30.05.2011

Hər şey və heç nə

XORXE LUİS BORXES



Xorxe Luis BorxesÖz-özlüyündə o, Heç Kim idi; başqalarıyla hətta tarixin ən pis surətində də uyğunluğu olmayan üzündə və saysız-hesabsız, xəyali, əlaqəsiz sözlərində yalnız kimsənin görmədiyi soyuqluq, röya gizlənirdi. Əvvəlcə ona elə gəlirdi ki, bütün insanlar da onun kimidir, amma sonradan dostuna özündəki boşluq haqda danışmağa çalışanda dostunun karıxıb qalması onu əmin etdi ki, səhvi var və həmişəlik başa saldı ki, başqalarından fərqlənmək olmaz.
O, kitablarda şəfa tapmağı düşünürdü, bundan ötrü latın dilini qismən və azacıq da yunan dilini öyrəndi; sonradan qərara gəldi ki, insan birgəyaşayışının ən sadə adətini icra etməklə məqsədinə çatacaq və uzaq iyun günündə Anna Hetueyin ağuşunda idi.
İyirmi neçə il Londonda qaldı. Heç Kim olduğunu faş etməmək üçün, iradəsinin ziddinə olsa da, o artıq özündən kimisə ifadə etməyi öyrənmişdi; Londonda qarşısına aktyorluq sənəti çıxdı, səhnədə, insanların qarşısında başqasının obrazını yaratmaq sənəti, o, məhz bu sənət üçün yaranmışdı. Əmək ona heç nə ilə müqayisə olunmayan, bəlkə də həyatında ilk dəfə olaraq sevinc gətirdi; lakin sonuncu misra səslənib, səhnədən sonuncu cəsəd çıxarılanda o, yenidən qeyri-reallığın iyrənc dadını duymalı olurdu. O, Ferreks, yaxud Tamerlan olmağı başa çatdırır və yenidən heç kim olurdu. Sıxıntıdan başqa qəhrəmanlar və qorxulu əhvalatlar düşünməyə başladı. Onun bədəni meyxanalarda, fahişəxanalarda məşğul olanda, bədəninə salınmış ruh kahinlərin xəbərdarlıqlarına qulaq asmayan Sezar, könlündəki torağayı lənətləyən Culyetta, səhrada küpəgirən qarılarla söhbət edən Maqbet olurdu. Yer üzündə heç kim onun qədər çoxsaylı adama çevrilməmişdi, o, sanki misir Proteyi kimi reallığın bütün obrazlarını işləməyi bacarmışdı. Bəzən tapılmayacaqlarına əmin olaraq, bu və ya digər süjetin künc-bucağında məşum etiraflar qoyurdu; Riçard deyirdi ki, o, çoxlu rollarda oynayan aktyordur, Yaqo “Mən-mən deyiləm” kimi köhnə sözləri söyləyirdi. Həyatla yuxunun eyniliyi və təsəvvürlər onu sonralar məşhurlaşan triadalara ilhamlandırdı.
İyirmi ilini yuxularını idarə edərək keçirdi, lakin bir gün səhər qılınclardan ölən krallar, məlahətli replikalarla görüşən, ayrılan, ölən bədbəxt sevgililər olmağa qarşı nifrət və dəhşət hiss etdi. Elə həmin gün teatrı satdı, bir həftədən sonra isə doğma şəhərində idi, burda yenidən uşaqlığının ağaclarını, çayını tapdı və artıq onları mifoloji işarələr və latın adlarıyla bəzədilmiş, muzanın şöhrətləndirdiyi başqalarıyla müqayisə etmirdi. Amma burda da kimsə olmaq tələb olundu və o da müəyyən miqdarda mal-dövlətə malik, indi yalnız ssudalar, mülki iddialar və dövriyyədən daxil olan faizlərlə məşğul olan İşlərdən Aralanmış Sahibkara çevrildi. Bu ampluada o, pafos və ədəbiliyin düşünülmüş şəkildə yol verilmədiyi, bizə məlum quru vəsiyyətnaməni diktə etdi. Londondan dostları bəzən onun guşəsinə baş çəkəndə dostlarının qarşısında keçmiş poet rolunu oynayırdı.
Hekayə əlavə edir ki, o, ölüm ayağında, ya da ölümündən sonra Allah qarşısında durur və ona müraciət edir:
- Mən, əbəs yerə bir elə insan olmuş mən ancaq bir nəfər olmaq istəyirəm- Özüm.
Tufanın içindən Yaradanın gözü cavab verir:
- Mən də mən deyiləm. Sən öz əsərlərini yaratdığın kimi, mən də bu dünyanı uydurmuşam, Şekspirim mənim və mənim yuxularımın əlamətlərindən biri- mənə bənzər sənsən ki, mahiyyəti Hər Şey və Heç Nədir.

1 комментарий: