidir ki, necə olub PETKIM kimi şirkət Gülənçilərin nəzarətinə keçib.
Baş verənlərdə məsuliyyət məsələsinə gəlincə isə ekspertlərə görə tam məsuliyyət SOCAR rəhbərliyinin üzərinə düşür. Çünki Gülənçilərin PETKIM-dəki fəaliyyətləri ilə bağlı vaxtaşırı şirkətə və Azərbaycan hakimiyyətinə məlumat verilmişdi. Amma ötən müddət ərzində bu məlumatlarla bağlı heç bir real addım atılmamışdı. Bu hadisələr digər tərəfdən şirkətin nüfuzuna da neqativ təsir edəcək. Çünki SOCAR-ın hazırkı vəziyyətdə adının Gülənçilərlə birgə hallanması ona divident gətirmir. /azadliq.info/

Dövlətə qarşı fətullahçıların xəyanət çəmbəri – III Yazı

Əslində tipik şərqli xüsusiyyətidir- “Məndən ötdü, qonşuma dəydi”. Birinci yazı Gülən Şəbəkəsinin Azərbaycan fəaliyyətindən bəhs etsə də, daha çox, ARDNŞ rəhbərliyinin işbirliyindən bəhs etdiyindən, dövlətin içinə yerləşdirilmiş digər hücrələr səssizliyini qorudular. Lakin ikinci yazıda dövlət içində qurulan şəbəkənin digər qanadlarının maraqlarına toxunulduğu üçün ənənəvi camaat oyunlarına start verildi: hücumlar, təhdidlər, gözdənsalmağa cəhdlər və s.
Öncəliklə, qeyd etmək istərdim ki, biz bu mövzuda bu gün yazmırıq. Bəlkə sosial şəbəkələrdə aktivlik nümayiş etdirən lisey uşaqları yaş səbəbilə bilməyə bilir, ancaq “Abi”lərindən soruşsalar, onlar da təsdiqləyər ki, bəndeyi-fəqir heç kimin yazmadığı vaxtlarda bu təhlükəyə diqqət çəkirdi.
Bu səbəbdən də, az qala Türk düşməni elan edilmişdim. Bu gün Türkiyənin Almaniyadakı səfiri olan Hüseyin Avni Karslıoğlu Azərbaycanda səfir olarkən dəfələrlə məndən bu mövzuya toxunmamağımı xahiş etmiş, hətta bir dəfə iki ölkə arasındakı əlaqələri “baltaladığımı” elan etmişdi. Karslıoğlunu anlayırdım. Çünki o, Bakıdan getdikdən sonra özəl qələm müdürü olduğu Abdullah Gülün 2003-cü ildə xarici işlər naziri olarkən imzaladığı 3847 saylı təlimatnaməyə (Ərdoğan tərəfindən ləğv edilib) əsasən bu məktəbləri qoruyurdu. Tək o deyil. Azərbaycandan onlarla tanınmışdan bu məsələyə görə, xahiş-minnət və təhdid aldığımız zaman belə geri çəkilmədik. Elnur Aslanovun ən güclü vaxtında Şəhidlər Məscidinin həyətində göndərdiyi “Gülənə toxunmasın” mesajını qulaqardı edib, öz bildiyimiz yolda davam etdik. Bu səbəbdən də bu yazılara başlarkən bütün variantlarınızı göz önünə almışıq.
Bu gün liseylərin bağlanmasını Ərdoğan iləəlaqələndirirlər. Heç şübhəsiz ki, bu zamana qədər “türk məktəbləri” deyə, Abdullah Gülün də yuxarıda qeyd etdiyim təlimatnaməsinə əsasən Türkiyə tərəfindən müdafiə olunan bu məktəblərə baxış fərqli idi. Özbəkistanda prezidentə sui-qəsdin təşkilatçıları olmalarının üzə çıxmasına rəğmən Türkiyənin bir dövlət olaraq sahib çıxması bu liseylərə münasibəti neytral saxlayırdı. Lakin Türkiyənin dövlət olaraq bu liseylərin arxasından bu şəkildə çəkilməsi öz dövlətinin gələcəyini düşünən hər bir iqtidarı narahat etməyə bilməzdi. Yalnız bu məktəblərin “Ərdoğanın təlimatı ilə bağlanılması” şüarı Azərbaycanı kiçik göstərməyə, öz iradəsinin olmamadığına hesablanmış bir addımdır. Çünki bu məktəblər birbaşa Azərbaycan Prezidentinin iradəsi ilə və bilgisi daxilində bağlanıb. Bunun əksini iddia edənlərin məqsədi Azərbaycanın dövlət olaraq onların məktəbini bağlamağa gücü yetməyəcək olaraq göstərilməsidir.
Və ya “Today Zaman”ın baş yazarı Bülent Keneş iddia edir ki, Ərdoğan SOCAR-ın Türkiyəyə yatıracağı 15 milyardlıq sərmayənin önünü kəsdiyi üçün Azərbaycan məktəbləri bağlayıb. Bunu demək üçün cahil olmalısan? Çünki sərmayə yatırmaya Türkiyə əngəl olursa, dünyanın başqa yerlərinə yatırılar və Azərbaycan sərmayə yatırılan deyil, yatıran olduğu üçün şərt qoyan ölkə durumundadır, şərtə boyun əyəcək deyil.
Fətullah Gülən yayımlanan gizli videolarından birində deyirdi: “Dayanmadan hazırlanmalıyıq. Həm də heç dayanmadan. Zamanı gəlincə, uyğun boşluq tapan kimi hücuma keçərik. Bəziləri mənə qorxaq deyirlər. Amma bəzən düşməndən qaçmaq çox önəmli manevrdir. Diqqətli olmalıyıq. Tez hərəkətə keçsək, təpəmizə minərlər. Gələcək adına çox irəli getmədən can damarları içində dolaşmadan, ən əsası yara almadan mövcudiyyətimizi qorumaq önəmlidir. Ədliyyədə, Mülkiyyədəvə ya başqa həyati müəssisədəki adamlarımız qorunmalıdır. Çünki onlar gələcəyimizin qarantiyası, bizim varlığımızın təminatıdırlar. Bu hərəkat yanlış bir addımda məhv ola bilər. Dünya Əlcəzairdə olduğu kimi başımızı əzər və bir daha belimizi düzəldə bilmərik”.
Bu gün Türkiyədə mövcud iqtidara qarşı Ana Müxalifət rolunu oynayan, bir-biri ilə zidd partiyaları bir araya gətirib, Ərdoğana qarşı “çatı namizəd”i çıxaran Camaat 35 illik tərəfdarlarını belə tərəddüdə salıb. Dünənə qədər AKP iqtidarı ilə gücünün ən yüksək səviyyəsinə çıxan, dövlət içində bütün qurumlara yerləşən Gülən Şəbəkəsi bu gün onu iqtidara daşıyanı endirmək üçün dünənə qədər “din düşməni” elan etdikləri üçün qapı-qapı səs toplayır. Camaatın bu məsələdə üzə çıxan ən önəmli xüsusiyyəti bütün qruplarla qaynayıb qarışsalar da, öz kimliklərini qorumalarıdır. Eynilə sebatayçılar əsrlərlə müsəlmanlarla birlikdə namaz qılıb ibadət etsələr də, heç vaxt Sebatay Sevinin məsləhətlərini unutmadılar və öz mövcudiyyətlərini neçəəsrlərlə saxladılar və saxlamaqda da davam edirlər.
Azərbaycanda isə eyni taktikanı tətbiq edən Gülən Şəbəkəsinin gənclik qoludur. Görünüşə görə, YAP Gənclər Birliyi ilə “İrəli”nin hədəfi birdir: Azərbaycan Prezidentinin siyasi kursunun dəstəkləmək. Lakin “İrəli” İB-nin aktiv üzvlərindən biri YAP-ın Binəqədi şöbəsinə üzv olduğu üçün başına gəlməyən oyun qalmamışdır. Həmin şəxslə bütün əlaqələrin kəsilməsi, onun neçə illik yoldaşları tərəfindən təcrid olunması prossesi başladılmışdır ki, bunu görən heç bir “İrəli”çi YAP-a tərəf baxmasın. Həmin prossesə start isə Elnur Aslanovun restoranında Ceyhun Osmanlı-Rauf Mərdiyev-İxtiyar Hüseynli triosu tərəfindən qərarlaşdırılmışdır. Eləcə də, hələ də “İrəli” daxilində qalan Ceyhun Osmanlı komandasına birliklərini pozmamaları təlimatı verilir.
Yayılan xəbərlərdə bildirilir ki, Elnur Aslanov və Ceyhun Osmanlı diqqət mərkəzində olduğundan Camaatın yeni gənclər sektoru üzrə imamı İxtiyar Hüseynlidir. “Azərbaycan” qəzetinin siyasət şöbəsinin redaktorunun hazırkı missiyası Şəbəkənin gənclik qolunu dağılmadan sakit şəkildə idarə etməkdir. Rauf Mərdiyev və Fərhad Məmmədovun da dəstək verdikləri yeni imam əsasən “Bürc”də keçirdiyi görüşlərdə şəbəkənin dağılmaması üçün vədlər verir, gözlənilən parçalanmanın qarşısını almağa çalışır. Məqsəd isə monolit komanda ilə gedərək, Türkiyə praktikasını Azərbaycanda gerçəkləşdirib, Ərdoğana qarşı edə bilmədiklərini Azərbaycanda tətbiq etməkdir. Bunun üçün isə hələlik hücrə evlərinin “yatması” lazımdır.
Sehirli parol isə budur: “Hər şey yaxşı olacaq”. Eyni söz bağlanan “Araz” kursları və liseylərin müəllimlərinin də dilindədir. Beynəlxalq Təhsil Mərkəzinin Baş İdarəsinin rəisi Məsud Kurnazla Aşıq Ələsgər küçəsində gizli toplantılara qatılanlardan birinin sözlərinə görə, məktəblər bağlansa da, Camaatın Azərbaycan qanadı onlara deyib ki, “Hər şey yaxşı olacaq”. Maraqlıdır ki, Məsud Kurnaz nəyə və kimə arxalanaraq, müəllimlərə və hələ də övladlarını başqa məktəblərə yerləşdirmədən gözləyən valideynlərə bu sözü deyib? Xalik Məmmədova! Çünki əvvəlki yazılarda da bəhs etdiyimiz kimi Məsud Kurnazın Azərbaycanda qalmasının səbəbkarı Rövnəq Abdullayevin kadr məsələləri üzrə müavini Xalik Məmmədovdur. Bu şəxs hazırda Prezident Aparatından Təhsil Nazirliyinə qədər bütün instansiyalara müxtəlif yollarla nüfuz edərək, məktəblərin ən azından bir neçəsinin açılmasına və ya başqa adla fəaliyyətini davam etdirməsini istəyir. Xüsusilə Təhsil nazirinin yaxın çevrəsinə çıxan Xalik Məmmədov SOCAR-ın imkanlarından Camaatın yolunda istifadə edir. Bu barədə aldığımız məlumatlarda deyilir ki, Məsud Kurnaz və digərlərinin Azərbaycanda qalması üçün miqrasiya məsələlərini də həll edən X.Məmmədov Qafqaz Universitetinin süni ştatartırma əməliyyatının da başında dayanır. Belə ki, maaşları dövlətin büdcəsindən- SOCAR-dan qarşılanan Qafqaz Universiteti bağlanan məktəblərin camaatçı personelini hər keçən gün müxtəlif bəhanələrlə işə alır. Bu təhsil müəssisəsinin sahibi olan SOCAR isə bunu görmür. Minlərlə azərbaycanlını ixtisara salan Rövnəq Abdullayev Xalik Məmmədovun imitasiyaları nəticəsində Əhməd Sanıcın rektorluq etdiyi universitetin kadr ehtiyacının olduğuna inanır.
Məhz SOCAR şefinin Xalik Məmmədova söz keçirə bilməməsinin nəticəsidir ki, liseylər və “Araz” kursları bağlansa da, yenidən açılacağına ümid böyükdür. Belə olmasaydı, həmin məktəblər çoxdan boşaldılar, vahid mərkəzdən işlər aparılardı. Lakin araşdırmamız zamanı bəlli oldu ki, ayrı-ayrı şəxslərdən icarəyə götürülən mülklərin hamısının ilin sonuna qədər icarə haqqı öncədən ödənilib. Və təəssüf ki, dövlətdə mühüm vəzifə sahibi olan bir çox icarədarı mülklərinin taleyindən daha çox Camaatın bunların villalarını tərk etməməsi maraqlandırır. Eynilə “hər şey yaxşı olacaq” cümləsindən istifadə edərək, müəllimlərin maaşlarını vaxtı-vaxtında ödəyən və sanki yenidən açılacaqmış kimi lisey və kurslarda toplantılar keçirən Məsud Kurnaz bu qədər maliyyəni haradan alır? Madam ki, bu qədər maliyyə var, nə üçün valideynlərin pulları qaytarılmır? Və araşdırdıqca, hər pərdənin arxasından Xalik Məmmədov çıxır. SOCAR-ın sadəcə Azərbaycanda deyil, Britaniya və Türkiyədəki imkanlarından Camaat yolunda istifadə edən Xalik Məmmədov Şəbəkəyə ata oğluna sahib çıxan kimi sahib çıxır.
Əslində Xalik Məmmədov bir az vaxt ayırıb, Camaatın Azərbaycandakı mobil qüvvəsi olan “lisey uşaqları”nın yazdıqlarını oxusa, necə bir bəlanı müdafiə etdiyinin şahidi ola bilər. Lakin şəxsi maraqlar dövlətçilik maraqlarını üstələdiyindən Məsud Kurnazın “dövlətin bacarmadığını mən etdim” deyərək, önünü kəsdiyini iddia etdiyi bu gənclərin yazdıqlarını görmür. Əgər diqqətli şəkildə nəzər yetirsə, dövlət içinə girmək üçün niqablanan bu gəncliyin maraqlarına toxunulanda, necə böyük bir təhlükəyə çevrildiyinin şahidi ola bilər.
Məsələn, liseylərin bağlanılmasını vicdansızlıq və şərəfsizlik adlandıran lisey uşaqlarının dövlət məktəblərinə qarşı nifrət hissi haradan qaynaqlanır? Atalarınız, analarınız bu məktəblərin yetirməsi deyilmi? Çünki bu gənclər öz valideynlərini deyil, millət vəkili Qənirə Paşayevanın davamlı təşəkkür etdiyi “Memar”ı (Güləni) örnək götürürlər. Bu səbəbdən də onlar üçün Heydər Əliyev kimi bir dahi yetişdirmiş dövlət məktəbləri düşmən ocağıdır.
Və yenə Xalik Məmmədovun görmək istəmədiyi statuslarda göstərilir ki, onların “yeni dünya”sını quranların qarşısını heç kim kəsə bilməyəcək.
11 mart 2011-ci ildə Azərbaycan dövlətinə qarşı ilk camaat üsyanına rəhbərlik edənlərin məqsədi Azərbaycanda hakimiyyəti ələ keçirmək idi. Çünki hakimiyyət daxilində çox ciddi dayaqlara sahib olduqlarını düşünür,  Prezidentliyə də “layiqli namizəd”ləri var idi. Həmin zaman o aksiyanın təşkilatçıları arasında “lisey uşaqları”nın çoxluğu ilə yanaşı onlara qarşı Ceyhun Osmanlı və təşkilatının passiv mövqe sərgiləməsini yanaşı qoyduqda, əslində hər iki tərəfin eyni yola xidmət etdiklərini görmək mümkündür. Elnur Aslanovu gələcək prezident olaraq görən şəbəkənin mahiyyətini Camaatın aktivistlərindən biri, fətullahçıların gizli görüş mərkəzlərindən olan “Özsüt”ün sahibi Sabir Niftəliyev açıqlayır:

