28.05.2011

Dünyanın ən qədim şəhəri


image
Ərəstunu, Nəsimini özünə cəzb edən Hələb


Qədim Hələb şəhəri… Arxeoloqların bildirdiyinə görə, burada kəşf olunan ən qədim yaşayış məntəqəsinin on iki min il yaşı var. Yəni Hələb bu günə kimi mövcud olan dünyanın ən qədim şəhəridir. Saysız-hesabsız müharibələr, zəlzələlər, işğallar və epidemiyaların buranı viran etməsinə baxmayaraq, Hələb hər dəfə dirçəlib və çiçəklənib.

Ən qədim şəhər 

Paytaxt Dəməşqdən 4 saatlıq yoldan sonra nəhayət ki, əhəng dağları ilə əhatələnmiş Suriyanın ən iri, dünyanın isə ən qədim şəhəri – Hələbin damları görünməyə başladı. Şəhər barədə ilk məlumatlara qədim şumer yazılarında rast gəlmək olar. Qədim dövrlərdə akkadlar, hettlər, midiyalılar, misirlilər, babillər, assuriyalılar və farslar mütəmadi olaraq Hələbi ələ keçirirdilər. Bu şəhər həmişə fatehlərin diqqət mərkəzində olub. Ona görə də qayalıq üzərində tikilən və oval formada olan bu qala şəhərini 30 metr enliyi və 22 metr dərinliyində xəndək əhatələyir. Qədim zamanlarda xəndək su ilə doldurulurdu. Xəndəyin üzərindən səkkiz tağlı körpü keçir. Bu körpü şəhərin əsas qapılarına aparır. Böyük qülləni xatırladan əsas girişin qapıları üzərində ilan təsvirləri və şəhərin qədim hakimlərinin adlalrı həkk olunub. Qüllənin üzərində isə iki aslanın arasında xurma ağacının daş təsvirini görmək olar. Əsas girişdən sonra “Ağlayan və gülən aslanlar” qapısı gəlir. Elə buraca da Həzrət Xızra (ə) nisbət verilən ziyarətgah yerləşir.

Qalaya daxil olan kimi müharibə və zəlzələlər nəticəsinə dağılmış qədim binaları görmək olar. Sağ tərəfdə görünən pilləkanla “Sətur” quyusuna getmək olar. Quyudan sonra Əyyubilərin sarayı və əvvəllər su ambarı olan zindan yerləşir. Zindanın yanında isə y. e.ə. X əsrə aid hett məbədinin qalıntılarını görmək olar. Bu nəunki Hələbin, bütün dünyanın ən maraqlı tarixi məkanlarından biridir. Hazırda arxeoloqlar burada qazıntı işləri aparır. Sol tərəfdə ağ və qara daşlarla döşənmiş hamam və “İbrahim Xəlil” məscidi durur. Bu məscidin məşhur taxta mehrabı avropalılar tərəfindən oğurlanmış və hazırda Avropa muzeylərində müsəlman incəsənətinin incisi kimi nümayiş olunur. Əyyubilər sarayı yararsız vəziyyətdə olsa da, qədim hamam günümüzdə də fəaliyyətdədir. Küçənin sonunda isə Böyük məscid görürünür.

Lakin bu hələ son deyil. Hələb qalasının o qədər maraqlı yerləri var ki... Makedoniyalı İsgəndərin fəthindən sonra şəhər yunan mədəniyyətinin mərkəzlərindən birinə çevirildi və “Bereoa” adı ilə tarixə düşdü. Yunanlardan xatirə kimi qalan Akroplun xabalığı da bu günə kimi mövcuddur. İsgəndəri müşaiyət edən Ərəstun şəhərə o qədər vurulmuşdu ki, buranı özünə vətən seçir. Elə Hələbin içərişəhəri və ya qala şəhəri yunanlar tərəfindən y. e.ə. 312-ci ildə inşa edilib. Hərbi qarnizon kimi inşa edilən bu qalanın küçələri günümüzə kimi qorunub saxlanılıb. Hər bir yerdə qədim yunan və romalılara aid mozaykalar, daş təsvirləri, binalar və xaranalıqlar görmək olar. Hazırkı Zərb bazarı ilə Antikya qapıları arasından keçən yol, Hələbin ən qədim küçəsidir. Bu küçə hər tərəfdən 39 “sövk”lə - qapalı dükanlarla əhatə olunub. 

