30.05.2011

Elçin Hüseynbəyliyə "Ulduz" jurnalı haqda çətin suallar

"Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəylinin "Xalq cəbhəsi" qəzetinə müsahibəsi. Onunla qəzetin əməkdaşı Oktay Hacımusalıya söhbətləşib. 

- Elçin, qardaş, təzə nə var, nə yox?

- Salamatçılıqdır. Yazırıq, təzə kitablar üzərində işləyirik. Hər bir köhnə eyni zamanda həm də təzədir. Öz yaradıcılığımla bağlı soruşursunuzsa, yeni "Azıx" romanını bitirmişəm. Bir dəfə gələcəkdə bu romana təzədən baxacağam. Hal - hazırda daha bir romanın kitablaşdırılması üzərində işləyirəm. Bir də "Elçin Hüseynbəyli: özü və başqaları" adlı məqalələr toplusu üzərində iş gedir.

- Başlamısan yazmağa, yoxsa hələ başlayacaqsan?


- Ədəbiyyat adamlarının mənimlə yazdıqları və mənim ədəbiyyat adamları haqqında yazdıqlarım fikir və mülahizələri özündə ehtiva bir kitab olacaq. Bundan başqa həm də bir neçə dram əsərlərim var ki, bu yaxınlarda onlar da səhnələşdiriləcək. Bir də "Ulduz" jurnalıdır ki, onu da çıxarmaqla məşğuluq.

- Necə çıxır "Ulduz" jurnalı? Səni bir baş redaktor kimi qane edirmi?




"O ki, qurultay ərəfəsi "Ədəbiyyat qəzeti"nin baş redaktoru getmək məsələmə, bu vəzifə bilirsiniz ki, qurultaydan sonra keçirilən plenumda müzakirə olunur, ola bilər ki, müvəqqəti olaraq bu mənə həvalə olunsun".
 
- Məncə normaldır. Azərbaycan cəmiyyətində nə baş verirsə, elə "Ulduz" jurnalının özündə də eyni proseslər baş verir.

- Bəs Gənclər Şurası?

- Bildiyiniz kimi Gənclər Şurası formal bir qurumdur. Və mən elə düşünürəm ki, istənilən bir rəsmi qurumun içində qurumun formalaşması formallıq təşkil edir. Gənclər Şurası sadəcə o zaman yaradıldı ki, gənclərin müəyyən problemlərini həll etsin.

- Həll etdiniz?


- Həll etdiniz deyəndə ki, bu qədər gənclərin problemləri həll olunub, onların adları prezident təqaüdünə salınıb. Azərbaycan Yazıçılar Birliyinin saytı yaradılıb...

- Hal-hazırda o sayta baxanda mənim ürəyim ağrıyır...


- Ürəyin ağrıyısa dilinin altına dərman qoy...

- Mən niyə? Məncə buna məsul olanlar yanlarında dərman gəzdirsinlər...


- Məncə bu sualı birbaşa bu məsələyə aidiyyatı olanlara ünvanlamaq lazımdır. Çünki bu sırf texniki bir məsələdir. Biz vaxtlı-vaxtında jurnalda gedən materialları saytı idarə edən şəxslərə təqdim edirik.

- Yəni iddia edirsiniz ki, onlardan qaynaqlanır da?!...

- Bəli, şübhəsiz!

- Olmaz ki, "Ulduz" jurnalının ayrıca bir saytı yaradılsın? Belə olan təqdirdə siz də problem yaşamazsınız...

- Bizim ayrıca saytımız yoxdur, amma jurnalın bloqu var və bu bloqdakı materiallar birbaşa həmin bloqa yerləşdirilir. Bloq da sayt kimi bir şeydi də... Jurnalda gedən bütün yazıları biz həmin məsul şəxslərə veririk.

- Gələk yenə Gənclər Şurasına. Mən biləni Gənclər Şurasının bir iclası olub da...

- Bir-iki iclası oldu, qurtardı da... Gündə iclas keçirməli deyilik ki?!

- Yəni sən iddia edirsən ki, bir-iki iclasa gənclərlə bağlı bütün problemləri həll eləmisən?




- Qarşımızda duran minimum problemlər həll olunub, daha qlobal problemlərin həlli isə hələ də qalmaqdadır. Qurultaydan sonra yəqin ki, digər problemləri də həll edəcəyik.

- Bəlkə sənə qurumda mane olan qüvvələr olub? Bəlkə hansısa təzyiqlə rastlaşmısınız?

- Yox, heç bir təzyiqlə filanla rastlaşmamışam. Mən hələ də Gənclər Şurasının hansı işlər görməli olduğunu tam mənası ilə anlaya bilməmişəm. Gənclər Şurası nə iş görməli idi ki?

- Birlikdən uzaq düşən gəncləri ətrafına yığdımı?


- Gənclərə təqaüd verildi, "Gənc Ədiblər" məktəbi yaradıldı. Başqa neynəmək olar axı gənclər üçün? Bilirsən birinci Gənclər Şurasının tərkibində "Gənc Ədiblər Klubu" yaradıldı, daha sonra da həmin klub Gənc Ədiblər Məktəbinə çevrildi.

- Gənclər Şurası ilə AYB-nin Gənclər üzrə katibliyi arasında hər hansı bir fikir ayrılığı yoxdur ki? 