“İqtidar gələcəkdə “paralel yapılanma ola bilər” deyə düşünüb, Hizmət Hərəkatını qaralaya bilər, gözdən sala bilər, ümumilikdə nəzarətdə saxlaya bilər və bu normaldı. Bəs bu günki müxalif düşüncəli insanlarımızın nə alıb-verə bilmədiyi var liseylərlə? Mənim təsbitim belədir ki, onsuz da axır-əvvəl bu sistemli işin bir nəticəsi olacağını bilirlər və onların (müxaliflərin) bacarmadıqlarının bu məzunlar tərəfindən ediləcəyini sezirlər. Enerjinizi tükətməyin. Qorxduğunuz başınıza gələcək!”.

SOCAR-ın qeyri-neft sektorundakı işlərini həyata keçirən “Modern Group”la da ciddi əlaqələri olan bu gəncin sözlərinə diqqət yetirirdinizmi? Budamı qol deyil, hörmətli Rövnəq müəllim? Sizin maliyyənizlə yetişən bu nəsil sizləri bu sistemli işin nəticəsi olaraq hakimiyyətdən devirəcəklərini daha necə açıqlasınlar?
Və ya Ceyhun Osmanlı və Hüseyn Dinləməzin Azərbaycan iqtidarı əleyhdarları ilə tez-tez görüşdükləri “Özsüt”ün sahibinin bu yazdıqlarına Rövnəq Abdullayevin münasibəti necə olar? Hər halda liseylərin bağlanması ilə bağlı qərarın altında onun imzası var.
Camaatın dəstəyi ilə “Özsüt” brendini Azərbaycana gətirib, H.Dinləməzin maliyyə yardımı ilə “iş adamı” olan Sabir Niftalıyev deyir: 

“Gələcəyin alimlərini yetişdirəcək qurumlar zalimcə bağladılır.
Birgün siz zalimlər ölüb gedəcəksiniz amma bu idealogiya, bu məfkurəəbədiyyən yaşayacaq.
Bugün bunları bitirdik deyə düşünürsüz bəlkə də amma bilin ki, birgün daha güclü şəkildə qarşınıza çıxasıyıq.
Bu ideologiyanın, məfkurənin neçə on illik təcrübələri ilə sabitdi bu.
Və sonda...
Qorxmayın, titrəyin!”

