Yazıçı Natiq Rəsulzadə ilə müsahibə
- Deyirlər, MKM-in münsiflərinə özünü tapşırtdıran iki yazıçıdan biri də sizsiniz…
- Bilirsiniz, bunlar bilmirlər ki, yazıçıya qalmaqal, dedi-qodu yaraşmaz. Mən 40 ildir yazıçılıqla məşğulam, yaxşı günlər də görmüşəm, pis günlər də. Əvvəllər İsmayıl Şıxlı, İmran Qasımov kimi böyük yazıçılar vardı və mən də onların tərbiyəsi ilə böyümüşəm. O vaxtlar belə şeylər Yazıçılar Birliyində olmurdu, çünki yazıçıların sayı 10 dəfə az idi, indi isə AYB-də təsadüfi insanlar çoxdur. Həmin təsadüfi insanlar onluğa da daxil ola biliblər.
Yazıçı ziyalı təbəqənin ən öndə gedənidir. Yazıçı müğənni deyil. Telekanallarda tez-tez görürük ki, bir müğənni başqa müğənninin gözünü çıxarır, üzünə tüpürür, kütlə də ona baxır. İndi biz də söhbətimizi onların üslubunda qursaq, əlbəttə, kütlə onu da oxuyacaq. Məncə, bu müsahibə ziyalılar, mədəni insanlar üçün maraqlı olmalıdır.
Öncə qeyd edim ki, onların həm bir-birinə, həm də mənə qarşı isə sürdüyü iddialar əsassızdır. Mən ümumiyyətlə, bu işlərə qarışmıram. Kim nə deyir desin.
Hələ sovet dönəmində mənə dissident, antisovetçi deyirdilər. Sovet ideologiyasına uyğun olmayan kitablarım çıxmışdı, amma məndən başqa da belə kitablar yazan yazıçılar vardı, o cümlədən tanınmış yazıçılar, məsələn, Anar, Maqsud İbrahimbəyov və s. Həddi aşana “dissident” deyirdilər, onu gözümçıxdıya salıb ya ölkədən xaric edirdilər, ya da dəlixanaya salırdılar. Deyirdilər ki, necə yəni sən gözəl vətənimizi, gözəl quruluşumuzu sevmirsən?! Deməli, başın xarabdır. Bax, həmin səviyyəyə enən insanlar inanmıram ki, istedada malik olsunlar. Çünki əsl yazıçı, istedadlı yazıçı belə şeylərə baxmır. Məsələn, deyək ki, lap Natiq Rəsulzadə özünü tapşırtdırıb. Bu nəyə görə ola bilməz deyim: çünki mən özümü münsiflərdə oturanların heç birindən əskik yazıçı hesab etmirəm. Və əlbəttə ki, onluqdakılardan heç əskik hesab etmirəm. Əgər sən əsl yazıçısansa, əsərinlə sübut et ki, Natiq Rəsulzadədən yaxşı yazırsan.
Səviyyəsiz nəsil gəlir
- Yaş və təcrübə önəmlidir…
- Belə bir söz gəzir, mən də eşitmişəm. Deyirlər, bunun altmış yaşı var, müsabiqədə niyə iştirak edir? Axı belə demək olmaz! Əgər bu milli mükafat kimi elan olunubsa, yaş limiti olmamalıdır. Çünki istedad ancaq cavanlarda olmur. Təbii ki, istedadlı cavanlarımız var, amma təsisçilərin məqsədi də var. Onlar çalışırlar ki, cavanları ortaya çıxarsınlar və sonra desinlər ki, baxın cavanları araşdırıb ortaya çıxarmışıq və bununla da alqış qazansınlar. Əgər bu müsabiqə cavanlara ünvanlanıbsa, onda bu mükafatın adını dəyişib qoysunlar cavanlar üçün MKM, ümumi MKM və s. Axı, bizim ədəbiyyat təkcə cavanlardan ibarət deyil.
Bizi rus dilində yazdığımıza görə qınayanlar
- Bəs rus dilində yazmaq necə, MKM formatına uyğundurmu?