- Müəyyən məsələlərdə var. Amma deməzdim ki, bu ciddi fikir ayrılığıdır. Bunu da öz aramızda həll edə bilirik.

- Yəni, "el bizim sirr bizim" - prinsipi ilə hərəkət edirsiniz də...


- Niyə, bütün sivil ölkələrdə icraedici orqanla qanunverici orqan hər hansı bir mübahisəli məsələ olanda onu özləri həll etməyi bacarırlar. Həmin məsələnin böyüməsinə imkan vermirlər.

- Bir neçə gün əvvəl demişdin ki, "Ədəbiyyat qəzeti"ni oxumuram...


- Mən oxumuram, bəli, həm də mən düşünürəm ki, bu qəzetin rəhbərliyi dəyişilməlidir. Bu qəzet tezliklə dinamik, kreativ bir orqana çevrilməlidir. Həftəlik nəşr olunduğuna görə həftəlik ölkədə baş verən ədəbi hadisələrə öz münasibətini bildirməlidir. Ancaq, çox təəssüf ki, bu qəzet ölülərin və qocaların qəzetidir.

- Sən söhbətdən qabaq xahiş elədin ki, bu sədrlik iddialarına girməyək...

- Xahiş elədim, yox, sadəcə mən bu barədə uzun-uzadı danışmaq istəmirəm.

- İşdir birdən AYB-nin sədrliyi alınmadı, Elçin Hüseynbəyli "Ədəbiyyat" qəzetinin baş redaktoru işləmək istəyər?!

- Bilirsiniz, bu sədrlik məsələsi mənim səlahiyyətimə aid olan bir məsələ deyil. Bizim təşkilatın sədri Anardır və qurultaya kimi Anar da sədr kimi öz funksiyasını yerinə yetirəcək. Və qurultayda yenidən sədr olmaq istəyərsə biz Anar müəllimi təkrar sədr olaraq seçəcəyik. Şübhəsiz ki, mən Yazarlar Birliyinin tərkibində gəncləşmənin tərəfdarıyam. Bura dinamik və enerjili gənclik cəlb olunmalıdır. O ki, qurultay ərəfəsi "Ədəbiyyat qəzeti"nin baş redaktoru getmək məsələmə, bu vəzifə bilirsiniz ki, qurultaydan sonra keçirilən plenumda müzakirə olunur, ola bilər ki, müvəqqəti olaraq bu mənə həvalə olunsun. Mən də bunu sevə-sevə qəbul edərəm. Bu təkcə mənə yox, müəyyən adamlara da təklif oluna bilər.


Oqtay Hacımusalı
- Bundan əvvəlki qurultayda da gəncləşmədən söhbət getdi və hamı da gözlədi ki, gəncləşmə olacaq. Amma bu gəncləşmə dar çərçivədə aparıldı və uğursuzluqla nəticələndi. Növbəti gəncləşmə necə olacaq?

- Hələ cavanlaşma olacaq. Hələ cavanlar istədiklərini ala bilməyiblər.

- Müəyyən bir yaş həddi var ki, sənin də, Qulu Ağsəsin də aid olduğu yaş həddinin orda təmsil olunması heç də orda gəncliyin təmsil olunması demək deyildi. Razısan bununla?

- O vaxt biz gənc idik. Əslində bizi indi də gənc kimi təqdim edirlər. Bizsə özümüzü şüurlu şəkildə gənclikdən çıxarıb orta nəslə aid edirik. Sən bu vəzifəni tərk etməlisən ki, səndən sonra gələnlər də sənin olduğun vəzifəyə gəlsin. Burda iearxik bir sistem var. Məndən sonra gələn gənc heç vaxt mənim başımın üstündən atlanıb vəzifəyə gedə bilməz.

- Bəkir Nəbiyevin, ya da digər ədəbi çevrələrin gənc dedikləri Rüstəm Behrudinin ya da Adil Mirseyidin axı hərəsinin altmış yaşı var...


- Əgər səksən yaşlı biri onlara gənc deməsə özü nə olar?!...

- Əzrayılı aldatmaq kimi bir şeydi bu?!....

- Ədəbiyyatda üç mərhələ var: yaşlılar, orta nəsil və gənclər... Bütün yerdəyişmələr də bax, bu sistemə uyğun olaraq həyata keçirilir. Bu isə məndən asılı bir məsələ deyil. Gərək mənə yol açılsın mən gedim ki, gənclər də mənim arxamca gəlsinlər.

- Sən bununla işarə verirsən ki, məni aparsalar mən gedərəm, hə?!

- Başa düşmədim, hara?! 


- Hara lazımdırsa, ora... Daha yuxarılara...

- Məsələn katibliyə?!..

- Ən azından...

- Niyə də yox?! Məndən daha yaxşısı gedəcək katibliyə? Mən bu iddiadayam, bəli! Ümumiyyətlə, mənim qədər Azərbaycanda yazıçı çoxdurmu? Seçim yoxdur əslində Azərbaycanda.

- Biz hamımız bir - birimizi yaxşı tanıyırıq...

- Məncə də...

Söhbtləşdi: Oktay Hacımusalı

Комментариев нет:

Отправить комментарий