Əvvəla, Azərbaycanın 50 milyonluq soydaşımızı qucaqlayan Azərbaycançılıq ideologiyası qarşısında saxta, yamaq və pirat ideologiyaların əbədiyyən yaşamasına inanmaq zombiləşmiş bir beynin məhsuludur. Azərbaycanda yaşayan bütün xalqları da birləşdirən azərbaycançılıq bu kimi ideologiyaları bir anda söküb atacaq qədər güclüdür. Məsələ Gülənə ailələrindən daha çox bağlı olan bu şəbəkənin nə yazması deyil, gücünü Şah İsmayıldan alan və təməli Heydər Əliyev tərəfindən qoyulan ideologiyaya qarşı çıxanların məhz dövlətin SOCAR çətiri altında toplaşmasıdır.
Bu xəyanətin ortaqları Azərbaycana amerikan azadlığı istəyirlərsə və dövlətin milyonları hesabına qurulan Strateji Araşdırmalar Mərkəzi isə bunu görmək istəmirsə, bu da SOCAR-la bərabər bu xəyanətə ortaq olmaqdır. Fərhad Məmmədov dövlətini deyil, dostları Elnur Aslanov və Ceyhun Osmanlını qoruyursa, bu barədə yazanları “dövlətin düşmənləri” və ya başqa dövlətə çalışanlar kimi qələmə verirsə, o yer onun yeri deyil. Yaxşı olardi ki, köhnə günlərdə olduğu kimi gedib Ceyhun Osmanlı ilə yallı oynayıb, stress atsın.
Birinci yazıda qeyd etmişdim ki, ABŞ-ın, eləcə də digər ölkələrin ən çox istifadə etdikləri şpionaj metodlarından biri də «Nüfuz Cəsusluğu»-dur və Camaat bundan çox ciddi şəkildə istifadə edir. Məsələn, tanınmış şəxsləri öz sırasına çəkən Şəbəkə bəzən xəbərləri belə olmadan onların üzərindən çox ciddi işlərini görürlər. Məsələn, millət vəkili Qənirə Paşayeva günümüzün ən populyar millət vəkillərindən biridir. Parlamentin bəlkə də ən aktiv deputatı olan Qənirə xanımın əksər səfərlərinin SOCAR tərəfindən maliyyələşdirildiyi xəbəri nə qədər doğrudur? Onun piar kampaniyasında SOCAR-da çalışan yaxın qohumun payı nə qədərdir?
Qənirə Paşayevanın Fətullah Gülənə etdiyi minnətdarlıq və Ənvər Özərənlə birlikdə iştirak etdiyi tədbirlər yaddan çıxmayıb. Ancaq Qənirə xanım aysberqin görünən tərəfidir. Görünməyənlər də var. Gülənin çıxışlarını izləyib ağlayanlar, Pensilvaniyaya edilən ziyarətlər bir gün mütləq üzə çıxacaq. Biz hələ Qənirə Paşayevanın yaxın rəfiqəsi Tünzalə Ağayevanın Gülən məktəblərində verdiyi 102 konsertdən bəhs etmirik…
Gülənin Azərbaycanda xüsusilə QHT və dövlət sektorundakı adamlarından bəhs edərkən, bu şəxslərin adlarını çəkmişdik:

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev,
Milli Şuranın sədri Şahin Seyidzadə,
Vətəndaş Cəmiyyətində Debat İB-nin sədri Seymur Hüseynov,
Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov,
ASAN Könüllüləri Gənclər Təşkilatının sədri İnam Kərimov,
Litva Azərbaycanlı Gənclər Təşkilatının sədri Samir Musayev,
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov,
Qafqaz Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri, eyni zamanda SAM əməkdaşı, dosent Rövşən İbrahimov,
“Azərbaycan” qəzetinin parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli,
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması- Beynəlxalq Təşkilatlarla Əlaqələndirici Ayaz Salmanov,
Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş Sektorunun müdiri Fuad Babayev,
“New Baku Post-Azərbaycan” ictimai-siyasi qəzetinin təsisçisi Tural Əliyev,
ASAİF-in keçmiş baş katibi Vusal Qurbanov,
İrəli İB-nin NTK- sədri Xəqani Fərəcov,
Xəzər Dənizi Gənc mühəndislər İB-nin rəhbəri Rüfət Əzizov,
İDEA İB-dən Raul Gülməmmədov,
ASAİF-dən Nəcibə Mustafayeva.

Aparılan araşdırmalar zamanı Gülən Şəbəkəsinin Vergilər Nazirliyində də xeyli sayda adam yerləşdirdiyini öyrəndik. Bəlli oldu ki, Camaat onlara tabe olmaqdan imtina edən bir çox iş adamına qarşı “vergi dəyənəy”indən də istifadə edirmiş. Camaatın Vergilər Nazirliyindəki “imam”ı isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Şaiq İsfəndiyar oğlu Xəlilovdur. Nə qədər qəribə görünsə də, Vergilər Nazirliyində ondan yüksək vəzifədə olan Şəbəkə üzvləri ona qeydsiz-şərtsiz tabe olurlar.
Ceyhun Osmanlıya bağlı şəbəkə üzvləri arasında İrəli İB-nin baş katibi Nərmin Məmmədova, AKİB sədri İmadəddin Quliyevin, AzTV-dən Orxan Muxtarlının, “Azərsu” ASC-dən Anar Cəfərovun adları çəkilir. Sonuncunun Qafqaz Universiteti ilə də sıx bağlı olduğu vurğulanır.
Maraqlıdır ki, hansısa nazir övladının ayaqqabısını tərs geydiyinə xəbər dəyəri verən müxalif media Gülən şəbəkəsinin fəaliyyətlərini görməzdən gəlir. Səbəb “Özsüt” restoranında Hüseyn Dinləməz və İbrahim Ünlübostan ilə bir sıra aparıcı müxalif yazarın bir araya gəlməsi ola bilərmi? Bir müddət öncə bağlanan, lakin “Xəzər” TV-nin rəhbərliyi ilə görüşdükdən sonra fəaliyyətini bərpa edən qəzetin Camaatı diqqət çəkməyəcək şəkildə müdafiə etməsinin arxasında nə dayanır? Kimlər “aylıq paketlər” paylayaraq, Camaata qarşı susqunluğu təmin edirlər?
Əksər media qurum başçılarını müxtəlif şəkildə razı salan Camaatın Media İmamı onlara qarşı çıxanlara qarşı da acımasız münasibət sərgiləməkdədir.
Keçən yazımızda Aral Qrupun başçısı Əhməd Çətinin başına gətirilənlərdən qısa olaraq qeyd etmişdim. Camaatın iş dünyasındakı fəaliyyətləri gələcək yazının mövzusu olsa da, bu məsələyə maraq olduğundan açıqlama verilməsini zəruri hesab edirəm. Belə ki, Gəzi olaylarından sonra Əhməd Çətin Ərdoğana dəstək vermək üçün Türkiyəyə uçan azsaylı iş adamlarından biridir. SOCAR-ın böyük proyektlərini icra edən Aral Qrupun sədri Türkiyədən döndükdən sonra böyük zərbə alır. Belə ki onun bu addımını xəyanət kimi dəyərləndirən Camaat SOCAR vasitəsi ilə onun Ramanada başladığı proyekti əlindən alır. Şirkətə ödəniləcək pullara da müxtəlif bəhanələrləəl qoyaraq, Əhməd Çətin sərt şəkildə cəzalandırılır. Baxmayaraq ki, Əhməd Çətin 2013-cü ilin yanvarında Pensilvaniyaya aparılan bir neçə iş adamından biri idi.
Bu taktika Ərdoğanı dəstəkləyən əksər iş adamlarına qarşı yürüdülüb. Onların Azərbaycanda ləkələnməsi, “vurulması” prossesi məhz Xəzər Televiziyası və “Zaman” qəzeti tərəfindən aparılıb. Son prossesdə mebel, bank, səhiyyə və tikinti də daxil olmaqla bir neçə sektorda çalışan iş adamları Ərdoğanı dəstəkləməyin və Gülən Mediasına reklam verməməyin qurbanına çevriliblər. Qurbanlar arasında Azərbaycanın tanınmış aparıcılarından biri də var.
Camaata qarşı olan şəxslərin sıradan çıxarılması üçün böyük məbləğdə pulların reklam adı altında silinməsinə belə gedən Gülən tərəfdarları “xain”ləri cəzasız buraxmırlar. Xüsusilə, əvvəllər onlara yardım edən və “bəddua” hadisəsindən sonra onlardan üz döndərənlər qara siyahıdadırlar.
Türkiyədə ÇHP ilə ortaqlıq edən Gülən Şəbəkəsi Azərbaycanda güclü müxalifət görmədiyindən hazırda aktivistlərə dəstək verməkdədir. Lakin 2003-cü il prezident seçkiləri zamanı müxalifətlə aparılan görüşlər sübut edir ki, camaatın mövqeyi kritik an ola biləcəyi təqdirdə sürüşkənləşir.
Eləcə də, son lisey bağlanma məsələsində dövlətə meydan oxuma cəhdləri sübut edir ki, dövlət ciddi təhlükə ilə üz-üzədir. “Birliyi pozmayın, hər şey yaxşı olacaq” mesajı da camaatın arxayın olduğu bir şeylərin olduğuna dəlalət edir. Hədəf isə 2015-ci ilə qədər hər hansı şəkildə güc itirməməkdir. Fətullah Gülənin dediyi kimi: “Dayanmadan hazırlanmalıyıq. Həm də heç dayanmadan. Zamanı gəlincə, uyğun boşluq tapan kimi hücuma keçərik”.

Aqil Ələsgər                   yenicag.az

İqtidardakı “nurçular” barədə şok məlumatlar

Martın 12-də London Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) Azərbaycanın “Osmanlı Film” və Türkiyənin “GülerYüz Film”lə birgə istehsalı olan “Qafqaz” bədii filminin təqdimatı keçirilib. Yayılan rəsmi məlumata görə, film Xəzər Strateji İnstitutu (HASEN), Azərbaycanın Gənclər və İdman Nazirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Millət vəkili Ceyhun Osmanlı filmin ssenaristlərindən biri və əsas prodüseridir. Filmin rejissoru və baş rolun ifaçıları isə Ərhan Güləryüz və türkiyəli aktrisa Tuğçe Kazazdır.
Təqdimat mərasimində HASEN-in baş katibi Haldun Yavaş, Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, millət vəkili Ceyhun Osmanlı və digər şəxslər iştirak ediblər. 
Yayılan məlumatda bildirilir ki, “Qafqaz” gerçək hekayəyə əsaslanan və 1992-ci illərin hadisələrini canlandıran romantik sevgi filmidir. Filmdəki hadisələr Qarabağ müharibəsindən bu günümüzə qədər olan dövrdə cərəyan edir. Filmin “Xəzər” adlı əsas baş qəhrəmanı Qarabağ döyüşlərində ağır yaralandıqdan sonra həyatını Türkiyədə davam etdirir. Filmdə müharibənin amansızlığı, törətdiyi ağır fəsadlar, vurduğu mənəvi, psixoloji və sosial zərbələr qabarıq şəkildə üzə çıxarılır.
Film geniş Azərbaycan auditoriyasına təqdim edilməsə də, güman etmək olardı ki, onun əsas süjeti kontekstində tamaşaçıya həm də Ermənistanla Azərbaycan arasında münaqişənin əsl mahiyyəti, düşmən ölkənin işğalçılıq siyasəti barədə həqiqətlər təqdim olunur. Ən azından sponsorlar sırasında Azərbaycan Gənclər və İdman Nazirliyinin adının keçməsi bunu deməyə əsas verir. Amma film haqqında Azərbaycan mediasında yayılmış məlumatla HASEN-in rəsmi saytında verilmiş informasiya arasındakı bir ziddiyyət, həm də redaksiyamıza daxil olmuş bir sıra maraqlı məlumatlar məsələyə başqa rakursdan yanaşmaq zərurəti yaratdı. 
Xəzər Strateji İnstitutunun rəsmi saytında (hazar.org) HASEN “Qafqaz” filminin yeganə sponsoru kimi göstərilir. O da məlumdur ki, film çəkmək və London Kino və Televiziya Sənəti Akademiyasında onun təmtəraqlı təqdimatını təşkil etmək olduqca bahalı layihədir. Bu mənada, HASEN-in fəaliyyəti və maliyyə imkanları ilə bağlı bilgilər maraq doğurmaya bilməz. HASEN-in saytından və digər mənbələrdən əldə etdiyimiz məlumata görə, bu qurum 2012-ci ildə yaradılıb. Əsas məqsədi Türkiyə ilə Azərbaycan və digər Xəzəryanı ölkələr arasındakı əlaqələrin müxtəlif sahələrə yayılmasına kömək etməkdir. İnstitutun baş katibi Türkiyə vətəndaşı Haldun Yavaş “Hizmət” hərəkatının fəal simalarından biri hesab olunur. Maraqlıdır ki, bu qurumda həm də Azərbaycan vətəndaşları çalışır. Məsələn, Emin Axunzadə akademik məsələlər üzrə əlaqələndirici, Rüfət Ağayev redaktorudur. Sonuncu, həm də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, “Todays Zaman” qəzetinin yazarıdır. “İnci Azəri” profili bildirmişdi ki, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevə tapşırığından sonra Azərbaycanın Ankaradakı səfirliyi Mahir Zeynalova, Lamiyyə Adilqızına akkreditasiya vermişdi. Onların hər üçünün nurçulara aid olduğu iddia edilmişdi. 
Əldə etdiyimiz digər məlumata görə, HASEN Türkiyədəki “Hizmət” fəalları ilə Azərbaycandakı nurçu şəbəkənin birgə layihəsidir. Bu təşkilatın saytından da göründüyü kimi, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, millət vəkili Ceyhun Osmanlı, hətta Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov müntəzəm şəkildə qurumun tədbirlərində iştirak edirlər. HASEN-in ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Türkiyə” tərəfindən maliyyələşdirildiyi barədə məlumatlar dolaşır. “SOCAR Türkiyə” şirkəti sədrinin müavini və faktiki olaraq qurumu idarə edən Samir Kərimlinin də qatı nurçu olduğu iddia edilir. Elə “Qafqaz” filminin əsas sponsorunun da məhz “SOCAR Türkiyə” şirkəti olduğu barədə məlumatlar var. 
Bu günlərdə ölkə mediasında yayılan digər xəbərə görə, Ceyhun Osmanlı ilə yaxın dostluq əlaqələri olan və “Qafqaz” filminin çəkilməsində iştirak edən “Gülərüz Film” şirkətinin sahibi Ərhan Güləryüz  “Hizmət” hərəkatının incəsənət adamları içərisindəki əsas kadrı olmaqla bərabər, nurçuların liderinin sözlərinə yazılmış bir neçə mahnının da müəllifidir. Deputat Osmanlıya aid olan “Osmanlı film” şirkəti ilə “Gülən hərəkatı”na bağlı olan və nurçuluğun yaradıcısı Səid Nursi haqqında filmlər çəkən, Fətullah Gülənin şeirlərinə mahnılar bəstələyən Ərhan Gülərüzün ortaqlığı diqqət çəkməyə bilməz. Onu da qeyd edək ki, bu məlumat mediada yayıldıqdan sonra Ceyhun Osmanlı ciddi cəhdlə onun yığışdırılmasına çalışsa da, buna nail ola bilməyib. 
Filmin sponsorları arasında Gənclər və İdman Nazirliyinin adının hallanması məsələsinə gəldikdə, yəqin ki, buna nazirliyin özü aydınlıq gətirməlidir. Həm də ona görə ki, bu nazirliyin Azərbaycandakı nurçu şəbəkənin əsas sponsorlarından biri olduğuna dair məlumatlar mövcuddur. Həmin informasiyalara əsasən, Gənclər və İdman Nazirliyi son illər hakimiyyətdəki nurçu şəbəkənin nəzarətində olan bir neçə QHT-yə hər il iri məbləğdə qrant ayırır. Hər bir quruma verilən qrantın məbləğinin isə 400-500 min manat olduğu iddia edilir. Elə bu günlərdə nazirlik nurçu təşkilatın birinin “Azəriqazbank”dakı hesabına 300 min manat köçürüb. Təxminən bu qədər məbləğ də millət vəkili Ceyhun Osmanlının şəxsi hesabına transfer edilib. Lakin bu və digər qrantlar ictimaiyyətdən gizli saxlanılır və heç bir açıqlama verilmir. Hər halda QHT-lərin fəaliyyətinin şəffaflaşdırılması iddiası ilə “QHT haqqında” qanunu son dərəcə sərtləşdirən Azərbaycan hakimiyyəti nümunə göstərərək öz nəzarətində olan ictimai təşkilatların və onları maliyyələşdirən dövlət orqanlarının qrant əməliyyatlarını ictimailəşdirsə, daha anlaşılan olar.
Bütün bu informasiyaları aydın olur ki, “Qafqaz” filmi nurçuların layihəsidir. Filmin bahalı proyekt olduğunu nəzərə alaraq, onun əsas sponsoru qismində “SOCAR Türkiyə” şirkətinin çıxış etdiyini, həm də Gənclər və İdman Nazirliyinin dəstək verdiyini demək olar. Digər faktları da nəzərə aldıqda, belə çıxır ki, həmin iki qurum nurçuların layihələrinin maliyyələşdirilməsində fəal iştirak edir. Eyni zamanda, bu layihə və açıqlanan digər faktlar hakimiyyətdə həqiqətən də nurçu şəbəkənin mövcudluğunu təsdiq etməklə yanaşı, Prezident Adminsirtrasiyasının şöbə müdiri Elnur Aslanovun, Strateji Araşdırmalar mərkəzinin rəhbəri Fərhad Məmmədovun, millət vəkili Ceyhun Osmanlının bu şəbəkənin mərkəzi fiqurları olduğunu göstərir. Xüsusilə Ceyhun Osmanlı ilə bağlı dövriyyəyə buraxılan məlumatlar onun hakimiyyətdəki nurçu şəbəkədə önəmli pozisiya tutduğunu, “Hizmət” hərəkatı ilə bu şəbəkə arasında əlaqələndirici rolu oynadığını təsdiq edir. Çünki Ceyhun Osmanlı bu günə kimi onun ifşasına yönəlmiş faktların heç birini təkzib edə bilməyib, heç buna ciddi cəhd də göstərməyib. İlk növbədə o, Türkiyədə “Hizmət” hərəkatı fəalları ilə niyə bu qədər yaxın olduğunun, nədən adının bu qədər hallandığının tutarlı izahını verməyib. Xatırladaq ki, bu günlərdə F. Gülənin ”“Çağ Öyrətim” İşlətmələri şirkətinin rəhbərinə məktubunda Ceyhun Osmanlıya birdəfəlik 100 min manat, aylıq isə 5 min manat ödənilməsi tapşırığı əksini tapmışdı. Doğrudur, bu məktubun gerçək olmaması barədə zəif iddialar səsləndirildi- lakin onun saxta olması sübuta yetirilmədi.
Başqa bir məlumata görə, 2012-ci ilin fevralında İstanbulun Taksim meydanında Xocalı soyqırımı ilə bağlı keçirilmiş çoxminlik aksiyanın təşkilinə Azərbaycan hakimiyyəti tərəfindən bir milyon manat ayrılıb və tədbirin əsas təşkilatçılarından biri olan Ceyhun Osmanlı bu vəsaitin 700 min manatını nurçulara məxsus “Samanyolu” telekanalına ötürüb. Bu fakt tədbiri təmənnasız işıqlandıran digər telekanalların diqqətindən yayınmayıb və onlardan bəzilərinin ciddi etirazına səbəb olub. Lakin tədbir kifayət qədər həssas mövzu ilə bağlı olduğundan, ictimailəşdirilməyib.
Görünən odur ki, hakimiyyətdəki nurçular barələrində verilən ifşaedici faktların ölümcül təsirini azaltmaq üçün yeni-yeni “uğurlu” layihələrə imza atıb ölkə rəhbərliyinin diqqətini yayındırmağa çalışırlar. Amma bütün layihələrinin arxasında “Hizmət” hərəkatının lideri Fətullah Gülənin kölgəsi çıxdığına görə daha da çox hədəfə gəlirlər. 