- Bunu mən altmış ildir eşidirəm, onlar da altmış ildir ki, çeynəyirlər (bu ifadəni olduğu kimi saxlamağımızı xahiş etdi – V.Q), amma yorulmurlar. Çünki yeni səviyyəsiz nəsil gəlir, onların da dalınca gələn nəsillər var. Bunlar iddia edirlər ki, rus dilində yazanlar bizim yazıçılar deyil. Sual olunur, niyə? Baxın, tanınmış rusdilli yazıçıları barmaqla saymaq olar. İlk rusdilli yazar bir zamanlar AYB-nin sədri olmuş İmran Qasımovdur. Daha sonra İbrahimbəyov qardaşları. Rüstəm İbrahimbəyov bütün dünyada tanınıb, Hollivudda onun filmi “Oskar” alıb. Sonra mən və məndən sonra Çingiz Abdullayev gəldi. Yaxşı məni çıxaq, buna etiraz etmirəm, bəs qalan 4 nəfərdən kimə “istedadsızdır”, “görkəmli deyil” demək olar? Hamısı istedadlı və görkəmlidirlər, mən deyərdim ki, böyük yazıçılardırlar. Zaman keçəcək və bilinəcək ki, kim böyük yazıçıdır, kim kiçik.
Düzdür, mən belə ifadələr işlətməyin əleyhinəyəm, 100 il sonra kimin kitabı oxunacaqsa, məhz o, böyük yazıçı olacaq. Onluqdakılar anadan olmamış mənim kitablarım Avropada çıxırdı. Məncə, ortada qısqanclıq var, rus dilində yazanlar birbaşa 150 milyonluq ölkəyə çıxırlar. Məsələn, Rüstəm İbrahimbəyovu Rusiyada ziyalısı da, sadə insanı da tanıyır. Rusiyadan xoşumuz gəlir, ya gəlmir, bunun məsələyə aidiyyəti yoxdur. Pis işdirmi ki, rusdilli yazıçılar Azərbaycanla Rusiya, Bakı ilə Moskva arasında körpü salırlar, mədəniyyətimizi, nəsrimizi tanıdırlar?! Buna görə də mən bu söhbətlərdə qısqanclıqdan başqa bir şey görmürəm.
Paradoks bundadır ki, bizi rus dilində yazdığımıza görə qınayanlar özləri rus dilinə tərcümə olunub, ən azı burdakı rusdilli qəzet və jurnallarda çap olunmaq üçün dəridən-qabıqdan çıxırlar. Deməli, motiv ancaq qısqanclıqdır. Qoy bu doqquz nəfər bir-birini qırsınlar, bunun mənə aidiyyəti yoxdur. Vuruşurlarsa da, öz aralarında vuruşsunlar. Mən qırağa çəkilirəm, çünki mən Natiq Rəsulzadəyəm. Böyük çıxmasın, mən şəxsiyyətəm. Qırx ildir ədəbiyyatla məşğulam, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişəm və Avropada kitablarım çıxıb, burda 15 ssenarimə film çəkilib.
Bir vedrə nəcisi yeməliyəm?
- Maraqlıdır, bu qədər iddialı olub, MKM-dən nə gözləyirsiniz və özünüzü neçənci yerdə görürsünüz?
