30.05.2011

Litera söhbətlər -3

İbrahim Sel                 Professional Oxucu Liqası
                                          
 III yazı: Sizə elə gəlmirmi ki, Füzuli qəzəlləri artıq hamını bezdirib?

Mənim vətənimin
iki vətəndaşı var
Biri məni anlamağa çalışan
Biri də
Məni anlamağa çalışanı
İnkar edən.

                       Rövşəni

 DREYF EDƏN ƏDƏBİYYATIMIZ. Ədəbiyyat sənayesi, o mürəkkəb törəmə hadisənin bizdə olmamasının bir sıra səbəblərinin sadalamaq olar. Ancaq bu siyahıda ən yağlı şriftlə mən təşkilati səbəbləri göstərərdim.
 Məsələn, yuxarıdan qərarlar, islahatlar, təşəbbüslər, layihələr olmalıdır ki, filan ayın filan günündən etibarən bizim nəşriyyat yalnız oxucu sifarişi alan kitabları nəşr edəcək. Hər pul verəni deyil. Bu qaydaya ciddi əməl edən, özünə hörmət edən nəşriyyat deyək ki, daha inkirminkiroğulları çap etməyəcək. Çap edəcək ya oxucu sifarişi alanları, yəni tanınmışları, ya da nəşriyyatın direktoru elə zövq sahibi olacaq və ədəbi dəyərləri elə gözəl bilən birisi təyin ediləcək ki, keyfiyyətli əsər çap edəcək, müəllifə avans vermə mexanizmini işə salacaq, öz çap etdiyi kitabın reklamını təşkil edəcək… O birisindən isə zəhmət olmasa, qapını çöldən örtməsini xahiş edəcək. Necə ki bütün gəlişmiş ölkələrdə, hətta bir çoxlarımızın bəyənmədiyi İranda da olduğu kimi. Zamanla bu qaydaya nə səviyyədə riayət etməsindən asılı olaraq, ciddi nüfuzlu və qeyri-ciddi zəif nəşriyyatlar ayrılacaq, hamı birlə ikinin fərqini biləcək… Ədəbyyat sənayesinin nüvəsi nəşriyyat sistemi olduğundan, ona birinci toxundum. «Oxucu sifarişi» kimi bizim üçün yabançı olan hadisə isə bazarın törəməsidir. Oxucu bazarını formalaşdıran isə kimdir? Yazıçılar. Yəni məsələn, mən Akraydın kitabının yanında qoyulmuş eyni qiymətli hansısa Məcnun Göyçəlinin kitabını dünya dağılsa da almaram. Deməli, milli bazarı yerli yazıçının qələmi (yəni dünyagörüşü, savadı) formalaşdırır, bizimsə yerli yazıçılarımız fərli-başlı bədii mətnlər yarada, yarada-yarada bir neçə ilə özlərinə dəyərli marka tənzimləməyə, zövq aşılamağa qadir olmadıqlarından, nəticədə bazar, bazarın törəməsi olan oxucu sifarişi, bunun törəməsi olan ədəbiyyat sənayesi yoxdur. Üstəlik, hələ bizdə dəyərli əsərlər yaradan (dünyagörüşlü, savadlı) barmaq sayı qədər yazar var ki, sənayeyə qoşulamamağın günahını yazıçının boynuna yıxarkən onlara da heçdən zərbə dəyir. Ədəbiyyat polisinin mövcud olduğu, qərarların möhürlərdən asılı qaldığı bizim mühitdə günahkar yalnız və yalnız birinci şəxslər- idarəedən qruplar, təşkilatçılıqdan anlamayan təşkilatçılardır. Qısası, ədəbiyyat sənayesi bir şaquli dominolar sırasıdır ki, onu hərəkətə gətirəsi təşkilatçıya, sistemdən anlayan insanlara səlahiyyətlər verilməsi lazımdır.
 NƏ ETMƏLİ? İctimai rəy deyilən Əlahəzrət var. Bu Əlahəzrət ədəbiyyatın nüfuzunu ölçsəydi, bizim ölkədə məlum olardı ki, ədəbiyyatın nüfuzu yoxdur. İctimai rəy onu qeyri-ciddi, ən asan olan, asudə vaxt keçirmək üçün hobbi kmi qiymətləndirir. İctimai rəydə o, «Xatirə dəftəri»ndəki şeirlər qədər ucuz bir sahə kimi dəyərləndirilir. Səbəblərdən biri də elə yazıçılarımızın boşboğaz sicilləmələri, keyfiyyətsiz, «söz xatirinə söz» ifrazıdır.
 Halbuki… Başqa olkələrdə keçirilən ictimai rəy sorğusu ədəbiyyat adamının nüfuzlu və ciddi peşə sahibi kimi göründüyünü, ədəbiyyatın isə «bekarçılığı öldürmə həbi» kimi qiymətləndirilmədiyini göstərir.
