28.05.2011

Ədəbiyyatımızın bu günü və sabahı barədə düşüncələr -1

Litera söhbətlər

İbrahim Sel       Professional Oxucu Liqası
       
 I yazı: Rasim Qaracanın adyazar.az saytındakı polemikalarına sözardı

 ALAQARANLIQDAN ALATORANLIĞACAN. Postmodernizm- bir az sonra…
 Mən obyektiv olmağa çalışacağam; olanları sadəcə qeydə alıb, cızıb, (subyektiv) təəssüratımı, münasibətimi ayıracam, ayrıca deyəcəm.
 İlk olaraq onu deməliyəm ki, ədəbiyyatın praktikası ilə nəzəriyyəsi arasında olan uçurum məni narahat edən əsas problemlərdən biridir. Ədəbiyyat aləminə diletant kimi qatılanlar belə əvvəl-axır bu problem ilə üzləşirlər. Fakt göz qabağındadır; nəzəri sahə praktik ədəbiyyatdan geri qalır, özü də əsaslı dərəcədə!
 Səbəblərdən biri də budur ki, Ədəbiyyat İnstitutu ədəbiyyatın hədəfi deyil, cəmiyyətin bir strukturuna çevrilib. Artıq hamıya məlumdur ki, bir çox elm müəssisələrimiz kimi bura da, elmin mənafeyini güdən təsisat yox, dissertasiya istehsal edən yerdir. Ona alternativ (yeniSi) irəli sürülən Ədəbiyyat İnstitutu olmalıdır, bəlkə onda bir səmərə alına.
 Yaşı 50-60-ı keçmiş bozbaş təfəkkürlü alimlərimizdən bir şey gözləmək əbəsdir, onları tam olaraq tarixin zibilliyinə tolazlayıb yerinə cavan intelektuallar, sırf ədəbiyyatla məşğul olan adamlar gətirilməlidir. Başqa səylər əbəsdir, çürümüş meyvəni təravətləndirməyə çalışmaqdansa, təzə meyvə ağacları əkmək yaxşıdır…
 Ədəbiyyatımız həddən artıq ox ətrafında gicəllənir, fırlanır, mərkəzəqaçandır, dar sistemdədir, birhədli kiçik sistemin cızdığı eyni xətt və eyni yoldan çıxa bilmir. Bu məhdud sistem ona qol-budaq atmağa imkan vermir. Şüurlarda vahid ədəbiyyat sistemi stereotipi var. Müvafiq olaraq köhnəlmiş dar sistem ucbatından yazarlar öz təfəkkürlərini və qələmlərini azad hiss etmirlər. Bəzi tərpənişlər var, ancaq bəla burasındadır balaca və vahid sistemin bizə diqtə etdiyi proqram içində vurnuxurlar.
 Təəssüflər olsun ki bugünkü ədəbiyyatımızda əsasən total savadsızlıq, bir də lokallıq hökm sürür.
 Bizim ədəbiyyatın başlıca problemi əsl ədəbiyyatın nə olduğunu, milli ədəbiyyatımızın durumunu, dünya ədəbiyyatını, özümüzün dünyadakı yerimizi müəyyənləşdirə, görə bilməməyimizdədir. Onun ayrı-ayrı element, fraqmentlərini təsəvvür edib, bu fraqmentlər üstündə hərəkət etməyimizdədir.
 Ədəbiyyatımız öz tanıdığı sistemə möhkəm yapışıb, ondan qopmaq istəmir. Şüurla deyil, instinktiv bağlılıqla yaşayır. Həmin oxdan qopub daha mürəkkəb sistem- vahid ox ətrafında fırlanmayan, hər bir yazarın ox olduğu sistemi yarada bilmir.