- Bilirsiniz, 3-4 səhifəsi yayımlanmış əsərləri oxumuşam. Bəziləri deyə bilərlər ki, əşi, 3-4 səhifə ilə nə qiymət vermək olar? Nəsr belə şeydir ki, elə ilk səhifədən görünür. Bu şeir deyil, şeirdə müəllif qafiyənin, yaratdığı gözəl obrazın arxasında gizlənə bilər, amma hekayədə hər şey çöl kimi açıqdır, heç yerdə gizlənə bilməzsən. Sizə bir biədəb lətifə danışım, amma onu da deyim ki, bu sonradan lətifələşib, olan hadisədir:
Azərbaycanın görkəmli yazıçısı, “Azərbaycan” jurnalının baş redaktoru Əbülhəsənin yanına bir gənc yazar gəlir və deyir: “ Əbülhəsən müəllim, mən 800 səhifəlik böyük bir roman gətirmişəm”. O da deyir ki, əzizim, iki həftə sonra gəl, sənə cavabını deyərəm. Cavan yazıçılar onda da hər gün gəlib AYB-nin dəhlizində gəzişirdilər. O cavan da belə edib və səhəri gün Əbülhəsən onu görüb və otağına çağırıb. Sonra da aralarında belə bir dialoq olub:
- Əzizim, bu yazdığın bizdə çap oluna bilməz, çünki zəifdir…
- Nə danışırsınız, siz 800 səhifəni bir günə oxudunuz?
- Yox, mən 2 səhifə oxudum…
- Əbülhəsən müəllim, kitabın ortasında belə hadisələr var, kulminasiyası var, finalı çox maraqlıdır…
- Əzizim, 2 səhifə oxumuşam, təsəvvür elə ki, bir vedrə nəcis gətiribsən, bunun nə olduğunu anlamaq üçün hamısını yeməliyəm, yoxsa bir barmaq da bəs edər?!
- Əzizim, bu yazdığın bizdə çap oluna bilməz, çünki zəifdir…
- Nə danışırsınız, siz 800 səhifəni bir günə oxudunuz?
- Yox, mən 2 səhifə oxudum…
- Əbülhəsən müəllim, kitabın ortasında belə hadisələr var, kulminasiyası var, finalı çox maraqlıdır…
- Əzizim, 2 səhifə oxumuşam, təsəvvür elə ki, bir vedrə nəcis gətiribsən, bunun nə olduğunu anlamaq üçün hamısını yeməliyəm, yoxsa bir barmaq da bəs edər?!
Bax, bu lətifə nəsrə aiddir. Klassiklər bunu yaxşı bilirdilər. Heminquey, Tolstov əsəri elə başlayırdılar ki, ona bağlanırdın. Yəni ilk cümlə çox əhəmiyyətlidir. Heminquey deyirdi ki, mənim üçün ən çətin məsələ birinci cümləni yazmaqdır. İndi Hollivud filmləri də elədir, ilk saniyələrdə elə süjet verilir ki, tamaşaçını özünə bağlayır. Ona görə də deyirəm ki, oxuduğum 3-4 səhifədən yaxşıları var. Amma məncə, ən yaxşı mənim əsərimdir. Yenə də rus dilini irad tuta bilərlər, çünki münsiflərin 30-40 faizi rus dilində oxuya bilmir.
- 30-40 faizi də Azərbaycan dilində oxuya bilmir…
- Yox, oxuya bilirlər. Kimi deyirsiniz?
- Tutaq ki, Rüstəm İbrahimbəyov və Çingiz Abdullayev…
- Hə, düz deyirsiniz. Amma Rüstəm İbrahimbəyov oxuya bilir, sadəcə, yaza və danışa bilmir. Çingiz Abdullayev də oxumağına oxuyur.
Siz həmin mükafatı alacaqsınız.
- Sizcə, neçənci yerə layiqsiniz?
- Məncə, romanım birinci yerə layiqdir. Çünki mən o romanı ilhamla, sevə-sevə yazmışam. Həm də ən yaxşı oxucu kimi oxuyub, zəif yerlərini çıxartmışam. Amma hər şey münsiflər heyətindən asılıdır və bu da subyektiv olacaq. Mükafat nə qədər yüksək olsa, siyasət də bir o qədər yüksək olur. Mükafat azaldıqca siyasət də azalır. Məsələn, Nobel mükafatı. Bilirsiniz Rusiyanın tanınmış yazıçısı Şoloxov necə Nobel alıb? Jan-Pol Sartr Nobeldən imtina etdi ki, ola bilməz ki, 250 milyon insanı olan kommunist ölkəsində kimsə Nobelə layiq olmasın. Onları siyasət işlətməkdə ittiham etdi və imtina etdi. Elə oldu – Nobel əvvəl Şoloxova və ondan sonra Sartra verildi. Bu da göstərir ki, Nobel mükafatının belə içərisində siyasət var, kommunistə vermək istəmirdilər. Buna görə də hansı münsif olursa-olsun son rəy subyektiv olur.
