17.05.2011

İraqsayağı demokratikləşmə



image
Qərbdə qadağa olunmuş İraq təsvirləri

Əlbəttə ki, İraqa gəlib “seçkilər”lə maraqlanmamaq “dünya ictimaiyyəti” qarşısında böyük günah olardı. Necə olur ki, kimsə İraqa getsin və amerikalıların “bərqərar” etdiyi demokratiyadan danışmasın. 2003-cü ildən bəri ölkədəki durumla tanış olmaq üçün elə də çox könüllü İraqa səfər etməyib. İtaliyalı jurnalist Culiana Sqrenanı bu cür niyyətinə görə oğurlayıb öldürmək istəyirdilər. Ancaq o sağ qaldı və həmin gündən demokratiyanın oturuşmasının çətinliklərindən və qadın hüquqlarından yazır. Bu həmin problemlərdir ki, Qərbdə onlar barədə düşünməyə icazə verilir. 

İlk təəssürat

Bəlkə də ömrümdə heç bir səfərə bu qədər hazırlaşmırdım. Məni bir tərəfdən dünyanın ən təhlükəli, digər tərəfdən ən qədim mədənoyyətə malik olan bir ölkəyə səfər gözləyirdi. Ancaq, heç demə, gördüklərimi görməyimə əsla hazır deyildim. KİV-də nümayiş olunan saysız-hesabsız şəkil və video görüntülər belə İraqın vəziyyətini tam əks etdirə bilməz. Ümumiyyətlə mədəni bir cəmiyyətin qısa müddətdə Afrika cəngəlliklərində yaşayan səfil bir qəbilə vəziyyətinə düşməsini heç kəs təsəvvür edə bilməz. Xatırladım ki, İraq neft ehtiyatlarına görə dünyada ikinci yer tutur, ancaq burada olan şəxs bunu dərhal unudur. Burada artıq nə su var, nə işıq, nə səhiyyə, nə təhsil, nə normal ticarət, ən əsası isə burada təhlükəsizlik yoxdur – istənilən an hansısa naməlum şəxs həyatınıza son qoya bilər. Ancaq cəmi 7 il öncə bütün sadlananlar burada var idi. Indi su, işıq və sair “möcüzələr” yalnız amerikan hərbçilərin, diplomatların və yeni hökumətin oturduğu “yaşıl zona”dadır.
Tanış olduğum ilk insanlardan biri yerli jurnalist Ziyad Acili idi. Ziyadın etiraf etdi ki, vəziyyət belə getsə onun da ölümü qaçılmazdır. Buna rəğmən Ziyad səmimi qəlbdən inanır ki, amerikalılar İraqa demokratiya gətirir. Sual verəndə ki, ABŞ bugünə kimi hara demokratiya gətirib, o tərddüd etmədən cavab verdi: “Yaponiya və Almaniyaya”. Ümid edirəm ki, Ziyadın ömrü uzun olacaq və o... vətəninin xoşbəxt günlərini görəcək. Qərb özündən başqa heç kəsin daş dövründən çıxmasında maraqlı deyil, Qərbin gözündə neftlə zəngin olan ölkələrin müstəqil və təhlükəli millətsiz mənzərəsi çox gözəl görsənir. Amma Ziyad kimiləri İraqda az deyil. Burada danışdığım insanlardan bir çoxu amerikalıların gəlişinə şaddırlar. Maraqlıdır ki, onlar heç Səddama da düşmən gözü ilə baxmırlar. Bir sözlə, nə keçmiş, nə indiki rəhbərlikdən narazı deyillər, sadəcə olaraq şaddılar, vəssalam. Düzdür, bunu açıqca etiraf etməyə cəsarətləri yoxdu.
Heç demə 7 il ərzində əkinçiliyin vətənini (ilk dəfə insan əkinçiliklə məhz İraqda məşğul olmağa başlayıb) cəhənnəmə çevirmək mümkün imiş: minalanmış və amerikan tanklarının əzdiyi torpaq bir daha cücərməyəcək. İndi iraqlılar acından ölməmək üçün Amerikada yetişdirilmiş alma yeyə bilərlər. Sözün əsl mənasında acından ölənləri də burada gördüm, lakin yaxınlaşmağa cürət etmədim. Bu günə qədər ömrümdə heç zaman sədəqə puluna alınmış çörəyi belə aclıqla yeyən insanlar görməmişdim.
Qəribədir, müasir insanların milliyyətindən, dinindən asılı olmayaraq hamısının əcdadı mədəniyyəti məhz indi böyük bir xarabalığı xatırladan bu diyardan öyrənmişdi. Axı bura sadəcə neftlə zəngin İraq deyil, bura Mesopatamiyadır, Babilistandır, şumerlərin, akkadların, assuriyalıların, İbrahim (ə) peyğəmbərin vətəni; Gilqameş poemasının, Tövratın, İncilin, Quranın bəhs etdiyi torpaq; orta əsrlərdə İslam intibahının mərkəzi; İmamlarımızın (ə), Tusinin, Füzulinin mədfəni. Hələ orta əsrlərdə Bağdad kitabxanasında saxlanılan kitabların sayı 1 milyon nüsxə idi, bu, müasir kitabxanalar üçün böyük göstəricidir, indi isə... İndi isə burada “demokratiya qurulur”, İraq, çaşqınlıq içində yaşayan insanlar, məhv edilmiş şəhərlər, küçəlrarası beton səddlər, nəhayət öldürülmüş ruhlar ölkəsidir.