 Digər tərəfdən, ədəbiyyatımız iki cərəyana -biri suyu qurumuş klassik ənənəyə söykənənlər (lakin onu da düz-ağıllı başa düşmürlər), digəri yenilikçilər, modernistlər, ədəbiyyata yeni ruh gətirməyə çalışanlar- bölündüyünə görə onun haqqında vahid subyektdən danışır kimi danışmaq düzgün deyil. O ikibaşlı varlıqdır. Biri, dünya ədəbiyyatı arsenalından yararlana bilənlər (islahatçılar, postmodernistlər, andeqraundçular- adını nə qoyursunuzsa, qoyun), digəri tərcümə edib halva kimi ağızlarına da qoysan, qətiyyən yararlana bilməyənlər! Sonuncular kəmiyyətcə üstünlük təşkil etdiyindən, onlardan danışmaq məqsədəuyğundur.
 Ona görə bəhrələnə bilmirlər ki, anadangəlmə səbəblər, komplekslər var. Freydin «özgələr pisdir» kompleksi yada düşür.
 Bəzi insanlar anadangəlmə «Dünya niyə mənim ətrafımda fırlanmalıdır, mən razı deyiləm», «başqaları nə düşünər?» kimi suallarla məşğul olacaq qədər uzaqgörəndirlər, bəziləri isə azərbaycanlılar və çukçalar kimidir: onları yalnız özlərinin düşündükləri və yazdıqları maraqlandırır. Və ya belə də formilə etmək olar: İnsanlar anadangəlmə sanqvinik və melanxolik doğulduqları kimi, inteqrasiyaya meyl və onun əksi olan bataqlıq effektinə meyli də özlərilə genlərindən gətirirlər.
 Bir çukçadan soruşurlar ki, dünya ədəbiyyatından nə oxuyursan, cavab verir ki, oxumuram, özüm yazıçıyam. Çukçalar haqda lətifələr kitabından oxuduğum bu lətifədə böyük həqiqətlər gizlənir. Dəstə-dəstə şairlər tanıyıram ki, heç bir mütaliə etmirlər, əllərinə bir şey düşəndə də, ordan-burdan vərəqləyirlər. Özləri də bunu gizlətmirlər, hətta utanmadan «göydən ilham aldıqlarını» da bildirirlər…
 DALDAKI MƏLUN BURAXMAYIR. Gələcəyin «ocaq»ları bu gün yaranmırsa, yarana bilmirsə, XXI əsrdə də yaranmayacaq. Bir çoxları 90-cı illərdə elə bilirdilər ki, budur, budur, yaranacaq; əvəzində ayb-lar daha da möhkəmləndi, az qala bizi də içərisində uddu, indi də enerjimizi yığıb, psevdoocaqlar istehsal edir… Çünki milli xarakterimizin ən böyük psixoloqu Mirzə Ələkbər Sabir demişkən, «daldakı məlun buraxmayır»…
 Bu simvolların arxasında yabanı ədəbiyyatın (folklorun) bizdə həmişə mədəni ədəbiyyata qalibi gəlməs həqiqəti durur (M.Fukonun nəzəriyyəsini alqışlayaq!). Bir şey də var ki, müasirlikdən danışanlarımızın da içində fundamental folklorçular çoxdur, yəni ucundan-bucağından eşidiblər, ruhda, qanda yoxdur. Folklor bu adamların içlərində qalib gəlib qələbə marşı çalır. Ədəbi dərgilərimizin çoxunu vərəqləyərkən anlaşılır ki, bizə əsl ədəbiyyat doğrudan da lazım deyilmiş, bizə folklor, ya da heç olmasa yazılı ədəbiyyat cildinə girmiş folklor lazımmış. Gerçək ədəbiyyat eşqilə yaşayan aramızdakı beş-üç insana gəlincə, onların bu xalqda, bu ölkədə əcdadları yoxdur. Həmişə bu mistik ruhda olmuşam ki, sadəcə almanların və digər hind-ari mənşəli yeniliksevər, mədəni xalqların nümayəndələrinin azmış ruhlarıdır gəlib çıxıb Azərbaycana və bizim bu Alatorançılıqda təzahür edir…