Bazar
Şəhəri tanımayan adam üçün labirintə bənzər küçələrdən baş açmaq çətin olur. Şəhərin ən məşhur yeri- Zərb bazarını belə bələdçisiz tapmaq çətindir. Bazara giriş kiçik tağdan başlayır. Biz Hələb bazarına səhər tezdən gəlmişdik ki, burada adam hələ az idi, dükanların çoxu isə bağlı. Müştəri yoxdu deyə, satıcılar keşnişlı acı qəhvə içə-içə, qəlyan çəkə-çəkə son hadisələri müzakirə edirlər. Əsl Şərq üslubunda inşa edilən bu bazar öz quruluşuna görə bizim İçərişəhərdəki qədim bazarı xatırladır. Bura gələndə unutmaq lazım deyil ki, yerli əhali ilə turistlər üçün qiymətlər fərqlidir. Necə deyərlər, turist bu gün var sabah yox, amma yerli alıcı həmişə var. Bazarın çıxışlarında əsasən suvenirlər satılır. Amma burada ən çox satılan mal – parçadır. Ərəblər deyərlər: “Ən yaxşı ticarət batist ticarətidir”. Ərəblərin ticarət mədəniyyəti bizimlə eynidir. Burada da “qiymət öldürmək” ənənəsi dəbdədir. Alışverişə başımız o qədər qarışdı, bir də ayıldıq ki, günorta azanı verilir. Burada məscid hər yerdə var, elə bazarın içində də. Sadəcə olaraq, bazarın içindəki məscidlər öz görünüşü ilə dükandan fərqlənmir. Namazdan sonra nahar vaxtı gəlir. Dükanlar bağlanmır, satıcılar öz yerindəcə yeyirlər. Yemək isə addım başı satılır, özüdə buranın yeməyi çox dadlıdır. Xüsusən, ət farşı ilə yumurtalı mərcimək (əvvəlcə biz də bunu yiməyə iyrəndik, amma dadına baxdıqdan sonra...) Əsl Şərq bazarlarında olduğu kimi, Zərbi də ədavasız təsəvvür etmək olmaz. Darçın, istiot, zəncəfil, mixək, sarıkök ətri uzaqdan hiss olunur. Lakin, buranı bütün Yaxın Şərqdə məşhur edən ədviyyat deyil, zeytun və dəfnə sabunudur

Hələb bazarına mallar qədim zamanlarda olduğu kimi karvansaralardan aparılır. Elə Zərb bazarının düz yanında karvansara var. Düzdü, keçmişdə tacirlər də “hotellər”də qalsa da, indi buralar ambar kimi istifadə olunur. XVII əsrdə bu karvansarada bir sıra Avropa ölkələrinin ticarət nümayəndəlikləri və konsulluqları yerləşirdi. XVII əsrdə 300 minlik əhalisi olan qala şəhərində 75 xarici konsulluq fəaliyyət göstərirdi. O zamanlar qərbli tacirlər yalnız karvansarada qalmalı və yalnız topdan satışla məşğul olmalıydılar. Başqa yerdə qalmaq və pərakəndə ticarət avropalılara qadağan edilmişdi. Elə buracada, bazarın yaxınlığında (bəlkə bura elə bazar sayılır) sənətçilər “məhəlləsi” yerləşir. Kimi qab düzəldir, kimi paltar tikir. Ənənəvi “daşdaşa” xələtləri şəhərdə dəbdə olduğundan, dərzi piştaxtlarında ancaq bu əlbisələri görmək olar.