 Bəli, bizim ölkədə ədəbiyyatın yüngül sahə sayılmasının əsas səbəbi yalnız və yalnız yazıçı və şairlərin pis nümunəsidir!
 Biz (mədəni ədəbiyyatla məşğul olan) bir qrup adam bir-birimiz üçün yazırıq. Azərbaycanda yazarın yazardan başqa oxucusu yoxdur! Arqumentasiya nəzəriyyəsini yad eləsək, «daxili respiyent» anlayışı mövcuddur. Hər bir yazar öz «ideal oxucusunu», ideal respondentini xəyalında canlandırıb, onun rəyinə hesablayaraq yazır. Bu daxili, xəyali respiyentlərin hamısı bizim mühitdə- yazarlardır. Mənim üçün o yazar, sizin üçün digər yazar, digər yazar üçün siz yazar… hamısı yazır. İşi-peşəsi sadəcə oxuculuq olanların mədəni ədəbiyyata o dərəcədə aidiyyatı, ehtiyacı yoxdur ki, bizim yazıçı cümləsini quranda onlarla deyil, digər (yerli, yaxud xarici) yazıçılarla daxili estetik arqumentasiyaya girir…
 Mənim bir Professional Oxucu kimi qənaətim budur: yazarkən özünü dünya sakini, dünyanın bir hissəsi, dünya vətəndaşı hiss etməlisiniz- xilasımız bundadır! Yazarlarımız qələmi əlinə götürərkən şərqli beynini yox, qərbli beynini nəzərdə tutub kağıza girişməlidir. «İlan mələyirsə, demək yalvarır», «Bəyin yanından it kimi, itin yanından bəy kimi keç» tipində cümlələri sənin kəndində, hampanda, yaşadığın mühitdə başa düşə bilərlər, daha «Biləcəridən o yana» yox…
 Əxz etməli olduğumuz başlıca dəyər- Rəqabətdir. Bir-birilə və başqa ölkələrin ədəbiyyatlarıyla Rəqabətə təşəbbüskar olmalı, Rəqabətə dözümlü olmalı, Rəqabətdən yorulmamalı. Bu, ədəbiyyatımızın inkişafına ən böyük stimul verərdi.
 Bir də bədii tədqiqatçılığı öyrənməli. Elmi tədqiqatçılıq kimi bədii tədqiqatçılığa da böyük ehtiyac var indiki durumda...
 Haşiyə: Bu simvolların arxasında yabanı ədəbiyyatın (folklorun) bizdə həmişə mədəni ədəbiyyata qalib gəlməsi həqiqəti durur (M.Fukonun nəzəriyyəsini alqışlyaq!).
 FÜZULİ SİNDROMU. Belçika rəssamı Rine Martinin XX əsrin əvvəlində çəkdiyi «Eto ne trubka» əsəri var. Bu əsərdə qəlyan təsvir olunur, ancaq altına yazılıb ki, bu qəlyan deyil. Sözlə gözün konfliktini yaratmaqdır məqsəd. İnsan o sözü oxuyub, o rəsmi görürkən ya gördüyünə, ya sözə şübhə edir. Məlum olur ki insanı asanca dolamaq mümkündür. Əsl modernizm bunda və bunun kimi yüzlərlə mədəniyyət-ədəbiyyat nümunələrində təzahür edir. Bundan nəticə çıxır ki, biz belə heyrətaməz təkrarsız əsərləri yaratmaq üçün hələ çox balacayıq. Hələ XX əsrin əvvəlinə çatmamışıq…
 Motsart böyük bəstəkardır. Avstriyada, İtaliyada və bütün Avropada bu böyüklüyə o qədər tərif dedilər ki… Motsart restoranları, Motsart küçələri, Motsart kinoteatrları, Motsart buterbrodları, Motsart dodaq boyaları… o qədər totallaşdırdılar ki, insanları o böyüklükdən iyrəndirdilər. İndi budur, Avropada Motsart ələ salınır, gah onun gülüş forması haqqında yazılar çıxır qəzetlərdə- ironiyalı yazılar, gah porno çəkilir, gah da digər xüsusiyyətləri ələ salınır… Avropa gəncliyi bezib Motsartdan, onun heykəllərini dağıtdığını da oxuyuruq.
 Budur, Azərbaycan da bu situasiya ilə üzləşdi- Seymur Baycan etirazı: «Füzulinin qəzəllərindən halva iyi gəlir…»