Terrorçular

İraqla bağlı ən mühüm suallardan biri, ölkədəki partlayışların arxasında kimin durmasıdır. Mətbuat bar-bar bağırır ki, burada vəhşilər dini və milli zəmində bir-birini partladır, amerikalılar isə asayişi qoruyurlar. Ancaq gördüklərim və eşitdiklərim bunun əksini göstərdi. Bütün münaqişələri yaradan elə amerikalıların özləridir. Sünnüsü də, şiəsi də, ərəbi də, kürdü də bildirir ki, amerikalılar canilərə pul verib aranı qızışdırırlar ki, ölkədə daim gərginlik olsun. Ancaq mətbuat amerikalı əsgərlərin öz əlləri ilə burada törətdiyi vəhşiliklərə “terrorçular”ın cinayətləri qədər əhəmiyyət vermir. Axı dünya gərək “vəhşi” iraqlıların “mədəni” qərblilərdən yalnız faydalandıqlarını görsün. Burada heç Əl-Qaidənin İraq qolunun üzvlərini tanıyan da yoxdur. Qabaq heç olmasa ara-bir Zərkavinin (amerikalıların iddiasına görə Əl-Qaidəinin yerli bölməsinin sabiq başçısı) televiziya ekranlarına çıxarırdılar, indi isə Əbu Ömər Bağdadini (hazırkı başçı) üzdən tanıyan da yoxdu. Müammalı Əl-Qaidə məscidləri, hərəmləri, zəvvarları, jurnalistləri, xristianları partladır, sonra isə amerikalılara müxalif olan qiyamçılara “əl-qaidəçi” damğası vurulur.
Son hesablamalara görə müharibə zamanı təqribən 1 miyon dinc əhali öldürülüb. Dəqiq hesab məlum deyil. Bu itkilərin sayı İran və Küveytlə müharibədə və Səddamın törətdiyi soyqırımlar nəticəsində ölənlərin sayından qat-qat çoxdur. Bu qədər qanın niyə axıdıldığına heç kəs cavab verə bilmir, elə qan tökənlərin özləri də... Deyəsən cavabı bilirəm, bu insanlar “demokratiya” məbuduna gətirilən qurbanlardır.
Dünyada öldürülən jurnalistlərin sayına görə İraq birinci yerdədir: 7 il ərzində 200 nəfər. Müxbirlərin əksəriyyəti amerikalı əsgərlərlə birgə çalışırlar, elə onların hərbi formasındaca. Ona görə amerikalılara partizanlar tərəfindən hücum olunanda, əsgərlərdən fərqlənməyən jurnalistlərin də payına düşür. Neynəmək olar, onlar münaqişədə olan iki cəbhədən birinin tərəfinə keçiblər, baxmayaraq ki, qərb jurnalistikasının əsas prinsipi bitərflikdir. Digər tərəfdən jurnalistləri qınamaq da olmur, hələ 2003-cü ildə amerikalılar “Fələstin” hotelini atəşə tutmuşdular, hərçənd ki, aparıcı dünya kanallarının müxbirlərinin burada yerləşdiklərini yaxşı bilirdilər. Elə daha öncə qeyd olunan qaçırdılmış italyan xanım-jurnalist Culiana Sqrenanı da italyan xüsusi xidmət orqanları qurtardıqdan sonra onu aeroporta aparan avtomobili amerikalılar atəşə tutdular. Görünür “oğrular” barədə həqiqətin yayılması onlara lazım deyildi. Kim nə deyirsə desin, sadə məntiqə görə, dünyanın heç bir yerində qiyamçılar, partizanlar və s. “terrorçular” jurnalistləri öldürmürlər, çünki həmin jurnalistlər onların səsinin dünyaya çatdırılması üçün yeganə vasitədir.

