30.05.2011

TƏZƏ PƏRDƏ



Sabir Rüstəmxanlı

Ulu babam Rüstəmxanın
Alapaça atı varmış.
At qiymətli bir papağı,
Toz götürməz adı varmış.
Boydan hündür, səsdən uca…
Öz yerini bilən olub.
Söz altında qalmaqdansa
Söz üstündə ölən olub!

Uzaq eldən qız gətirib.
Sonra işi düz gətirib.
Bir gövdədən
Yeddi budaq haçalanıb.
Yeddi oğul el içində ad çıxarıb.
Yeddi köhlən tərpənəndə
Daş yollardan od çıxarıb.

Bizim nəsil bir sevginin
Nüvəsindən şaxələnib.
Qayalarda sınaq tapan
Qoç igidin
Yuvasından şaxələnib.
Neçə arxa, neçə qanad,
Neçə çarpaz, neçə düyün…
Budağından tumurcuq tək
Çırtlamışam mən də bir gün!
O ulusun adı məndə-
Babaların şax səsiyəm.
Bizim nəsil saz qoludur,-
Onun təzə pərdəsiyəm!..

Комментариев нет:

Отправить комментарий