Mən özümdən danışım. Çingiz Aytmatov bura gəlmişdi, ona dedim ki, Çingiz Terequloviç, çox şadam ki, burdasınız. Birinci növbədə ona görə ki, Moskvada “Ruskaya premiya” mükafatı var və siz də onun prezidentisiniz. Mən həmin müsabiqəyə əsərimi təqdim etmişəm. Ona görə şadam ki, indi sizə həmin kitabı bağışlaya biləcəyəm.” O güldü… Doğrudan da qırmızı-qırmızı bu sözləri dedim. Amma inanmazdım ki, o boyda adam, o boyda yazıçı kitabı oxuyar. Bir gün sonra görüşdük və mənə dedi ki, sizin povestinizi (Söhbət “Ev” povestindən gedir – V.Q. ) oxudum və o, yüz faiz mükafata layiqdir. Mən sədr olaraq öz rəyimi deyəcəyəm və siz yəqin ki, həmin mükafatı alacaqsınız. Bəxtimdən Moskvaya qayıdandan Çingiz Aytmatov iki ay sonra öldü, aləm bir-birinə qarışdı və mən mükafatı ala bilmədim.
Münsiflər heyətində elələri var ki, məndən xoşları gəlmir. Çünki Natiq Rəsulzadə nasir kimi ondan yüksəkdir. Bəlkə də, burnumu, yerişimi də bəyənməyənlər var. Amma istər-istəməz onların də rəyi əsərə təsir edir.
Atam maştağalıdır
- Niyə hesab edirsiniz ki, rus dilində yazmaq Azərbaycan ədəbiyyatına xidmət edir? Əgər siz azərbaycanlı olaraq Əfqanıstandan rus dilində roman yazsanız bu hansı millətin ədəbiyyatına xidmət edəcək?
- Maraqlı sualdır. Mənim hekayələrimlə birlikdə yüzlərlə əsərim var. Onların birində də tapmazsınız ki, mən Əfqanıstandan, ya da başqa yerdən yazmışam. Onların hamısı Azərbaycan haqdadır. Düzdür, mənim sürrealist əsərlərim də var. Onlarda bir az kosmopolitlik var. Amma realist əsərlərimin hamısı Azərbaycandandır. Müsabiqəyə təqdim etdiyim “Xonxarlar” da Maştağadakı xonxarlar məhləsi haqdadır. Atam maştağalı olduğu üçün oraları yaxşı bilirəm. Bildiyim materialdan yazmışam.
- Amma yazıçı üçün sərhəd yoxdur – Antarktidadan da, Aydan da yaza bilər…
- Bilirsiniz “nəyə görə Azərbaycan ədəbiyyatına xidmət edir” sualının cavabı çox asandır. Çünki mənim yazdığım 150 milyonluq Rusiyada oxunur. Moskvanın özü Azərbaycandan iki dəfə böyükdür. Biz Azərbaycanı tanıtdırırıq.
Səfər Alışarlı qələt edib
- Rus dilində yazdığınız əsəri Moskvada bir fransız alsa, Azərbaycanı tanıyacaq və hesab edirsiniz ki, məhz bu, Azərbaycan ədəbiyyatına xidmətdir? Yəni soruşmaq istəyirəm ki, rus dilində yazıb Azərbaycanı tanıtdığınız əsər hansı ədəbiyyata aiddir?
- Yüz faiz Azərbaycan ədəbiyyatıdır. Yenə deyirəm, bu söhbətlərin tarixçəsi 60 ildir. İmran Qasımov rus dilində yazmağa başlayanda onu tənqid edirdilər ki, bu nə ədəbiyyatdır, bu, rus ədəbiyyatıdır. Yox, “Uzaq sahillərdə” Azərbaycan ədəbiyyatıdır.