P.S. Yazı Elnur Aslanov vəzifəsindən çıxarılmamışdan öncə hazırlanıb.

Aygün Muradxanlı          musavat.com

Azərbaycanlılar ermənilərlə birlikdə bütün dünya üzrə aksiya keçirirlər

Vahan Martirosyan

Necə alındısa, onilliklər boyunca sülh və əminamanlıq şəraitində yaşayan, dostluq edən və bir-birinin köməyinə gələn iki xalq az bir müddət ərzində düşmənə çevrildi.
İndi tənbəllik etməyən hər kəs tarixi ürəyi istədiyi kimi yenidən yazır, hər iki tərəfdən xüsusilə prinsipial “vətənpərvərlər” isə sübut etməyə çalışırlar ki, ermənilərlə azərbaycanlılar arasında dostluq heç vaxt olmayıb və ola da bilməz. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın bir zamanlar dediyi kimi, bu xalqlar “genetik cəhətdən uyuşmazdır”.
Lakin buna necə göz yumasan ki, Bakıda, Yerevanda ermənilər və azərbaycanlılar bir yerdə yaşayıb, bir yerdə işləyiblər, oxuyublar. Bütün Qafqazda bundan möhkəm dostluq münasibətləri yox idi. Nəyə görəsə indi minlərlə qarışıq nikah, Ermənistandakı onlarla Azərbaycan məktəbi, elə bu qədər də Azərbaycandakı erməni məktəbi unudulur.
Yerevandakı Azərbaycan Dövlər Dram Teatrının tamaşaları erməni sənətsevərlər arasında həmişə maraqla və böyük uğurla qarşılanırdı. 1928-ci ildən düz 1988-ci ilə qədər!
Bakının mərkəzindəki indiyə kimi qalan erməni kilsəsini, oradakı Ermənikənd bazarını necə unudasan? Azərbaycan və erməni xalqlarının daimi düşmənliyi barədə danışanlar bircə dəfə də olsa bütün dünyanı fəth etmiş məşhur Müslüm Maqomayev-Arno Babacanyan yaradıcı tandeminin ifasına qulaq assaydılar, pis olmazdı.
Uydurma “genetik uyuşmazlığı” təkzib edən bu cür yüzlərlə misal gətirmək olar. Azərbaycanlılarla ermənilər arasında süni olaraq yaradılmış problemi SSRİ xalq artisti Armen Borisoviç Ciqarxanyan gözəl ifadə etmişdi. Öz müsahibələrinin birində o deyirdi: “Bizi küsdürüblər, bizə elə bil mikrob yeridiblər. Biz düşmən ola bilməzdik”.
Elə həmin dahi Müslüm Maqomayev nə vaxtsa qüssə ilə demişdi: “Bakıda hər şey yaxşı idi, orada bütöv erməni məhəllələri vardı, sonra hamı ağlını itirdi”.
Yadımdadır, bir dəfə tanış yerevanlılardan biri dedi: “Əvvəllər biz azərbaycanlılarla qonşu idik, evlərimizin arasında heç hasar da olmazdı. İndi azərbaycanlıları qovublar, yalnız ermənilər qalıb, evlərin arasında 3 metrlik hasarlar tikilir”.
Buradan hansı nəticə çıxır? Bəlkə Armen Borisoviç haqlıdır? Bizə doğrudan da hansısa mikrobu yeridiblər və aramızı vurublar? Və biz, ermənilər və azərbaycanlılar belə zəif olmuşuq ki, bu təxribata qurban getmişik?
...O vaxtkı hadisələri düşünərkən anlayırsan ki, elementar təşviqat, təxribat və adicə yalanlar vasitəsilə erməniləri məcburən inandırdılar ki, azərbaycanlılar onların düşmənidir. Hər şey bir vaxtlar qorxunc doktor Göbbelsin dediyi kimi oldu: “Mənə kütləvi informasiya vasitələrini verin, istənilən xalqı bir sürü donuza çevirim”.
Bədbəxtlikdən, Ermənistan və Azərbaycan bu gün də müharibə vəziyyətindədir. İmperiya qüvvələri tərəfindən qızışdırılmış və dəstəklənən müharibə vəziyyətində. O müharibə ki, on minlərlə gəncin, qadının, qocanın həyatına bais olub və olmaqdadır.
Dağlıq Qarabağ münaqişəsi mənim ölkəmin və həmvətənlərimin həyatını cəhənnəmə çevirib, lakin Ermənistanda çox az kimsə bunu dilinə gətirə bilir, daha dəqiq desək, bunu deməyə heç kim cürət etməz. Əks halda, totalitar rejim maşını həmin cürətli şəxsiyyəti bir erməni və vətənpərvər kimi əzib heç edər və xalqın düşməninə çevirər.
Amma bilirsiniz, son vaxtlar sevinc hissi keçirirəm: getdikcə daha çox insan belə fikrə gəlir ki, xalqlarımız arasında düşmənçilik süni olaraq yaradılıb və biz, ermənilər və azərbaycanlılar, nəhayət, sağlam düşüncə nümayiş etdirib, bizə sırınmış çağırışlardan xilas olmalıyıq.
Bu gün mən sizə sülh qəlyanını çəkmək üçün olmasa da, onu tütünlə doldurmağa cəhd üçün səbəb təqdim etmək istəyirəm. İctimai fəallar- dünyanın onlarla ölkəsində yaşayan ermənilər və azərbaycanlılar bəyan edirlər ki, onların arasında heç bir problem yoxdur və xalqlarımıza sırınmış bu müharibəni bitirməyin vaxtıdır. Həmin aksiyalar ABŞ-da, Almaniyada, Ukraynada, Finlandiyada, Azərbaycanda, Gürcüstanda, Bolqarıstanda, Moldovada, Belarusda, Rusiyada və bir çox başqa ölkələrdə keçirilib.
Çox ümid edirəm ki, bu nümunəyə dünyanın başqa yerlərində yaşayan ermənilər və azərbaycanlılar da qoşulacaq və biz nəhayət ki, yenidən sülh və doqtluq şəraitində yaşayacağıq.