 Sizə elə gəlmirmi ki, biz də Füzulini belə bədbəxt edirik? Məmləkətin hansı rəsmi ədəbiyyat orqanını açırsan: Füzulinin suyunun suyunun suyu… boğazdan yuxarı gələn, girdirmə qəzəl, qoşma, gəraylılarla doludur. Bir neçə dərəcəli kənaraçıxmaları qoyaq kənara; Azərbaycan ədəbiyyatı bütünlüklə Füzuli üzərində köklənib. Çağdaş ədəbiyyatın Oxucusu olaraq, mən sadəcə prozaik bir həqiqəti dilə gətirirəm, Füzulidən yan keçə bilmirik. Ruslar Puşkini «yaşatmaq» üçün məgər onu hər gün yeni müstəvidə üzə çıxarırlar? Yamsılasalar, onda bu rus ədəbiyyatı olmaz ki…
 Füzuli böyük şairdir, buna heç kimin şəkki-şübhəsi yoxdur. Ancaq lazımdırmı ondan mif, özü də uşaq qorxutmağa yarayan mif yaradıb, meydana çıxan hər bir yazıçının başına vuraq?! Nə dərəcədə düzgündür; bir şairi elə imicə salasan ki, adı gələndə camaatın tükü ürpənsin, hətta biz-biz olsun? Hər yeni şair onun tipində yazıb-yarada bilmədiyinə görə utanmalıdır? AYB-yə üzv yazılan hər şair «Füzuli» fənnindən imtahan verəcəkmiş kimi öz dəftərində onun üslubunda 5-6 şeir quraşdırır. İlk sual bu (və ya buna bənzər) olur: «Füzulidən hansı beyti bilirsən?»
 Bugünkü gənclik Füzulinin sevirmi, oxuyurmu? Füzulinin timsalında görürük ki, hər hansı sistemin mütləqləşdirilməsi kataklizmlərə gətirib çıxarır.
 GERİZƏKALILIQ NÜMUNƏSİ. Ötənlərdə keçmiş institut yoldaşımlarımdan biri ilə rastlaşdım. Məlum oldu ki, tələbəlik vaxtı əlaçı kimi tanınan bu adam indi, filoloq-aspirantdır və elmlər namizədliyinə hazırlaşır. Yaxınlıqdakı çayxanalardan birində oturduq. Hardansa ağlıma ədəbi saytlar gəldi (kaş ki gəlməyəydi). Soruşdum ki, ədəbi saytlarımız, onların keyfiyyətləri barədə nə düşünürsən. Filoloq mənə çəpəki baxıb, mimikasıyla başa saldı ki, ciddi söhbət elə. Mimikasının acığına, saytların adlarını bir-bir sadalamaqla davam etdim: adyazar.az, kultaz.com, tənqid.net… Tanımadı. Bu yöndə söhbəti dünya ədəbiyyatına apardım, bir az Orxan Pamukdan danışıb, Şərq ədəbiyyatının özəlliklərindən söhbət açdı. Nəhayət, gəlib Qəzalinin «Səadət iksiri»ndə dayandı, gördüm ki, ondan o yana keçmək fikri yoxdur. Məndən həmin əsəri oxuyub-oxumadığımı soruşdu, cavab verdim ki, oxumamışam. Gözlərini elə süzdürdü ki, sanki hüquqşünasdan vətəndaşı olduğu ölkənin konstitusiyasını soruşub, inkar cavab alıb. Düşündüm ki, ondan hüquqi, siyasi ədəbiyyatı, lap elə «Hakimiyyətin 48 qanunu» əsərini soruşsam, gözlərini eyni şəkildə süzdürər?.. Söhbəti hərlədib-fırladıb ədəbi saytlara yenidən qayıtdım. Bu dəfə daha konkret. Saytlar, yaradıcıları, müəlliflər barədə ən xırda saydığım təəssüratlara da varıb izah etdim ki, Alatoran saytı AYO-ya, YeniSi saytı tənqidçi Tehran Əlişanoğluya bağlıdır. Etiraf edim ki, Azərbycan dilində internet materialı olmadığından maraq dairəmin daha çox pornosaytlarla məhdudlaşmağa başladığı bir vaxtda Alatoran-forum və YeniSi saytı həyatıma rəng qata bildi. Çox təəssüf ki, «rəng qatdılar» kəlməmi daha çox pornoqrafiyaya yeni formada (hekayələrimlə) qatılmağım kimi anlayanlar da oldu… Filoloq tanışım saytlar haqda məlumatsızlığını onların, yaradıcı qüvvələrin AYB-yə bağlı olmamaları bəhanəsilə ört-basdır etməyə çalışdı. Bu əsasından sonra filoloqun adının əvvəlinə bir «avtoritar təfəkkürlü» ifadəsini əlavə etdim. Bilmirəm kim daha bədbəxtdir- Qəzalinin hansısa bir qəribə əsərini oxumamış, ədəbiyyata münasibəti həvəskar səviyyəsində olan riyaziyyatçı, ya öz cəmiyyətinin ədəbi mühitindən xəbərsiz, avtoritar təfəkkürlü əlaçı-filoloq-aspirant-professional?

Комментариев нет:

Отправить комментарий