 Bu yaxınlarda öyrəndim ki, rusdilli azərbaycanlı yazarlardan biri öz modernist şeirlərini Rusiya ədəbiyyat saytlarından birinə daxil edilmək üçün göndərib, sonra bu işin necə alınacağını öncədən bilmək üçün yekə bir qarpız alıb, qarpızın üst dairəsini kəsib dörd yerə bölüb döşəməyə atıb, üçü qabıq üstə düşəcəksə, onun modernist şeirləri də şəbəkədə özünə yuva tapacaq. Bu hal yabanı xalq inancları, folklor atributu olmaq etibarilə, onun modernist şerləri ilə necə tərs-mütənasiblik kəsb edir! Burda milli folklor adlı qapanmanın vibrasiyası özünü necə iyrənc göstərir. Belə bir kömpüter oyunu var; qəhvəyi rəng bütün rəngləri yeyərək çoxalır, oyunçunun işi ona artmağa, qol-budaq atmağa imkan verməməkdir...
 OCAQ İŞARTILARI. Dahi Jak Derrida deyir ki, «vərdiş etdiynizdən fərqli düşünə bilərsinizmi?» Yəni daldakı məlunun daşıyıcısı olan qabaqdakı zəncirlilər özlərinə sual verə ki: bəlkə mənim vərdiş etdiyim stereotiplər doğrudan da «tormoz»dur. Ancaq əksinə, Sokratın tapa bilmədiyi həqiqəti bunlar öz vərdiş etdikləri, ata-babadan aldıqları stereotiplərdə tapıblar, şübhə etmədən sürdürürlər. Şübhə demişkən, daldakı məlunun birinci başı stereotipdirsə, ikinci başı- bizdə spektikliyin çatışmamasıdır. Heç vaxt öz qərarlarımıza, davranışımıza şübhənin, «bəlkə doğru deyil»in gözüylə baxmırıq. Şübhə- biliyin böyük bacısıdır- bunu ki hələ yunan müdriklərindən biri- Lesboslu Pittak yazırdı…
 XIX əsrin sonu XX-nin əvvəlində isə Əhməd bəy Ağaoğlu yazırdı: «Azərbaycan ədəbiyyatına sərf etdiyim vaxtı boşuna getmiş sayıram». Onun bu fikri bizim çukçalarımızın yazdığı ədəbiyyat dərsliklərində «təəssüf ki, o öz ölkəsinin ədəbiyyatını düzgün qiymətləndirə bilməmiş, belə bir səhvə yol vermişdir»- kimi qiymətləndirilir. Halbuki məhz bu fikrinə görə, Əhməd bəy Ağaoğlunu bugünkü alatorançılıq hərəkatının əcdadı saymaq olar, üstəlik, ona tarixin bu üzündən qosqocaman salam da göndərmək olar.   
 Keçən son 10-15, hətta 20 il qədər kataklizmli bir dövrdə şəxsən mənim gözümün qarşısında bütün subyektiv xəyanətlərə baxmayaraq, normal ədəbiyyat işartıları nəinki məhv olmadı (amma indi də məhv etmək istəyirlər), tendensiyalar, ən əsası isə fərdlər yetişdi. Ədəbiyyatda hər bir fərdi mövqeyə hörmətim var, Rasim Qaraca, Həmid Herisçi, Murad Köhnəqala, Kənan Hacı kimi 10-15 ad saya biləriksə, bu da kifayətdir- bir az səbr edib nəticələri görəcəyik. Hər halda ümidverici nəsə var, XX əsr dünyası artıq burdadır və sürətlə işini görür. 