http://m.virtualaz.org/uzbeuz/80251

Evsiz jurnalist Rəşad Məcidi yıxıb-sürüdü

“Yeni Müsavat” qəzetinin əməkdaşı, tanınmış jurnalist Aygün Muradxanlı “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin açıqlamasına münasibət bildirib.
Aygün Muradxanlı virtualaz.org-a açıqlamasında Rəşad Məcidə öz məsləhətlərini verdi: “Bakıda tikilən yeni binaların 10 faizi Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna verilir. Dövlət isə həmin evləri istədiyi şəxslərə verir. Rəşad Məcid də icra hakimiyyətinə müraciət edərək həmin evlərdən ala bilər. Mənə elə gəlir ki, o, 240 nəfər jurnalist üçün tikilən evlərin siyahısına da adını yazdırmalıdır. Sonra bəlkə gec olar. Rəşad Məcid deyir ki, evi oğluma almışam. O biri iki oğluna da sayt açsın. Növbəyə dursun, onlara da ev alsın. Biz yəqin jurnalist deyilik. Onun oğlu 7 il jurnalist işləyibsə, mən isə 23 il işləmişəm. O, jurnalistdirsə, bəs mən kiməm? Onun ehtiyacı olan oğlu varsa, bizim evdəki uşaqlarımız dovşandır? Redaksiyasında uşaqlarının dolanışığı ilə bağlı ciddi problemləri olan, aldığı maaşın 70 faizini kirayəyə verən işçiləri olan bir baş redaktor o evi almamalı idi”.
A.Muradxanlı bildirdi ki, Rəşad Məcidin nəvələri üçün də evi var: “Hamımız illərdir ki, media aləmindəyik. Kimin nəyinin olub-olmadığını yaxşı bilirik. Baş redaktorların bu evlərdən birini alması biabırçlıqdır”.
A.Muradxanlı “jurnallistlərə ev verilməsi məsələsini mən qaldırmışam” deyən Rəşad Məcidə cavabında isə söylədi ki, bu məsələni onlar qaldırıb: “Hökumətlə danışıqlara getmişik, Mətbuat Şurasına müraciət etmişik. Jurnalistlərə ev verilməsi məsələsinin dövlət səviyyəsinə qaldırılmasında bizim rolumuz böyük olub. Amma indi baxırıq ki, 155 jurnalist arasında 30-35 nəfər ehtiyacı olan jurnalistə ev verilib. Onların hamısını təbrik edirəm. Bu evlər onlara ana südü kimi halaldır. Ev alanların siyahısında elə jurnalistlər var ki, ən son yazıları 5 il, 2 il əvvəl çıxıb.  Yelena Sideronka jurnalistdirsə, biz kimik?! Rəşad Məcidin bu hərəkətindən sonra çoxlu sayda oxucu üçün “525-ci qəzet” bitdi”.
*   *   *
 “Hökumətdən daha iki ev almağı nəzərdə tuturam” 

Milli Mətbuat günündə dövlət tərəfindən 155 jurnalistə ev verildi. Ev alan jurnalistlər arasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin də olması ev ala bilməyən media nümayəndələri tərəfindən böyük qınaq və etirazla qarşılandı.
Sosial şəbəkələrdə ev ala bilməyən jurnalistlər tərəfindən Rəşad Məcidin ünvanına günlərdir sərt tənqidlər səsləndirilir. Bir neçə gündür susqunluğunu pozmayan Rəşad Məcid özü haqqında deyilən fikirlərə münasibət bildirdi.
Baş redaktor virtualaz.org-a açıqlamasında barəsində tənqidi fikirlər səsləndirən media nümayəndələrinə az qala od püskürdü: “Mənim əleyhimə danışanlar orta məktəbə gedəndə jurnalistlərə ev verilməsi məsələsini ilk dəfə mən qaldırmışam. 2001-ci ildə Heydər Əliyevin yanında çıxış edərkən demişdim ki, jurnalistlərin aldıqları məvaciblə ev alması xəyaldır və bununla bağlı tədbirlər görmək lazımdır. Bundan sonrakı bütün çıxışlarımda da bu məsələni qaldırmışam. O zaman dövlətin imkanları yaxşı deyildi. Amma indi jurnalistlərə ev verilir. Dövlətə də 5-6 il bundan qabaq müraciət etmişdim ki, mənzilə ehtiyacım var. Dünən ortaya çıxan və saytlara bir-iki yazı yazan jurnalistlər deyirlər ki, burada haqsızlıq var. Mən inanıram ki, onlar yaddaşsızlıq xəstəliyinə tutulublar. Keçmişdən xəbərləri yoxdur. 20 ilin redaktorunun ev almasına normal baxıram”.
Rəşad Məcid ona verilən evi oğlu üçün aldığını da gizlətmədi: “Mənim üç oğlum var. Mənim oğlum məni tənqid edən jurnalistlərin saytından da məşhur bir neçə saytın rəhbəridir. 7 illik jurnalist fəaliyyəti var. O, müraciət edə bilmədi. Mən müraciət etdim. Sentyabrda oğlumun toyudur. Aldığım evdə də oğlum yaşayacaq”.
Baş redaktor haqqında tənqidi fikirlər səsləndirən və haqsızlıq etdiyini deyən jurnalistlərə mesaj da göndərdi: “Hökumətdən daha iki ev almağı nəzərdə tuturam. Onu da gözləsinlər. Yenə müraciət edəcəm. Mənim aldığım evlə bağlı neqativ fikirlər aşılayanlara da nifrət edirəm. Belə insanların son zamanlar məkrli, kinli fikirlər səsləndirməsinə görə çox pessimist olmuşam”.
2 il sonra jurnalistlər üçün tikiləcək növbəti binadan 240 jurnalistə evin veriləcəyini deyən Rəşad Məcid vurğuladı ki, Azərbaycanda bu evlərə layiq olan 240 jurnalist yoxdur: “Mən müraciət edəcəm ki, 10 il jurnalistika sahəsində fəaliyyət göstərmək məsələsi qüvvədə qalsın. Hansısa bir sayt açırlar, bir-iki status yazırlar, deyirlər bəlkə jurnalistdirlər. Haqqı olmayanlar başlarından yekə arzulara düşürlər”.

İlkin Muradov         virtualaz.org

21.10.2016

«Azersun»un Biləsuvardakı müəssisəsində günəmuzdçular

Hər gün Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda üstüaçıq yük maşınları, sovetlər dönəmində «50 qəpiklik» kimi tanınan avtobuslar İmişli, Biləsuvar rayonlarının kəndlərindən və Cəbrayıl məcburi köçkünlərinin qəsəbələrindən minlərlə adamı «Azersun holdinq»in müəssisəsinə daşıyır. Biləsuvar rayonunda vaxtilə qış otlaq sahəsi olmuş ərazidən 3400 ha (bəzi mənbələrdə 3450 ha) «Natural Green Land» MMC-yə ayrılıb. 2006-cı ildən başlayaraq burada böyük kənd təsərrüfatı kompleksi, ildə 60 min ton məhsulu emal etmək gücündə olan konserv zavodu yaradılıb.
«Zavodun fəaliyyəti nəticəsində minlərlə hektar torpaq artıq yararlı vəziyyətə gətirilib, kənd təsərrüfatı inkişaf edir, fermerlər pul qazanır, zavod fəaliyyət göstərir və Azərbaycan hərtərəfli inkişaf edir». Bu sözləri prezident İlham Əliyev 2010-cu ilin aprelində «Azersun holdinq»in «Natural Green Land» kənd təsərrüfatı müəssisəsinin və konserv zavodunun açılış törənində deyib. O zaman dövlət başçısı ümid etdiyini bildirib ki, ətraf rayonlarda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları da bu zavoda təhvil veriləcək, burada xeyli sayda iş yeri yaradılacaq. Amma Biləsuvar Konserv Zavodu hələ ki, ətraf rayonlarda yaşayan fermerlərdən xammal qəbul etmir. Ucuz başa gəlsin deyə, kənd təsərrüfatı bitkilərini özü əkib-yetişdirir. O ki, qaldı yeni yaradılan iş yerlərinə, bu barədə ətraflı danışmağa dəyər.
Yaz girəndən ta payızın sonunadək tarlalarda qızğın iş gedir: adamlar torpaq belləyir, alaq otlarını təmizləyir, yetişmiş məhsulu sahədən toplayırlar. Bəzilərinə burada qışda da iş tapılır: nar, heyva bağlarından meyvə yığır, ağaclara qulluq edirlər. İşə gələnlərin əksəriyyəti aztəminatlı ailədən olan qadınlardır- həyat yoldaşından ayrılmış, himayəsində yetkinlik yaşına çatmayan övladları, xəstəsi, əlili olanlar, minimum tələbatlarını ödəmək istəyənlərdir. Tək-tək də olsa, aralarında 10-14 yaşında olan uşaqlar, gənc yaşlı oğlan-qızlar, beli bükülmüş, saçı ağarmış yaşlılar da var.
Aranlı kəndinin sakini Elza Ələkbərova bu müəssisədə çarəsizlikdən işlədiyini deyir: «Həyat yoldaşım xəstədir, əlilliyə görə 55 manat müavinət alır. 3 uşağımız var. Qazancımız yeməyimizi, uşaqların əyin-başını tam ödəmir. Pay torpağımız var, amma əkinə yararsızdı deyə, ondan heç nə götürə bilmirik. Kəndimizdən 500 adam işləyir şirkətdə, əksəriyyəti qadındır. Demək olar ki, hamısı bizim kimi aztəminatlı ailədən olanlardır-çörəkpulu üçün çalışırlar».
9 il əvvəl həyat yoldaşından ayrılmış Dilarə Hüseynova 3 övladı ilə birgə valideynlərinin evində yaşayır. O, 3 ildir ki, «Natural Green Land»ın kənd təsərrüfatı kompleksində çalışır- yaz-payız aylarında tərəvəz sahəsində, qışda isə bağlarda. Qadın hər gün saat 5-də yuxudan oyanır. Həm səhər yeməyini yeyir, həm nahar üçün özünə nəsə hazırlayır, həm də uşaqlarının gün ərzində qəbul edəcəyi qidanı. Saat 7-də evlərinin yaxınlığında dayanıb onu işə aparacaq maşını gözləyir. İş saat 8-də başlayır. Amma yol narahatdır deyə, adamlar vaxtından xeyli qabaq işə yollanmaq məcburiyyətindədir. Qadın bir də axşam saat 8-də evə qayıdır. Yorğun olsa da, uşaqlarını çimizdirir, onların paltarlarını yuyur. O, çox istəyərdi ki, özünün ayrıca evi olsun: «Yeni dərs ili ərəfəsində uşaqlara təzə paltar, məktəb ləvazimatı almağa çox pul çıxır, bunu tək mənim maaşım ödəmir. Ona görə yay tətilində böyük uşaqları da özümlə işə aparıram. Böyük oğlumun 17, qızımın isə 14 yaşı var. Onları işə buraxmaq istəmirlər, yalvarıb birtəhər razı salıram. Yaşları az olmağına baxmayaraq, uşaqlar da mən görən işi görürlər. Evdə qalan balaca oğlumun isə 11 yaşı var».
Söhbət etdiyimiz işçilərin hamısı bildirir ki, işə qəbul ediləndə, onlarla əmək müqaviləsi bağlanılmayıb, günəmuzd qaydada ödənilən əməkhaqqı sənədləşdirilmir (əməkhaqqını alarkən heç bir sənədə imza etmirlər). İşçilər müəssisədə adlarına əmək kitabçası açılmadığını, bu səbəbdən də illərlə burada işləyənlərin əmək stajı toplaya bilmədiklərini, onlara məzuniyyət verilmədiyini deyirlər. İşçilər bildirir ki, gün ərzində onlara 1 saatlıq nahar, 2 dəfə hər biri 15 dəqiqə davam edən «çay fasiləsi» verilir. Temperatur 42 С0 dərəcə və ondan artıq olan vaxtlarda belə açıq havada iş dayandırılmır. Onlara növbə ilə səyyar çadırlarda sərinləməyə, əl-üzlərinə su vurmağa, tərlərini qurutmağa icazə verilir. Ürəyi sıxılanlara müəssisə daxilində ilkin tibbi yardım göstərilir.
İşçilər bildirir ki, onlara 30 iş gününə görə 260 manat haqq ödənilir, işdə olmadıqları hər günə görə əməkhaqqından 8 manat 66 qəpik çıxılır. Əməkhaqqını onları hər gün işə aparıb-gətirən sürücülərdən aldıqlarını deyirlər və bildirirlər ki, həmin şəxslər işçilərin əməkhaqqından 1 iş gününə görə 1 manat «yol pulu» tuturlar.
Söhbət etdiyimiz işçilərin hamısı vergiödəyicisi kimi uçotda dayanmadıqlarını (VÖEN almadıqlarını) bildirdilər. Əmək və ya mülki müqavilə bağlanmadığından işçilər 1 ay üçün 260 (1 günə 8.66) manatlıq əmək haqqının hansı meyarlar əsasında hesablanmağından məlumatsızdırlar. Onlar hər gün iş icraçılarının şifahi göstərişlərini yerinə yetirdiklərini bildirirlər.
«Azersun holdinq»in ayrı-ayrı vəzifəli şəxsləri KİV-ə verdikləri müsahibələrdə və çıxışlarında müəssisədə 2500 nəfərdən çox insanın mövsümi olaraq işə cəlb etdiklərini qeyd edirlər. Bununla da fəaliyyət göstərdikləri ərazidə əhalinin məşğulluq probleminin həllinə töhfə verdiklərini söyləyirlər. Amma işçilərin hüquqları qorunurmu?
«Azersun holdinq»dən bildirilir ki, tarlalarda işləri müqavilə əsasında podratçı təşkilatlara (şəxslərə) həvalə edirlər. Sonuncular isə bu işləri görən adamları özləri tapıb işə cəlb edirlər. Beləliklə, işəgötürən qismində ortaya tamamilə kənar şəxslər çıxır.
Sorğumuzu cavablayan «Azersun»un ictimaiyyətlə əlaqə və biznesin inkişafına dəstək departamentinin rəhbəri Afiq Səfərov «Azersun holdinq» müəssisələri tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam əməl edildiyini deyir. O qeyd edir ki, podratçıların müddətli (mövsümi) cəlb etdikləri işçilərin əmək hüquqlarının qorunmasına isə onlar məsuliyyət daşımırlar: «Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq «Azersun Holdinq» MMC-yə bağlı bütün müəssisələrdə işə qəbul edilən bütün işçilərlə əmək müqaviləsi bağlanılır. Qanunvericiliyin yeni tələbi olan əmək müqavilələrinin elektron qeydiyyat sistemi də tətbiq edilir. İşçi sayıları ilə bağlı müvafiq hesabatlar mütəmadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq orqanlarına təqdim edilməkdədir. Sorğudakı suallarınızın böyük hissəsi podratçı hüquqi və fiziki şəxslərlə onların işçiləri arasında olan əmək münasibətlərinə aiddir. Bu münasibətlər barədə «Azərsun Holdinq» MMC-də məlumatlar yoxdur, digər hüquqi və ya fiziki şəxslər tərəfindən işə cəlb edilən işçilərin əmək münasibətlərinə şirkətimiz cavabdehlik daşımır».
Afiq Səfərov daha sonra deyir: «Qanunvericiliyin tələblərinə uyğun olaraq «Azersun Holdinq» və onun tabeliyində olan müəssisələrdə həmkarlar ittifaqları mövcuddur. Ayrıca hər bir işçinin istənilən vaxt bu komitəyə müraciət etmək hüququ var. Əmək funksiyalarına gəldikdə isə, əmək müqaviləsi bağlanılan hər bir şəxsə əmək funksiyaları ətraflı izah edilir. Eyni zamanda əmək müqaviləsinin müvafiq bəndində funksiyalar yazılı olaraq qeyd edilərək, əmək müqavilələri qarşılıqlı imzalanır. Qeyd edilənlərdən əlavə qanunvericiliyin tələblərinə uyğun olaraq «Azərsun Holdinq» MMC-də və ona daxil olan müəssisələrdə iş yerlərinin attestasiyası da keçirilir. Əmək qanunvericiliyinə uyğun olaraq «Azersun Holdinq» MMC və onun tabeliyində olan müəssisələrdə müvafiq işin müddətli (mövsümi) olduğu əvvəlcədən bəlli olduğu təqdirdə işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Əmək müqaviləsinin müddəti bitdikdə, əgər iş davam edirsə, bu halda müqavilə əvvəl müəyyən edilmiş müddət qədər uzanır. Əmək müqaviləsinin müddətli və ya müddətsiz olmasından asılı olmayaraq hər bir işçinin hüquqları eyni dərəcədə təmin olunur. Bütün konserv istehsalı müəssisələrimiz istehsal etdiyi məhsulların xammalını istər daxili imkanlar, istərsə də yerli fermerlər hesabına təmin edir. İstehsal müəssisələrimiz bazar iqtisadiyyatı şərtlərinə əsasən ehtiyac olan xammalın yerli fermerlər hesabına təmin edilməsində maraqlıdırlar».
Əmək Məcəlləsinə görə, «işçi» işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəlləyə görə, «işəgötürən» mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqan və ya fiziki şəxs ola bilər. Podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir.
«Natural Green Land» MMC ilə müqavilə bağlayıb onun sahəsində kənd təsərrüfatı işlərinin bir hissəsini görən təşkilatı «podrat işləri yerinə yetirən şəxs» hesab etmək olarmı və həqiqətənmi Əmək Məcəlləsi bu işlərə şamil olunmur?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Tərlan Mürsəlov bildirir ki, işəgötürənlə işçi müqaviləni öz istəklərinə uyğun formada bağlaya bilərlər: «Əgər bu, əmək münasibətidirsə, Əmək Məcəlləsinə uyğun tənzimlənməlidir. Yəni işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanmalıdır. Yox, əgər xidmət, mülki xarakterli müqavilədirsə, buna Əmək Müfəttişliyi qarışmır. Tərəflər arasındakı münasibət Mülki Məcəlləyə uyğun tənzimlənir, mübahisələrə isə məhkəmədə baxılır. Əmək müqaviləsi işəgötürənlə işçi arasında 3-cü tərəfin müdaxiləsi olmadan bağlanılır. Onları məcbur etmək olmaz ki, bu müqaviləni bağlayın, ya bağlamayın. Çünki Mülki Məcəllənin 329-cu maddəsində göstərilir ki, müqavilə şifahi razılıqla da bağlanıla bilər».
Müfəttişliyin Masallıda yerləşən 10 saylı ərazi idarəsinin rəisi Ərəstun Əbilov bildirir ki, onlar «Natural Green Land»ın kənd təsərrüfatı kompleksində çalışan işçilərin əmək hüquqlarının qorunmasına nəzarət etmirlər: «Müəssisə bizim ərazidə yerləşir, amma hüquqi ünvanına uyğun olaraq nəzarəti Bakının hansısa rayonunun müfəttişliyi həyata keçirir».
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, bu halda mütləq əmək müqaviləsi bağlanılmalıdır: «İşin daimi, ya müddətli olmağının fərqi yoxdur. Qanunvericiliyə edilmiş son dəyişikliyə görə, əmək müqaviləsi bağlamadan 10 nəfərdən artıq şəxsi işə cəlb etmək cinayət məsuliyyəti yaradır. Bu əmələ görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Müqavilə olmadan, üstəlik iş vaxtından artıq iş gördürmək «məcburi əmək»dir - işçilər könüllü olaraq bu şərtlər daxilində işləməyə razılaşıblarsa belə».
Hüquqşünas Azər Quliyev isə hesab edir ki, əmək müqaviləsinin bağlanılmaması ilə işçilərin çoxsaylı hüquqları pozulub: «Bu, təkcə əmək deyil, həm də insan hüquqlarının pozulmasıdır. Bu adamlar bir ayda faktiki olaraq ikiaylıq iş vaxtı qədər işlədilmiş olur. Artıq işlədilən iş saatlarına görə haqqın ikiqat ödənilməli olduğunu da nəzərə alsaq, belə çıxır ki, onlara minimum əməkhaqqından da az məbləğ ödənilir. Əmək müqaviləsinin bağlanılmaması onları məzuniyyət hüququndan, sosial müdafiə üzrə müavinətlərdən, sosial sığorta və digər hüquqlardan məhrum edir».
Bəzi ekspertlər hesab edir ki, «Natural Green Land» xərcləri azaltmaq və vergidən yayınmaq üçün məqsədli şəkildə ortaya «taşeron» firmaları atıb. Bir halda ki, müəssisə kənd təsərrüfatı məhsullarının təkcə emalı ilə deyil, həm də istehsalı ilə məşğuldur, deməli, ona tarla işlərini görməyə də işçi lazımdır. Hökumət bu yönümdə fəaliyyətinə görə onu mənfəət, əlavə dəyər, sadələşdirilmiş və əmlak vergisindən azad edib, şirkətə iri məbləğdə güzəştli kredit ayırıb.
Vergi Məcəlləsinə görə, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və ya fərdi sahibkarlar, onlara gəlirinə uyğun «gəlir vergisi» hesablamağa borcludurlar. Ödəmə mənbəyində bu vergi tutularaq büdcəyə köçürülməlidir. İşəgötürən, həmçinin, muzdla işlətdiyi şəxslərə sosial sığorta ayırmaları hesablamalı, onlara hesablanan əmək haqqından sosial sığorta ayırmaları tutmalı və büdcəyə ödəməlidir. İşəgötürənin kim olduğunu belə bilməyən sadə əyalət insanları əvəzlərindən bu ödəmələrin edilib-edilmədiyi ilə maraqlanmadıqlarını dedilər.
«Natural Green Land» MMC-nin kənd təsərrüfatı kompleksi açılan gündən orada işlədiyini deyən Aranlı kəndinin sakini Gülfirəng Məmmədova bildirir ki, bankdan kredit götürmək istəyərkən harada işləməsi və nə qədər əməkhaqqı alması barədə ondan arayış istənilib. Amma iş yerindən ona belə bir sənəd verilməyib: «Mənə açıqca dedilər ki, bu iş qeyri-rəsmi, hökumətdən kənar işdir».