Rəngarən tarix, rəngarəng memarlıq
Saat 4-dən sonra ticarət ölür. Müştərilər evlərinə gedir, satıcılar isə futbola baxırlar (suriyalılar həddən artıq futbol azarkeşləridirlər). Biz isə öz yolumuzu davam edirik. Gəzə-gəzə “Həlaveyh” məktəbinə çatdıq. Zahirən binanın arxitekturasından elə anladıq ki, məktəb Osmanlı dönəmində tikilib. Lakin, bu məkanın tarixi daha qədimdir və bu üslub osmanlılara deyil, bizanslılara məxsusdur. Məşhur qeysər Konstantinin anası Helena burada böyük bir kilsə inşa etmişdi ki, sonralar, səlib yürüşləri zamanı ərəblər kilsəni məscid və mədrəsəyə çevrirlər. Hazırda həmin kilsənin binasında “Həlaveyh” mədrəsə və məscid kompleksi yerləşir. Helenanın adı ilə bağlı digər abidə də var. Helena tərəfindən kilsəyə çevirilmiş qədim Roma bütxanasında hazırda Əməvi məscidi kimi fəaliyyət göstərir. Burada həm müsəlmanların, həm xristianların müqəddsə saydığı Həzrət Zəkəriyyəyə (ə) nisbət verilən bir qəbir də var. Lakin şəhərin bütün xristian məbədləri məscidlərə çevirilməyib. Burada ayrıca xristian məhəlləsi var ki, ağlınıza gələn və gəlməyən xristian təriqətlərinə aid kilsələrə rast gəlmək olar.

Şəhərin strateji baxımdan mühüm ərazidə yerləşməsi onu orta əsrlər Yaxın Şərqinin dini-mədəni və iqtisadi mərkəzi edir. Bizans imperiyasının tərkibinə düşən Hələb xristian dini rəhbərlərinin qərargahı olur. 636-cı ildə Hələb müsəlman şəhəri olur. Lakin içərişəhərin görkəminə xələl gətirməmək üçün yeni qəsir və saraylar əsasən qaladan kənarda inşa edilir. Hərbi qarnizon kimi də istifadə olunan bu şəhərdə səlib yürüşlərindən qalan bir çox abidələri görmək olar. Onlardan biri Nurəddin Zənkinin qərbli əsirlərin saxlanılması üçün tikdirdiyi zindandır.

Səlibçilərlə vuruşan Səlahəddin Əyyubinin oğlu Zahir Qazi şəhərin ən məşhur hakimi sayılır. Onun zamanında qala şəhəri hazırkı görkəmini alır. Şəhər ətrafında xəndək qazılır, su xətləri çəkilir, məscid, mədrəsə və hamalar inşa edilir (onların bir çoxu bu günə kimi qalır). Hələb paytaxt statusu alır. Lakin Bağdadı fəth edən Hülaku xan Hələbi də tutmaq arzusuna düşür. Bu işdə ona Sisin başçılığı ilə ermənilər yardım edir (indi də şəhərdə az sayı olmayan erməni icması yaşayır). Şəhər qarət və viran edilir. Elxanilərin zəifləməsindən istifadə edən məmlüklər şəhəri ələ keçirir. Onların inşa etdiyi iki qüllə və şah sarayı (Keytəl-ərş) bu gündə qalanı bəzəyir. 1400-cü ildə Teymurləng yenidən çiçəklənən şəhəri fəth edib viran qoyur.