- Səfər Alışarlı müsahibəsində deyib ki, rusdillilər etnik azlıqdır. Bu fikrə münasibətiniz necədir?
- Olsun etnik azlıq. Biz demokratik ölkəyik. Bunu mütləq yazın…
- Hər şeyi mütləq yazacağam, əmin olun…
- Demokratik ölkədə hər şey, o cümlədən də müsabiqələr demokratik prinsiplərə əsaslanmalıdır. Əgər rusdillilər etnik azlıqdırsa da, yenə Azərbaycanın bir hissəsidir. Ləzgilər də milli azlıqdır, amma Azərbaycanın bir hissəsidir. Azərbaycanda hətta ermənilər də yaşayır…
- Amma ləzgilərin ləzgi dilində yazdıqları ləzgi ədəbiyyatını formalaşdırır…
- O fikri Səfər Alışarlı deyibsə, qələt edib, başını divara vurub.
- Bunu da yazacağam ha…
- Yaz! O qətiyyən düz demir! Ədəbiyyatda dil, əlbəttə, böyük alətdir. Amma hər şey təkcə dildən asılı deyil. Rus dilində kimsə əsərini Azərbaycandan yazır və Səfər Alışarlıdan 50 pillə yüksək yazırsa, deməli, o, Səfər Alışarlıdan daha yaxşı, daha lazımlı, daha zəruri, Azərbaycan üçün daha vacib olan insandır, şəxsiyyətdir, yazıçıdır. Səfər Alışarlı dəridən-qabıqdan çıxsa da, Rüstəm İbrahimbəyov kimi yaza bilməyəcək. Mən onun səviyyəsini bilirəm…
- Amma “Maestro”nu bir çoxları gözəl roman sayır
- Ola bilər ki, yaxşı yazsın. Yaxşı əsərlə çox istedadlı, çox yüksək səviyyədə olan əsərlər fərqlidir. Yaxşı yazmağın artıq meyarı dəyişib. Çayxanada başlarına 5-6 nəfər yığırlar və onlar da deyirlər ki, Səfər Alışarlı, sən dahisən, Füzuli, Cəlil Məmmədquluzadə sənin yanında heç nədir. Bunlar da o sözləri eşidə-eşidə qudururlar.
Otuz il bundan əvvəl yaxşı əsərə “yaxşı əsər” deyirdilər. Çünki yaxşı əsər yazan çoxdur, Alışarlılar çoxdur. Amma İbrahimbəyovlar iki nəfərdir və onları bütün dünya tanıyır. Çingiz Abdullayev təkdir… Bilirsiniz, yaxşı ilə istedadlının fərqi böyükdür. Mənim də yaxşı əsərlərim var. Bu il müsabiqəyə təqdim etdiyim əsər də Maştağadan bəhs edir, ciddi xarakterlər var və ən əsası müsabiqənin formatına uyğundur. Amma təəssüf ki, münsiflərin tərkibində də Səfər Alışarlılar var.
Mən “Şöhrət” ordeni almışam
- Münsiflərin tərkibində Natiq Rəsulzadəyə qiymət verə bilməyəcək səviyyədə adam varmı?
- Əlbəttə! Bilirsiniz, mən şəxsən Natiq Rəsulzadə olaraq, 40 ilin yazıçısı olaraq, “Şöhrət” ordeni mükafatının laureatı olaraq, əməkdar incəsənət xadimi olaraq hesab edirəm ki, mənim səviyyəmdə olan yazıçıya qiymət verəcək adam münsiflərin içərisində 2-3 nəfərdir. Bu belə də olmalıdır, ölkəmiz balacadır, Rusiya və Avropa ilə müqayisədə yazıçılarımız da onlardan 10 dəfə azdır. Yəni seçim bizdə azdır, amma onlarda 15 nəfər ən istedadlını seçmək imkanı böyükdür.