 Azərbaycan ədəbiyyatı Şərq, yoxsa Qərb ədəbiyyatıdır? Mənə qalsa, ümumkulturoloji problem kimi, Şpenqlerin: «bu gün dünyada yeganə bir mədəniyyət var- Qərb mədəniyyəti»- fikriylə razılaşmışam. Yəni çağdaş dünya mədəniyyəti vahiddir, Qərb də, Şərq də bu vahid mədəniyyətə (texno-sivilizasion dünyaya) inteqrasiya olunmaqla (dəyərləri ilə birgə) təkmilləşir. Zənnimcə qlobalizə də, antiqlobalizə də sadəcə yolun səmtini düz müəyyənləşdirməkdən ötrüdür. Bir sözlə, mən belə başa düşürəm ki, çağdaş dünyada Şərq mədəniyyəti adası yoxdur, Şərq dəyərlərinin dünyalaşması prosesi var.
 Bu arada yenə də Axundov yada düşür. Yazıq Axundov! O hələ də bizdə aktualdır. Bəs nə oldu, yol bəlli (çağdaş dünyaya!), problem bəlli («qamışlıq»), niyə bu kişidən bircə addım irəli gedə bilmirik; yüz ildir dünyaya inteqrasiyamız getmədimi bəs?..
 Ədəbiyyatımız dünyadan nələr əxz etməlidir? Modernizmi büsbütün, qeyd-şərtsiz əxz etməlidir, bu tarixi faktın bütün nümayəndələrini bilməlidir. Ölkəbəölkə ədəbiyyat tarixlərini nəzərdən keçirib, modernizm dövrünü xüsusi diqqətlə öyrənməli. Qeyd etmək lazımdır ki, tərcümələr də kifayət qədərdir, şikayətlənməyə dəyməz, azad yaşarlar, samir bulutlar, sima ənnağılar, ilqar fəhmilər bu sahədə yetərincə iş görürlər. Onları oxumaq heç bir yazıçıya ziyan gətirməz. Modernizmin yaranma şərtləri, yaranışı, təkamülü, öz hökmranlığını postmodernizmə vermək istəməməsi, yaşamaq uğrunda mübarizəsi- bütünlüklə modernizm bir insan qədər canlı, ünsiyyətli, maraqlıdır. Kaş ki modernizm tarixinə dair seminarlar keçiriləydi bizim gənc yazarlar üçün. Heç olmasa yaradıcılıq və filologiya fakultələrindəki tələbələrimiz üçün. Uzunmənzilli faydası olardı gələcək üçün.
 İNKAR ƏSRİNƏ DOĞRU! XXI əsr məncə inkar əsri olacaq büsbütün. Eyni zamanda bu inkar sabit yetkin ədəbiyyatın parlayacağı XXII əsr üçün tramplin rolu oynamalıdır. XXI əsr eksperimentlər- laboratoriya əsri olacaq. Qeyri-xətti proseslər gözlənilir. Ədəbiyyat sənayesi, nəşriyyat sistemi, bazar yaratmaq uğrunda texniki inqilab gözləmək olar. Yəni dünya ədəbiyyatını öyrənmək əsri…
 Mümkündür ki, AYO kimi onlarla özünüidarə formaları, qruplar, xırda ocaqlar- hamısı da inkar üstündə meydana gəlsin, yaşasın və ölsün. Bütün əlamətlər XXI əsrin sonrakı yetkin ədəbiyyat əsri uğrunda qurban olduğunu göstərir. Yetkin ədəbiyyat deyəndə mən Çağdaş dünya ilə rəqabətə meylli ədəbiyyatı nəzərdə tuturam.
 Aşağı-yuxarı 30-cu illərdə bugünkü ələsalınmalı ənənəvi ədəbiyyatımız, ayb-larımız da ömrünü sizə bağışlayacaq. Könül istərdi ki, baş verəcək o möhtəşəm və gözəl ölümdən sonra ədəbi mühitimizdəki daxili çarpışmalar da səngisin, qəhrəman suyun ağzını kəsmiş əjdahanı (mühafizəkar ədibləri) öldürmüş sayılsın, dərhal dünya ilə Rəqabətə atılsın…

Комментариев нет:

Отправить комментарий