Seçkilər

7 illik işğal zamanı insanlar arasında ucaldılan səddləri iraqlılar özləri dağıtmalı olacaqlar, necəki dağıdılan ölkələrini də özləri ayağa qalxızacaqlar. Amerikanın “demokratikləşdirmə” planında yenidənqurma işləri nəzərdə tutulmayıb. Heç fikir vermisiz ki, İraqda seçkiləri işıqlandıran xarici mətbuat ölkədən elə də çox görüntü vermirdilər. Axı, zavallı jurnalistlər nə versinlər? Kameranı hara yönəldirsən yönəlt eyni mənzərə görürsən: zibilliklər, dağıdılmış binalar, toz-torpaq və boşluq - hər bir şeydə hiss olunan boşluq. Bunu isə göstərmək olmaz, çünki tamaşaçı amerikalıların qurduğu İraqda qüsur görməməlidirlər.
İraq seçkiləri dünya mətbuatının əsas diqqət mərkəzinə çevirildi. Amerikalılar burada tam yeni üslubdan istifadə etdilər: seçki görüntüsü yaratmaq və nəticələri açıqlamamaq. Bülletenlər hesablana kimi isə, siyasətçilər öz aralarında bir şey fikirləşib ortaya çıxaracaqlar. Əlbəttə, Amerikanın kiçicik yardımı ilə. Burada bir şey aydın olur - İraqın yeni tarixi işğalçıların ölkəni tərk etdikdən sonra başlayacaq.
Nə isə, mövzudan uzaqlaşmayaq. Seçkilərdə müxalifət qələbə çaldı, düzdü, elə də böyük fərqlə deyil. Hakim partiya nəticələri tanımaqdan imtina etdi, terrorçular isə demokratiyanın növbəti qələbəsini iki qanlı terror hadisəsilə qeyd etməyi qərara aldılar. Sabiq baş nazir İyad Ələvinin “Əl-İraqiyyə” bloku parlamentdəki 395 yerdən 91-nə sahib çıxdı. Hazırkı baş nazir Nuri Malikinin partiyası isə 89 yer tuta bildi. İqtidar müxalifətə cəmi 2 mandat fərqi ilə uduzdu. Üçüncü yerə 70 deputat mandatı ilə İraq Milli Alyansı çıxdı, kürdlərə isə 43 yer düşdü. Beləliklə də siyasətçilər bir-biri ilə dil tapmasalar, vəziyyət daha da gərinləşəcək.
Səsvermənin nəticələri elan olunmamışdan bir neçə saat öncə Diyalə əyalətində iki partlayış baş verdi. Nəticədə 45 nəfər həlak oldu, 65 nəfər yaralandı. Bilməyənlərin nəzərinə, Diyalə sünnü əyalətidir və burada yaşayanların əksəriyyəti etnik şiə İyad Ələvinin “Əl-İraqiyyə” blokuna səs vermişdi. Nuri Malikiyə (o da şiədir) səs verənlər əsasən cənub əyalətlərdə yaşayan şiələr oldu. Ancaq burada onun əsas rəqibi şiə ruhaniyyətinin dəstəklədiyi İraq Milli Alyansı idi. Yeri gəlmişkən, bu partiyanın bir çox üzvü vaxtı ilə Nuri Malikinin tərəfdarları idilər. Şimalda isə, yəni kürdlərin yaşadığı ərazilərdə kürdlər özlərinə səs verdilər.

P.S. Fikir verdinizsə, İraqda hər bir şey “şiə, sünnü, kürd” bölgüsü ilə bağlıdır. Elə konstitusiya da bu bölgünü siyasi sistemin təməli elan edir. Burada qədim romalıların “parçala və hökm et” zərb-misalı yada düşür. Hökm edənlər isə hamını inandırıblar ki, ölkəni tərk etdikdən sonra İraq etnik və konfessional zəmində yeni münaqişələr meydanına çeviriləcək. Barak Obamanın təsdiqlədiyi yeni qrafikə müvafiq olaraq, 2011-ci ilin sonunda amerikalı hərbçilər ölkədən tamamilə çıxmalıdırlar. Hərbi kontingentin azaldılması isə artıq bu ay başlamalıdır.

Kərbəlayi                                   salaminfo.az

Комментариев нет:

Отправить комментарий