Nəsimi

Elə Teymurləngdən söz düşmüşkən dahi Azərbaycan şairi və mütəfəkkiri Nəsimi barədə söz açaq. Teymurun təqibləri nəticəsində doğma vətənindən köçməli olan şair İraq, Türkiyə və Suriyada gizlənməli olur. Suriyaya gəldikdə o, Hələbdə yaşamağı qərara alır. Lakin məzhəb təəssübkeşləri onu burada da sakit buraxmırlar, Hələb valisinin səylərinə rəğmən qazilər onu şərləyib edama məhkum edirlər. Hazırda Nəsimin qəbri Hələbdədir və əlbəttə, bu şəhərə gələn azərbaycanlı onun məqbərəsini ziyarət etməyə bilməz. Ümumiyyətlə, burada nəinki Nəsiminin qəbri ziyarətgahdır, Nəsiminin şəxsiyyətinə, taleyinə, əsərlərinə çox yüksək qiymət verildiyinin şahidi olduq. Burada yalnız Nəsiminin qəbri deyil, onun adına küçə, dini ocaq, məscid var. Onun məzarı çox böyük hörmətlə qorunur. Qala şəhərin düz mərkəzində Nəsimi küçəsində Nəsiminin məqbərəsi yerləşir. Məqbərə çox sadə üslubda və küçənin arxitekturasına uyğun tikilib. Ziyarətgahın xadimləri elə şairin öz nəslindəndirlər. Nəsiminin yanında onun ailəsi və o zamankı Hələb valisinin xanımı dəfn olunub. Diqqətimizi cəlb edən məzar daşının üzərindəki yazı oldu: "Bu şəhid bəndə, böyük sufi, arif, Allahın dostu Şeyx Əli İmadəddin Nəsiminin məzarıdır. Allah ona rəhmət eləsin. Qəbri müqəddəs olsun".

Ən gözə şəhər, ən yaxşı sakinlər 

Əməvilər, Abbasilər, Səlcuqlar, Zənkilər, Əyyubilər, Məmlüklər və Osmanlılar şəhər üzərində hökmdarlığı növbə ilə ələ keçiriblər. Ona görə də şəhərin qədim arxitekturasındakı rəngarənglik adamı dərhal ovsunlayır. Sanki tarix, keçmiş mədəniyyətlər gözünün önündə canlanır. Qədim zamanlardan Hələb beynəlxalq ticarət mərkəzi olaraq Yaxın Şərq, Orta Şərq və Avropa arasında körpü rolunu oynayır. Avropalılarla müsəlmanlar arasında ilk iqtisadi saziş məhz burada imzalanıb: 1207-ci ildə Venesiya dövləti ilə Əyyubilər arasında. Məmlüklər isə həmin müqaviləni İspaniya, Portuqaliya və digər İtaliya şəhərləri ilə imzalayırlar. 400 il davam edən Osmanlı hökmranlığı müddətində şəhər imperiyanın iqtisadi paytaxtı olur. 1535-ci ildə Osmanlı dövləti ilə Fransa arasında bağlanan ticarət sazişindən sonra şəhərə çoxlu sayda fransız gəlir. Lakin, inkişafın da sonu çatdı. 1869-cu ildə Suec kanalı açıldıqdan sonra Hələbin ticarət marşrutlarının kəsişmə nöqtyəsi kimi öz əhəmiyyətini itirdi. Bu şəhəri ziyarət etməyi özünə borc bilən səyyahların yazdıqlarına görə, 3 ay Qahirədə satılmayan mallar Hələbdə bir günə satılırdı. Onlar qeyd edirdilər ki, Hələb Osmanlı dövlərinin ən gözəl və ən təmiz şəhəridir, hələblilər isə ən yaxşı sakinləri. Doğurdan da, Hələbdə paytaxt Dəməşqdən tam fərqli atmosfer hökm sürür. Burada insanlar daha gülərüz, daha mehribandır. Gözəlliyinə görə isə, paytaxtı qat-qat geridə qoyur.

Hələb səfərimiz sona çatanda artıq Suriyada siyasi vəziyyət gərginləşməyə başladı. Bu isə tam başqa reportajın mövzusudur...

Səbinə Əliyeva                              salaminfo.az

Комментариев нет:

Отправить комментарий