azadliq.org

Kərbəlayi Rəşayətin evdə yaratdığı muzey

Maştağa kənd sakini Kərbəlayi Rəşayətin yaratdığı bu muzeyin 25 yaşı var. Anadangəlmə əlil olan Rəşayət 8 yaşından başlayaraq dini və tarixi əhəmiyyətli eksponatları toplayıb şəxsi muzeyini yaratmaq qərarına gəlib.
Kiçik yaşlı uşaq bu istəyini yuxusu ilə əlaqələndirib, valideynlərindən dəstək alıb. Sonralar yuxunun çin çıxmasına şahid olan valideynləri, dostları və kənd sakinləri Rəşadətə daha yaxından dəstək olur, onun yaratdığı kiçik muzeyə hətta müqəddəs ocaq kimi yanaşıblar. O vaxtdan Rəşayət kənddə hər kəsdən Həzrət Abbas payı istəyərək qədim, tarixi əşyaları toplayıb. Hətta xəbər yayılandan sonra sakinlər özləri ona pay gətirməyə başlayıb, beləliklə muzeyi zənginləşdirib. Gənc kolleksiyaçının 18 yaşında olanda əldə etdiyi əşyaların sayı 300-ə çatıb.
Rəşayət ona hədiyyə edilən ən qədim əşyanın 3 min il yaşı olduğunu deyir. Onun sözlərinə görə bu kənddə aparılan qazıntılar zamanı tapılan və qara gildən hazırlanmış dolçadır. Həmin dolçanı bizə nümayiş etdirən kolleksiyaçı əlavə edib ki, arxeoloq və tarixçilər muzeydə 800 yaşı olan çırağın, 300 il bundan əvvələ məxsus olan Quran kitabının 2-3 ərs əvvələ məxsus qabların, digər bəzək əşyalarının tarixini də təsdiq ediblər. Eyni zamanda muzeydə Qurandan köçürülən əl yazılarına, müxtəlif dövrlərdə nəşr olunan dini kitablara da rast gəlinir. Muzey sahibinin yuxusunda gördüyü, sonralar məsciddə tapdığı mis qabın içərisinə isə müqəddəs kitabdan 14 ayə həkk olunub.
Üzərində yazılan tarixə əsasən eksponat XIII əsrə aid edilir. Muzeydə müxtəlif dövrlərə məxsus Gəncə, Qarabağ, Quba xalçaları, Bərdə, Maştağa, Gəncəbasardan tapılan qədim pullar, musiqi alətləri, vaxtilə kirkirə deyilən əl dəyirmanı, sud qabı kimi istifadə edilən sərnic, süfrəyə plov gətirmək üçün sərpuş, daha sonra abkeş, məcməyi, həvəngdəstə, kuzə adlanan məişət əşyaları toplanıb. Burada müxtəlif formalı, mis, layun qablama qazan, səhəng, dolça, samovar, çıraq, kasalar, daş və kömür ütü, güləbdan və digər qədimi əşyalara rast gəlmək olar. Xəncərlər, döyüş kəmərləri, bıçaqlar, müxtəlif heyvan buynuzları, fiqurlar, sandıqlar, tərəzi, balta, qadın bəzək əşyaları, təsbehlər də muzeydə diqqət çəkən eksponatlardır. Muzeydə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı Hindistan, Özbəkistan, Varşava və digər yerlərdən gələn əşyalar da sıralanıb. Rəşayət deyir ki, belə əşyaları əhali hər zaman təmənnasız təklif etmir. O isə imkansızlıq ucbatından çox vaxt bu qiymətli nümunələri itirib.
İndi Rəşayətin 33 yaşı var. O, 3 dəfə Kərbəla ziyarətində olub. Əldə etdiyi bütün qiymətli nümunələrin nə vaxtsa dövlətə təhvil verəcəyini düşünür. Kolleksiyaçı deyir ki, əlil olduğu üçün dövlətə, xalqa yalnız bu cür xidmət edə bilir. O, öz səyi ilə yaratdığı muzeyi Azərbaycan tarixinin qorunması və gələcəyə çatdırılması yolunda xidmət kimi qələmə verir.

https://tohfaalekberova.wordpress.com/category/uncategorized/