Bu məsələdə həm də təsisçilərin də marağı var – onlar yazıçılıqdan xəbəri olmayan məşhur adamları da seçirlər. Yazıçılığa yaxın adamları da seçirlər. Əgər ciddi danışsaq, ədəbiyyatı ədəbiyyatçılar, tənqidçilər qiymətləndirməlidirlər. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatını aldım…
Varislə mükafatı bölüşdürdük
- Deyəsən axı birinci yeri Varis tutmuşdu?
- Yox, Varis birinciliyi almayıb. Nəsri, poeziyanı iki yerə bölüblər. Publisistikadan isə Anar yeganə qalib olub. Varislə mən bir mükafat almışıq və məbləği ikimizin arasında bölüblər… Onu deyirdim, onların münsiflər heyəti çox yaxşı idi, ədəbiyyatçılar idilər. Nizami Cəfərov, Sabir Rüstəmxanlı var idi. Onların səviyyəsində olan adam düz rəy verməlidir…
- “Dili yaxşı bilən münsiflərdən ibarət idi” desək daha doğru olmazmı?
- Yox, həm dili, həm də ədəbiyyatı yaxşı bilənlərdən ibarət idi o münsiflər. Sabir Rüstəmxanlı mənə tez-tez deyir ki, sən bizim Soljenetsinimizsən. Ola bilsin ki, yarızarafat, yarıciddi deyib, amma bu o demək deyil ki, o, yalnız dili bilir. Rüstəmxanlı rus dilində də oxuyur, əsərin dərinliyini də duya bilir.
“525-ci qəzet”-i çox xoşlayıram…
- Bəziləri deyir ki, MKM-də rusdillilər üçün ayrıca müsabiqə elan edilsin. Siz nə düşünürsünüz, olarmı?
- Olar, amma demokratik prinsiplər pozular. Bizim ölkəmiz demokratiya yolu getdiyinə görə, müsabiqə də demokratik olmalıdır. Ayırsaq “sort”lar ortaya çıxacaq – zəncilər və azərbaycanca yazanlar. Məncə, münsiflər heyəti yalnız yazının keyfiyyətini nəzərə almalıdır, yazıçının dilini, ya da yaşını yox. Azərbaycanlı ziyalılar vardı və indi də var. Amma rusdillilər görün kimlərdir – Qara Qarayevdən tutmuş Tahir Salahova qədər. Tahir Salahov Azərbaycanca iki cümlə danışa bilmir, Qara Qarayev də bilməyib. Amma görün Azərbaycanı necə tanıtdırıblar. Müslim Maqomayev, Rəşid Behbudov da həmçinin. Yəni bu rusdillilər zəncidirlər, nədirlər, bunları ayırmaq nəyə lazımdır? Rusdillilər Azərbaycan dilində yazanlardan bəlkə də çox iş görüblər.
- Yazıçılar birliyinin qurultayı yaxınlaşır. Ciddi dəyişiklik gözləyirsiniz?
- Bu haqda sualınız varsa, AYB-nin katiblərinə və yaxud rəhbərliyinə ünvanlayın.
- Sizə ötən həftə müsahibə üçün zəng vuranda bizi aşağılamaq məqsədi ilə dediniz ki, hər qəzet və hər saytı oxumursunuz. Maraqlıdır ciddi deyib hansı KİV-ləri oxuyursunuz?
- “525-ci qəzet”, “Zerkalo”, “Ayna”, “Exo”, “Nedelya” və “Həftə”, – bunları oxuyuram. “525-ci qəzet”-i çox xoşlayıram…
- Rəşad Məcidə görə?
- Yox, maraqlı materiallar çox olur, ona görə…
- Amma “Yeni Müsavat” qəzeti “525-ci qəzet”dən daha populyar və daha maraqlıdır.
- Nə bilim… Hamısını oxuyub çatdırmaq olmur…
- Bəs saytlardan hansıları oxuyursunuz?
- “Day.az” və Trend-i. Onları da həmişə yox, həftədə bir-iki dəfə vaxtım olanda açıram.
kulis.az
Комментариев нет:
Отправить комментарий